adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2018 22:30
16644
GÜNDƏM
A- A+

Fikrət Qocanın poetik dünyası

(əvvəli ötən sayımızda)

Adəm şəklində dünyaya gələn, həyatında yaşamaqdan çox ölümü tezləşən İnsan-lirik qəhrəman Allaha müraciətində bu fikirdədir ki,

Deməli, məni yaradan kimi
məndən qorxmusan.

Qismətinə yazılan min-min bəlalarda da Tanrını sorumlu bilən şair yenə özünü güclü sayır:

Deməli, bilsəydin, -
özündən güclünü
yaratmazdın.

Allahla "vuruşa" hazır insan milyon il "başımın allahısan" dediyi qüvvənin önündə bu etirafları da edir ki, "nənəm eşitsə çatlayar bağrı". Allaha gileyində şair ömrü boyu Yaradanına səcdə edən nənəsinin qazancının "əlinin qabarı", "üzünün qırışları", "gözünün yaşları" olduğunu görüb:

Cənnət, cəhənnəm
nağılına inanmış
ölülər də sənə üsyan edir.
Üsyan edir sənə,
bütün qəbiristanlıqlarda
baş ağacları.

Uca göylərdən insan səsini eşidib, yerə enməyə çağırdığı Allahına bildirir ki,

Ayağın toxunsa yerə,
Ömrün milyon il qısalar,
Ayağın toxunsa yerə, -
hamı səndən qisas alar.

Burada hər bəndin sonunda qüdrət sahibi olduğu Allahın böyüklüyünü, gücünü də dilə gətirir və özünün də onun qarşısında "mən bir uşaq" ifadəsiylə kiçikliyini bəyan edir. Dünyada baş verən bütün cinayətlərdə əli olduğundan şikayətçi olduğu Allahı ilk dəfə özü "kəşf etdiyini" söyləyən İnsan əslində insan oğlunun əməllərini bu şəkildə pisləyir. Allah adından bədii gediş kimi istifadə edib öz əməllərini açıb-tökür:

Səni ilk dəfə mən kəşf elədim.
Sənə ilk dəfə Allah mən dedim.
Adını çəkdim hər addım başında.
Mən səni, atom bombasını
yaratdığım kimi yaratdım,
Sonra da diz çökdüm qarşında.
Ağlım kəsməyəndə
səni yaratdım ki, -
kimdənsə qorxum.

Allah xofunun insanın ruhunu, ağlını "vahiməylə" zəncirlədiyini, xofuyla insan həyatını va-himəyə çevirdiyini qəbul edə bilmir:

Sən, qatı düşmənimsən, qatı.
Xofunla vahiməyə çevirirsən həyatı.
Gəl, vuruşaq, allah!
Bu vuruş
bəşərin susuz dodağına
su olacaq, su!
Vuruşaq ki, çıxsın
canımdan
Allah vahiməsi,
Allah qorxusu.

Allahın vahiməsi, qorxusu olmasa İnsanın daha nələr törədəcəyini düşünəndə oxucu şairlə razılaşmaz. Qoy bu Allah xofu qalsın insanla, əməllərini zəncirləmək üçün. Şair burada müəyyən qədər insanı qorxu, vahimə zəncirindən də qurtarmasını istərkən bir az Yaradana qarşı "inqilabi" görünür. Amma bu inqilabı insan öz nəfsiylə, düşüncəsiylə, əməliylə eləsə, onlara qarşı vuruşsa daha çox xeyir qazanar. Adəm əməlinə görə Allahın dərgahından qovulubsa, onun bu dünyada qazancı məhz nəfsinə, əməlinə görə gecə-gündüz çalışıb həyatda qalmaq alın yazısıdır. Bu şeirdə insanın bütün əməllərinə eyham var. Allah insanı güclü, ağıllı və gözəl yaradıb. Sevərək yaradıb, insan ona dönük çıxıb. Yer üzünə də əməllərini təmizləmək üçün göndərilib.
***
F.Qoca yaşadığı dünyanı sevir. Bu sevgi onun şeirlərində çox güclüdür. Bu sevgi ona qol-qanad verir, yaşamaq eşqi verir. Onun gecəsi də, gündüzü də ona əzizdir. Çünki hər batan gü-nəşin səhər doğacağı məqam var. Aləmi nur gölündə "boğacağı" səhər var. Hər gecənin son intizarı günəşli, aydın səhərə doğru gedirsə, şairin lirik qəhrəmanı o gecəni yuxusuz qalmağa dözər. Çünki

Bir gecə gözlərim yuxusuz qalsa,
hər kirpiyimdən
bir pudluq yuxu asılsa,
yenə mənim üçün
dünya gözəl olacaq səhər.
Günəşdən yağacaq
qızılı nəğmələr.

"Bir dünya gözəlliyə bir gecənin yuxusuzluğu neyləyər", - deyə soran şair bir gün dünya-dan köçsə, "gecədən gecəyə keçsə"- ömrünün sonu çatsa, dünyadan köçsə əmindir ki

Günəş nəğməsini yenə çalacaq,
çiçəklər küləklərə naz edəcək,
gözəllər lap
fələyə də naz edəcək.
Bu dünya yenə də gözəl olacaq.

Bu gözəllikdə özünün də ruhən yaşayacağını səadət bilir.

Bu gözəllikdə
yaşayacağam mən də,
bir insan ölümü axı nədir ki,
bu boyda dünyanın gözəlliyində.

Bu dünyanın gözəlliyini dünyanın varına dəyişməyən, pul, daş-qaş düşünməyən, şan-şöhrət hərisi olmayan, heç nə "gərəyi" olmayan şair

Bəsimdir bu yer, səma,
Tapdığım bu duz-çörək.

"Qalanı sizin olsun", - dediyi insanlar var.
Üz tutur onlara, rütbə üçün əyilib ətək öpənləri gördüyünü, onların kürsü üçün qeyrətini belə əldən verdiklərini çox görüb, ona görə də
Elə gen-bol çörəkli
Olmaq istəmirəm mən,
Mənim çörəyim deyil.
Şöhrət üçün, şan üçün
danan var öz elini,
atan var məsləkini.

Rütbəlilər dalınca "kölgə kimi" sürünənlərin hər zaman olduğunu, innən belə də olacağını bildiyindən içində belələrinə kinini "boğub" öz-özünə deyir ki, belələrı olub və yenə olacaq. Amma şair belələrini də bu gün dünyanın gözəlliyini hər şeydən üstün tutmağa, dünyanın gözəlliyindən üstün heç nəyin olmadığını dərk etməyə, insan kimi yaşamağa çağırır.
Dünya Fikrət Qocanın şeirlərində "bapbalaca kürədi", bu bapbalaca kürəni lirik şair öz aləmində, öz istədiyi arzularına uyğun təsəvvür edir:

Bapbalaca kürədi.
Maviliyə bulanıb
Üstü-başı "kirridi".
Onu yağışda yuyub,
Al günəşə sərərəm.
Ən uzaq ulduzlara
Qızıl medalyon kimi
Ovcumda göstərərəm.

Bu dünya "üstü dolu işıqdır", bu dünya səmaya yaraşıqdı.
F.Qoca insan sərrafıdır, ürəklərə bələddir. Nə qədər insan varsa onun aləmində o qədər də ürək var. Gözləri ürəyin açarı bilir şair. Arzusudur ki,

Hər kəsin ürəyində düşündükləri
üzündə görünə.
Hər kəs öz arzusuna görə:
kimi uça, kimi qaça, kimi sürünə.

Şair qəlbindən keçirir ki, hər kəsin ürəyindəki arzuya görə üzü dəyişə, kimi insan, kimi mə-lək, "kimi meymun sifətinə düşə". Hər kəsin içi olduğu kimi görünə. Onda nə baş verər? Şair o anı təsvir edir, düşündüyü, təsvir etdiyi o səhnənin dəhşətini qələmə alır.

Elə adamlar meymuna dönər ki,
göydə Günəş çaşar,
quyunun suyu heyrətindən
ağaca dırmaşar.
Elə adamlar məlakə olar ki,
Heyrətindən ağlarsan.
Görmədiyinə, görüb
saymadığına görə
öz gözlərini dağlayarsan.

"Dünya alt-üst olar, dəyişər aləm", yer oxundan çıxar, milyard illər öz oxu ətrafında fırlanan dünyada aləm bir-birinə dəyər. Şair o səhnənin canlı təsvirini verir və fikirlərini bu sonluqla bitirir:

Qarışar, qaynayar aləm.
Sonra dünya sahmana düşməz.
Sən allah,
Necə var elə qalsın
hər şey, hər kəs.

İnsanın daxili aləminin bütün mürəkkəbliyi ilə dərk edən şair İnsan oğlunun mürəkkəb dün-yasının mürəkkəbliyini də dərindən dərk edir. Pisi pis, yaxşını yaxşı kmi dərk etmək, duymaq çətin məsələdir. İnsan sərrafı olmaq "asan deyil" şeirində şair bu çətin, mürəkkəb məsələyə diqqəti yönəldir:

Asan iş deyil
Həmişə anlayasan,
Hər işə yarıyasan.
Hamını duyasan.
Başqasının süfrəsini
bol görəndə
özün də doyasan.
Qonşu sevincini görəndə
Öz dərdini unudasan.
Bir qanmazı
yüz yaxşıya bağışlayasan.
Söyüşünü qaytarıb udasan.

İdeal insanın olmadığı dünyada namərd, mərd məsələsinə də münasibətdə insanın daxilini mürəkkəb, ziddiyyətli şəkildə verir.

Namərdlik düşmənə bağışlanar,
Ona hər kişinin haqqı var.
Namərdliyi dosta bağışlamaq
asan iş deyil,
Ürəyin ağlayanda toyda gülmək
gülüş deyil,
gərək bacarasan!

Şairin fikrincə, bütün bunlar asan olsaydı,"dünyada hamı insan olardı". Mərdi, namərdi, dürüstü, yalançısı, əyrisi, düzü olan bu dünyadakı insan xislətinin bir balaca "coğrafi xəritəsini" cızan şair insan aləminin mürəkkəbliyini bütün daxili və xarici ziddiyyətləri ilə birgə poetik bir dillə ustalıqla verir.
Bu insan aləminə dəruni baxışlarında F.Qocanın "Üç bənd" şeiri maraq doğurur.
Birinci bənddə dünyada insan oğlunu dostsuz, yoldaşsız, sirdaşsız təsəvvür etmir. Meylini gülə, çiçəyə, itə, pişiyə, yaxşı dosta, könül sirdaşına salan hər kəsin, hər bir insan övladının ehtiyac hiss etdiyi bir məfhum var. Şair şeirin birinci bəndində bunu qabardır:

Hər adamın
dərdini bölüşməyə bir yoldaşı olar.
Heç olmasa bir ağacı,
bir daşı olar.
Dəniz olsun,
it, pişik olsun,
adamın bir sirdaşı olar.
Ürəyi dolanda
üzünü tutsun,
danışsın, yüngülləşsin,
özünü unutsun.

İnsanın dünyada tək-tənha insan kimi ömür sürəcəyinin qeyri-mümkün olduğunu bilən şair şeirin ikinci bəndində də söylədikləri fikirlərlə birinci bənddəki fikirlərini qüvvətləndirmiş olur:

Kimini tənhalıqdan qaçdığı yer,
Kimini yarımçıq qalan işi,
Kimini öyrənmək istədiyi sirr,
Kimini də düşmən yaşadır.
Bunlar olmayan ömürdən
Ölüm yaxşıdır.

Şeirin üçüncü bəndində insan oğlunun açdığı yolun davamçısı olan, bir-birini əvəz edən gələcək nəslin varlığını təqdir edir. O gedilən yolları "ot basar" yaşamasaq biz.
***

Vətən mövzusu F.Qocanın şeirlərində çox güclüdür.
"Vətən torpağı" şeirində şair özünü ana torpaqda doğulan, qoca çinarların pöhrəsinə, çölünə, çəməninə vurğun qəlb sahibi, "bulaq səsi", "yarpaq səsi" bilir:

Yolları atdınız ayaqlarıma,
Bu ömrü, taleyi siz verdiniz, siz.
Siz ad da qoydunuz könül yarıma,
Bizi rast saldınız səssiz-səmirsiz.

Özünü bu vətənin övladı, bu xalqın nümayəndəsi bilən şair onu özünə düşmən biləndən xahiş edir ki,

Məni özünüzə tutsanız yağı,
Öldürün, uzağa atmayın ancaq.
Bir əlcə torpağam, vətən torpağı,
Məzarım yad yerə uyuşmayacaq.

Azərbaycan dövlətinin atributlarından biri olan Bayraq şairin şeirlərində toxunulmaz, müqəddəsdir.

Onu ancaq
başımızın üstündə tutarıq,
başımızın üstündən asarıq.
Bu parça deyil, -
namusumun şəkli,
qeyrətim oldu.
Ucalığı hörmətim oldu,
mənə tapşırılan
millətim oldu,

"Əlimdə bayraq başımı kəssələr" onu möhkəm əllərilə tutaraq enməyə qoymaz, o bayraq lazım gəlsə öz qanına boyana bilər, şəhid ola bilər onun yolunda, bilir ki, onda o bayraq qədər əməli də işıqlı, gözəl olacaq. Xalq öz bayraqdarını hörmət və ehtiramla yad edəcək. O bayrağı müqəddəs bilən şair, dağların zirvəsini bayrağının yeri bilir:

Bayrağım sancılmaq üçündür
dağların zirvəsi,
kosmik gəmilərin qübbəsi.
Bayrağımı dalğalandırmaq üçün
Fırlanır yer kürəsi.

Bayrağını dalğalandırmaq üçün fırlanan Yer kürəsinin bir hissəsi olan vətən torpağı da şair üçün belə müqəddəs və əzizdir. "Torpağım mənim" şeirində şair dumana bürünüb yatan çöllər, bu çölləri laləzara döndərən qabarlı əlləri vəsf edir. Torpaqla ana sözünü bir tutan şair o torpağı vətən bilir. Vətən də torpaqla birlikdə, övladları ilə birlikdə ucalar. İnsan torpağına sahib çıxanda, onunla birlikdə olanda şöhrət tapar, zirvələnər.
Özünü bu torpağa "yük" bilmir, çünki ona sevgisi "göylərdən dərindir", genişdir. Torpağa hörmət və ehtiram göstərən hər kəsin başını uca görüb şair, hörmət sahibi görüb. Bu torpaq - vətən, onun başı üzərində ucalan bayraq şairin - vətənini sevən bir insanın and yeri, müqəddəs bildiyi məkandır:

Beşiyim, səngərim, çörəyim, suyum,
Tarlam, neft gölüm, nar bağım mənim.
Tarixim, şöhrətim, düyünüm, toyum,
Anam Azərbaycan, torpağım mənim!

Salatın Əhmədova,
filologiya üzrə fəlsəfə doktoru, dosent