adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2018 22:18
6077
GÜNDƏM
A- A+

MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

PORTRET

Ramiz Orsər

(əvvəli ötən saylarımızda)

Müharibədən qayıdan cavanlar dinc həyata, elmə susamışdılar. Belə bir dövrdə biz Bəxtiyarla tanış olduq".
Bu tanışlıq sonralar dərinləşdi, əqidə və məslək dostluğuna çevrildi.
Şirməmməd müəllimin "7 Gün"ə verdiyi müsahibə (№ 020 1789) 20-26 may 2000) kino lenti kimi bu gün də gəlib gözlərim önündən keçir o dahi şəxsiyyətin , "müasir milli düşüncəmizin arxitektoru", "millətin mühəndisi" Şirməmməd müəllimin bənzərsiz obrazı xəyalımdan boy verir.
-Əvvəlcə gərək o dövrü yada salaq. 1964-cü ildə N. Xruşşov hakimiyyətdən uzaqlaşdırıldı. Ona görə ki, onun dövründə insanlar Stalin rejiminin mahiyyətini anlamağa başladılar. Baxmayaraq ki, Xruşov Stalinin şəxsiyyətə pərəstişini ifşa edirdi; ətrafdakılar onun şəxsiyyətinə pərəstiş yaradırdılar. Bu, kommunist diktatorların xüsusiyyətidir ki, keçmişi ifşa etsinlər, özləri də həmin taxtda otursunlar. Amma Xuruşov "KQB"-nin əl-ayağını yığmışdı. Ondan sonra hakimiyyətə gələn Brejnevin vaxtında isə başladılar fanatikcəsinə kommunist olmayanları izləməyə. Ən çox da milli təfəkkür tərzi olanları izləyirdilər. Onda sanki bir intibah dövrü idi. Bu nəslin nümayəndələri(indi onlara 60-cı illərin nümayəndələri deyirdilər ) 37-ni görməmişdilər. Odur ki, onlarda ölüm xofu yox idi, təqib xofu var idi . Bəxtiyar Vahabzadə də 50-ci illərdən başlayaraq milli düşüncə tərzinin təbliğatçısına çevrilmişdi. Onun bir çox əsərləri milli özünüdərkə təkan verirdi. Belə bir fakt deyim. Mən filologiya fakultəsinin partiya təşkilat katibi olanda SSRİ-nin müxtəlif yerlərindəki hərbi hissələrdən universitetə məlumatlar gəlirdi ki, azərbaycanlı əsgərlərin çantalarından bir poema tapırıq-Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması. Sorğu göndərdilər ki, kimdir bu Bəxtiyar Vahabzadə?
İndi bəziləri sovet dövrü ədəbiyyatımızın cəfakeşlərini qınayır. Amma kim soruşub ki, bu ədəbiyyatı yaradanlar hansı hissləri keçiriblər qələmlərindən o misralar süzüləndə.
-Bəli, böyük şairi ulu öndər H.Əliyevin əlləri qorudu o illərdə. Bunu Şirməmməd müəllimin söylədikləri bir daha təsdiqləyir:
-Moskvaya raport yazmışdılar ki, icazə verin, həbs edək, SSRİ "KQB"si də Mərkəzi Komitəyə müraciət etmişdi ki, bu işə necə baxırsınız. Suslov cavabında bildirirdi ki, profilaktika aparmaq lazımdır. Yəni başını sığallayın, orden verin, medal verin, deputat edin, vəzifə verin olsun bizim adam. Bundan sonra Bəxtiyarı çağırırlar "KQB"-yə və ona deyirlər ki, Lenin haqqında bir poema yaz. Onda Bəxtiyar gəldi yanıma ki, bəs mənə deyirlər Lenin haqqında bir poema yaz, mən nə yazım? Dedim ki, mən sənə Lenindən sitatlar verim, gör nə yazmaq olar. Mən Leninin əsərlərinin tərcüməsinin redaktorlarından biriyəm axı. Mən onu oxumuşdum. Mən o sitatları və onların şərhini verdim Bəxtiyara.
Beləliklə, bu poema yazıldı.
Doğrudan da atalar belədə deyiblər: "Dostunu göstər, sənin kim olduğunu deyim" və ya "Dost-dosta tən gərək, tən olmasa gen gərək".
Şirməmməd müəllim bir şeyi də həmişə xüsusi vurğulayırdı ki: "Mən Bəxtiyarın şəxsiyyətindən daha çox əqidəsinin aşiqiyəm. İndi də bəzi məsələlərdə mövqelərimiz düz gəlmir. Hərəmiz bir cəbhədəyik. Amma bizi birləşdirən bu torpağa, bu vətənə, onun istiqlalına olan məhəbbəimizdir".
Böyük əqidə və məslək şairi Bəxtiyar Vahabzadə isə bənzərsiz dostu Şirməmməd müəllimə müraciət edərək yazırdı:
"Əziz dostum. Sən vətənpərvərlik, düzgünlük, haqsevərlik, gözütoxluq kimi bir çox mənəvi xüsusiyyətlərinlə mənə həmişə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış böyük əqidəli ziyalılarımızı xatırladırsan. H.Zərdabi milli mətbuatımızın təməl daşını qoydusa, sən bu böyük işin davamçısı kimi bir neçə jurnalist nəslinin müəllimi olmusan.
Əziz qardaşım, məndən "Şirməmməd kimdir?"-deyə soruşsalar, mən iki misra ilə belə cavab verərdim:

Şirməmməd-əxlaqın, haqqın öz səsi
Ləyaqət, dəyanət mücəssəməsi!"

"İSTİQLALIN İŞIĞINDA" KİTABI HAQQINDA BİR-İKİ SÖZ VƏ YA RAXMETOVUN ÇERNIŞEVSSKİ ÇAĞDAŞ AZƏRBAYCANLI NÜMUNƏSİ

Atam həmişə deyərdi ki, yalnız həqiqət və düzlük hər yerə və həmişə saflıq və təmizlik, halallıq və bərəkət, inam və etibar gətirir. Həqiqət və halallıq sorgu-sualı, yaddaş qınağı və ittihamı, bir də vicdan haqq-hesabı bütün zamanlarda hər kəs üçün sınaq meyarıdır və eynidir. Böyük Füzuli isə deyirdi ki:
-Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz!
Uşaqlığı ağır və məşəqqətli keçən Şirməmməd Hüseynov elə o uşaqlıq çağlarından özünü və sözünü həqiqət və düzlüklə köklədi, hər yerdə və həmişə saflıq və təmizliyin qapısından keçdi, həqiqət və və halallıq əkib becərdi, həm pedaqoji fəaliyyəti, həm tədqiqatçı-alim nümunəsi, həm də publisist yazar kimi özünü özündə və sözündə təsdiqlədi və bir məktəb yaratdı: milli pedaqogikamızın, milli mətbuat və jurnalistikamızın Şirməmməd Hüseynov məktəbi. O, bu məktəbin həm yaradıcısı, həm aydını, həm də ilk məzunudur.
Böyük alim Yaşaq Qarayev "Meyar şəxsiyyətdir" əsərində yazırdı:
"... maddi və mənəvi sərvətlərə kim daha çox zərbə vurub-bürokrat, yoxsa-qrafoman? Hansı daha böyük günah işləyib? Məncə, ikinci! Niyə? Bürokratiya-antidemokratiya yaradıb, qrafoman isə antidemokratiyanı "ən ali", "ən gözəl" demokratiya kimi təsdiq və tərənnüm edib, onu qanuna, abıra, hörmətə mindirib! Hamını başa düşmək, qınamaq olar, təkcə qanuna yox, kulta xidmət edən hüquq xadimindən başqa; hamıya bəraət, haqq və halallıq vermək olar, təkcə zəkaya, vicdana yox, ehkama yalana xidmət edən düşüncə, fəlsəfə və sənət xadimindən başqa!.." (Yaşar Qarayev, "Meyar şəxsiyyətdir". B.1998.s.12)
Bu gün vicdanımızın gözünün içinə dik baxaraq söyləyə bilərik ki, Şirməmməd Hüseynov hamıya verilə biləcək bəraətə, haqq və halallığa ehtiyac duymayan nadir və halal kəslərdən, düşüncə, fəlsəfə və sənət xadimlərindəndir ki, zəkaya və vicdana söykənərək özünü və sözünü şərdən və ehkamçılıqdan qoruya bildi, şəxsiyyətinə, düşüncəsinə və azad sözə-düz sözə xəyanət etmədi və yalanın önündə yumağa dönüb "kor yumaq kimi açılmadı". Hər kəsin hörmət və etiram bəslədiyi bir məktəb oldu- Şirməmməd Hüseynov məktəbi! Bəs bu məktəbə münasibət necədir, məktəbin ab-havası necədir, ondan sabaha açılan qapılar bizi hara ötürür, oradan başlayan yollar bizi hayana aparır?
Böyük Rəsul Rza "Adi sual" şeirində yazırdı.

Moskvada- Qorki küçəsində
Kitab satılır,
Yaxşı!
Şota Rustavelidə
bol-bol qumaş, ipək.,
Çox yaxşı.
Bəs Nizami küçəsindən
bir şey almaq istəsək,
De, hara gedək,
yoldaş şəhərbaşı?!

Əslində bu "Adi sual" haqsızlığa meydan verən ikili münasibətə vətəndaş şairin ürəyinin səsi və harayı idi.
Bu gün də belə bir sual gözümüzə durur: Şirməmməd Hüseynov məktəbindən bir şey öyrənmək istəsək, hara gedək, kimə və nəyə üz tutaq?
Təsəlliverici hal budur ki, Şirməmməd Hüseynovun şəxsiyyətini, həyatını və vətəndaşlıq ehtiraslarını (müəllim, tədqiqatçı, alim və publisist kimi) ayrı-ayrı müəlliflərin məqalə və çıxışlarda təhlil hədəfinə çevirmək təşəbbüsləri olmuşdur. Bunlar isə daha çox o böyük ziyalının doğum günləri, yubileyləri ərəfəsində ya bunlarla bağlı baş vermiş, ya da çap olunan əsərləri ilə bağlı yazılmış məqalə və zarisovkalarda öz inikasını tapmışdır.
Doğrudur, bu böyük ziyalının əməyi bir çox mükafatlarla, o cümlədən, fərdi Prezident təqaüdü və "Şərəf" ordeni ilə də mükafatlandırılıb. Lakin bu böyük şəxsiyyətin sənətkar və mütəfəkkir simasını onun axtarışlarının, yaradıcılığının və xidmətlərinin miqyasını və həcmini hərtərəfli öyrənən, həm öz müasirləri, həm də mənəvi varisləri üçün onun həyat və mübarizə dərslərinin tarixi və əxlaqi mənasını dərindən açan, elmi-publisist təhlilə cəlb edən, xalqımızın milli-mənəvi şüurunun və real vətəndaşlıq təsəvvürlərinin təşəkkülündə və inkişafında Şirməmməd Hüseynovun yerini və rolunu iri planda, daha geniş miqyasda və ya akademik tədqiqat ölçülərində gündəmə gətirən möhtəşəm elmi-publisist tədqiqatı və elmi yanaşmaya böyük ehtiyac var.
O da dogrudur ki, görkəmli alim, filologiya elmləri doktoru, professor, Cahangir Məmmədli Hüseynovlar ailəsinin yeganə jurnalist davamçısı şəxsiyyətinə və qələminə hörmət və sevgilər bəslədiyim Yusif Hüseynovla birlikdə belə bir təşəbbüsdə bulunmuş "İstiqlalın işığında" (Professor Şirməmməd Hüseynovun 90 yaşına) adlı kitabı çapa hazırlayaraq 2014-cü ildə onu çap etdirmişlər.(Yenə yubiley öncəsi). Mənə elə gəlir ki, müəlliflər bu boşlugun olduğunu və onu aradan qaldırmağın vacibliyini nəzərə alaraqbelə bir müqəddəs işə önəm vermiş, müəllimlərinə -haqqa və ədalətə sevgi və sayğılarını vətəndaş mövqeyindən çözərək, topluya daxil etdiklərii məqalə, çıxış və deyimlərdə Şirməmməd Hüseynov şəxsiyyətinə və irsinə Azərbaycan ziyalılığının və elitasının verdiyi qiyməti, fikir və rəyini, ona olan sevgi, münasibət və mövqeyini bir kitab səhifələrində sərgiləmişlər. Elə buna görə də Cahangir müəllim, Yusif müəllim sizə və ayrı-ayrı müəlliflərə böyük hərflərlə yazılmış "ÇOX SAĞ OLUN!" deyir, ürəyinizə və əllərinizə sağlıq! arzularımızı ərmağan edirik.
Şirməmməd Hüseynovun müəllim, tədqiqatçı alim və publisist kimi fəaliyyəti ilə milli mətbuat tariximizin öyrənilməsi və realist milli jurnalistikamızın inkişafında mühüm rol oynamış, Şirməmməd Hüseynov məktəbi yaranmışdır. Bu məktəb onun xarakterinə, üslubuna məxsus çılğın nikbinlik və sabaha, insana işıqlı və davamlı bir inam fəlsəfəsi, mübariz bir mövqe fəallığı aşkar pozitiv, publisist və gələcəkyönümlü bir sosial-estetik proqram, kreativ (yenilikçi) və antiehkamçı ruh, ideya-məfkurə vüsəti və ardıcıl demokratizm, həmçinin, yeni nəsil jurnalistikamızın bir neçə nəslinin yetişməsinin və formalaşmasının əsasında durmuşdur.
"İstiqlalın işığında" müəllifləri (ayrı-ayrı məqalə müəllifləri nəzərdə tutulur). Ənənə və varisliyin işığında alim, ziyalı və vətəndaş üçbucagından (mövqeyindən) çıxış edərək Şirməmməd müəllimin şəxsiyyəti, onun bitib tükənməyən enerjisi, tədqiqatçılıq fəaliyyətinin vüsəti, cəmiyyətdəki mövqeyi, bənzərsizliyi, dürüstlüyü, sərtliyi və humanizmi, məslək və əqidə yolçuluğu, bu yolda qətiyyət və dönməzliyi, bütövlüyü və kamilliyi-bir sözlə, böyük Şirməmməd Hüseynov haqqında fikir və rəylərini, sevgi və istəkdən qaynaqlanan ehtiramlarını bildirmişlər.
Hərdən mənə elə gəlir ki, məhz bu kitab elmi-ictimaiyyətimizin, ziyalılığımızın və vətəndaşlığımızın Şirməmməd Hüseynova olan sevgilərinin buketidir, və kitab şəklində onun geniş oxucu auditoriyasına təqdim edilmişdir.

Elə burada Şirməmməd müəllimin tələbəsi, sonralar müəllim, məslək yoldaşı olmuş, mərhum yazıçı-publisist, filolofiya elmləri doktoru, professor Qulu Xəlilovun öz müəlliminə ünvanladığı sözləri hövsələli əziz oxucuların da diqqətinə çatdırıram.
"Əzizim Şirməmməd !
Sənin şəxsində, hərəkət və əməllərində öz istək və arzumun təcəssümünü görürəm. Axı indiki şəraitdə bu cür bütöv və saf xarakterə malik olmaq Suvorovun Alp dağlarını yarmasından heç də asan deyildir. Mənə elə gəlir ki, bu cür xarakterə sahib olmaq böyük qəhrəmanlıqdır, xüsusi istedad əlamətidir, insanlığın nəcib arzularına çatması üçün uzaq-uzaq məsafəsini xeyli ixtisara salmaqdır. Burada Çernışevskinini Raxmetovu yadıma düşür. Böyük mütəfəkkir yazır ki, Raxmetov kimi adamların yolu şəxsi sevinclər üçün kasıb olsa da şərəflidir. "Bəli, onlar pis adam deyillər. Onlar azdır, lakin bütün insanların həyatını çiçəkləndirən onlardır. Onlarsız bu həyat çürüyərdi, turşuyardı. Onlar azdır, lakin onlar bütün insanlara nəfəs verirlər, onlarsız insanlar boğulardılar. Namuslu və xeyirxah insanlar kütləsi böyükdür, Raxmetov kimi adamlar isə azdır. Lakin namuslu və xeyirxah insanların arasında onlar çayın ətri, gözəl şərabın atəşidir. Kütlənin qüvvəsi və gözəlliyi onlardır. Onlar ən yaxşı insanların yaxşısıdır, mühərriklərin mühərrikidir, dünyanın canının, cövhərinin cövhəridirlər". Mən heç mübaliğə etmədən, qəlbimə heç bir qara hiss yaxın qoymadan sən Şirməmməd Hüseynovu da tərəddüdsüz, bu cür adamlardan, müasir Raxmetovlardan biri sayıram. Madam ki, belədir, onda yalançılığa, riyakarlığa, dələduzluğa, çirkaba, üfunətə, ikiüzlülüyə, yaltaqlığa.... qarşı mübarizədə məni də özünlə çiyin-çiyinə gör". Arzu edirəm ki, bu şərəfli işdə sevinc və xoşbəxtlik, , nəşə və müvəffəqiyyət daim yol yoldaşınız olsun!"
İbrətamiz müqayisə və ən yaxşı arzulardır, deyilmi?