adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Oktyabr 2018 23:09
4693
GÜNDƏM
A- A+

PƏRƏSTİŞKARI TRAMPIN DÜŞMƏNLƏRİNDƏN İNTİQAM ALMAQ İSTƏYİRMİŞ


ABŞ-da əldəqayırma partlayıcı maddələrlə dolu bağlamaların ayrı-ayrı vətəndaşlara göndərilməsində günahlandırılan Sezar Sayokda yüzə yaxın insanın siyahısı və ünvanı tapılıb. NBC telekanalının məlumatına görə, siyahıda kimlərin adları olması barədə məlumat verilməsə də, FTB həmin adamlarla əlaqə saxlayaraq təhlükə barədə onları xəbərdar etməyə çalışıb.
Amerika polisi müəyyənləşdirib ki, suçlandırılan şəxs internetdə müxtəlif siyasətçilər, jurnalistlər və biznesmenlər barəsində məlumat toplayırmış. Həmçinin, axtarış zamanı şübhəlinin evində bağlamalara yapışdırılan poçt markalarının nümunələri və əldəqayırma partlayıcı düzəltmək üçün avadanlıqlar da tapılıb.
Əvvəllər məlumat verilmişdi ki, ABŞ-ın bir sıra siyasilərinin və ictimai xadimlərinin ünvanlarına içində partlayıcı maddə olan 14 bağlama göndərilib. Oktyabrın 24-də bu cür bağlamalar ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona və onun həyat yoldaşı eks prezident Bill Klintona, eks prezident Barak Obama və onun xanımı Mişel Obamaya, keçmiş baş prokuror Erik Holderə, Mərkəzi Kəşfiyyat İdarəsinin eks şefi Con Brennana, milyarder Corc Sorosa göndərilib. Daha iki bağlama isə CNN telekanalının Nyu-York redaksiyasına ünvanlanıb.
Bağlamaların əksəriyyəti çatdırılma zamanı müəyyənləşdirilərək zərərsizləşdirilib. FBR oktyabrın 25-də ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenə və hazırki prezident Donald Trampın tanınmış tənqidçisi məşhur aktyor Robert de Niroya ünvanlanmış daha iki bağlamanı ələ keçirib.
Bağlamaların göndərilməsində şübhəli bilinən Sezar Sayok oktyabrın 26-da saxlanılıb. Onu bağlamaların birində tapılan barmaq izləri ilə müəyyənləşdiriblər. Həmçinin, partlayıcı qurğularda onun DNK izləri aşkarlanıb. Hazırda məhkəmə qarşısına çıxarılan Sezarı 58 illik həbsxana həyatı gözləyir.

MEHRİBAN