adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Noyabr 2018 12:05
11768
GÜNDƏM
A- A+

Ülvi Bünyadzadə obrazının Azərbaycan vətənpərvərlik lirikasında əhəmiyyəti və özəllikləri

Salidə Şərifova 
filologiya üzrə elmlər doktoru, AMEA-nın Nizami Gəncəvi adına institutunun əməkdaşı

"Qurbanlar o zaman rahat yatır ki, tökülən qandan nəsillər müdrikləşir və tarixdə, xalqın qan və gen yaddaşında ondan iz qalır..."

Ülvi Bünyadzadə obrazına Azərbaycan ədəbiyyatında sayca çox müəllif müraciət etmişdir. Bu obrazın acıqlanması Vətən mövzusu ilə sıx əlaqəli şəkildə baş vermişdir. Maraqlı bir amildir ki, Ülvi Bünyadzadə ümumiləşdirilmiş obraza çevrilmişdir: Azərbaycan naminə canını, həyatını qurban verməyə hazır olan vətənpərvər şəxs obrazı. Ülvi Bünyadzadə obrazının açıqlanması zamanı onun gənc vəfat etməsi həm Azərbaycanın, həm də onun yaxınlarının itkisi olması yazarlar tərəfindən xüsusi vurğulanır. Eyni zamanda bu itki əlacsızlıq kimi yox, bir hünər yolu kimi işıqlandırılır. Bu yolun sonu - şəhidin Ana Vətən qoynuna qayıtması və Vətənin varlığında yeni bir formada daimi həyata nail olması.
Azərbaycan xalqının yaddaşında qanlı olaya çevrilmiş və hər il 20 Yanvar anım günü kimi qeyd edilən bu tarixi hadisə milli dövlətçiliyin bərpa edilməsinin başlanğıc anı kimi ədəbiyyatımızda əks etdirilmişdir. 1990-cı il 20 Yanvar hadisələrini təsvir edən müəlliflər konkret obraz vasitələri ilə olayları qiymətləndirərək, şəhid obrazlarını yaratmağa qadir olmuşlar. Ülvi Bünyadzadənin şəhidlik zirvəsinə yüksəlməsi ədəbiyyatımızda dolğunluğu ilə öz əksini tapmışdır. Bu istər Ülvi Bünyadzadənin qələminə məxsus bədii və publisist yazılarda, istərsə də Ülvinin bədii ədəbiyyatda ömrünü əks etdirməyə qadir olan saysız-hesabsız məqalə, şeir, poema, hekayə, povest, dram əsəri, əfsanə, bayatı və s. özünü göstərmişdir. F.e.d. Almaz Ülvi bu amili belə işıqlandırmışdır: "Ülvi ömrünə söz işığı Ülvi ünvanlı, Ülvi duyğulu, Ülvi düşüncəli, Ülvi sevgili 300-500-dən çox məqalə, şeir, poema, hekayə, povest, dram əsəri, əfsanə, bayatıg yazılıb. Ehtiramımı bildirmək istədiyim o yazı müəlliflərinin adlarını bir-bir sadalaya da bilərəm. O, imza sahibləri 8 milyondurg 45 milyondurg Həmin milyonların hər birinin doğma adı ölüncə ürəyimin başında əziz tutulacaq. Allah eşqinə ovundurucu kövrək kəlmələri ruhumun ayəsi olacaqdır. Ülvi sevgisinə ehtiram naminə Ülvili ağır günlərimizdə bizə söykək olan bütün insanlara səmimiyyətlə". Ülvi Bünyadzadənin həyat yolu Hüseyn Arifin, Nəriman Həsənzadənin, Xəlil Rza Ulutürkün, Hidayətin, Musa Ələkbərlinin, Məmməd Namazın, Eldar İsmayılın, Səmayə Əliyevanın, Zəki İslamın, Məhəmməd Nəbisoyun, Zivər Əzizqızının, Əli Vəkilin, Tamilla Şəfəqin, Xan Füzuli Aslanoğlunun, Məhəbbət İlhamlının, Sevil Hüseynovanın, Asəf Orucoğlunun, Gülgəz Babayevanın, Əhməd Bağırovun, Aygün Dilbərinin, Gülnigar Rəhimlinin, Nurlana İsmayılovanın, Müsahib Həbiboğlunun, Şahin Ülvinin, Sabir Mustafanın və digər qələm sahiblərinin poetik nümunələrində əksini tapmışdır. Məhz həmin poetik nümunələrdə Ülvi Bünyadzadənin "şair və Şəhid", "şair və Vətən", "şair və Zaman" və s. vəhdətində obrazı dolğun təsvir edilir. Abdulla Suvar "Əfqanıstan ağrılarından qəhərlənmiş könlü" adlı yazısında Ülvi Bünyadzadənin adının vətənsevər, mübariz insanlarla birgə, yanaşı çəkilməsinə toxunmuşdur: "O, bütün zamanların ən gənc və istedadlı şairi kimi yaddaşlarda qalacaq. O, bəlkə də xoşbəxtlərdəndir ki, ölümü ilə ölməzliyə yol açdı, adını bir millətin tarix salnaməsinə yazdıra bildi".
Xalq şairi Hüseyn Arifin Qan yaddaşımıza yazılan tariximiz olan "Qanlı Yanvar" faciəsinin qurbanı Ülvi Bünyadzadəyə həsr etdiyi "Ülvi" (1991) poemasında istedadlı gəncin ömür yolu oxucunun gözündə canlandırılmış, zaman, insan, dünya münasibətləri əksini tapmışdır. Şair həyat-ölüm, xeyir-şər, enişli yoxuşlu həyat kimi qarşıdurmaları bədii-fəlsəfi müstəvidə nəzərdən keçirmişdir:

Oxudum "Ömür yolu"nu,
Nə sehrli yoldu bu.
Bərkdən keçən, boşdan keçən,
Enişli, yoxuşlu bu yol.

Qeyd etmək olar ki, müasir Azərbaycan ədəbiyyatında şəhidlik obrazı Vətən və vətənpərvərlik mövzusu ilə sıx bağlanmışdır. Şəhid obrazı kimi Ülvi Bünyadzadənin obrazının yaradılması və şəhidin kimliyi ədəbi-bədii kontekstdə aşkarlanaraq cəmiyyətə təqdim edilir. Azərbaycan ədəbiyyatı kontekstində təsdiqlənərək özünü doğruldur. Yanvar hadisələri zamanı şəhid olmuş Ülvi Bünyadzadənin bədii obrazını yaşatmağa qadir olan şəhidlik obrazı səviyyəsində özünütəsdiq ədəbiyyatda mühüm amil kimi dəyərləndirilməlidir:

O, bir ərən igid oldu,
O, tarixə şahid oldu.
Ülvi balam şəhid oldu,
El yolunda öldü getdi.

Məhz Yusif Kəsəmənlinin "Getdi" (1990) şeirində Ülvinin el yolunda şəhidlik zirvəsinə yüksəlməsi ilə tarixə çevrilməsi vurğulanır. Bu baxımdan, unudulmaz tarixi səhifəyə çevrilmiş 20 Yanvar hadisələrinin ədəbiyyatda, yəni ədəbi nəslin yaradıcılığında özünəməxsus səciyyəsi ilə diqqəti çəkir, çox dəqiq, canlı, real təsvirini yarada bilir. Əli Vəkilin "Qanlı gecə" poemasında 20 Yanvar hadisəsində şəhidlik zirvəsinə yüksəlməyi bacarmış şəxslərin şöhrət qazanaraq tarixə həkk olunmaları qeyd edilmişdir:

Qeyrətlilər, fədailər
Qovuşdular ölməzliyə.
Bir gecənin şəhidləri
Şöhrət oldu yerə, göyə.

Poeziyada Ülvi Bünyadzadə obrazı Vətən, vətənpərvərlik anlayışlarının bədii poetik dərk edilməsi kimi təbliğ edilərək, baş vermiş hadisələrin hissi-emosional tərzdə təsviri diqqəti cəlb edir. Bu özünü Musa Ələkbərlinin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradan şəhidliyi "Şəhidlər Xiyabanında" (1992) şeirində göstərmişdir. Şeirdə Ülvi Bünyadzadənin qəbrinin ziyarət edilməsini ürək ağrısı ilə təsvir edən şair qələmə alır:

Qəbrin üstdə Ülvi balam,
Döndüm ağlara, ağlara.
Necə deyim ah çəkənə,
Ahın dağlara, dağlara.

Məlumdur ki, bədii obraz estetik dəyər təmsil edərək insan həyatının real lövhələrinin bədii əksidir. Bədii obrazla bədii əsərin ünsür və ya bədii bir hissəsi başa düşülür. Bu zaman müəllif tərəfindən təsvir edilən fraqment müstəqil həyat və məzmuna malik ola bilir. Obraz bədii əsərdə müəllif ideyalarının və bədii təfəkkürünün təzahür formalarından biri kimi varlığın mahiyyətini, əşyaların vəziyyətini və ya mövcud üsullarını, əşyaların dinamikası və ya bir qrup əşyaların bir-birilərinə qarşılıqlı meyl etməsini ifadə edir. Obrazı yaratmaq üçün müəllif müəyyən qrup insanlara, əşyalara və proseslərə xas xüsusiyyətlərin ümumiləşdirilmiş şəkildə əks etdirilməsinə cəhd edir. Obraz fərdi cizgiləri ilə başqa obrazlardan fərqli cəhət və fərdi xüsusiyyətlərini əks etdirir. İlk növbədə, estetik kateqoriya olan obraz sənətə xas mənimsəmə yollarını və həqiqətə çevrilməni xüsusilə səciyyələndirir. Bu baxımdan da, ədəbiyyatımızda yaradılmış Ülvi Bünyadzadə obrazı yalnız Ülvinin deyil, həmçinin milli oyanış prosesində mühüm rol oynamış Qanlı 20 Yanvar hadisələrində şəhid olmuş insanların ümumiləşdirilmiş obrazıdır. Bu obraz vasitəsilə də şəhidlik qəhrəmanlığın ən yüksək zirvəsi kimi tərənnüm edilir. Poeziyada Ülvi Bünyadzadə obrazı nakam getmiş insanların ümumiləşdirilmiş obrazı kimi də təsvir edilmişdir.
Qasım Binnətov "Ülvim hanı" (1990) şeirində Ülvinin itkisinə ürək-ağrısı ilə yanaşaraq, dünyadan nakam getmiş insanın ümumiləşdirilmiş obrazını yaratmağa nail olur. Məhz Ülvinin simasında arzularının yarım qalmasını poetik dillə oxucuya ürək ağrısı ilə çatdırır:

Yarın düşdü yaman oda,
Başına gəlib xata.
Şahid oldu! Bu dünyada
Demirsənmi, qalan hanı?

Eldar İsmayıl da Qasım Binnətov kimi qələmə almış olduğu "İçində" şeirində Ülvinin simasında arzu və diləklərin yarım qalmasını işıqlandırmaqla, əsil səbəbkarı axtarır:

Bir igidə bir dünyamı darıydı?
Gidi dünya, qulağınmı karıydı?!
Öz arzusu, öz diləyi varıydı,
Arzuların, diləklərin içində!

Hüseyn Arif "Ülvi" (1991) poemasında poeziya yaddaşında Ülvi Bünyadzadənin konkret bir zaman daxilində keçdiyi ömür yolunun şərəfli olmasını işıqlandırmaqla yanaşı, nakam qalması amilini ürək ağrısı ilə açıqlayır. Hüseyn Arif Azərbaycan xalqının azadlıq hərəkatını, mübarizəsini də bir sənətkar kimi bədii sözün işığında qiymət verməyə nail olur. Bununla yanaşı şəhid olmuş Ülvinin kama çatmamasını vurğulamaqla, Vətən uğrunda canından keçmiş insanların ömürlərini yarım qalmasının necə ağır olmasını çatdırmağa nail olur:

Yarıda saxladın məhəbbətini,
Nə məqsədə çatdın, nə kama yetdin.
Bir el gözəlinin səadətini
Özünlə apardın, özünlə getdin.

Maraqlı məqamlardan biri də, Xan Füzuli Aslanoğlunun "Ülvi, sən" şeirində Ülvinin nakam obrazını ədəbiyyatımızın nakam şairi Mikayıl Müşfiq obrazı ilə müqayisə etməsi, onlar arasındakı oxşar cəhətə diqqət yetirməsidir:

Bir gülləyə yağı tökdü qanını,
Sən Vətənə qurban verdin canını.
Qovuşmadın, sevgin kəssin yanını,
Müşfiq kimi nakam getdin Ülvi, sən!

Ülvi Bünyadzadəyə həsr edilmiş poetik nümunələrdə onun əqidə uğrunda qurban getməsi də özünü göstərmişdir. Əqidə uğrunda canından keçmiş insan kimi dəyərləndirilən Ülvi Bünyadzadənin canlı obrazı Əhməd Bağırovun "Məsləkin uğrunda qurban getmisən" (1990) şeirində əksini tapmışdır:

Bu ölüm səninçün ölüm deyil heç,
Məsləkin uğrunda qurban getmisən.
Vətənə yad ayaq dəyməsin deyə,
Sən şirin canından, qardaş, keçmisən.

Xalq şairi Hüseyn Arif isə "Ülvi" (1991) poemasında Ülvinin keçdiyi qısa ömür yolunda əqidəsinə sadiq qalması və əqidəsi uğrunda ölümə hazır olmasının tam mənzərəsini oxucu gözündə öz dünyagörüşü və bədii təfəkkürü baxımından yanaşaraq canlandırmağa nail ola bilmişdir. Bədii yaradıcılıqla məşğul olan gənc Ülvinin şeirlərində, qələmə aldığı yazılarda Vətən üçün qurban getməyə həmişə hazır olması şair tərəfindən vurğulanır:

Kitabını vərəqlədim,
Şüşə qəlbim çilik-çilik.
"Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik".

Müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edilməsində əvəzsiz xidmətləri olmuş Xalq şairi Xəlil Rza Ulutürk də Ülvi Bünyadzadənin nakam ömür yaşamasına toxunaraq, Ülvinin lirik-fəlsəfi, hissi-intellektual dünyasını açıqlamağa nail olmuşdur:

Birinci kitabını görmədən,
nakam gedən
Ülvi Bünyadzadənin
həsrətinə and olsun.
Dünyadan 20 il 3 ay 27 gün.
Qismətinə and olsun!

Məhz Xəlil Rza Ulutürkün poetik nümunəsində sevinc və məhrumiyyətləri yaddaşında yaşadan poeziyada ölüm mövzusu həm fiziki, həm maddi, həm mənəvi, həm psixoloji, həm də fəlsəfi planda diqqəti cəlb etməkdədir.
Onu da vurğulamalıyıq ki, Xəlil Rza Ulutürk konkret olaraq, Ülvi Bünyadzadənin yaşadığı ömrü şeirində qeyd edə bilir. Xəlil Rza Ulutürk Ülvi Bünyadzadənin şəhid kimi həyat yoluna nəzər saldığı kimi, doğma oğlu Təbrizin də şəhid olmasını "Ağı" şeirində əks etdirmişdir. Xalq şairi X.R. Ulutürk şəhidlik mövzusuna müraciət edərək şəhid itkisi fonunda şəhid itkisinin bədii ifadəsinə nail olmuşdur.
Tarix elmləri namizədi Səmayə Əliyeva "Ülviləşən ülvimə" (1990) şeirində Ülvi Bünyadzadənin əqidə uğrunda mübarizə aparmasını, şəhidin "And"ının dillər əzbəri olması faktı ilə təsdiqləyir.

Məhz Ülvi Bünyadzadənin qələminə məxsus "And"ın gənclərin manifestinə çevrilməsi faktı Səmayə Əliyeva tərəfindən poetik dillə təqdim edilir:

"Ənəlhəqq" söyləyən Nəsimi kimi,
"And"ın ürəkləri qanadlandırır.
O "And" sənindirsə dünən, can bala,
Bu gün milyonların dilində əzbər.

Poeziyamızda şəhid olanların itkisinin yalnız doğmalarının deyil, xalqının da ağır itkisi olmasının təsviri də diqqətdən yayınmır. Məmməd Namazın Ülvi Bünyadzadənin simasında şəhidlərin yalnız doğmalarının deyil, xalqının da ağır itkisi kimi təsvirini poetik fikirləri ilə poetik məcazlar, ifadələr, bənzətmələr vasitəsilə "Torpağa yazılan şeir" (1992) nəzm nümunəsində oxuculara çatdırır:

Necə dözdük
Biz necə
Bu həsrətə, bu dağa...

Biz kağıza yazdıq
Şeirimizi,
Sən - torpağa...

Şəhidliyin hamıya nəsib olmaması faktı, canlarını Vətən yolunda qurban verməyin heç də hamıya nəsib olmamasını haqlı olaraq vurğulamış f.e.d Almaz Ülvi "Şəhidlik zirvəsi" adlı məqaləsində bunu belə əks etdirmişdir: "Şəhidlik ruhun gerçəklik anlamı olan eşqdən doğulur. O eşqdən ki, torpağa, yurda, xalqa gətirdiyi kamil inamla qəlbdə ülviləşib. Gənc bir şəhid şairin nəğməsindəndir: "Ölüm insanların son heyrətidir!" Son heyrətdən heykəlləşən müqəddəs ölüm isə Şəhidlikdir. Bu məqam hər kəsə nəsib olurmu?"
Məhəmməd Nəbisoyun "Azadlıq yolunda" (1990) poetik nümunəsində Vətən yolunda, azadlıq uğrunda canlarından keçənlərin həyatlarının məhv olmaması vurğulanır, azadlıq timsalında yaşamaları lirik dillə oxucuya çatdırılır:

Atır Azərbaycan azadlığa can,
Yolunda can qoydu nə qədər qurban.
Sən tək şəhidlərin məzarlarından,
Azadlıq günəşi doğacaq, Ülvi.
Zülməti o günəş boğacaq, Ülvi.
Xalq şairi Nəriman Həsənzadə Ülvi kimi şəhidlik zirvəsinə ucalanları Vətənin yetişdirdiyi faktına toxunaraq lirik dillə qeyd etməsi təqdirəlayiqdir. Məhz Ülvinin keçdiyi yolun hünər yolu olması Nəriman Həsənzadə tərəfindən xüsusi olaraq qabardılır:

Qulaq as, gör kimdi, mahnı oxuyur,
nəğməyə çevrilib hünər yolları.
İndi Ülviləritək ana doğmur,
indi Vətən doğur mərd oğulları.

Sevil Hüseynovanın "Ülvinin xatirə muzeyindədir" şeirində Ülvi Bünyadzadənin həmişəyaşar obrazı Babək, Xətai kimi tarixi qəhrəmanlarla müqayisə edilərək, onlar kimi tarixin səhifələrinə adını həkk etdirə bilməsi poetik dillə qələmə alınır:

Babək əqidəli ölməz igidlər,
Xətai qeyrətli dönməz igidlər,
Göydəki günəş tək sönməz igidlər
Ülvinin xatirə muzeyindədir.

Şeirdə bir şəhid itkisi fonunda yüzlərlə şəhid itkisi təsvir edilmiş, acı ilə yüklənən duyğuların bədii ifadəsi əksini tapmışdır.
Şəhidləri Vətənin qoynuna alması amili poeziyamızda incəliklə açıqlanmışdır. Asəf Orucoğlunun Ülvi Bünyadzadəyə həsr etdiyi "Sən" (1990) şeirində Vətən uğrunda şəhid olanları Vətənin şəhid deyə qoynuna alması, mavi gözlü Xəzərin isə ağı deməsi işıqlandırılmışdır:

Deyirlər "Azadlıq" oldu son sözün,
Xalqın yolunda şam tək söndün sən.

Vətən şəhid deyib qoynuna aldı,
Xəzər ağı dedi, səma qaraldı

Şəhidlərin qəlblərdə, yaddaşlarda yaşaması amili ədəbiyyatımızda geniş işıqlandırılmışdır. Ülvi Bünyadzadənin qəlblərdə, həmçinin xalqın tarixində, yaddaşında yaşadığını, ölmədiyini Xalq şairi Nəriman Həsənzadə nəzm dili ilə "Almaz" (1991) adlı poetik nümunəsində qələmə alır:

Ülvinin "And"ını oxudum, Almaz,
gördüm ki, danışan bayaq, Ülvidi.
Bəlkə həyatımız yuxudu, Almaz.
bəlkə yatan bizik, oyaq Ülvidi?!
N. Həsənzadənin Ülvi Bünyadzadəyə həsr etdiyi poetik nümunədə Ülvinin milli vətənpərvərlik mövqeyini dövrün poeziyasının arenasına çıxartmağa nail ola bilmişdir. Belə ki, şəhidlərə həsr olunmuş poetik nümunələri özündə matəm motivlərini güclü şəkildə əks etdirirsə, bir tərəfdən də şəhidliyi qəhrəmanlıq səviyyəsində təqdim etməyə qadir olur. Poetik nümunələrdə matəm ovqatı ilə bərabər qürur hissləri qabardılır.
Əməkdar incəsənət xadimi Hidayət "Qələmini qanına batıran şair" (1992) şeirində Ülvi Bünyadzadənin xalqın yaddaşında qəhrəman kimi əks olunması ilə yanaşı, milli mənəvi dəyərlərin itmədiyini də qabartmağa nail ola bilmişdir. Hidayət Ülviyə ağı demir, əksinə qəhrəman kimi tərənnüm edir. Ülvi Bünyadzadənin şair olması faktına toxunsa da, şəhidlik zirvəsinə şair olmaqdan tez çatmasını, fiziki ölümü deyil, mənəvi ölüm problemini qabardır:

Qətlin şeirindən tez çatdı cahana
Qətlin meydan oxudu
Yalançı pəhləvantək
Yalan atını minib
Dünyaya meydan "oxuyana".
Şeirin açdı qapımı -
Ağın qarayla vuruşu.

Azərbaycanın bütövlüyü və xalqının azadlığı uğrunda canından keçmiş hər bir şəhidin ömür yolu keçmişdən gələcəyə örnək olan şanlı tarixdir. Şəhidliyə dəyər vermək insanda vətənpərvərlik hissinin möhkəmlənməsinə, gənc nəslin soykökünə, vətən torpağına, öz adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasını inkişaf etdirərək təbliğ edir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq ədəbiyyatın ən bariz vəzifəsinə çevrilmişdir. "Ürəyində-Azad Azərbaycan adlı məmləkətin sətirləri" (Hidayət) olan Ülvi Bünyadzadəyə həsr edilmiş poetik nümunələr bir daha onu vurğulayır ki, bu dünyada yaşamaq o vaxt dəyər kəsb edər ki, insan tanrı qapısına yollananda günahları üçün xəcalət çəkməsin. Şəhidlər özlərinin ölümləri ilə ölümsüzlük qazanırlar. Bədii ədəbiyyatda şəhidliyin dərki və təbliği məhz bütöv Azərbaycan anlayışının dərkinin tarixi inkişaf yolu keçmiş prosesidir.