adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Oktyabr 2018 20:53
8372
GÜNDƏM
A- A+

SEYRAN SƏXAVƏTİN DİLİNİN OBRAZLILIĞI - OBRAZLARININ DİLİ

XƏYALƏ ƏFƏNDİYEVA
(əvvəli ötən sayımızda)

Ölüm körpənin gözünün içində elə şəkillənir ki, bu mənzərə oxucunu heyrətə gətirir, vahiməyə salır:
"Körpə on aylıq idi. Körpənin ağ və təmiz üzündə ölüm yavaş-yavaş öz şəklini çəkirdi. Hələ təzə başlamışdı. Hazır olan kimi yəqin bu şəkli körpənin anasının gözlərinə bağışlayacaqdı. Ölüm şəkil çəkdikcə ananın bətni ağrıyırdı - elə bil ölüm öz şəklinin körpənin üzünə yox, ananın varlığına döyürdü". Doğrudan da, dəhşətli səhnələrdir. Və bu epizodları sakit tonla, astadan oxumaq olmur. Bu sətirlər sanki o körpələrin gözündə öləziyən işıq kimi adamın düz ürəyinə batır. Biz uşaqlara "gələcəyimiz"-deyirik, "uşaqlar dünyanın sabahı!" - deyirik. Əcəba, bu cür dəhşətlərin baş verdiyi, bu səfalətlərin yaşandığı, idbarlığın hökm sürdüyü dünyada sabahımızı - uşaqlarımızın taleyini qaranlığa qərq etmirikmi?!
"Körpənin gözlərinin işığı azaldıqca Yer kürəsinin də işığı azalırdı..." - deyir Seyran Səxavət.
Əslində, göz görə-görə o balaca işıqların sönməyinə - dünyamızın qaranlığa qərq olmasına səbəb elə bizlər özümüz deyilmiyik?! Əlbəttə ki, bu acı nəticələrin kökündə dayanan böyük səbəb bizim susqunluğumuz, millət olaraq öz taleyimizə biganəliyimiz, laqeydliyimizdir. Əgər 1987-ci ildə yazılan "Qızıl teşt"də fələyin qızıl teştinə qan qusan körpələrin ölümünə səbəb pambıq sahələrinin normadan artıq dərmanlanması idisə, üstündən iyirmi il keçəndən sonra yazılan "Nekroloq" romanında taleyi qələmə alınan körpələrin ölümünə səbəb aclıq və səfalət idi. Bu dünyada yaşamağa, sevinməyə hamıdan çox haqqı çatan o körpələr əzab içində ölürlərsə və bu ölümün baiskarları - onların körpə ömürlərinin qatilləri cəzalanmırsa, günahı kimin üstünə yıxasan?! Torpaq qan qoxuyan yer yox, uşaqların üstündə top-top oynadığı məkan olmalıdır. Hovard Zinnin məşhur bir fikrində deyildiyi kimi: Bu dünyada masum insanların ölümünə səbəb olmanın utancını örtə biləcək böyüklükdə bayraq yoxdur". Bəli, Seyran da öz əsərində yana-yana, göz yaşlarına boğula-boğula bu dəhşətlərin obrazlı dillə tablosunu canlandırır.
Povestin əvvəlində müəllif maraqlı ifadələr işlədir və bununla da əsərdə haqqında bəhs olunacaq obrazlarla bağlı oxucuda təsəvvür yaradır: ölümünü gözünün qabağına gətirə bilməyən adam - bu raykom katibi yoldaş Hüseynovdur, dünyanın səkkizinci möcüzəsi -bu qotur tutmuş nar ağacıdır. Namusuna toxulmuş torpaq, ulağı yandırılan Qəbil kişi, bostanı yolunan Göygöz kişi, başı qırxılmış Güləndam nənə "Qızıl teşt"də əsas obrazlardır. Xalq dilində işlənən "Cəhənnəmə gedən özünə yoldaş axtarar", "Neynirəm qızıl teşti ki, içinə qan qusacam", "Qırxında öyrənən gorunda çalar", "Adam su içdiyi bulağın gözünə tüpürməz", "Ustadına kəm baxanın gözlərinə ağ damar" və s. deyimlər əsərə bir rəngarəglik qatır ki, burada həm də yazıçının improvizələri də maraq doğurur:
"Adam su içdiyi bulağın gözünə tüpürməz - Vətən də bulaq kimi şeydi.
Ustadına kəm baxanın gözlərinə ağ damar, Vətən də bir ustaddı.
Göz insana ona görə verilir ki, xalq üçün ağlasın, daha xalqına yuxarıdan aşağı baxmasın.
Yalan ayaq tutar, on-on beş il sürünər, ancaq yeriməz, ay kişilər.
Oğru bağırıb doğrunun bağrını çatlatmaq istəyəndə bilmədi ki, camaatı ayıldacaq, bilsəydi, səsini içinə salardı.
Xalqın səbir kasası daşanda rüşvətxorları sel aparır".
Bir məqamı qeyd etmək istərdik ki, Seyran Səxavətin əsərlərində bir sıra ifadələr kodlar, elementlər, ştrix və detallar şəklində özünü göstərir. Məsələn: "Qızıl teşt"də "Xalqın səbir kasası daşanda rüşvətxorları sel aparır" ifadəsi işlənib ki, biz "Nekroloq" romanında sanki bu kodun açılışını görmüş oluruq. Şəhərə gələn dəhşətli sel barlarda, restoranlarda, yeraltı gecə klublarında əylənən, ciblərində dollarlar qalaqlanmış, qollarında, boyunlarında zəncir kimi qızıllar asılmış rüşvətxorların hamısını sürüyüb şəhərin küçələrinə çıxarır və "ölüsoyan" adı ilə tanıdığımız məşhur qəhrəman isə onların ağzından dişini, ciblərindən pulunu, boyun-boğazlarından qızılını sökür.
"Ocaq daşı" povestinin (1980) sonunda Abdulla kişinin son nəfəsini təsvir edən yazıçı belə bir ifadə işlədir: "Ölüm təyyarə kimi Abdullanın başının üstə fırlanırdı". Bu əsərdə ölümü bu cür obrazlaşdıran, şəkilləndirən müəllif "Dar köynək" (1984) povestində bu detalı davam etdirir: "Ölüm pasport şəkli kimi qadının gözlərinin içinə baxırdı". 
Seyran Səxavətin yaradıcılığında belə məqamlar xüsusilə diqqəti çəkir. Məsələn: "Ağdamda Qədir Rüstəmovla "atüstü" söhbət" (1988) sənədli hekayəsində yazıçının müsahibinə verdiyi suallara "Yəhudi əlifbası" (2009) romanında "özünü axtaran adamla" müsahibinin söhbətində də qarşılaşırsan. Bəzən ədibin işlətdiyi ifadələr də yaratdığı obrazlar kimi bir silsilə, bədii sistem təşkil edir.
"Ocaq daşı" povestində elə ilk baxışdan obrazların adına nəzər salanda Seyran Səxavətin az sözlə fikri mənalandıra bilmək bacarığının şahidi oluruq. "Daş evlər" (1985) romanında qarşılaşacağımız "xizəksürmə üzrə Bakı çempionu" olan Şükufənin bu povestdə "alverçi Maya" kimi "xələfi" var idi:
"Alverçi Mayanı Ağtəpə rayonunda tanımayan yox idi, məşhur idi. Alverçi Maya o vaxt Ağtəpədə bəlkə də, imanım Allah amanatı, yeganə ayağı sürüşkən qadın idi; dünyanın yaxşı vaxtları idi...
Bu yaxınlarda "525-ci qəzet"in bir neçə il öncəki saylarından birində mərhum yazıçı-publisist Tofiq Abdinin jurnalistlərdən biri ilə müsahibəsini oxudum. Deyir ki, İsmayıl Şıxlının "Ayrılan yollar" romanında kiçik bir epizod var: "İmran qızı qucaqlayıb çəmənliyə yıxdı, qız dillənmədi və g" Burada İsmayıl Şıxlı üç nöqtə qoymaqla öz fikrini oxucusuna çatdırır. Amma bəla burasındadır ki, indiki dövrdə yaranan əsərlərdə yazarlar "qızı çəmənliyə yıxandan sonra üç səhifə də sonrakı prosesdən yazırlar". Əslində bu nə ədəbiyyat, nə də yenilik deyil. Bu kimi kiçik hallar bəzən o qədər çoxalır ki, bütünlüklə bu bədii ədəbiyyatın tərbiyəvi və estetik mahiyyətinə müəyyən mənada kölgə salmış olur. Bax bu zaman ədəbiyyatımızın sabahı ilə bağlı həyəcan təbili çalmağın məqamı yetişdiyini anlayırsan. Seyran Səxavətin əsərlərində belə məqamlarda müəllifin üstüörtülü, yeri gəldikcə, ironik yanaşması diqqəti cəlb edir. Məsələn: "Daş evlər" romanının əvvəlində obrazların kiçicik xarakteristikasını verərkən yazıçı birbaşa demir ki, əsərdəki qəhrəmanlardan biri - Salmanın arvadı Şükufə əxlaqsızdı. Müəllif bunu elə tərzdə çatdırır ki, həm obraz haqqında informasiya almış olursan, həm də onun əxlaqca yüngüllüyünə, düz yolun yolçusu olmadığına tənqidi yanaşa bilirsən: " "Məhəllədə Şükufəyə "çempion" deyirlər, xizək sürmək üzrə Bakı çempionu. Bəzən ona "xizəkli" də deyirlər. O geyinib-gecinib evdən çıxanda deyirlər ki, getdi sürüşməyə". Və bütün bu sözləri onun ancaq dalınca deyə bilirlər...
"Ocaq daşı" povestində iştirak edən ocaqçı Abdulla, pəhləvan Səlim, məhsul Əli, hamamçı Xanış, kababçı Mirik, alverçi Maya, aptek Diliş, alver İsgəndər, kontujnı Balaəmi, Əliş Rahimov, Zina Dadaş, şofer Quduş, Xanov, Qulamov və başqaları əsərə elə adları kimi rəngarənglik gətirir.
Bədii əsərlərin dili haqqında dilçi alimlər iki maraqlı fikir irəli sürürlər:
Birinci fikrə görə, "bədii əsərin dili diqqətlə düşünülmüş, həm də olduqca sadə olmalıdır. Diqqətlə düşünülmüşlük təhkiyənin tam təbiiliyinə qətiyyən mane olmamalıdır."
Dilçi alimlərin irəli sürdüyü ikinci fikrə görə, "bədii nəsr elə yazılmalıdır ki, o, xüsusi quruluşla, xüsusi nizamla və xüsusi intonasiya ilə seçilsin". Bu mənada, Seyran Səxavətin nəsr dili diqqətlə düşünülmüş dildir. Lakin bu düşünülmüşlük hiss olunmur, çünki müəllifin dili həm də təbii, canlı, axıcı, ahəngdar və koloritlidir.
Bədii əsərin dili adi gündəlik məişət üslubundan fərqli olaraq, bədii və obrazlı, müəyyən qədər də koloritli olmalıdır. Yəni söz adamı, istər şair, yazıçı, dramaturq, publisist, esseist adi adamların danışığında olduğu kimi əhvalat söyləməklə, təsvirçiliklə öz yaradıcılıq vəzifəsini, məramını yekunlaşmış hesab etməməlidir. Xalq yazıçısı Mirzə İbrahimovun qeyd etdiyi kimi: "Bədii dilin özünün loqarifması vardır və onu öyrənmək bütün ömrü boyu yazıçının vəzifəsidir".
Sənətkar - yazıçı ya şair satirik olmaya bilər, amma onun qələmə aldığı həyat həqiqətlərində komizm, sarkazm, istehza, satira, yumor hissi olmalıdır və o fikri üstüörtülü ifadə etmək məqsədilə bunlardan yerli-yerində istifadə etməyi bacarmalıdır. Seyran Səxavət satirik yazıçı deyildir, lakin onun əsərlərinin demək olar ki, böyük əksəriyyətində satirik detalların rolu böyükdür. "Yalan yaltaqlığın lirikasıdı", "Kənardan baxanda Yer kürəsi çürük toxuma oxşayır, yaxından baxanda isə görürsən ki, oxşamır, elə çürükdü" və s. kimi ifadələr, sarkazm elementləri həm bədii əsərdə əsas ideyanın açılmasına xidmət edir, həm də cəmiyyətdəki özbaşınalığa ayna tutan belə satirik detalları cəsarətlə işıqlandırması oxucu qəlbində sənətkara olduqca böyük rəğbət yaradır.
Yazıçı istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində öldürücü satira vasitələrindən məharətlə istifadə edərək məhz bu yolla sosial-ictimai qüsurların qabardılmasına çalışır, tipi öz dili ilə ifşa etməklə diqqəti xarakterlərin təbiətindəki komizmə, gülünclüyə, naqisliyə yönəldir.
Bu mənada, Seyran Səxavətin əsərlərində cəmiyyətdə hökm sürən sosial-siyasi və əxlaqi problemlərin qabarıq şəkildə ifadəsi xüsusilə diqqəti cəlb edir, müəllif toplumun mövcud olan qüsurlarını təhlil və tənqid etmək üçün kinayə, ironiya, sarkazm və s. kimi bədii ifadə vasitələrindən geniş şəkildə istifadə edir. Seyran Səxavətin bəzi əsərlərində obrazların danışığı satirik, öldürücü, ifşaedici gülüşlə səciyyələnirsə, "Ocaq daşı" povestində isə yumoristik, islahedici gülüşlə yadda qalır. Əsərdə Səfər müəllim obrazı həm duzlu-məzəli zarafatları, baməzəliyi ilə seçilirsə də, o daha çox eybəcərliklərə, gördüyü nöqsanlara susmamasına, sərt, ifşaedici mövqeyinə görə yadda qalır. Əliş Rahimov Ağtəpə rayonunda bütün ticarət işlərini əlinə almışdı. Səfər müəllim Səməd Vurğunun "Vaqif" pyesinin motivləri əsasında satirik bir mənzumə yazaraq Əliş Rahimovu və onun eybəcər əməllərini tənqid etmişdi.
Əliş Rahimov:

Keçdi pəncəmizə gözəl ticarət,
Bu şeir ticarət, qəzəl ticarət.
Mən onluq qızılam, pullar şahıyam,
Mən də ticarətin bir allahıyam.
Alver İsgəndər (sədrin ara adamı,
alıb-verəni):
Buyruq sizinkidir, əzizim sədir,
Çox şey görəcəyik, hələ bu nədir?
Sən Məcnun timsallı, stol sənə yar,
Sizdə ədalət də, xəcalət də var...

Müəllif qeyd edir ki, Səfərin bu satirik mənzuməsi qısa müddət ərzində Ağtəpədə elə dillər əzbəri olur ki, Əliş Rahimov əməllərini düzəltməyə, özünə çəki-düzən verməyə başlayır.

(ardı gələn sayımızda)