adalet.az header logo
  • Bakı 20°C
29 Oktyabr 2018 20:39
7089
GÜNDƏM
A- A+

YAZIÇI ÖMRÜNÜN XOŞBƏXT GÜNÜ

Mustafa Çəmənli

Görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənt xadimi Əli Əmirli ilə tanışlığım 1988-ci ilin ilk günlərinə təsadüf etsə də, nədənsə mənə elə gəlir ki, onu çoxdan, lap çoxdan, kiçik yaşlarından tanıyıram. Əlbəttə, məndə belə bir təəssüratın yaranmasının səbəbkarı da elə əziz dostum Əli Əmirlinin özüdür. Belə ki, onun 2015-ci ildə "Azərbaycan" jurnalının 10-cu sayında çap etdirdiyi "Ağdamda nəyim qaldı" avtobioqrafik romanından yaddaşıma köçən yaşantılardır. Gözlərim önündə bu romandakı bir situasiyanın təkanından doğan təbii və duyğusal bir mənzərə canlanır. 7 yaşlı qıvrım saçlı Əlinin "beş-altı tutu şirədən qaralmış xırda ovcuna yığıb" onlara qonaq gəlmiş doğmaca dayısına yox, məhz arvadına - "Ala, ye!" - deməsi və uşağı olmayan bu qadının bir anda şıltaqcasına qərar çıxarıb, ərinə - "Mamed, mən istəyirəm bu uşaq mənim olsun" hökmü yeddi yaşlı Əlinin gələcək taleyini, demək olar ki, həll etmişdi. İlahinin hansısa bir diqtəsi ilə balaca Əli ata-anasından ayrılıb Ağdamda dayısı evində yaşamağa etiraz etmədiyi kimi, anası da bütün Qarabağda bir aktyor kimi tanınan və sevilən qardaşı Mamed (əslində Məhəmməd) müəllimin sözünü yerə salmamışdı. Beləcə yeddi yaşlı Əli ata-ana nəvazişindən iraq düşsə də, əvəzində, şəhərli olmuşdu.
Heç şübhəsiz, uşaqlığının hansı mühitdə keçməsinin insan həyatındakı önəmini əhəmiyyətsiz saymaq olmaz. Fikrimcə, Əli Əmirlinin sonralar yazıçı-dramaturq kimi yetişməsində - daim bu günlə yaşamağı sevsə də - keçmiş, uşaqlıq və ilk gənclik illərinin yaşantıları təhtəlşüur olaraq onun ədəbi-bədii yaradıcılığının hansı qatında isə özünü göstərmişdir. Nasirliyi bir tərəfə, əyalətdə yaşayan bir yeniyetmənin teatra, dramaturgiyaya sonsuz məhəbbəti qeybdən yarana bilməzdi. Bir var teatra yetkinlik yaşında gedəsən, bir də var şagird yaşında. Səhnədə Aqşin, Şərif, Xosrov, Frans Moor, Qacar kimi dramatik rollar oynamış, səhnəni həyatı qədər sevən bir sənətkarla bir damın altında yaşayasan. Əli Əmirli yeddi yaşında artıq ata kimi qəbul etdiyi və soyadını daşıdığı Məhəmməd Əmirovun teatr xatirələrini çox dinləmiş, Səməd Vurğunun "Vaqif" pyesində oynadığı Qacar roluna tamaşa etmişdi.
Bu gün 70 yaşına gəlib çatmış Əli Əmirli bədii yaradıcılığa lap gənc yaşlarından başlayıb. Belə ki, "İrs", "Görüş", "Qağayı" adlı hekayələri 1971-ci ildə "Azərbaycan" jurnalı kimi mötəbər bir ədəbiyyat dərgisində nəşr olunub. "Bir qış günü" adlı ilk hekayələr kitabı isə 1977-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. 
Əli Əmirli dərin müşahidə qabiliyyətinə malik yazıçı-dramaturqdu. O, çağdaş dünyamızda baş verən hadisələrə, dəyişən mental dəyərlərə, insan münasibətlərinə heç vaxt seyrçi qalmamış əksinə, yaddaşının süzgəcindən keçirərək bizi düşündürən müasir mövzulara müraciət etmiş, roman və povestlər, hekayələr, ən nəhayət, çoxlu sayda pyeslər yazmışdır.
Yadımdadı, 1988-ci ildən başlayaraq respublikada baş verən ictimai-siyasi hadisələri yaxından müşahidə edən Əli Əmirli, necə deyərlər, isti-isti, Azadlıq hərəkatının inkişaf edərək hansı nəticə ilə sonuçlanacağını gözləmədən "Meydan" adlı maraqlı, lakonik bir roman yazmışdı. Biz də elə o zaman bu romanı "Yazıçı" nəşriyyatının tematik planına salmışdıq. Təəssüf ki, nəşriyyatın maliyyə çatışmazlığı ucbatından bu roman kitab halında çap olunmadı, ancaq 1992-ci ildə "Azərbaycan" jurnalında dərc edildi. Əli Əmirli bununla kifayətlənməyib, "Meydan" romanını səhnələşdirmişdi. Unudulmaz rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında oynanıldı.
Əli Əmirli məlum Sumqayıt hadisəsinə də biganə qalmamışdı. 1991-ci ildə "Ölü doğan şəhər" adlı çox dəyərli bir roman yazmışdı. Ancaq bu roman da zamanında yox, altı-yeddi il sonra, 1999-cu ildə "Gənclik" nəşriyyatında nəşr olundu. Çox istərdim ki, Əli Əmirlinin "Ölü doğan şəhər" romanı latın qrafikası ilə yenidən çap olunsun. Çünki bu roman məlum Sumqayıt hadisəsinin bədii təcəssümüdür. Nəşrindən on doqquz il keçməsənə baxmayaraq, romanda təsvir olunan hadisələrin həyəcanı məni bu gün də tərk etməyib. Buna görə də romanın son cümləsini, aşıqlar demiş, tapşırmasını burada yazmaqdan özümü saxlaya bilmədim: "Asfaltı pəncələri ilə qazıb yerində fırfıra kimi asanlıqla fırlanan maşın dartınıb bir anlığa dondu, lüləsini hərlədib qaçan Fuadı hədəfə aldı. Fuad var gücü ilə qışqırdı, kürəyinə tuşlanmış top lüləsi bu saat, bu dəqiqə açılacaq... Qaçmaq, qaçıb qurtarmaq, gizlənmək, ancaq gizlənməyə yer yox idi. Fuad ovuc içi kimi açıq meydanın tən ortası ilə qaçırdı və bu meydan qurtarmaq bilmirdi. Ayaqlarını hiss etmirdi, onu bütün varlığını sarmış dəhşətli qorxu aparırdı, qovurdu. Fuad kor qisasın əlində girinc olub insanlıqdan çıxmış və kütləyə çevrilmiş bu adamlardan, ölü üstdən ölü doğan vahiməli şəhərdən, üstünə adamyeyən kimi gələn ölüm maşınlarından, onu hədəfə almış sarı əsgərlərdən qaçır və qaça-qaça da qışqırırdı, elə bil bu qışqırıqda, bu acizlik əlaməti olan fəryadda idi xilas yolu..."
Çox qəribədir ki, Əli Əmirli "Axirətdən qabaq gəzinti", "Meydan", "Haram", "Ölü doğan şəhər" kimi uğurlu romanlardan sonra büsbütün özünü səhnə əsərləri yazmağa həsr etdi. Əvvəllər nəsr əsərlərinin əksəriyyətini səbir və həvəslə səhnələşdirən Əli Əmirli bu vərdişdən vaz keçib, müstəqil pyeslər yazmağa başladı və çox böyük uğurlar qazandı. Son iyirmi ildə Əli bəyin pyesləri respublikamızın teatrlarında uğurla nümayiş etdirilir. Demək olar ard-arda yazdığı "Ərizə", "Meydan", "Tiran və aktyor", "Ağqoyunlular və Qaraqoyunlular", "Bala - bəla sözündəndir", "Köhnə ev", "Varlı qadın", "Mesenat", "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" və s. pyesləri dramaturgiyamızın uğurlu səhnə əsərlərindəndir.
Bu səhnə əsərlərinin bir qismi müxtəlif televiziya kanallarında göstərilmiş və müəllifinə geniş tamaşaçı məhəbbəti qazandırmışdır. Hörmətli dramaturqumuzun pyesləri respublikamızın hududlarını çoxdan aşmışdır. Onun pyesləri rus, türk, qazax, qırğız dillərinə tərcümə olunmuşdur.
Heç şübhəsiz, Əli Əmirli dramaturgiyaya təsadüfən gəlməmişdir. Teatrşünas Aydın Talıbzadənin təbirincə desək, "Əli Əmirlini dramaturq eləyən Azərbaycanın müstəqilliyi, meydanda səslənən "azadlıq nitqləri", azərbaycanlıların küçələrə dağılmış passionar enerjisi, Qarabağın içində və çölündə gerçəkləşmiş siyasi-diplomatik oyunlar və Bakı əks-sədası, bu oyunlar ucbatından qırıla-qırıla, qaça-qaça, köçə-köçə şəhərə çatıb öz xöşbəxtliyi sorağında vurnuxan adi, zavallı insanların sərgüzəştləri olub".
Əli bəy tamaşaçısını həm düşündürən, həm də yeri gələndə güldürməyi bacaran dramaturqdur. Təbiəti etibarı ilə səliqə-səhmanlı, mədəni, tərbiyəli, deyib-gülməyə, lətifələr söyləməyə bir o qədər də meyli olmayan Əli bəyin pyeslərindəki komik vəziyyətlər, gülüş doğuran səhnələr həmişə məni təəccübləndirib. Görün yaradıcı insan yaradıcılıq prosesində nə qədər dəyişə bilər.
Oruz ildir ki, Əli bəylə dostluq edirik. Bu otuz ildə xarakterində, davranışında, insanlara münasibətində, əqidəsində dəyişiklik görməmişəm. Yəqin ki, bundan sonra da görməyəcəyəm.
Oktyabrın 30-da əzizimiz Əli müəllimin 70 yaşı tamam olur. Yazıçı ömrünün xoşbəxt günü. Bu mübarək yaş onun daim oynaq, yeni-yeni səhnə əsərləri yazmaq eşqilə çırpınan qəlbinə uyğun gələn yaş deyildir. Çünki ruhən çox gəncdir. Belə ruhən, mənən cavan olmağının yəqin ki, bir səbəbi də uzun illərdən bəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətilə, daim gənclərin əhatəsində olması ilə bağlıdır. Bir də... Aha, az qalmışdı əsas səbəblərdən birini unudam. Axı onu belə gümrah, daim yaradıcılıq ovqatında saxlayan səbəblərdən biri (ən əsası) gözəl ailəsinin olmasıdır. Ailə xoşbəxtliyini nə əvəz edə bilər ki... Çox-çox illər öncə çox sevdiyi Bakının Vidadi küçəsi, 157-dən evinə gəlin köçən, onunla daim qoşa addımlayan, xanımlıq, analıq, nənəlik missiyasını şərəflə daşıyan Solmaz xanım Əmirlidi!
70 yaşın mübarək Əli müəllim! Sən həmişə ailənə, dostlarına, Vətəninə, millətinə, dövlətinə sadiq insan olmusan.
Tanrı səni qorusun.