adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Oktyabr 2018 20:19
5839
GÜNDƏM
A- A+

İLLÜZİYA

İnsanlar həqiqət yox, onları yaşadacaq illüziya axtarırlar. Anais Nin

Oğlum Erola
Esse

Loğman Rəşidzadə


(əvvəli ötən saylarımızda)

İnanclı insanların sayı günü-gündən çoxalır, səmimiyyət isə azalır. Dini ritualların icrası, sanki gündəlik vərdişə çevrilir. Dini əxlaq, ilahi sevgi, dərgahla həsb-hal səmimiyyəti bu kütləvilik və mexaniki vərdişlər içərisində, çox təəssüf ki, başqa xarakter alır, son anda itib-batır, bəzən də əriyib gedir. Ulu dərgahla söhbət zamanı, Allaha əl açıb həmd-səna edəndə, namaz üstdə bir anlıq hər şeyi, real aləmi unudub bütün səmimiyyətimizlə Tanrıya qovuşuruqmu?.. Əksinə, biz Tanrıyla rabitənin ən səmimi anlarında belə, dünyəvi işlərimizi, cari problemlərimizi çözməklə məşğul oluruq: kiməsə fırıldaq gəlmək, kimdənsə yaxa qurtarmaq, kiminləsə haqq-hesab çəkmək və s. barədə düşünürük. Bu, ən böyük riyakarlıq, haramlıq, Allaha və özünə xəyanətdir. Belə ibadət dərgahda qəbul edilə bilərmi?.. Yalan, riya, hiylə rituallarımıza qarışacaqsa, dualarımıza hopub onları ləkələyəcəksə, bunlar axı kimə lazımdır?..
Xristianlıqda belə absurd nəsnələr eybəcər nəzəri-teoloji doktorinalar kimi meydana çıxmışdır. Son anda xristian dünyası parçalanmış, dini və sosial hərəkat kimi reformasiya meydana gəlmişdir. Xristian kilsəsi özünün maddi faydası üçün istənilən yalanlara gedir, ruhi, mənəvi, əxlaqi fırıldaqlara əl atırdı. İş o yerə çatmışdı ki, istənilən xristian pul ödəməklə Allah qarşısında günahlarını yuya bilərdi. Bəli, tam reallığıyla Tanrıya rüşvət (S.Ə.Şirvaninin "Allaha rüşvət" şeiri yada düşür). Burada Allah sevgisiylə pul identikləşir və son anda yalan və həqiqətin paradoksu kimi təzahür edir. Allah sevgisi yalan, pul isə həqiqət mantiyasına bürünür. İnsan ruhu və mənəviyyatı ilə alverin belə biabırçı formalarının geniş miqyas alması və adi məişət hadisəsinə çevrilməsi, əslində kilsənin özü-özünə yazdığı ölüm hökmünə çevrilirdi.
Belə hallara İslamda da rast gəlmək olar. Məsələn, İslam dinində belə fikir formalaşmışdı ki, qiyamət ümumi olmayacaqdır. Bəzi hədislərdə deyilir ki, bir neçə min dindar (yəqin ki, bu siyahını düşünən xəlifələr, ali dini ruhanilər, qazilər, şeyxlər, kimlər...kimlər başda öz adlarını zikr edəcəklər) öz əməlləri haqqında heç bir hesab vermədən cənnətə gedəcəkdir. Pul ödəyib günahları satın almaqla sorğu-sualsız cənnətə düşmək arasında elə bir fərq varmı?
Reformasiya katolik kilsəsinin təkcə dini, siyasi və iqtisadi sahələrdəki hər şeyi əhatə edən ağalığına qarşı mübarizə forması deyildi, həm də insanların ruhunu, mənəviyyatını talamasına, cəmiyyətə yalan, hiylə, riya sırımasına etirazlarla dolu bir üsyan idi. Aralarındakı bəzi fərqlərə baxmayaraq, reformasiya ideoloqları bir düşüncədə birləşirdilər. Onlar xeyli irəli gedib, hətta kilsənin xidmətindən imtina edirdilər: bildirirdilər ki, insan öz qəlbini xilas etmək üçün kilsənin vasitəçiliyinə heç də ehtiyac duymamalıdır. Bu işdə Avqustin rahibi Martin Lüterin rolu xüsusi idi. Hərəkat 1517-ci ildə Almaniyada Martin Lüterin məşhur çıxışı ilə start götürdü. Və kilsənin parçalanması, Avropada yeni xristian konfesiyalarının yaranması ilə nəticələndi.

Ruhlar da aldadır

Tarix boyu insan ruhu və qəlbi ilə alverin ictimai-siyasi müstəvidə yaratdığı təbəddülatlar kifayət qədər ibrətamizdir. Axı, insanlar, fərdi, subyektiv, qapalı dünyalarında, yaxud məhdud icma strukturalarında da ruhlarla alver edir, onu yalan predmetinə çevirib öz məqsədləri üçün vasitə kimi istifadə edirlər. Cadu-pitilər, tasqurmalar, şaman oyunları, bəd dualarla cinləri insan canına daraşdırmaq və sair və ilaxır...
Sehrbazlıq, gözbağlayıcılıq ruhi-emosional eksperimentlərin sadə üsullarındandır. Hamımız onların hoqqabazlıqlarla dolu çıxışlarını müşahidə etmişik. Bunlar ən adi, primitiv texniki illüziyalardır. Şlyapadan müəyyən "heyvanlar çıxarmaq", öz ağzından, yaxud hansısa tamaşaçının qulağının dibindən "yumurta çıxarmaq", qızı qutuya salıb iki yerə "bölmək", kartlarla ayrı-ayrı əyləncəli illüstrasiyalar nümayiş etdirmək və s. Və yaxud, üskük oynadanlar: gözgörəti elə hal yaradırlar ki, yüzə-yüz əmin olduğun halda üskük altında gizlədilmiş əşyanı heç cür tapa bilmirsən.
Gözbağlayıcılığın və sehrbazlığın ən mükəmməl elmi məktəbini yaratmış Devid Kopperfildin illüstrativ oyunları da nəqədər mürəkkəb mexanizm üzərində qurulursa qurulsun, son anda məlum məntiqə calanır. Hər şeyin məğzində yalan, hiylə, aldatma və illüziya dayanır. D. Kopperfildin gözbağlayıcılığı o qədər inkişaf edir ki, insanların gözü önündə qatarı "yox edir." Yaxud salonda seans apardığı anda deyir ki, yoxlayın, məsələn yüz kilometr aralıda filan hadisəni törədəcəm. Və dediyini "edir", yaxud "sübuta" yetirir. Və sair, və ilaxır. Analiz etdikdə görürük ki, bütün bunlar ən müasir texniki vasitələrə arxalanan sadə gözbağlayıcılığın mürəkkəb variantlarıdır.
Bütün bu hərəkətlər - yalan və fırıldaq çoxlarının marağını özünə cəlb edir. Hətta, bilə-bilə hoqqabazlıqdır, yenə də meyllənirlər. Sanki insanlarda yalana və illüziyaya bir asılılıq yaranmışdır. Belə çıxır ki, insanlar əslində, aldanmaq istəyirlər. Bu xüsusda B.Franklinin sözü yada düşür: "Səni özündən daha çox aldadan birisini tanıyırsanmı?.."
Sehrbazlıq, illüzion oyunlar, magik vasitələr bu gün ən sivil cəmiyyətlərin yol yoldaşına çevrilib. Məsələn, İtaliyada fəaliyyət göstərmək üçün magiyaya dövlət səviyyəsində icazə verilmişdir. Bəlkə, ən inkişaf eləmiş dövlətlər belə, insanın psixoloji durumunu yüngülləşdirmək üçün belə vasitələrə əl atır? Və bu yolla insanların başını qatmağa, sosial problemləri və qayğıları unutdurmağa, cəmiyyət idarəçiliyini asanlaşdırmağa çalışır?..
Özünütəlqin, özünüaldatma, cəmiyyətə təsir vasitəsi kimi digər ruhi-emosional eksperimentlər bəşər tarixinin ilk dövrlərindən mövcud olmuş, intişar etmiş, zaman-zaman forma və məzmunca dəyişmişdir. Tarixi təcrübə göstərir ki, magik oyunlar, sehrbazlıq, gözbağlayıcılıq insanlara təkcə küskün qəlblərinin sosial ağrılarını ovundurmaq üçün lazım olmamış, dövlət və ictimai həyatı idarəetmənin həlledici anlarında güclü və kəsərli bir silah kimi də zərurətə çevrilmişdir. Qədim Misirdə kahinlər məhz bu missiyanı yerinə yetirmişlər. O zaman bütün dini, elmi-fəlsəfi düşüncənin mərkəzi kimi fəaliyyət göstərən məbədlər siyasi hakimiyyətin və dövlət idarəçiliyinin də əbədi alternativi olmuşdur. Qədim Misirdə kahinlər sxolostik dini təcrübələri ilə deyil, daha çox ağıl, bacarıq, fərasətləri, həm də dərin elmi bilikləri ilə ali məqama yetmişlər. Onlar öncəgörmələri, təbiət hadisələrini müşahidə və təhlil bacarıqları, istimai-siyasi hadisələrin mahiyyətini dəqiq qiymətləndirmələri, insanların ruhi-psixoloji halına təsir göstərə bilmələri ilə böyük nüfuz qazanmışdılar. Xüsusən, astronomik bilikləri bu işdə önların karına çox gəlmişdir. Onlar Günəşin hərəkətlərini dəqiq izləyə bilir, Nilin enmə-qalxma vaxtlarını doğru-düzgün qeydə alırdılar. Göy cisimlərinin hərəkətinə, yerdəyişməsinə, zaman ölçülərinə, zaman və məkanın bir-birinə münasibətindən yaranan halətlərə və s. başqa astroloji proseslərə də dərindən bələd idilər. Və lazımi anda bu elmi bilikləri illüziyaya çevirib xalqın emosional halına təsir göstərə bilirdilər.
Gənc, ağıllı, proqressiv ruhlu XIII Ramzes kahinlərin bu qeyri-məhdud hakimiyyətinə qarşı cihad elan edir və uduzur. Kahinlər, çox ustalıqla adi bir təbiət hadisəsindən istifadə edib kütləni özlərinə tabe edirlər. XIII Ramzes kahinlərin hüdudsuz hakimiyyətinə və nüfuzuna qarşı xalq etirazını, xalq gücünü qoyur. İlk baxışdan, doğrudan da müdrik və cazibədar bir ideya idi. Lakin kahinlər də sakitcə oturmamışdılar. Xalqın mərkəzi məbədə hücumu hazırlanırdı. Təbii ki, XIII Ramzesin xeyir-duası ilə. Baş kahin, hiyləgər və məkrli Herhorda xəbər vermişdilər ki, sabah Günəş tutulması baş verəcək. Dəqiq vaxtı da saatına, dəqiqəsinədək bildirmişdilər. Herhordun adamları kütlənin hücumunu ciddi-cəhdlə məhz, həmin vaxta yönəldirlər. Səhəri gün hücum edən kütlənin qabağına çıxan Herhod onlara bildirir ki, siz məbədə hücum etməklə Tanrı iradəsinə qarşı çıxdığınız üçün mən də Tanrıdan sizə bəla istəyəcəm. Və əllərini göyə qaldırıb Allahdan Yer üzünə qaranlqı istəyir. Bu zaman Gün tutulması baş verir, heyrətə düşmüş kütlə möcüzə qarşısında baş əyir, beləliklə azad ruhlu, reformator firon XIII Ramzes kahinlərə uduzur. O, daha doğrusu, avamlığın, fanatizmin qurbanı olur. Bütün bu hadisələr görkəmli polyak yazıçısı B.Prusun məşhur "Firon" romanında geniş şərhini tapıb: "Ramzes çürük kök üstündə bitmiş pöhrə idi". Bu, əsərdə yazıçının oxuculara təlqin etmək istədiyi əsas ideya idi.
Özünütəlqin vasitələri içərisində meditasiya xüsusi yer tutur. Ruhun tərbiyəsində, insan orqanizminin imkanlarından daha geniş istifadə edilməsində, içindəki gizli "mən"in oyadılmasında meditativ vasitələr çox önəmlidir. Meditasiya vasitəsilə insan özünü yenidən yarada bilər. Bu ruhun təcəlla anıdır. Ruh yeni halətlərə düşür, insan adi vəziyyətində düşünə bilmədiklərini düşünür, eləyə bilmədiklərini eləyir. Məncə, yaradıcı insan da iş prosesində, müəyyən meditativ auraya qovuşur, son dərəcə gərgin hissi-emosional halətlər yaşayır. Bəlkə ilham deyilən şey, elə budur? A.S.Puşkin elə-belə demirdi ki: "Şair yaradıcılıq prosesində adi vəziyyətindən beş dəfə yuxarı qalxır". Ruhun təcəllası deyilmi?..
Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. Bu, çox qədim üsuldur. Amma əsas inkişafı hind yoqası və buddizmdə olub. Praktik mənada meditasiya, adətən belə baş verir: gecə vaxtı sakit bir məkanda oturub əl və ayaq altı hissələri bağlayaraq (bir-birinə və ya əlləri diz üstünə, ayaqları isə yerə) bir neçə dəfə (3 dəfə) dərindən nəfəs alıb-verməklə diqqəti tam daxilə yönəldir, ətraf mühitdən təcrid olunursan. Bu zaman bəzi alfa, betta və s. ritmli musiqi də səsləndirilə bilər. Meditasiyanın məqsədi nəticə etibarilə daxili aləmində müəyyən obrazlar yaratmaqdır. Daxili aləmində təsəvvür ilə istənilən xoşagəlməz halları dəyişib xoş ovqat formalaşdıra bilirsən. Sanki özün-özünü aldadaraq hadisələri görmək istədiyin formada öz obrazında ardıcıllıqla canlandırırsan. Yəni səsləri, iyləri, təması və s. canlandırıb öz daxilində onların real obrazının təəssüratlarını yaradırsan. İlk növbədə səni incidən hadisələri unutmalı, insanları bağışlamalısan. Beləliklə, hər yaratdığın obrazı öz beynində minimum 17 saniyə saxlamaq şərtilə öz motivasiyanı yüksəldir və inanclarını bərkitmiş olursan.
Meditasiya edən şəxslər öz qida rasionuna da diqqət yetirməlidirlər. Onlar üçün epifiz vəzlərinin sintez edəcəyi melatoninin (xoşbəxtlik hormonunun) və DNT-nin (ruhsal hormon) vacibliyi çox önəmlidir. Çünki bu möcüzəli hormonlar insanın gündəlik həyatında gümrahlığını, əhval-ruhiyyəsinin yüksəkliyini təmin edir, xoşbəxtlik hissini daim artırır. Melatonun bioloji cəhətdən də sağlamlığı qoruyub saxlamaqda çox böyük əhəmiyyətə malikdir: bu hormon antioksiddir, xərçəngdən qoruyur, immun sistemini yüksəldir və s..
Ruhun bu halı məhəbbət formalaşdırır, ümumiyyətlə, son anda dünya malına diqqəti azaldır, yeməyə-içməyə, pis vərdişlərə laqeydlik yaradır. Günlərlə ac qalmaq, mütəmadi oruc tutmaq, ruhu qidalandıran təhminlərə rəvac vermək belə adamların gündəlik həyat tərzinə çevrilir.
(ardı gələn sayımızda)