adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Oktyabr 2018 15:00
7965
MƏMLƏKƏT
A- A+

Faiq Qismətoğlu: YOLUN SAĞI BOŞDURSA...

Bilmirəm, siz respublika əhəmiyyətli yollarda bu məqamlara diqqət yetirmisiniz, ya yox?! Amma biz bir hərəkət iştirakçısı olaraq respublika əhəmiyyətli yollarda avtomobillərin hərəkətinə diqqət yetirməyi heç vaxt yaddan çıxarmırıq. Ən çox da bizi narahat edən odur ki, yolun sağı boş olduğu halda soluyla əksər nəqliyyat vasitələri hərəkətə üstünlük verir. Hansı ki, "Yol hərəkəti haqqında" Qanunda birmənalı olaraq yazılıb ki, nəqliyyat vasitələri yolun sağı boş olduğu halda soluyla hərəkət etməməlidilər.

Çox təəssüf ki, bizim əksər sürücülər bu məqamlara diqqət yetirmir və yol hərəkəti qaydasını pozmaqda davam edirlər. Yolun solu ona görə boş olmalıdır ki, həmin yerlə xüsusi operativ xidmət maşınları - məsələn, təcili tibbi yardım, yanğınsöndürən və eləcə də dövlət xidmətini yeriən yetirən digər avtomobillər hərəkət etməlidir. Əsl həqiqət isə başqa cürdür: bu yolla yük maşınından tutmuş fərdi maşınlar yüksək sürətlə şütüməkdə davam edir. Hətta dəfələrlə görmüşük ki, mişar daşı aparan "Şadman", "Kamaz" və "Kraz" markalı yük maşınları yolun soluyla hərəkət edirlər və arxadan gələn nəqliyyat vasitələrinə yol vermirlər. Yəqin bu görüntülərin siz də şahidi olmusunuz. Dəfələrlə sosial şəbəkələrdə yolun sağı boş olduğu halda, soluyla hərəkət edən yük maşınlarının və eləcə də minik maşınlarının görüntüləri sosial şəbəkədə yayılıb. Aydındır ki, sonradan yol polisi tərəfindən bu görüntülər araşdırılır və qanunu pozan sürücü aşkarlanır, onlar barəsində inzibati cəzalar tətbiq edilir.

Bütün mənalarda hərəkətin təhlükəsizliyi üçün dəfələrlə yazılarımızda qeyd etmişik ki, həm sürücülər, həm də piyadalar məsuliyyət daşıyırlar. Ancaq gəlin onunla razılaşaq ki, bizim məmləkətdə yol hərəkəti qaydası pozularkən ən çox sürücülərin yaxasından yapışılır və onlar da məsuliyyətə cəlb edilirlər. Belə də olanda bu yanaşma tərzində obyektivlik tarazlığı hardasa pozulmuş olur.


Göstərdiyimiz bu nöqsanlar davamlı olaraq Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən aradan qaldırılır. Başqa sözlə demiş olsaq, respublikanın avtomobil yollarında kobud qayda pozuntularına yol vermiş heç bir sürücü məsuliyyətdən kənarda qala bilməz. Çünki bütün qayda pozuntuları sutkanın 24 saatı ərzində avtomobil yollarında quraşdırılmış radarlar vasitəsilə qeydə alınır və mərkəzi sistemə ötürülür. Bununla yanaşı, tağımlarda mütəmadi olaraq reydlər keçirilir, kobud qayda pozuntusuna yol verən avtomobil sürücüləri diqqət mərkəzində saxlanılır.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları payız mövsümü ilə əlaqədar olaraq hərəkət iştirakçılarının maarifləndirilməsini və eləcə də qaydalara əməl etməsini birmənalı olaraq unutmurlar. Sirr deyil ki, bəzi sürücülər respublika əhəmiyyətli yollarda ara məsafəsi saxlamır, yağışlı, yağmurlu havalarda meteroloji şəraiti nəzərə almır, hətta ötmə əməliyyatlarını belə ehtiyatsız həyata keçirirlər. Bu cür qayda pozuntuları birmənalı olaraq ağır qəzaların baş verməsinə gətirib çıxara bilər.


Məhz buna görə də son həftələr 6-cı tağımın əməkdaşları göstərdiyimiz qayda pozuntuları ilə əlaqədar olaraq reydlər keçirirlər. Bayaq dediyimiz kimi, öncədən hər bir tədbir hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə hesablanıb. Həm də yağışlı havalarda sürücülər gecə saatlarında yolu yaxşı görmür və bu zaman təyin olunmamış yerdən keçən piyadaları da təhlükə gözləyir. Reydlər də bir daha tağım əməkdaşları həmin məsələləri ön plana çəkirlər. Yəni yağışın güclü yağdığı və leysanın davam etdiyi müddətdə nəqliyyat vasitələrinin sahiblərini saxlayıb maarifləndirir, diqqətli olmalarını nəzərlərinə çatdırır. Hətta stasionar postda bir neçə minik avtomobilinin sahibinin saxlanılaraq xəbərdarlıq olunmasının şahidi olduq.

Belə ki, polis baş serjantı Xəzər Əliyev yağışlı havada xarici markalı avtomobilin sürücüsünü Qaradağ postunda saxlatdırdı. Sözün düzü, sürücü yol polisinin maşınını saxlatdırdığına görə, özünü narahat hiss etdi. Bu narahatlığı hiss edən polis baş serjantı Xəzər Rzayev sürücüyə bildirdi ki, narahatlığa heç bir əsas yoxdur. Sadəcə olaraq, siz Bakı-Qazax yoluyla hərəkət edirsiniz, mənziliniz də yəqin uzaqdır. Biz də yadınıza salırıq ki, belə yağışlı havada sürət həddinə əməl edin, ara məsafəsi saxlayın və bir qədər diqqətli olun. Yol polisi əməkdaşının bu cür səmimi söhbətindən sürücü çox razı qaldı və sükan arxasına əyləşib yoluna davam etdi.


Reyd zamanı yolun sağı boş olduğu halda, solu ilə hərəkət edən bir neçə avtomobil sürücüsü də saxlanıldı. Polis baş serjantı Abbas Abdullayev monitorda görüntüyə baxandan sonra avtomobil yoluyla hərəkət edən xarici markalı avtomobili saxlatdırdı. Sürücü Əhməd Məmmədov qanunu pozmağını etiraf etdi. Dedi ki, bir qədər fikirli idim. Ona görə də yolun soluyla avtomobili idarə etməli oldum. Buna görə günahımdan keçin. Təbii ki, yol hərəkəti qaydasını pozmuş sürücü öncə polis baş serjantı Abbas Abdullayev tərəfindən maarifləndirildi. Sonra isə onun barəsində polis baş serjantı inzibati protokol tərtib etdi.

Bir faktı da qeyd edək ki, 6-cı tağımın əməkdaşları yol hərəkəti qaydasının təhlükəsizliyini təmin etməklə yanaşı, stasionar postda xidməti vəzifələrini yerinə yetirərkən bir neçə şəxsin cinayət xarakterli əməllərini də aşkarlayıblar. Məsələn, sentyabrın 26-da saat 8:00 radələrində Azərbaycan Respublikası Qida Agenitliyinə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımından daxil olmuş məlumat əsasında 1969-cu il təvəllüdlü Biləsuvar rayonunun Xırmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi "Mersedes-Benz" markalı 10 DA 091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və yol polisi əməkdaşları tərəfindən birgə baxış keçirilib.

Baxış zamanı avtomobilin arxa saxlanc yerində təxminən 400 kq yaxın yük hissələrində antisanitariya şəraitində, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş ət aşkar olunaraq adiyyəti tədirlər keçirmək üçün götürülüb. Müayinə zamanı müsadirə olunan ətin at əti olması məlum olub.

Bax, bu cür cinayət xarakterli faktların aşkar olunmasında Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşlarının çox böyük xidmətləri vardı. Burda peşəkar, prinsipial və ədalətli mövqeyin nümayiş etdirilməsi önəmli əhəmiyyət kəsb edir. Yəni yol polisi bu cür cinayətlərə qarşı həmişə fəal mövqe tutub və öz əməllərilə bir daha təsdiq edib ki, kimliyindən asılı olmayaraq, cinayət törədibsə, məsuliyyətə cəlb edilməlidir.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, tağım əməkdaşları payız mövsümüylə əlaqədar olaraq rəhbərlik tərəfindən xüsusilə təlimatlandırılıb. Yəni hər bir əməkdaş mürəkkəb hava şəraitində necə xidmət etməyi və hərəkət iştirakçılarına qarşı hansı addımlar atmağı öncədən bilir. Bu mənada biz çalışırıq ki, mövsümdən asılı olmayaraq, baş verə biləcək qəzaların qarşısını qabaqlayıcı tədbirlər nəticəsində almağı bacaraq. Buna görə də ilk növbədə hər bir əməkdaş daha diqqətli olmalı, tapşırılan işə məsuliyyətlə yanaşmalıdır. Tağımımızın əməkdaşlarından polis baş serjantları Abbas Abdullayev, Elmir Məmmədov, Əhliman Məmmədov, Xəzər Rzayev, Anar İbrahimov, Şəmsəddin Əliyev və başqaları bir qayda olaraq səhər saatlarında rəhbərlik tərəfindən təlimatlandırılır və onlar qarşısında konkret vəzifələr qoyulur. Bu əməkdaşlar da növbə ərzində qarşıya qoyulmuş tapşırıqları məsuliyyətlə icra edirlər.

Payız mövsümündə tez- tez hava şəraiti dəyişir, güclü yağışlar yağır. Yağışların yağması isə respublikanın avtomobil yollarında sürücülər üçün müəyyən problemlər yaşadır. Ona görə də hər bir sürücü metereoloji şəraiti nəzərə almalı və ona uyğun sürət həddi seçməlidir. Yəni avtomobil yolunda ara məsafəsi saxlamalı, bütün təhlükəsizlik qaydalarına əməl etməli və eyni zamanda məsuliyyət hissini artırmalıdır. Belə olarsa, yağışlı havalarda ağır qəzalar azalar və başqa sözlə demiş olsaq, onun qarşısı xeyli alınmış olar.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV - Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Namiq Əzizov - 6-cı tağımın naryad rəhbəri, polis kapitanı; Elçin ORUCOV - 6-cı tağımın polis kaptanı, baş inspektor; İlham QURBANOV - 6-cü tağımın polis leytenantı, baş inspektor; Xəzər RZAYEV - 6-cı tağımın əməkdaşı, polis baş serjantı; Abbas ABDULLAYEV - 6-cı tağımın əməkdaşı, polis baş serjantı; Faiq QİSMƏTOĞLU - "Ədalət"in əməkdaşı.