adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Oktyabr 2018 17:22
4956
GÜNDƏM
A- A+

Masallıda 10 il ərzində 12 min 553 xəstə gözündən əməliyyat olunub

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının regionlarında oftalmoloqların təcrübəsində innovasiya texnologiyaları” mövzusunda VI regional konfransı keçirilib.

Adalet.az-ın məlumatına görə, Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-cu ildönümünə həsr olunmuş konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, oftalmologiya sahəsində çalışan region həkimlərinin bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov bildirib ki, dövlətimizin başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycanda səhiyyə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəmizə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirilən konfranslarda da əsas vəzifə oftalmologiyanın beynəlxalq standartlar səviyyəsinə çatdırılmasıdır. Bildirilib ki, Milli Oftalmologiya Mərkəzinin Masallı filialı ən son texnoloji avadanlıqla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisasartırma kursları keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. 2008-ci il oktyabrın 7-də fəaliyyətə başlayan Masallı filialına ötən 10 il ərzində 76 min 342 nəfər müraciət edib, 12 min 553 xəstə üzərində əməliyyat aparılıb.

Bölgələrdə Milli Oftalmologiya Mərkəzinin yeni filiallarının açılmasının qarşıda duran ümdə vəzifələrdən biri olduğunu qeyd edən Mərkəzin direktoru Şəki şəhərində yeni filial üçün binanın tikintisinə başlandığını bildirib. Həmçinin diqqətə çatdırılıb ki, bu ildən etibarən rəhbərlik etdiyi tibb müəssisəsində keratoplastika əməliyyatları da aparılır. Mərkəz pasiyentlərə regionlarda səyyar xidmət də göstərir.
Konfransda müasir oftalmologiyanın aktual məsələləri ilə bağlı 21 məruzə dinlənilib. "Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Respublikanın müxtəlif regionlarında oftalmolojı yardımının təşkilinə dair tədbirlər, nəticələr”, "Qlaukomanın lazer müalicəsinin əsas məqamları”, "Bizim təcrübəmizdə uşaq və yeniyetmələrdə miopiyanın proqressivləşməsində atropinin effektivliyi” və digər mövzularda müzakirələr aparılıb.

Tədbirdə Masallı filialının əməkdaşlarından bir qrupuna fəxri fərmanlar və yubiley medalları təqdim olunub.