adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Oktyabr 2018 00:47
4536
GÜNDƏM
A- A+

BİZ HƏMFİKİR, HƏMDƏRD İDİK

Məşədi Vahid Həşimovun əziz xatirəsinə

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist

Dağlar diyarının payız səhəri. Gecədən yağan yağış dayanıb. Dərələrə sürünən duman havanın xoş olacağından xəbər verir. Göz işlədikcə yaşıl yamaclar, qızılı rəngə çalan meşələr görünür. Hay-küylü yay günlərindən sonra bu yerlərdə sakitlikdir. Dağ çayının şırıltısından, xınalı kəkliklərin ara- sıra qaqqıltısından başqa səs-səmir gəlmir. Əkinçilər şumlanmış sahələrə çıxıblar. Səpini tezləşdirməyə tələsirlər. Geciksələr, şaxtalar düşər, toxumun cücərməsi ləngiyər.
Təbiətin belə füsunkar mənzərəsini seyr edə-edə yoldayıq. Yollar, cığırlar mənə çoxdan tanışdır, həyatımda izləri qalıb. Gəncliyimdə piyada gedib- gələrdim, ahıl çağımda maşınlara möhtacam... Üzüyuxarı qalxıb Bılahayım təpəsinə çatırıq. Buradan Lerik şəhəri ovucun içi kimi görünür. Son illər dağların bu ağ şəhərində yeni məhəllələr salınıb, binalar və yaşayış evləri tikilib, küçələrə asfalt döşənib, Zuvand çayından su kəməri çəkilib, elektrik stansiyası işə düşüb, həyətlərdə ağaclar əkilib.
Yolumuza davam edirik. "Dağlar qapı"sını keçib Köyül kahasında ayaq saxlayırıq. Bura bir vaxtlar insan məskəni olub, insan nəfəsi ilə isinib. Min illər keçib, yenə o boyda, o biçimdə yerindədir. Yolçuları qışın soyuğundan, yayın istisindən qoruyub. Abidənin hələ də sirləri açılmayıb. Təbii sığınacaqlar ayrı-ayrı otaqları xatırladır
Nisli körpüsündən yol ikiyə ayrılır. Maşın sola səmt götürür. Həzovi kəndi arxada qalır. Yol yetmişinci illərdə sıldırım qayaların arasından çəkilib. Belə yerdə sükan arxasında əyləşməyə hər kişinin cürəti çatmaz. Gərək dərəsinə-təpəsinə, enişinə-yoxuşuna bələd olasan, ehtiyatı əldən verməyəsən Güneydən salındığına görə qışın qarlı günlərində də açıq olur. Sərnişinlər mənzil başına çatdırılır. 
Axırıncı aşırımı keçirik. Kəndlər, pul kimi qızarmış ocaq daşlarını xatırladan sal qayalar, meşələr, mavi Xəzər necə də aydın görünür. Talış dağlarının ən hündür zivəsi Qızyurdunun ətəyindəki Rəzgöv kəndinə çatırıq. Tarixi bəlli deyil. Vaxtilə ağsaqqallar hərə bir versiya söyləyib. Bəhri Siyab türbəsi Rəzgövdə qədim abidədir. Ehtimala görə, dövrünün görkəmli din xadimi Bəhri Siyab imam Museyi Kazımın nəslindən olub XVI-XVII əsrlərdə burada yaşamış və haqq dünyasına qovuşmuşdur. Ziyarətgah onun şərəfinə adlandırılıb.
Ötən əsrin əvvəllərində çar hökuməti tərəfindən əhalinin siyahıya alınması zamanı Rəzgövdə 157 ev olduğu, 500 nəfərə yaxın adam yaşadığı qeyd olunmuşdur. Bu fakt kəndin o dövrdə Zuvand mahalının iri yaşayış məntəqəsi olduğunu təsdiqləyir. İgid oğullarından 55 nəfər İkinci Cahan müharibəsinə getmiş, 25 nəfər qayıtmamışdır.

***
Rəzgövdə boya-başa çatan ictimai xadimlərin, xeyirxah insanların adları ölkəmizdə hörmətlə çəkilib yad edilir. Böyükağa Mirsalayev 1921-ci ildə Moskvada birillik partiya məktəbini bitirir və Qazax Rayon Partiya Komitəsinə katib seçilir. İki ildən sonra Nuxada (Şəki) birinci katib işləyir. 1929-cu ildə Bakıya çağrılır. Azərittifaqın sədri vəzifəsinə təyin olunur Az keçmir Lənkəran qəza Partiya Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilir və 1937-ci ilə qədər bu vəzifədə çalışır. Dağların igid oğlu repressiyanın qurbanı olub güllələnir. Sənan Rəhimov Lənkəran şəhərində milis orqanında rəhbər vəzifə tutur. O da 37-nın qurbanlarından olur, ailəsi təqib edilir. Nəhayət, ədalət zəfər çalır. Böyükağa Mirsalayev və Sənan Rəhimov bəraət qazanırlar.
Texnika elmləri namizədi Salam Mirsalayevin neft sənayesinin inkişafında xidmətləri layiqincə qiymətləndirilir. Rəzgövdə doğulmuş texnika elmləri doktoru Mahmudağa Həsənov uzun illər İnşaat Mühəndisləri İnstitutunda kafedraya rəhbərlik eləyib.
Böyük Vətən müharibəsinin veteranı Salman Məmmədov ömrünün 60 ilini pedaqoji işə həsr edib. Kəndində məktəb tikdirib, kitabxana açdırıb, gənc pedaqoqlar yetişdirib. Bu gün onun xeyirxah əməllərini qardaşı oğlu, millət vəkili, iqtisad elmləri namizədi İqbal Nərimanoğlu davam etdirir. İqtisad elmləri doktoru Yaşar Kəlbiyev də bu obanın qayğısına qalan ziyalıdır.
Rəzgövün tanınmış ziyalılarından söz düşəndə Lerik rayonunun ilk təhsil fədailərindən mərhum Vahid Həşimovun da adı çəkilir. Vahid müəllim kəndin dəlləyi və ara həkimi Rəzzaq kişinin ailəsində anadan olmuşdu. Atası dini təhsil almasa da, şəriət qanunlarını heç də mollalardan az bilmirdi. Vahidin oxuması üçün qabaqcıl təhsil ocağı Çayrud natamam orta məktəbini seçmişdi. Yeddillik təhsilini başa vuran gənc Vahid Lerik orta məktəbinə üz tutur. Orta təhsil alan il müharibə başlanır, onu Veri kənd məktəbinə müəllim göndərirlər. Burada həm dərs deyir, həm də görkəmli din xadimi Mir Kərim ağadan gizli dini təhsil alır.
Əllinci illərin əvvəllində Vahid müəllim pedaqoji fəaliyyətini ucqar Conu kəndində davam etdirir. Burada çətinliklərlə üzləşir, lakin ruhdan düşmür. Kənddə bir nəfər də uşaq təhsildən kənarda qalmır. Onun təşəbbüsü, valideynlərin köməyi ilə məktəb üçün iki sinif otağı tikilir.
1952-ci ilin yazından başlayaraq Lerikin sərhədyanı kəndlərinin əhalisi Puşkin (Biləsuvar) rayonunun ərazisinə köçürülür. Vahid müəllimin ailəsi qoyunçuluq sovxozunda sakin olur. Vahid Həşimovun bacarıqlı təşkilatçı, savadlı müəllim olduğu yeni iş yerində kollektivə bəlli olur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olur. Maarif şöbəsi bir ildən sonra onu çalışdığı məktəbin direktoru təyin edir.
Ədalətsiz hökm uzun sürmədi. Zuvand camaatının ata-baba yurduna qayıdışı başlandı.
Vahid müəllim də doğma kəndinə döndü. Hamarat kənd natamam orta məktəbinə direktor təyin olundu.
Pedaqoji kollektivə rəhbərlik etdiyi üç il müddətində məktəbin maddi bazasını möhkəmləndirməkdən ötrü çox iş gördü. Məktəbin mikroərazisinə daxil olan uşaqların hamısı təhsilə cəlb olundu, valideynlərlə əlaqə möhkəmləndi. Pedaqoji məsləhətlər səmərəsini verdi. Əlaçıların sayı artdı, yeddincini bitiriənlərin hamısı orta məktəbdə oxumağa getdi.
Doğma ocaqdan uzaqda işləmək Vahid müəllimi, ömür-gün yoldaşı Nənəqız bacını yormuşdu. İş yerini Rəzgövə yaxın kənd məktəblərinin birinə dəyişmək barədə maarif şöbəsinə ərizə yazır. Müraciəti nəzərə alınır, 1959-cu ildə Rvarud natamam orta məktəbinə müəllim təyin olunmaq barədə əmr imzalanır.
Vahid Həşimovla Lerikdə tanınmış ictimai xadim, əməkdar müəllim Mürsəl Mirzəyev arasında səmimi dostluq vardı, uzun illərdən bəri duz-çörək kəsmişdilər. Mürsəl müəllimin rayon xalq maarif şöbəsinə rəhbər gəlməsi Vahidin Rəzgöv kəndinə qayıdışına yaşıl işıq yandırır.1964-cü ilin sentyabrında ixtisası üzrə müəllim çalışır. Düz 26 il bu təhsil ocağında dilimizin və ədəbiyyatımızın zənginliyini uşaqlara tədris edir. 67 yaşında öz xahişi ilə pedaqoji kollektiv onu təqaüdə yola salır.
Lerik təhsilinin ilklərindən biri olan Vahid müəllimin uzunmüddətli pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilir. 1941-1945-ci illərdə arxa cəbhədə "Əməkdə fərqlənməyə görə", Qələbənin 30, 40, 50, 60 illiyi medalları ilə təltif olunur, Təhsil Nazirliyinin Fəxri Fərmanına və döş nişanına layiq görülür.
Vahid Həşimov təqaüddə olanda ailəsilə Lerik şəhərinə köçmüşdü. Bizim tanışlığımız da o vaxtdan başlanmışdı. Xeyir-şər məclislərində görüşür, bəzən istirahət günlərində oturub həmsöhbət olurduq. Klassiklərin yaradıcılığına dərindən bələddi, əsərlərini mütaliə eləmişdi.
Qibtə ediləsi yaddaşı vardı. Nəsiminin, Füzulinin, Xətainin qəzəllərindən özünəməxsus səslə nümunələr söylərdi. Şəhriyarın "Heydərbabaya salam" poemasının ilk sətrindən son misrasınadək əzbərləmişdi. Dini təhsil alması onu "Qurani Kərim"ə sidq qəlbdən bağlamışdı. Yeri düşəndə cibində gəzdirdiyi surələrdən avazla oxuyardı. Lerik məscidinin imamı Hacı İlham onu yas məclislərinə dəvət edib yanında əyləşdirirdi. "Yasin" surəsini oxumağı ona tapşırardı.
Talelərimiz oxşardı. Vahid müəllim ata-anasının tək övladı , mən də. Ata-baba yurdundan eyni vaxtda didərgin düşmüşdük. Gəncliyimiz ehtiyac içində keçmişdi. Hər ikimiz əmək fəaliyyətinə kənd məktəblərində başlamışdıq. Ali təhsili pedaqoji institutda almışdıq.
Məktəb direktoru eləmişdik, halallıqla ev-eşik sahibi olmuşduq.
Vahid müəllim ömür-gün yoldaşını ahıl vaxtında itirdi. Bu kədəri iki il sonda mən də yaşadım, uşaqlarımın anasını son mənzilə yola saldım.
Vahid müəllim bir oğul, bir qız atasıydı. Oğlu Etibar Azərbaycan Tibb İnstitutunun pediatr fakültəsini bitirib. Uzun illər rayon uşaq xəstəxanasında çalışıb. Hazırda rayonun baş pediatrıdır. 2007-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb. Etibar həkim respublika Ziyalılar Cəmiyyəti Lerik rayon təşkilatının sədridir. Atası haqqında xatirələrində yazır: "Atam bizi müəllim çörəyi ilə boya-başa çatdırıb. O, mənimçün müqəddəslik, saflıq, haqq-ədalət simvoludur.
El-obaya şərəflə xidmət etməyi ondan öyrənmişəm. Sağaltdığım hər uşağın valideynlərindən atamın adını çəkib ruhuna rəhmət dilədiyini eşidəndə rahatlanıram. Bu mənim ən böyük mükafatım, başımın ucalığıdır".
Həşimovlar ailəsinin qız övladı Fatma xanım tibb işçisidir. Lənkəranın Bürcəli qəsəbəsində yaşayır, dörd övlad anasıdır. Nəvələrini ömrünün bəzəyi sayır, ata vəsiyyətinə sadiq ruhda tərbiyə edib böyüdür.
Vahid müəllimin soyadını daşıyan nəvələri müxtəlif peşə sahibləridir. Orta məktəblərdə təhsil alanlar dərs əlaçısı, poeziya vurğunudur. Respublikada keçirilən bədii qiraət müsabiqəsindən diplomla qayıdanlar da var, musiqi məktəbində oxuyanlar da, xarici ölkələrdə təhsil alanlar da.

***
Bəhri Siyab Türbəsi Rəzgöv kəndində dünyasını dəyişənlərin son mənzilidir. Vahid müəllim də burada uyuyur. Övladları , dost-tanışları bayramlarda, ad və xatirə günlərində məzarına baş çəkirlər. Biz də ənənəyə sadiq qaldıq, sükutla yad elədik. Baş daşında "Vahid Rəzzaq oğlu" sözləri, bir də 1924-2007 rəqəmləri yazılıb. Saçlarını məktəb yollarında ağardan, onlarla yeniyetməyə dilimizin zənginliyini öyrədən bir insan artıq 11 ildir aramızda yoxdur. Onu tanıyanların ürəyində ibrətamiz söhbətləri, nurlu siması, əziz xatirəsi yaşayır.