adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Oktyabr 2018 00:37
14684
GÜNDƏM
A- A+

SEYRAN SƏXAVƏTİN DİLİNİN OBRAZLILIĞI - OBRAZLARININ DİLİ


XƏYALƏ ƏFƏNDİYEVA

Dünya xalqlarının mədəni tarixi göstərir ki, dillərin tükənməz imkan və vasitələri böyük sənət dühalarının əsərləri ilə maddiləşərək əbədi yadigara çevrilir. Ümumxalq dilinin, ədəbi dilin qanunauyğunluqlarının, sənətkarın sözdən istifadə qüdrətinin, sözə estetik münasibətinin aşkara çıxarılması üçün əsas materialı bədii dil verir. Ona görə də sənətkar və söz, yazıçı və dil problemi filoloq və estetləri daim özünə çəkən mürəkkəb və çoxşaxəli bir problem olub, mövzu, fərdi üslub, ədəbi metod, yazıçının ictimai-siyasi mövqeyi, bədii dili və s. kimi mühüm məsələlərlə möhkəm bağlıdır.
Professor Qəzənfər Kazımov bədii əsərlərin dili ilə bağlı yazdıqlarında maraqlı bir məqamı qeyd edir ki, yazıçı çox vaxt dilin nəzəri məsələləri, dilə estetik münasibətin prinsipləri ilə maraqlanmır, bunları elmi şəkildə izah etməyə ehtiyac duymur. Yazıçı bütövlükdə daha çox praktikdir və onu əsər maraqlandırır. Lakin yazıçının əsərdə reallaşan bədii dili onun mövqeyini, ümumxalq dilinə, ədəbi dilə münasibətini, əsaslandığı estetik prinsipləri müəyyənləşdirməyə imkan verir və bütün bunlar cəm halda yazıçının fərdi bədii üslubunu səciyyələndirir. Fərdi üslub isə əsasdır və yazıçının orijinallığı onun fərdi üslubu ilə müəyyənləşir.
Çağdaş Azərbaycan bədii nəsrinin istedadlı nümayəndəsi, ədəbiyyata qədəm qoyduğu ilk günlərdən öz fərdi üslubu, yazı tərzi, əsərlərinin bədii sanbalı ilə ədəbi-elmi ictimaiyyətin rəğbətini qazanmış görkəmli nasir Seyran Səxavətin əsərləri həm dil və üslub, həm də sənətkarlıq xüsusiyyətləri baxımından son dərəcə yüksək qiymətləndirilmişdir.
Seyran Səxavətin bədii nəsri dil, üslub, keyfiyyət, məzmun, forma, ideya, janr və sənətkarlıq axtarışları nöqteyi-nəzərindən araşdırma üçün zəngin material verir. Yazıçının istisnasız olaraq bütün əsərlərində orijinal yazı manerası, üslub və süjet yeniliyi, ənənəvi olmayan bənzərsiz təhkiyə tərzi, həssas yazıçı duyumu, dərin müşahidə qabiliyyəti və aydın müəllif mövqeyi diqqəti cəlb edir.
Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. Seyran Səxavətin əsərləri həm də dilinin gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. Dilin sərrastlığı sənətkarın həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir. Ədəbi dil xalq dilinə nə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə tərzi də bir o qədər güclü olar. Bir məqamı mütləq qeyd etmək lazım gəlir ki, bəzi dilçi alimlərimizin söylədiklərinə rəğmən bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dürüst ifadə etmək üçün hədsiz imkanlara malikdir. Bu mənada Seyran Səxavətin dili son dərəcə axıcılığı, ifadəliliyi, rəngarəngliyi, yumşaqlığı, şirinliyi, rəvanlığı və ələlxüsus xəlqiliyi ilə diqqəti çəkməkdədir.
Bədii əsərin tamlığını, bədii bitkinliyini təmin edən amillərdən biri də daxili qayəyə, sujet xəttinin qurulma və inkişaf tərzinə uyğun olan dil materialının seçilməsidir. Stendal yazır ki: "Parm monastırı"nı yazarkən uyğun gələn tonu tapmaq üçün mən hər səhər "Vətəndaşlıq kodeksi"ndən iki və ya üç səhifə oxuyurdum". Bədii əsərin ümumi ruhuna uyğun təhkiyə tonunun tapılması yazıçının ən uğurlu işidir. Bu baxımdan Seyran Səxavətin hər bir əsərinin dili toxunulan məsələnin ruhuna tamamilə uyğun gəlir və güclü psixoloji səciyyə daşıyır. Seyran Səxavətin dilində emosional və idraki effektlər vəhdət təşkil edir. Ritm, ton, ahəng təkcə şeir dili üçün yox, nəsr dili üçün də əsasdır. Bunu tapmaq uğurun başlanğıcıdır. Bəlkə ona görə də ritmik nəsr istilahını qəbul edənlər və ədəbi-tənqidi yaradıcılıqda işlədənlər var. Seyran Səxavətin nəsri məhz ritmik nəsrdir.
Xalq şairi Sabir Rüstəmxanlı yazır: Seyran Səxavət mənim gənclik dostum olmaqla bərabər öz yerində möhkəm dayanan qüdrətli bir yazıçıdır. Onun hər bir hekayəsində böyük romanların siqləti, qüdrəti, hər bir əsərin də özünəməxsus dili və üslubu var. Qarabağ danışıq dilini bütün koloriti, codluğu, şirəsi, saflığı və rəngləri ilə Azərbaycan nəsrinə ilk dəfə Seyran Səxavət gətirib.
İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Rəşad Məcid, Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli və digərləri öz çıxışlarında, məqalə və müsahibələrində Seyran Səxavətin "dili" ilə bağlı maraqlı fikirlər söyləmişlər. 
Vaqif Bəhmənli yazır ki: "Onun nəsr əsərlərinə Qarabağ elatının, bütün Azərbaycanın dadı-duzu, şirin yumoru, zəngin həyatı hopub. Seyran Səxavətin romanları acı həyat həqiqətlərini ustalıqla, bənzərsiz bir üslub və dillə oxucuya çatdırır"
O, bütün əsərlərində - "Bəhanə", "Qaçhaqaç", "Nekroloq", "Yəhudi əlifbası", "Palıd toxumu", "Daş evlər" və s. kimi romanlarında, "Sanatoriya", "Ağrı", "Bir stəkan hava", "Qapıların o üzündə qalan dünya", "Ocaq daşı", "Dar köynək" və s. povestlərində və bütün hekayələrində obrazlılığın bütün səviyyələrindən: fonetik, qrammatik, xüsusilə leksik səviyyədə obrazlılıqdan məharətlə istifadə edərək təhkiyəyə olduqca rəvanlıq, ahəngdarlıq və rəngarənglik qatmışdır.
Tənqidçi Nadir Cabbarlı yazır ki: "Seyran Səxavət olmasaydı, Azərbaycan ədəbiyyatı kəskin sujetli mövzular, koloritli epik qəhrəmanlarını itirərdi. Seyran Səxavət olmasaydı, ədəbiyyatımız həyata, insan münasibətlərinə, müasirlərimizə təkrarsız, orijinal və həssas yazıçı baxışından məhrum olardı". Bütün bunlar ədibin yaradıcılığının, dil-üslub özünəməxsusluğunun təkcə oxucular deyil, ədəbi-elmi ictimaiyyət tərəfindən də diqqətlə və yüksək maraqla qarşılandığından xəbər verir.
"Boynu əyri kişi" (1997) hekayəsində, "Nekroloq" (2002) və "Yəhudi əlifbası" (2009) romanlarında yazıçı uşaq qəbirlərini olduqca təsirli şəkildə obrazlaşdırır. Məsələn: "Nekroloq" romanında "Uşaq qəbirləri valideynlərinin arxasınca dikəlib baxırdılar" - deyən yazıçı mahiyyətində dərin məna yükü olan bu metaforik ifadə ilə böyük mətləbləri oxucuya çatdırmış olur. Axı o uşaqların gözü təkcə qəbiristanlığı tərk etməkdə olan valideynlərinin arxasında qalmamışdı, uşaqların gözü bu dünyada doymadıqları uşaq ömründə qalmışdı. Və bəlkə də, "o uşaqların sinələrinə çökən ağır sinə daşlarını qaldırmağa gücləri çatsaydı, onlar, şübhəsiz ki, bu dünyanın üzünə tüpürərdilər". Bu ifadələri işlətməklə Seyran Səxavət böyük ehtimalla daxilində onu için-için yandıran, ruhunu darmadağın edən aqressiyanı üzə çıxarmağa çalışır. Əgər bu dünya əl boyda yavruları öz qoynunda bəsləyə bilmirsə, kimə lazımdır ki?!
Qeyd edək ki, "uşaq məzarları", "uşaqların yaşanmamış ömrü" ifadələrinə Seyran Səxavətin müasiri Ramiz Rövşənin poeziya yaradıcılığında da rast gəlirik:

Mənim balam, səbəb budu, bəlkə də,
Uşaqların tabutu daş kimidi...
Bəlkə elə o tabuta yüklənən
Uşaqların yaşanmamış ömrüdü...

Ramiz Rövşənin nəzmə çəkdiyi, ruhundan misralara tökülən bu ağır möhnət yükü Seyran Səxavətin "Nekroloq" romanında ürək sızladan detallarla nəsrlə ifadə olunur. Əsərdə təsvir olunan çadır şəhərciyində ilk qaldırılan cənazə masum bir yavrunun - beş yaşlı körpə qızcığazın cənazəsi idi:
"Burda məskunlaşanlar bir kəndin, bir şəhərin də bünövrəsinə daş qoya bilərdilər, - lakin onlar qəbiristanlıq bünövrəsi qoyurdular və bu bünövrəyə qoyulacaq ilk daş - körpə cənazəsi onların çiynində idi, özü də bu körpə nə ağırlığındaymış, ilahi - düz deyirlər ki, körpə cənazəsi yüz yaşlı kişinin cənazəsindən ağır olur".
Yazıçını yandıran, ruhunu darmadağın edən də məhz bu acınacaqlı hadisə idi. Faktlar dəhşətli, hadisələr tükürpədici olduğu qədər onu təsirli edən həm də yazıçının nəsrdə detallarla görümlülük yarada bilməsidir. Şəhər bünövrəsi qoya biləcək adamların qəbiristanlıq bünövrəsi qoyması və beş yaşlı körpə tabutunun yüz yaşlı kişinin cənazəsindən ağır olması və s. bu kimi bədii təzadlar əsərin konfliktini daha da dərinləşdirir. Süjet şaxələnir, bu məchulluğa heç kim cavab tapa bilmir və ən yaxşı çıxış yolu elə hər şeyi -bütün günahları dünyanın çiyninə yıxmaq olur. Bəli, bu dünyanın çarxını elə tərsinə fırladıblar ki, gələnlə gedənin, bələklə kəfənin, beşiklə tabutun, doğulanla ölənin fərqinə varmadan "bir azğın canavar sürüsü" dünyanı öz arxalarınca aparmağa çalışır.
"Nekroloq" romanında zamanın ziddiyyətlərini özündə əks etdirən bədii təzadlar olduğu qədər, həm də son dərəcə təsirli və sərrast işlədilmiş metaforalar da vardır. Məsələn: yazıçı çadır şəhərcəyində yaşayan kişilərin hamısının Qarabağ müharibəsi qazisi olduğunu vurğulamaq üçün onları qoltuq ağaclarına, çəliklərə bənzədir: "Xalq qoltuq ağaclarına - çəliklərə çevrilmişdi, gedirdi - gedirdi qəbiristanlıq bünövrəsi qoymağa" .
Elə həmin səhnəni təsvir edə-edə müəllif, əslində, dünyanın əzablarının körpə çiyinlərə necə ağır yük olduğunu cəmi bircə kəlmə ilə ustalıqla qələmə alır: Tabut da dincəlirdi- körpə də yorulmuşdu".
Ənənəvi olaraq gördüyümüz, iştirak etdiyimiz bütün yas mərasimlərində ağılar deyilər, bayatılar oxunar, insanlar dərdini, nisgilini bu cür təsəlli etməyə çalışarlar. Amma "Nekroloq" romanında qarşılaşdığımız mənzərə - beş yaşlı körpə qızın yas mərasimi tamamilə fərqlidir. Övladını - ciyərparəsini itirmiş, dərddən bükülən beli "liliput ağaca bənzəyən" Gənc Ana körpə qızının yasında ağı deməklə, ürəyi soyumur, iki əllərini göyə qaldırıb onları bu vəziyyətə, bu miskin duruma - bir tikə çörəyə və şam işığına möhtac qoyan kəslərin ünvanına qarğışlar yağdırır:
"Gənc Ana qoynundan körpəsinin ovcunda qalmış bir tikə yavan çörəyi çıxarıb hamıya göstərdi, - bu, lap göz dağıdı, balamın yadigarıdı, ölənəcən bunu saxlayajam. Mənim balamı bir tikə çörəyə və şam umuduna qoyana Allah balalarından çəkdirsin!"
Gənc Ana qarğadıqca yas mərasimində onu sakitləşdirməyə çalışan qadınlar yerbəyerdən - "Amin!" deyirdilər. Dəhşət burası idi ki, kişilər də onlara qoşulub "Amin! deyirdilər. Sanki "Xalq qarğıyırdı..."
Övladını itirən gənc Ana obrazı yazıçının hələ 1987-ci ildə qələmə aldığı "Qızıl teşt" povestində də var və o qadının da fəryadı, naləsi əsər boyu oxucunun qulaqlarından getmir. "Qızıl teşt" əsərindəki o körpələr niyə vaxtsız dünyadan gedirlər? Əsərin yazıldığı dövrdə - yəni hadisələrin cərəyan etdiyi illərdə pambıq birinciliyini qazanmaq üçün pambıq sahələrinə vertolyotla normadan hədsiz dərəcədə artıq dərmanlar səpirdilər. Dərmanlanmış sahələr hər kəsi - xüsusilə də hamilə qadınları elə zəhərləyirdi ki, onlar dünyaya xəstə uşaqlar gətirirdilər. Uşaqlar kimi, insanlar kimi təbiət də reanimasiya vəziyyətində idi. Təbiətin də bətnindən doğulan ağaclar - meyvələr şikəst olmuşdular. Əsərdə təsvir olunan, budaqlarından badımcana bənzəyən meyvələr sallanan nar ağacı da buna misal ola bilər. "Qızı teşt" povestində Seyran Səxavət on aylıq körpənin ölüm səhnəsini təsvir edir.
(ardı gələn sayımızda)