ÖLüMLƏR iNSAN UNUDULANDA GERçƏK OLUR

AQİL ABBAS
34499 | 2007-05-01 06:27
Dünyada torpaqdan, günəşdən, sudan və havadan başqa əbədi heç nə yoxdu. Dünyada ən çoxömürlü ağac da uzağı 600 ildən sonra quruyur, hətta sal qayalar da əsrlər keçəndən sonra ovulub tökülür. Bunu hamımız bilirik. Amma inanmaq istəmirik. Yəni bir gün yarandığımız kimi bir gün də torpağa qovuşacağımız iki vur ikidi. Həyatın daimi olmasını əlimizin içi kimi bildiyimiz halda, ölüm həmişə bizi yandırır. Vaxtsız ölüm daha çox yandırır. Filosoflar, şairlər min bir yalan uydururlar ki, bu yanğının üstünə bir az su səpsinlər, insanlar bir təsəlli tapsınlar. Və filosofların, şairlərin uydurduğu gözəl yalanlarla özümüzü ovuda bilirik, yoxsa doğrudan insan əzizlərinin itkisinə dözə bilməz.
   
   Bu gün dostumuz Aqil Paşayevin 60 yaşı tamam olur. Vaxtsız getdi aramızdan. Bu milyard yaşı olan dünyada, bu milyard illik dünyada özünün 60 yaşını görə bilmədi.
   
   Yuxarıda dedim ki, torpaqdan, günəşdən, sudan və havadan başqa əbədi heç nə yoxdu. Amma günəş qədər, torpaq qədər, su və hava qədər olmasa da, dünyada SÖZ də əbədidir, İNSANLIQ da əbədidir. Yəni belə deyək də, SÖZü yazan əbədi olmasa da, yazdığı SÖZ əbədidir, insan özü əbədi olmasa da, onun İNSANLIĞI əbədidir.
   
   Aqil Paşayev əbədi SÖZÜ yaradan bir ailədə doğulmuşdu - Mircəlal Paşayevin ailəsində. Mircəlal müəllim həm böyük alim idi, həm də əbədi SÖZÜ, əbədi İNSANLIĞI yaradan bir kişi idi. Biz tələbələrə Mircəlal müəllim çox şey öyrədib, xüsusilə də İNSANLIĞI, buna bizim qabiliyyətimiz nə qədər çatıb-çatmayıb, bu başqa məsələdir. Mircəlal müəllimin bütün xarakterləri övladlarına da keçib. Arif müəllimə, Hafiz müəllimə onun səmimiliyi, insanlığı, ümumiyyətlə, bütün xarakterləri ilə bərabər, həm də yazıçılıq, alimlik istedadı da keçib. Aqil müəllim isə yaradıcılıqdan uzaq idi. Sözü, sənəti çox dərindən bilirdi, sevirdi. Söz adamlarına, sənət adamlarına xüsusi diqqət göstərirdi, amma özü yaradıcılıqla məşğul olmurdu. Onda Mircəlal müəllimin digər gözəl xasiyyətləri daha çox cəmlənmişdi. Mircəlal müəllim bəlkə həyatında bir qarışqa tapdalamamışdı, kimsənin könlünə toxunmamışdı, universitetdə onun qədər sevilən çox az müəllim olardı. Aqil müəllim də ömründə bir qarışqa tapdalamamışdı, kimsənin könlünə toxunmamışdı, onun qədər sevilən çox az dostu var. Sanki bu adam yer üzünə yalnız və yalnız yaxşılıq eləmək üçün gəlmişdi. Adətən sənət adamları, söz adamları tanınırlar, məşhur olurlar. O sənət adamı da deyildi, söz adamı da deyildi, amma sənət adamı qədər, söz adamı qədər tanınmışdı və məşhur idi.
   
   Onu tanıdan, məşhurlaşdıran onun insanlığı idi. Bu adam sözün böyük mənasında böyük hərflərlə yazılacaq bir İNSAN idi.
   
   Bir rus şairi neçə ilmiş şer yazmırmış, daha doğrusu, yaza bilmirmiş. Bütün dostları da bilirmiş bunu. Bir gün gecə saat 3-də bir şer yazır. Sevindiyindən bilmir neyləsin. ?ötürür sevincini bölüşmək üçün çox yaxın bir dostuna zəng edir və başlayır şeri oxumağa. Sonra soruşur ki, necə şerdi. Dostu deyir ki, yaxşı şerdi, amma vaxtı deyil ey! Şair deyir:
   
   - Mən elə bilirdim ki, dostluğun vaxtı yoxdu, amma indi bildim ki, heç demə dostluq gecə saat 12-də qurtarıb, səhər saat 8-də başlayırmış.
   
   Aqil Paşayev elə dostlardan idi ki, gecə saat 3-də də, 4-də də zəng eləyə bilərdin, sənə hay verərdi, dadına çatardı, yəni dostluğunun vaxtı yox idi.
   
   Bu gün Aqil Paşayevin 60 yaşı tamam olur. Amma bu 60 yaşı dostlar onsuz keçirməyəcək. Çünki hər birimizin ürəyində bir Aqil yaşayır. Dostlar nə vaxt bir yerə yığışsa, mütləq Aqil müəllimdən söz düşür. Hansısa bir zarafatından, kiməsə elədiyi hansısa yaxşılıqdan və sair və ilaxır.
   
   Başlığa çıxardığım fikir mənim deyil, şair Vaqif Bayatlı Odərindi. Və çox gözəl sözlərdi, insanlar unudulanda ölümlər gerçəkləşir. Aqil Paşayevin ölümü heç vaxt gerçəkləşməyəcək, çünki o, heç vaxt unudulmayacaq. Öz insanlığı ilə onu tanıyanların ürəyində bir əbədilik qazanıb Aqil Paşayev!
   
   Dostum, ad günün mübarək!
   
   

TƏQVİM / ARXİV