adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Oktyabr 2018 16:55
8035
SİYASƏT
A- A+

Oqtay Əsədov: “ATƏT-in Minsk qrupu 25 ildə normal bir yol göstərə bilməyib”

Milli Məclisin (MM) sədri Oqtay Əsədov bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi, səfir Rudolf Mihalkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

O.Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

O, ümidvar olduğunu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi əməkdaşlığın dərinləşməsi üçün səylə çalışacaq.

Spiker qeyd edib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir:

"Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin və nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atılır”.

Parlamentin sədri Ermənistan-Azərbaycan münaqişəsi barədə də ətraflı məlumat verib:

"Təəssüflər olsun ki, münaqişənin həlli üçün danışıqların getdiyi 25 ildən artıq müddətdə ATƏT-in Minsk qrupu ortaya normal bir sənəd çıxara, normal bir yol göstərə bilməyib. Minsk qrupu münaqişənin həlli istiqamətində səylərini artırmalıdır”.

Yeni təyinatından məmnunluğunu bildirən səfir Rudolf Mihalka region, Azərbaycan haqqında, mövcud münaqişələr barədə kifayət qədər məlumatlı olduğunu deyib.

"Çalışacağam ki, mövcud münaqişələrin həllində ATƏT öz səylərini artırsın. ATƏT münaqişənin sülh yolu ilə həll olunması prosesini dəstəkləyir”.

Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.