adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Oktyabr 2018 11:00
7716
GÜNDƏM
A- A+

Nazirlik hərəkətə keçdi: Plastik qablar yığışdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb.

Bu barədə nazirlikdə keçirilən mətbuat konfransında qurumun Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, hazırda bununla bağlı tədbirlər hazırlanır: "Bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırmanın qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır.

Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcək.

Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək ETSN-nin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb".

U.Tağıyeva deyib ki, ölkədə ekoloji problemlər tək plastik tullantılarla deyil, eyni zamanda həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır: "Abşeron yarımadasının landşaftı bildiyiniz kimi toz miqdarının çox olması üçün səciyyəvi ərazilərdən biridir. Təbii şəraitlə yanaşı, antropogen təsir də bu vəziyyəti daha da gərginləşdirir.

Növbəti dəfə dünən Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan 3 dəfəyədək çox olması qeydə alınıb".

Şöbə müdiri bildirib ki, nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut etdi ki, belə vəziyyəin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalardır: "Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yolverilməzdir.

Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar.

Bu sahədə qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır.

Ətraf mühitə antropogen təsiri azaltmaq öz əlimizdədir, çünki bu diyarda sahibkarla bərabər hamımız yaşayırıq və atmosferdə olan toz onunla birgə hamıya təsir edir.

ETSN-nin təmiz bir mühitdə yaşamaq naminə həyata keçirdiyi tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasında fəal olmağa çağırırıq".