adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Oktyabr 2018 12:52
11634
İDMAN
A- A+

“Oyunçularımızda ustalıq səviyyəsi çatmır” - Qurban Qurbanov

"Biz də sizin kimi üzülürük. Qalib gəlməyi çox istəyirdik. Lakin bizim üçün o qədər də asan olmadı. Xeyli qol epizodumuz oldu. Lakin rəqibin qapımıza gedən bir zərbəsi qol oldu. Futbolçularımız belə oyunlarda meydanda düşünməli və hücumları düzgün qurmalıdırlar. Oyunun gedişində bəzi düşündüyümüz hücumlar alındı. Sadəcə, qol epizodlarından yararlana bilmədik. Rəqib isə bir zərbədən yararlandı. Lakin futbolçularımızın üzərinə gediləsi deyil. Çox sıx qrafiklə gedirik. Bu oyunu unutmalı və qarşıdakı oyunlara hazırlaşmalıyıq".Modern.azxəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Razısınızmı ki, "qara zolağ"a düşmüsünüz?

- Qara zolağa düşüb-düşmədiyimiz barədə fərqli fikirlər söyləmək olar. Futbolçularda yorğunluq var. Amma oyunçularımızda ustalıq səviyyəsi çatmır. Dünən "Atletiko"nun 0:4 uduzduğu oyunda hesab oyuna görə deyildi. Daha da istəkli olmalıyıq və hər bir oyunçu öz üzərində çox çalışmalıdır. Hətta böyük klublar yaxşı oynasalar da, nəticələri olmur. Böyük klublar qara zolaq deyilən hallara hazır olurlar. Biz də hazır olmalıyıq.

- Buraxılan qolda qapıçının, yoxsa müdafiənin səhvi çox idi?

- Belə görünürdü ki, qapıçının. Çünki 30 metrədək məsafə var idi. Belə topları qapıçı tutmalıdır. Belə oyunlarda nə qədər diqqətli olsan da, rəqib bir neçə qol epizodu yarada bilir. Bu zaman qapıçı müdafiəçilərdən daha çox diqqətli olmalıdır.

- Razısınızmı ki, "Qarabağ" son illərin ən zəif mövsümünü keçirir?

- Futbolçularımı nə qədər müdafiə etsəm də, nəticəyə görə xoş sözlər deyə bilmərəm. Xüsusən, milli komandanın futbolçuları çox yorulurlar. Bir turnirdən digərinə keçmək asan deyil. Qara Qarayev və Maksim Medvedev hazırda ən çox oyun keçirən futbolçulardır. Bu, onların fiziki və psixoloji baxımdan formada olduqlarını göstərir. Daha çox müdafiədə oynayanların səhvləri nəzərə çarpır. Amma hər bir komandada belə hallar olur. Özümüz də çox işləyirik. Məşqimiz olmadığı halda belə, nəzəriyyələrimiz olur. Bu gün uduza bilərik, amma futbol elə bir peşədir ki, sınmamalı, həvəsdən düşməməliyik. Yenə futbolçularımızın yanındayıq. Onlarla birgə bu yerlərə çatmışıq. Yeni transferlərin oyunu bəzən alınır, bəzən yox. Yaratmaq daha çətindir, nəinki müdafiədə oynamaq. Daha yaxşı kollektiv görməyə çalışmalıyıq.

- Məlum hadisə səbəbindən Hannes Halldorssonu qışadək "Qarabağ"ın qapısında görə bilərik?

- Qapıçı ən ağır mövqedir. Onu dəyişmək əlavə itki deməkdir. Bu günədək hər bir qapıçıya şans vermişik. Sabah Şahrudin Məhəmmədəliyevi də görə bilərsiniz. Amma bu gün belə qərar vermişdik.

- Qoldan sonra İnnosent Emeqaranın yerinə Mahir Mədətov daxil oldu. Bugünkü əvəzetmələr sizi razı saldı?

- Hücumlarımız Donald Gerrye və Emeqara üzərində qurulurdu. Rəqibin oyun üslubuna görə belə taktika seçmişdik. Onlar bu sınaqdan pis çıxmadılar. Necə qollarımızı qaçırdığımız hamımıza yaxşı mənada təsir edir. 3-5 metrdən qollar vura bilmədik. Hər bir futbolçumuza güvənirik. Hər biri özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Razı qaldım.