adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Oktyabr 2018 12:49
7495
GÜNDƏM
A- A+

Almaniya telekanalında Azərbaycanla bağlı reportaj

Almaniyanın TV.Berlin televiziya kanalında "Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və perspektivlər” mövzusunda Berlində keçirilmiş konfransa dair reportaj yayımlanıb.

Reportajda Almaniya Bundestaqının vitse-prezidenti, Sosial-Demokratlar Partiyasının üzvü Tomas Opperman deyib ki, Almaniya-Azərbaycan münasibətləri çoxlarının düşündüyündən daha dərin tarixi köklərə malikdir. Azərbaycan 200 il öncə çoxsaylı almanlar üçün ümid yeri olub. Əksər insanlar Almaniyanın hər zaman yaşamaq üçün cəlbedici ölkələrdən biri olduğunu düşünürlər, lakin 200 il öncə çoxsaylı almanlar buradakı ağır və dözülməz şərait ucbatından Azərbaycana köç ediblər. Onların qurduqları qəsəbədə - Helenendorfda çoxlu çaxır və konyak istehsal edilib. Lakin regionun inkişaf etməsinə baxmayaraq, Sovet İttifaqı qurulandan sonra buradakı almanlar deportasiyaya məruz qalıblar. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan yenidən müstəqilliyinə qovuşub. Bizim Azərbaycanla təqdirəlayiq münasibətlərimiz var. Azərbaycan siyasi cəhətdən stabil ölkədir. Azərbaycan Almaniyanın Mərkəzi Asiyada, xüsusilə, Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşıdır. Azərbaycan Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsidir.

Reportajda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun fikirlərinə də yer verilib. O deyib ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər inkişaf edir. Biz bugünkü inkişafdan çox razıyıq və ikitərəfli münasibətlərdə yaxşı inkişaf dinamikası müşahidə edirik. Almaniyanın Federal Kansleri ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Bu, bizim münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Səfər zamanı Azərbaycan Prezidenti ilə görüş keçirilib. Eləcə də Azərbaycan Prezidentinin və Almaniyanın Kanslerinin iştirakı ilə iqtisadiyyatın təmsilçiləri ilə geniştərkibli görüş olub. Bu, bizim iqtisadi sahədə də intensiv münasibətlərə malik olduğumuzun göstəricisidir.

Səfir qeyd edib ki, Azərbaycan-Almaniya münasibətlərinə nəzər yetirdikdə digər sahələrdə də yaxşı münasibətlərə malik olduğumuzu görə bilərik. Bizim humanitar, elmi və s. sahələrdə əməkdaşlığımız mövcuddur. Almaniya Azərbaycanda sevilən ölkədir. Azərbaycanın gənclər üçün dövlət hesabına maliyyələşdirilən proqramı var ki, tələbələrin bu proqram çərçivəsində təhsillərini davam etdirmək üçün seçdikləri xarici ölkələr arasında Almaniyanın xüsusi yeri var. Son on ildə təqribən 700 azərbaycanlı tələbə Almaniya ali məktəblərində öz təhsilini başa vurub. Təbii ki, aktuallıq kəsb edən digər məsələlər də mövcuddur ki, onlardan biri də Azərbaycanda alman irsinin 200 illiyidir. Bu tarixi hadisəni biz ötən il təntənəli şəkildə qeyd etdik və bu il də bu istiqamətdə tədbirləri davam etdiririk.

Reportajda, həmçinin Almaniyada səfərdə olmuş ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə müsahibə yer alıb. O bildirib ki, Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötür və bunun Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu, Almaniyanın Avropada aparıcı dövlət olmasından və bizim regiona göstərdiyi maraqdan irəli gəlir. Bizim iqtisadi sahədə də gözəl əməkdaşlığımız mövcuddur. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi 50 faizdən çox artıb, Azərbaycan Almaniyanın enerji tədarükçüləri arasında beşinci yerə yüksəlib. Digər tərəfdən, Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır. Azərbaycan Almaniyanın da təmsil olunduğu beynəlxalq sülh quruculuğu prosesinin iştirakçılarından biridir.

ATƏT PA-nın vitse-prezidenti Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb. O deyib ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq ictimaiyyətin qərarlarına və BMT TŞ-nin qətnamələrinə riayət etmir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonunu işğal edib. Almaniya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı sonuncu qərarı önəmlidir. Bu hadisə Almaniya hökumətinin belə münaqişələrin həllinə dair dünyaya verdiyi yaxşı siqnal və təkandır ki, bu da bizim münasibətlərimizi möhkəmləndirir.

Reportajda Bundestaqın Sosial Demokratlar Partiyasından olan deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Karsın digər ekspertlərlə yanaşı, konfransın panellərində Azərbaycanla Almaniya arasındakı münasibətlərin tarixi və gələcəyi mövzusunda müzakirələrdə iştirak etdiyi də bildirilir. (AzərTAc)