adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Oktyabr 2018 00:29
11987
ƏDƏBİYYAT
A- A+

Ürək, könül söhbəti


Balakən və Balakən dağlarını ağır elli-obalı Qaraçöp mahalnı və Azərbaycanı Borçalı və aşıqlı, şairli türk dünyasını bir-birinə "və" bağlayıcısı kimi bağlayan vətən çaylarının üstündəki körpülər və sınır xətləri və tarixi çox-çox qədimlərə gedən Oğuz soylu türklər və avarlar... Bunların hamısı bir yerdə canım- gözüm vətən torpaqları, vətənin közərən ocaqları şen olmuş yurdlardı... Küllüyünə qurban olum yurdum, üstündən qara rüzgarlar əsməsin. Küllüyün küllənsin, ocaqların kül salsın sinəmiz üstünə. Biz də qürurlanıb deyək baxın, bu bizim vətənimizdir. Sinəmizin həm altında, həm də üstündə. Nəğmə qoşaq şeir yazaq, dastan bağlayaq yurdumuz haqqında. Düşünək nə olsun ki, bizi rayon-rayon, bölgə-bölgə , mahal-mahal bölüblər, səmamız ki, birdir... Günəşimiz, Ayımız ki, birdir. Ən başlıcası Allahımız, vallahımız birdir. Biz bu birlik haqqında oxuyuruq öz nəğməmizi. Bir ağızdan...
Allaha şükranlıq edirik ki, biz varıq Balakəndə, Qaraçöpdə və ayrı-ayrı yerlərdə....
Xutra Ramazan ay mənim canım-gözüm, şair qardaşım, müəllim dostum. Sən müəllim kimi də, şair kimi də, insan kimi də daim millətinin, məmləkətinin keşiyində durmusan. Dağlarını, düzlərini, çaylarını, ormanlarını, yurdunu sevə-sevə şeirlər yazmısan, qoşmalarınla könülləri oxşayıb yanar ürəklərə su səpmisən. Sənin yüzlərlə şagirdin səpilib yer üzünə tum təki və hər birisi də beş olub , on olub kök atıb hər yana, vətənə, millətə layiqincə xidmət edirlər.
Qardaşım, sən tam səmimi şəkildə öz ömrünü, düz ömrünü barlı-bərəkətli yaşayıbsan və yaşayırsan, inşallah bundan sonra da fəxrlə yaşayacaqsan.
O ki, qaldı sənin mənə bağışladığın kitaba əlimə götürən andan heç vərəqləməmiş birinci ağlımdan keçən bu oldu: Bu kişi araya-ərsəyə zəif kitab gətirməz. Çünki görüb-götürmüş adamdır... və düşüncəsinin sahibi olan bir ağsaqqaldır, çünki həm də dedikcə təvəzökardır. Qaşısındakı adamla kişi ya qadın olsa da ünsiyyətdə bulunan da, ismətindən yanaqları pörtür, mümkün qədər sözləri ağzından ölçülü-biçili çıxarmaq üçün enerjisini xərcləyir misqal-misqal...
Və mən bu düşüncələrlə şairin avtoqraflı kitabını evə apardım, maraqla oxudum və heyranlıqla götür-qoy etdim.
Bir də ayılıb gördüm ki, səhifə başa çatıb, kağızın o biri üzünü çevirirəm...
Xutra Ramazanın kitabda gedən ilk şeiri. "Mən torpağın oğluyam" şeiridir. Şairin ilk beyti belədir:

Torpaq anadır mənə,
mən torpağın oğluyam,
Torpaqdan yaranmışam,
torpağıma bağlıyam,

Bu adi həqiqətdə qəribə, həm də böyük bir sevgi gizlənib ana sevgisi, torpaq sevgisi, övlad sevgisi və həm də Allah sevgisi. Bu sevgi yoxsa demək biz də yox kimiyik, yox olmasaq da hər halda insan deyilik..
Şeirin son misrası təkrarlansa da şeirə təkrir gətirir, güc-qüvvət verib son nöqtəni nida işarəsiylə əvəzləndirir...
Sevimli oxucu! Xutra Ramazanın şeirlərində şair yalnız özüdür. Onun yazdığı lirik qəhrəmanların hamısı yalnız "onun şinelindən" çıxıb, özü də köhnə qədim şinelindən.
Ondan vətən ətri, xalq ətri və qüvvət ətri gəlir. O, Avar xalqının oğlu olmaqla eyni dərəcədə Azərbaycan oğlu olması ilə fəxr edir, ona görə də o indiyə qədər beş kitab müəllifi olsa da, minlərlə insanların könlündə yuva bağlayıb öz nəğmələri, bayatı və deyimləri ilə. Bu da onun millət sevgisindən qaynaqlanıb ümumxalq sevgisinə çevrilməsi üçün əsas stimul olub.
Xutra Ramazan millətinin böyük şair oğlu Rəsul Həmzətovu maraqla xatırlayır onun əsərlərini, xüsusən də "Mənim Dağıstanım" kitabını sevə-sevə oxuyub, mütaliə edib həm türk, həm də avar dilində. Onu vaxtilə biz də sevmişik, haqqında şairlərimiz şeirlər yazıb, sözlərinə musiqi bəstələyib bəstəkarlarımız və indi də Azərbaycan efirində bu nəğmələr səslənməkdədir.
Xutra Ramazan xalqına çox bağlı olmaqla onun adət-ənələrinə, dilinə, keçmişinə və gələcəyinə də maraq göstərən ziyalıdır. O, həmişə öz yaradıcılığında xalqdan bəhrələnməyi üstün tutur. Onun bu yöndə yazdığı bəzi tərcümə etdiyi şeirlər təqdirəlayiqdir.
Şairin kitabındakı "Balakən avarlarının folklor nümunələri bölməsində "Bayatılar tərcümədə," "Sunalov Ömərin halayları", "Katexli Şirinin mahnısı" diqqətəlayiq nümunələrdir, İnşallah, kitab kimin əlinə düşsə kitabda gedən şeirlərlə bərabər bu silsiləni də maraqla oxuyacaq:

Tamburumun simi sarı,
Yandırar barmaqları.
Getmişdim yar görməyə,
Baxmadı mənə sarı.

"Bayatılar tərcümədə"

Şaftalımın çiçəyi,
Bağça bağın bəzəyi,
Masexdə bir qız gördüm,
Gözəllərin göyçəyi.

"Sunalov Ömərin
halayları"

"Katexli Şirinin mahnısını isə olduğu kimi verirəm:

Su ilanı olaydım,
Dolçalara dolaydım.
Ala gözlü bir qızın,
Nişanlısı olaydım.

Of can aman,
Can yara qurban.
Könül sevən gözəl
Dərdimə dərman

Yağış yağar yer doymaz,
Yar aman-aman.
Can aman-aman,
Mən səndən necə doyum.

Doğurdan da nə Katexli Şirinin mahnısından nə də Xutra Ramazanın şeirlərindən doyulmur.
Xutra Ramazan təmsilləri, poemaları da dilə, könülə yatımlıdır, oxucu ürəyinə yol tapan yazılardır, əsərlərdir. Bu barədə bir qəzet səhifəsində söz açmaq mümkün olmadığına görə, bu gözəl əsərlər haqqinda bir başqa vaxt söz açmaq boynumuzun borcu olsun.
Var ol, qocaman müəllim, hələ də gənclik duyğularıyla gözəl əsərlər yazıb-yaradan, qədirbilən oxucuların qəlbini fərəhləndirdiyinə görə.
Həmzəli İlyas