adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2018 00:13
5327
GÜNDƏM
A- A+

MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

PORTRET

Ramiz Orsər

"Şirməmməd müəllim elm fədaisidir. Xüsusən milli məfkurəmizin-azərbaycançılığın banisi, milli ideyalarımızın "böyük mürşüdi" Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilib təbliğ edilməsində Şirməmməd müəllim misilsiz xidmət göstərir". (Tofiq Köçərli, tarix elmləri doktoru, akademik).
"... H.Zərdabi yeni başlanan, yeni formalaşan hələ barmaqla sayılacaq qədər az, lakin siyasi və mənəvi yükü sayından çox-çox böyük olan bir ziyalı mühitinin başında dayanırdı. XXI əsrin əvvəllərində Şirməmməd müəllim isə bilgisayarla sayılacaq qədər geniş bir ziyalı dairəsinin içində tənhadır. Tənhadır-gördüyü işlərin milli qayəsinə, atdığı addımların ictimai mahiyyətinə görə sözün həqiqi mənasında elə sözün üzə deyən, düzünü dilə gətirən bu böyük kişi təmtəraqsız ömrünü millət üçün yaşadı. Şirməmməd müəllim bəlkə də heç kəsin görə bilməyəcəyi elə işlər gördü ki, həmin işlər millətin yaddaşını təzələdi, bu gününü dayanıqlı, sabahını etibarlı etdi." (Cəmil Həsənli, tarix elmləri doktoru, professor).
"Bu gün yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyimiz ziyalılar o vaxt bizə partiyalı mətbuatdan dərs deyirdilər. Yeganə bir inqilabçı müəllimimiz vardı ki, o zaman adı ancaq universitetlə bağlı adamlara və yəqin ki, DTK əməkdaşlarına məlum idi-indi ən yaxşı şərhçilər sırasında tanınan Şirməmməd Hüseynov. Beş illik tələbəlik dövründə təkcə o bizi inqilaba, azadlığa, müstəqilliyə səsləyirdi. Təkcə o, düzə düz, əyriyə əyri deyirdi. O, bütün inqilabi dəyişiklikləri irəlicədən görürdü və öz inamını, öz arzularını qətrə-qətrə bizə yeridirdi" (Afaq Məsud, yazıçı-publisist).
"... hər gün titullarını, vəzifələrini qoruyucu paltar kimi əyninə geyib daşıyan, həm də dövlətdən, cəmiyyətdən qayğı, pul, fəxri xiyabanda yer gözləyən personallarla müqayisədə, 90 yaşının həndəvərində belə, öz haqqını unudaraq Rəsulzadənin, Həsən bəy Zərdabinin, Üzeyir bəyin və daha kimlərin haqqını qaytarmağımızın vacibliyini bizlərə xatırladan Şirməmməd müəllimin obrazını daha aydın görə bilərsən. Məhz aydın görə bildiyin Şirməmməd Hüseynov obrazı azsaylı Azərbaycan aydınının obrazıdır". (Fazil Mustafa, millət vəkili).
"Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz, cəsarətsiz danışan görmədim. Həmişə ən vacib, ən yaxşı bildiyi şeylərdən, ən əsası millətin tale məsələlərindən danışır. Buna görə də yüksək səslə və cəsarətlə danışır.
Məncə onun uzun və şərəfli yaşamağının bir səbəbi də budur" (Sabir Rüstəmxanlı, xalq şairi).
"... təhsil aldığım vaxtlar yadımda qalan çoxlu hadisələr var. Amma ən yadımda qalanı professor Şirməmməd Hüseynovun bizim qrupa dörd qoşa saat dediyi mühazirələriydi ki, elə o mühazirələrə qulaq asa-asa haçansa Şirməmməd müəllim haqqında mütləq yazacağımı qət eləmişdim. Və həmin o yazının adını da dəqiqləşdirmişdim":Dörd qoşa saat".
Hələ məşhur yenidənqurmanın başlanğıcında dörd qoşa saat "Burjua jurnalistikası"nın mahiyyətini anladan Şirməmməd müəllim həm də bir az ezopdiliylə, bir az sətiraltı sözlərlə, bir az mimikayla sovet mətbuatıyla burjua mətbuatı arasındakı fərqi bizə çox aydınca başa salmışdı və bu sətrlərin müəllifinin dünyagörüşündə ilk dəyişik çalarlar, demokratik cücərtilər də, deyəsən, elə o vaxt oyanmağa başlamışdı" (Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru).
"Mən Şirməmməd müəllimi ədalət tərəfdarı, prinsipiallıq meyarı kimi çox istəyirəm" (Vaqif Bəhmənli, şair-publisist).
"Gəlimli-gedimli dünyada insanın sifariş etdiyi, həmişə xidmətində durmağa can atdığı üç unudulmaz, ülvi doğması olur: Ulu Tanrı, Valideyin və Müəllim. Azərbaycan jurnalistlərinin böyük bir hissəsinin yetişməsində əvəzsiz xidmətləri olan Şirməmməd müəllim də belə doğmalardandır" ("Alternativ" qəzeti).
"...Həyatda zahiri görkəminə və əməlinə görə hərəni kiməsə oxşadırlar. Kimini dayısına, kimini atasına, kimini əmisinə, yaxud müəlliminə, Şirməmməd Hüseynov bəlkə də yeganə şəxsiyyətdir ki, məhz özünə oxşayır. Yəni, elə özüdür ki, var. Nə qədər çalışırıq Şirməmməd müəllimin kiməsə oxşarlığını tapaq, mümkünsüz olur" ("Təzadlar" qəzeti). "Bakıda olduğu kimi, Şəkidə də Şirməmməd Hüseynov məclislər yaraşığıdır. Sözündən, söhbətindən, şəkililərə məxsus yumor, ağsaqqal təmkini və dözümü, arifanə eyhamlar, səmimiyyət əskik olmayan Şirməmməd müəllim jurnalist həmkarlarına da layiqli qayğı və təvazökarlıqla yanaşır, öz bilik və təcrübəsini onlardan əsirgəmir. ("Şəki fəhləsi" qəzeti).
"... Sizi hər dəfə dinlədikcə, mən sizin sözlərinizdə həmişə bir yenilik duymuşam, bir cəsarət duymuşam, bir qeyrət duymuşam, bir həqiqət duymuşam.
Bilirsiniz, siz lap keçmiş kişilər kimisiniz. O kişiləri deyirəm ki, keçmişdə öz sözlərini kişi kimi deyiblər və tutduqları mövqelərini dəyişməyiblər" (Allahverdi İsmayılov, Naxçıvan).
"Siyasi baxışınız və ən nəhayət, cəsarətiniz sizi tanıyanlara az-çox bəllidir. Sizi respublikamızda gedən yeniləşmə prosesinin önündə addımlayan demokratik fikirli bir ziyalı kimi görmək xalqımızın bütün yurdsevər və vicdanlı övladlarının arzusudur. İnanmaq istərdim ki, sizi bu yoldan heç bir şər qüvvə döndərə bilməyəcək" (Asif Talıboğlu, Bakı).
"Fəxri adınız mübarək, Şirməmməd müəllim, halaldan da haladır, şirlik də, məhəmmədlik də, müəllimlik də, əməkdarlıq da, jurnalistlik də. Son çıxışınız xüsusi alqışlanmağa layiqdir, uğurlar". (Zeynal Məmmədov, Ağdam).
"Xalqımızın qeyrətini çəkən, dərdinə yanan ziyalı olduğunuz üçün sizə minnətdarlığımızı bildiririk" (Hafiz Mehdiyev, Mingəçevir).
"Azərbaycanda bir Şirməmməd Hüseynov fenomeni də var. Bu adamın Azərbaycan sevgisi məndən ötrü Məhəmməd Əmin Rəsulzadənin eşqindən balaca deyil" (Mirşahin Ağayev, jurnalist).
Diqqətli oxucu yuxarıda səsləndirdiyim fikirlərin nə qədər həqiqətə kökləndiyini müəyyənləşdirərlər. Əlbəttə, gətirdiyimiz nümunələr dəryadan damlanı xatırladır. Və elə buradaca yaddaşımda bir xalq mahnısından misralar "çiçəklədi". Mən də onları sevə-sevə dodaqaltı zümzümə elədim:

"Əzəl-axır elin sözü
düz olur, düz olur!"

KAMİLLİK

Ulu Nizami demişkən:

-Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Şirməmməd müəllim elə kamillik etalonudur. Onu ayrı-ayrılıqda çoxtərəfli ampulalarda sevgi dolu bir ürəklə, hərarətli sözlərlə vəsf edənlər də son nəticədə onun kamilliyinə "güzgü" tutmuş olurlar.
Şirməmməd Hüseynov müəllim obrazında kamildir;
tədqiqatçı-alim obrazında kamildir;
jurnalist-qələm və söz sahibi obrazında kamildir;
Əqidə, məslək dostluğunda kamildir;
milli əxlaq və vicdan daşıyıcı obrazında kamildir;
sadiq və sədaqətli ailə başçısı obrazında kamildir;
ata-valideyn obrazında kamildir;
vətəndaş obrazında kamildir;
və s.və ilaxır.
Özü kamillik nümunəsidir.

AZAD SÖZÜN
MƏCNUNU,
HƏQİQƏTİN ÜNVANI

Bəzən mənə elə gəlir ki, Şirməmməd müəllim cəmiyyətin, ictimai əxlaqın, hətta azad sözün belə əvvəlcədən çevrələdiyi həqiqətə sığmayan, həmişə hərəkətdə olan, hər hansı qəlibə uyğunlaşmayan, dinamik, bəzən də impulsiv bir müəllim, tədqiqatçı-alim, ziyalı-vətəndaşdır. O, tarixi gerçəkliyə və tarixi fakta zaman və məkana heç bir kölgə salmadan onu çağdaş reallığın və gerçəkliyin işığında ürəyindən keçirib ümumtürk tarixi və taleyi mastabında müştərək amil və dəyər kimi qiymət verir və təhlil süzgəcindən keçirir. O, elmi publisist məqalə və çıxışlarında ardıcıl realistdir və həmişə həqiqətpərəstliyin sükanı arxasındadır. Yaşadığımız dövrün və günün siyasi mənzərəsi və tələbləri onun məqalə və çıxışlarından bir qırmızı xətt kimi keçir. Tarixi araşdırmalarında, publisist qeydlərində və çıxışlarında, pedaqoji fəaliyyətində ardıcıl, dönməz və əyilməz olduğu kimi məslək və əqidəsində də dönməz, əyilməz və ardıcıldır. Onu yaxından tanıyanlar bir şeyi də çox yaxşı bilirlər ki, Şirməmməd müəllimi tutduğu yoldan döndərmək, heç olmasa onu yerindən tərpətmək belə mümkün deyil. 50 ilə yaxın bir müddətdə onu tanıyan əqidə qardaşı, milli dəyərlərimizin kamil daşıyıcısı, türk dünyasının böyük oğlu Bəxtiyar Vahabzadənin dediyi kimi: "... onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa, bir balaca laxlatmaq belə mümkün deyil. O, inandığına inanır, nifrət etdiyinə sona qədər nifrət edir, sevdiyini isə tərəddüdsüz sevir. Bir sözlə, qələmindən çıxan bütün yazılarının arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti baylanır. Bu isə qələm əhli üçün çox vacib şərtdir. O, ətrafımızda cərəyan edən irili xırdalı bütün hadisələrə yalnız öz gözləri ilə baxır, öz ağlı ilə də qiymətləndirir. Onun öz yaxınlarına, qohum-qardaşına, dostlarına və hətta övladlarına olan münasibəti də eyni güzəştsiz prinsip və eyni baxış əsasında qurulmuşdur."
Elə bunlar da Şirməmməd müəllimi onu tanıyanların gözündə və qəlbində heykəlləşdirən amillərdəndir.
M.Ə.Rəsulzadənin ali təhsilinin olmadığını qüsur sayanlara Şirməmməd müəllim belə cavab verir: " Tolstoy, Dostoyevski, Üzeyir bəy, Cəlil Məmmədquluzadə, Sabirin ali təhsili olmayıb, amma sənin diplomun var. İndi sən onlarla bərabərmi adamsan?!"
Və yaxud:
Hər bir millət üçün siyasi mədəniyyətin vacibliyini dərk edərək onun vacibliyini gündəmə gətirən Şirməmməd Hüseynov çağdaş dünyamızın mənzərəsindən ibrətamiz və çox maraqlı bir müqayisə aparır: "Nə üçün Şərqi Avropanın sosialist ölkələrində avtoritar rejimdən demokratik quruluşa keçid çox sürətlə, əsasən ağrısız və təlafatsız keçir, keçmiş Sovet ittifaqı isə hələ də çalxalanır. Ona görə ki, Rusiyada vəsonralar Sovet İttifaqında siyasi mədəniyyət aşağı səviyyədə olub"
Tam siyasi azadlığı əldə eləmək üçün siyasi mədəniyyətin vacib şərt olduğunu bir dəfəlik dərk etməli olduğumuz qənaətinə zəmanət verir.
Şirməmməd müəllimin müsahibələrində, günümüzün ən mühüm hadisələrinin şərhində siyasi icmalçı kimi, həm də doğru və düzgün təhlillərində ədalətli və prinsipial mövqe sərgilədiyi kimi, təhlillərinin bir çoxu da son dərəcədə bədiiliyin və obrazlılığın nümunələridir. Məsələn: " Yer üzündəki bütün təbii fırtınalar ( vulkan püskürməsi, zəlzələ vəs.) günəş enerjisinin qeyri-bərabər bölünməsi nəticəsində baş verdiyi kimi, ictimai böhranlar da maddi nemətlərin qeyri-bərabər bölünməsi, milli ədalətsizlik zəminində meydana gəlir. Demək, həm təbliğ və həm də cəmiyyətdəki fırtınaların əsas səbəbi ədalətsizlikmiş."
Onun nitqdə emosionallığı, yazıda manerası o qədər dəqiq və sərrastdır ki, dinləyicinin və ya oxucunun maraq dünyasını işıqlandıra, ona təsir edib hərəkətə gətirə bilir.
(ardı gələn sayımızda)