adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Oktyabr 2018 00:09
5885
GÜNDƏM
A- A+

İLLÜZİYA

Esse
Oğlum Erola
İnsanlar həqiqət yox, onları yaşadacaq illüziya axtarırlar. Anais Nin


Loğman Rəşidzadə


(əvvəli ötən saylarımızda)

Belə söhbətlər bizim məişətimizə o qədər daxil olmuşdu ki, bütün fanatikliyi və fantastikliyi ilə də sosial-psixoloji və ruhi tərbiyəmizdə müəyyən müsbət rol oynayırdı. Qonşumuzdakı kişi nə qədər qəribə olsa da, bu yuxudan sonra tamam başqa adama çevrildi; gedib tikintidə iş tapdı, pis vərdişlərini tərgitdi, ailəsinin, uşaqlarının pasibanına çevrildi, az müddətdə hamı ona hörmət etməyə başladı. Demək, insanı yalanla da, fantasnoqomiyayla da tərbiyə etmək olarmış. Bizim kənddə belə əfsanələr, belə yalanlar, demək, həqiqətə xidmət edirmiş.
Uşaqlıqdan Şeytana münasibətdə qəribə tərbiyə və yaddaşla boy atmışıq. Bizi ciddi-cəhdlə Şeytandan uzaq tutmağa çalışırdılar: "Şeytana sataşma, Şeytanı cinləndirmə", - deyirdilər. Bir sözlə, Şeytanla "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə rəftarı təlqin edirdilər. Həm də həzər-həlbət tapşırırdılar ki, "Şeytanı şirnikləndirib özünə öyrətmə, cəlb eləmə, canına daraşdırma". Bütün bunlar mənəvi-psixoloji və əxlaqi tərbiyə vasitələri idi. Əslində pis əməllərin, lüzumsuz vərdişlərin, qeyri-adekvat hərəkətlərin mənbəyi şeytani qaynaqlardır. Şeytan belələrini daha çox hədəfə alıb toruna salmağa çalışır.
Əmim Həcc ziyarətindən qayıtdıqdan sonra səfər təəssüratlarını başqaları kimi bəlağətli və təmtəraqlı bölüşmür, real və praktik söhbətlər edirdi. Xüsusən, ziyarətdə suyun da, Şeytana atılan bir ovuc daşın da pulla satılması, onu heç açmamışdı: "Ədə, Həcci də pul tələsinə çeviriblər e..." - deyərdi. Şeytana daş atmaq məsələsinu xüsusi vurğulayardı: "Səfər yoldaşım (adını etika xatirinə çəkmirdi) dedi ki, Həsən, hazırlaş, indi Şeytana daş atmaq vaxtıdır. Pulumuzu verib bir ovuc daş almışdıq. Dedim, mən Şeytana-meytana daş atan deyiləm. Səkkiz oğlum var, qabağımda müntəzir dayanıb, evim, eşiyim, bir tikə çörəyim... İndi deyirsən, Şeytana daş atıb daraşdırım canıma, oturduğum yerdə özümü bəlaya salım?.. Əmi canı, eləcə o bur ovuc daşı tulladım göyə, hərəsi bir adamın başına düşdü. Biri də yanımdakı yoldaşımın başına düşdü. Demə, Şeytan uzaqda yox, eləcə yanımdaymış ki..."
Bəli, bu, həmin tərbiyədir, illərin təcrübəsindən süzülüb gələn psixoloji test: Şeytana sataşma, onu oyadıb canına salma...
İllüstrativ vərdişlər, şit və mənasız əyləncələr, insanı girdabına salıb aparan eyş-işrətlər təkcə fizioloji, mənəvi-psixoloji ağrılarla yadda qalmır, eyni zamanda sosial-siyasi bəlaların təkan nöqtəsinə, mənbəyinə çevrilir. Biz, bu mənada pozitiv enerji verən, motivasiya yaradan musiqinin heç də əleyhinə deyilik... Lakin bütün bunları Şeytan toyuna çevirmək də olmaz axı...
Ötən əsrin yetmişinci illərində qələm dostlarımızla Şuşadaydıq. Şuşa Rayon Partiya Komitəsinin o vaxtkı birinci katibi, gözəl insan, böyük vətəndaş, əsl ədəbiyyat adamı Qəşəm Aslanov bir növ həmkar simsarlığıyla bizə xüsusi diqqət ayırmışdı. Raykom katiblərinin adama salam verməyə ərindikləri bir zamanda Qəşəm müəllimin bu qayğısı biz gənc qələm sahiblərinə əlahiddə bir yanaşma idi. Qəşəm müəllim bizi bir dəqiqə də gözdən qoymur, öz dərin ədəbi söhbətləri, zəngin həyati təəssüratları, hər şeydən də öncə şirin yumorlu, incə siyasi eyhamlı zarafatları ilə gözlərimiz önündə yeni tipli raykom katibi obrazını yaddaşlarımıza bir az da dərindən həkk edirdi. Şuşada bir neçə gün qonaq olduq. Sonuncu gün: "Gedib bir Cıdır düzünün də havasını alaq. Şuşaya gəlib, Cıdır düzünü ziyarət etməmək günahdır", - dedi və bizi başına yığıb Cıdır düzünə gətirdi. Pay-piyada, gəzə-gəzə gəldik. Nə yol idi ki?.. Raykomdan buraya beş-on addım ola-olmaya?.. Cıdır düzünü o baş-bu baş gəzdik. Xəzinə qayasını, Topxana meşəsini seyr etdik. Qəşəm müəllim Şuşanın başı bəlalı tarixinin elə səhifələrini vərəqlədi ki, bu hadisələrdən xəbərsiz olduğumuz üçün, düzü, bir az utandıq.
Hər yerdə çal-çağır, şadyanalıq idi. Gülüş və qəhqəhələr, sevinc dolu nəğmələr aləmə bülənd olmuşdu. Cıdır düzü boyunca, yalan olmasın, on-on beş (bəlkə də çox) yerdə xudmani məclislər qurulrmuşdu. Hər məclisin də ayrıca öz musiqiçiləri, sazəndələri və xanəndələri... Kababdan yeyib muğamatdan döşəyirdilər... Qəşəm müəllimin sifəti bir anlıq tutuldu, köks ötürdü, içindən gələn bir yanğıyla: "Bizi yıxsa, bu kababla muğamat yıxacaq. Erməni iş görür, biz də kababdan yeyib muğamatdan oxuyub "dalay-dalay" deyirik..." - dedi. Bəli, müdrik ziyalımız sonrakı bəlalarımızı eləcə o vaxtdan görür, duyur, can ağrısıyla yaşayırdı. Bu vaxt nədənsə, yadıma Şeytanın toyu düşdü...
İfrat şadyanalığın, eyş-işrətin, çal-çağırın Şeytan əməli, yalan və illüziya olduğunu, son anda insanı özündən alıb tərki-dünyalığa apardığını kim bilmir?.. Bunun özü də bir fanatizmdir. Eləsə, yaşadığımız çağdaş dövrümüzdə qəzetlərin, ekranların, saytların, bayağı və parlaq reklam şitlərinin, ürəkbulandıran ictimai-siyasi deklomasiyaların ruhumuza, qəlbimizə, şüurumuza zorla hopdurulmasının, necə gəldi dürtüşdürülməsinin mənası nə?.. Bəlkə insanları zombiləşdirmək, Şeytan tələsinə itələməkdir amacımız? Hara baxırsan çal-çağırdır, sərsəmlik təbliğ edən bayağı eyş-işrət məclisləridir. Hər yerdə sanki, Şeytan toy edir. İnsan üçün normal düşünmək, psixologiyasını cilalamaq, mənəvi-əxlaqi gələnəklərini ritmə salmaq, canını dincə qoymaq üçün nə vaxt qalır, nə macal. Elə bir halət yaranıb ki, Şeytanın toyuna uyan müasir insan, get-gedə, sanki ciddi həyat tərzindən uzaqlaşır, əxlaqi və mənəvi dəyərlərə istehza edir, səmimi düşüncələrə nifrət bəsləyir, şirin, cəlbedici şeytani ehtirasların qoynunda xumarlanır. Bizim informasiya və təbliğat vasitələrimiz, mədəni-kütləvi arsenalımız da sanki bu təhlükəli oyunun məşq meydanı olmuş, bu təhtəlşüur təcavüzün himayəçisinə çevrilmişdir. Hara baxırsan, "dur, oyna, çal, oyna", şit tamaşalar, bayağı mahnılar, düşük seriallar, əttökən rəqslər... Nə etmək olar, bəlkə nicat eləcə bundadır, bu şeytani həvəs və ehtirasdadır?..

Ümid

Ümid insan həyatında ən güclü və etibarlı motivasiyadır. Ümid, inamdan, daxili təpərdən, mənəvi dəyanətdən qaynaqlanır. O, adamı səfərbər edir, ruhun gərdişini sabahlara pərvazlandırır, insan daxilində köklü inanc yaradır. İnanc, inam isə insanın ruhi-mənəvi potensialının təməl prinsipidir. Bununla qeyri-müəyyənliyi yenmək, qorxunun üzərinə getmək, hətta ölümə qalib gəlmək olur. Düzdür, ümidin də sonu yalana, illüziyaya, özünüaldatmaya, özünüinandırmaya, özünütəlqinə gedib dirənir. Amma bu hissdə, bu duyğuda şəfaverici bir eleksir də yaşayır. Və bu cövhər uzun müddət, elə lap deyə bilərik ki, illər boyu səni qoruyub yaşada, ömrünü uzada bilir. Yarımçıq işlərini yoluna qoya bilirsən, arzuladıqlarını reallaşdırırsan və s. Çünki ümid hissi insan orqanizmində elə halətlər yaradır ki, sən mövcud həyatını, hətta dəyişə bilirsən. Bu hissi-emosional vasitə ilə hüceyrə yaddaşını oyadır, ölmüş toxumalarını dirildib bərpa edir, ömrünü uzadır, hətta vaxtsız gəlmiş ölümə də qalib gəlirsən. Təsadüfən demirlər ki, sonda ümid ölür. Bəli, ümidin sonu, həm də insanın sonudur. İnsan xarakteri və təbiəti belədir. İnsan orqanizmi dəqiq mexanizm kimidir. O, istənilən anda özünü dəyişər, həyatını idarə edib lazımi ritmə salar, tükənmiş əzalarını bərpa edər, hətta cavanlaşdıra bilər. İnsan belə qeyri-adi addımlar atıb möcüzələr yaratmağa qadirdir. Sadəcə, bunu istəmək və etmək lazımdır. Bunun mayasında isə ümid dayanır... Ümidsizlik hər şeyi puç edib dağıdır.
Yazıçı O"Henrinin "Son yarpaq" hekayəsi çox məşhurdur və bəlkə də onu oxumayan yoxdur. İnsan ümidi haqqında, insan inamının tükənməzliyi və insan xarakterinin qeyri-adiliyi barədə son dərəcə təsirli bir hekayətdir. Xəstə otaqda uzanıb, gözlərini pəncərədən bir nöqtəyə zilləyib. Yarpaqlarını soyunmuş bir ağacdadır diqqəti, daha doğrusu, ağacın budağından sallanmış sonuncu sarı yarpaqda. Amansız payız küləkləri bu yarpağa gah divan tutub ora-bura çırpır, gah da ona asta-asta sığal çəkir. Xəstənin nəzərləri yarpaqda donub qalır, yarpaq onunçün ümid ünvanına çevrilir. Öz-özünə düşünür ki, nə qədər ki, yarpaq budaqdan üzülməyib, mən də ölməyəcəm. Günlər ötür, küləklər tüğyan edir, son yarpaq mərd-mərdanə budaqdan asılıb qalır. Sanki xəstəyə son ümid yeri kimi lazım olduğunu bildiyi üçün özünü dəli küləklərin ağzına vermir. Amma, sən demə xəstənin son yarpağı ümid yeri kimi nişanladığını bilən bir rəssam bu ümidi göyərtmək üçün həmin sonuncu yarpağı rəsm edib budaqdan asıbmış. Xəstənin inamınca həmin yarpaq düşməyənə qədər o ölməyəcək. Beləcə həmin illüziyayla da ömrünü uzatmış olur. Bəli bu, ümiddir. Ümid saralmış bir yarpağın saplağından da asılıb qala bilər. Ümid insanı tərk edəndə, həyat da tərk edir. Bəlkə də, intihar edib həyatına qıyanlar ən son anda yaşamağa ümidlərini itirənlərdir?..
Belə məqamda Nitşenin bir fikri yada düşür. Onun fikrincə ümid xəstəlikdir və insan əzablarının uzanmasına xidmət edir. Bu barədə qədim bir yunan əsatiri də mövcuddur. "Şouşendən qaçış" filmində də ümid hissi təxminən bu şəkildə interpritasiya edilir: "Ümid qorxulu hissdir. O, adamı dəli edə bilər." Bu movqeləri müəyyən mənada bölüşmək olar. Amma ümidin insan orqanizminə, onun hiss və duyğularına, sosial həyatına bəxş etdiyi motivasiyanı, melatoninin formalaşmasına xidmət edən yaradıcı gücünü də unutmaq olmaz. Bu isə hər bir bəşər övladına lazımdır. Axı həm də "ümidsiz Şeytandır."
Bu yaxınlarda qəzetlərin birində "Tanrılar bu adamın arzusunu yerinə yetirəcək" adlı bir yazı oxudum. Yazı məni alıb apardı, içimi tərpətdi...
Hekayət XX əsrin ən böyük nüvə fəlakətindən, Amerika Birləşmiş Ştatlarının Xirosima və Naqasaki şəhərlərinə atom bombası divanından danışır. Nəql edilir ki, Xirosimaya atom bombası atılanda Sadako Sasaki adlı qızçığaz da bu şəhərdə yaşayırdı. Atom bombası onların evindən, sadəcə 2 kilometr uzaqlığa düşmüşdü. Onda qızcığazın cəmi 2 yaşı vardı. Sadako və ailəsi möcüzəli şəkildə buradan qaça bilmişdilər. Həm də, heç bir xəsarət almadan. İlk baxışdan hər şey yaxşı və normal idi. Sadako məktəbə getdi, həvəslə oxudu, fəal və əlaçı şagird oldu. 12 yaşına çatanda onun bədəninin müxtəlif yerlərində qəribə şişkinliklər, qara ləkələr və yaralar peyda oldu. Həkimlər ona "atom bombası xəstəliyi" adı verilən qan xərçəngi diaqnozu qoydu.
Sadako xəstəxanada yatdığı zaman sinif yoldaşlarından biri ziyarətinə gəlir. Yanında gətirdiyi qızılı rəngli kağızdan oriqami sənətindən istifadə edərək Durna quşu düzəldir və ona verir. Sonra da bir yapon əfsanəsini nəql edir: "Xəstə biri əgər kağızdan 1.000 ədəd durna quşu düzəltsə, tanrılar bu adamın arzusunu yerinə yetirəcək və onu sağlamlığına qovuşduracaq". Sadako bu sözləri eşitcək qəlbi ümidlə dolur, xəstəliyini mərdliklə qarşılayıb kağız durnaları hazırlamağa başlayır. Bükdüyü hər durna ilə danışır və təmiz qəlbindən gələnləri deyir: "Qanadlarınıza əmin-amanlıq yazacağam. Beləliklə, bütün dünyada uça biləcəksiniz".
Təəssüf ki, balaca Sadakonun ömrü 1.000 durna düzəltməyə yetmədi. Yoldaşları əskik qalan 356 durnanı hazırlayıb onunla birlikdə dəfn etdi.
(ardı gələn sayımızda)