adalet.az header logo
  • Bakı 16°C
26 Oktyabr 2018 10:28
11381
İDMAN
A- A+

“Artıq neçə illərdi Azərbaycan futbolunun imici bu komadanın çiynindədi”

"Arsenal”la oyun ərəfəsində hamı bilet axtarışına çıxmışdı. Kassaya üz tutan kim, dost-tanışdan bilet istəyən kim. Özünə əziyyət verib növbədə dayanmaq istəməyən bir az imkanlı qardaşlar isə "uf” demədən 5 manatlıq biletə 20 manat verməyə hazır idi. Təki London təmsilçisinin oyununu tribundan canlı izləsin. Bəli, məhz İngiltərə klubunu. Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda, demək olar ki, tək-tük boş yer qalmışdı. Hətta rayonlardan belə BOS-un yolunu tutanlar var idi. Təəssüf ki, eyni mənzərəni "Vorskla” ilə qarşılaşmada görə bilmirik. Matçın başlamasına 24 saatdan bir qədər artıq vaxt qaldığı ərəfədə cəmi 16 min tamaşaçının bilet aldığı məlum olur. Deməli, 3 həftə əvvəl bilet ətrafında yaşanan ajiotaj "Qarabağ”a sevgidən yox, yuxarıda qeyd etdiyimiz kimi, İngilətərə klubunu canlı görmək istəyindən irəli gələn süni hay-küy idi. Kobud səslənsə də, bunun adı görməmişlikdi. Oktaybrın 4-dən bu yana nə dəyişib? Heç nə. "Qarabağ” həmin "Qarabağ”dı, futbolçular da həmin futbolçular. Heç Qurban Qurbanov da postundan ayrılmayıb. Sadəcə, dəyişən rəqibin adıdı. Üç həftə əvvəl BOS-un yaşıl meydanına "Arsenal” çıxmışdısa, bu dəfə arenada Ukrayna klubu top qovacaq.

Statistik məlumatlara inansaq, bu gün Ağdan rayonunun əhalisinin sayı 200 mini keçib. Onların da təxminən 40 minə yaxını Bakı və paytaxta yaxın ərazilərdə məskunlaşıb. Tutaq ki, 40 minin də 20 minini yaşlılar, qadınlar və uşaqlar təşkil edir. Bəs qalan 20 min? Niyə ağdamlı gənclər, yeniyetmələr, orta nəslin nümayəndələri doğma rayonlarının təmsilçisinin oyununa biganə yanaşırlar? Nəyə görə ağdamlılar Qarabağ həqiqətlərini dünyaya çatdıran, tarixi qələbələrlə onları göyün yeddinci qatına qaldıran eyniadlı komandaya dəstək vermək üçün "Vorsk”la ilə oyuna getmirlər?
Qeyd etdiklərimizlə bağlı "Qarabağ”ın qatı azarkeşi, daim komandanı dəstəkləyən, əslən Ağdamdan olan millət vəkili, tanınmış ziyalı Aqil Abbasla danışmağı lazım bildik. Hər halda, onun da deyəcəkləri var: "Mən dəfələrlə bu mövzuya toxunmuşam. "Tofiq Bəhramov”un ətrafında xeyli sayda Ağdamdan olan qaçqınlar yaşayır. "Qarabağ”ın oyunları zamanı stadiona getmək əvəzinə arenaya yaxın ərazilərdəki çayxanalarda oturub nərd, domino oynayırlar. "Arsenal”la qarşılaşmada olan ajiotaja gəlincə, bəyəm 3 həftə əvvəl Bakı Olimpiya Stadionuna gedənlərin hamısı "Qarabağ” azarkeşləri idi? Ordakıların çoxu Məsut Özili və başqa tanınmış futbolçuları görmək üçün orda idilər. Heç tribunalarda düz-əməlli "Qarabağ” adını da eşitmək olmurdu. Məncə, azarkeşlərin stadiona getməməsinin əsl səbəbi oyunların BOS-da keçirilməsidi. Həmin matçlar "Tofiq Bəhramov”da baş tutsaydı, indi azarkeş biganəliyindən söhbət getməzdi. Şəhərin mərkəzindəki stadion hərtərəfli əlverişlidi. Həm "Qarabağ”, həm də azarkeşlər üçün. "Gün keçdi” filmində bir epizod var. Kor əlinin havası ilə İçərişəhərin dar küçələrində öz evini tapır. Fikrimcə, "Qarabağ” "Arsenal”la "Tofiq Bəhramov”da qarşılaşsaydı, bəlkə də sərfəli nəticə qazana bilərdi. Çünki futbolçular üçün həmin meydan daha doğmadı, orda gözüyumulu da oynaya bilərlər. Elə azarkeşlərin də tribunadan dəstəyini hər zaman duymaq olur. Daha bir məqama toxunmaq istəyirəm. "Qarabağ” avrokuboklarda tək Ağdamı təmsil etmir axı. Artıq neçə illərdi Azərbaycan futbolunun imici bu komandanın çiynindədi. Niyə o biri klubların azarkeşləri, ümumiyyətlə, futbolsevərlər "Qarabağ”a dəstək olmurlar? Bu komanda yalnız Ağdamındısa, mən sizə söz verirəm ki, növbəti oyunda rayondan avtobuslar təşkil edib, stadiona 70 min ağdamlı gətirə bilərəm. Ancaq elə şeylər var ki... Bəzən belə çağırışlar etməyi də başqa cür yozurlar”.

Aqil bəy bizimlə söhbətdə başqa məqamlara toxunmağı da lazım bildi: "Bu gün azarkeş problemi ilə üzləşən tək "Qarabağ” deyil. Premyer-liqa matçlarına da tamaşaçı gəlmir. "Qarabağ” – "Neftçi” matçlarına derbi deyirlər. Derbidə stadionda maksimum 2-3 min azarkeş olur. "Qəbələ”nin doğma meydanda keçirdiyi oyunları bir neçə dəfə stadiondan canlı izləmişəm. Orda da maraq yoxdu. Stadionun yanında qalanlar belə özlərinə əziyyət verib, çəpəri bu tərəfə aşıb stadiona gəlmirlər. Niyə? Ona görə ki, Azərbaycanda artıq futbol yox səviyyəsindədi. Bütün komandalar Bakıya toplaşıb. "Sumqayıt” "Dalğa Arena”da oynayır, "Qəbələ” əksər vaxtda paytaxtda olur. Kimə lazımdı belə çempionat? "Neftçi”yə "flaqman” deyirlər. Bu komanda heç vaxt flaqman olmayıb. "Neftçi” SSRİ dönəmində Azərbaycanın yığma komandası idi və ona görə də hamı bir nəfər kimi ona azarkeşlik edirdi. Müstəqillik illərində onlar nə ilə yadda qalıblar? Bu gün "Neftçi” "Zirə” və yeni yaranmış "Sabah”dan heç nə ilə fərqlənmir. Əsl flaqman "Qarabağ”dı. Bunu heç kim unutmasın. Birvaxtlar "Xəzər Lənkəran”, "Bakı” kimi klublarımız var idi. Artıq tarixin yaddaşına köçüblər. İndi "qara buludlar” "Qəbələ”nin başının üstünü alıb. Bu gedişlə onları da eyni aqibət gözləyir. Onların ardınca isə "Qarabağ”ı yox etməyə çalışacaqlar. Hazırda futbolumuzda çox böyük, üstüörtülü, xoşagəlməz proseslər gedir”.