adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2018 10:20
9304
SİYASƏT
A- A+

AKP – MHP İTTİFAQI DAĞILDI

Türkiyə siyasətində son günlər baş verən bəzi olaylar 24 iyun 2018-ci il seçkilərindən sonra yaranmış və hakim partiyanın maraqlarına qismən də olsa cavab verən siyasi düzənin pozulmasını labüd edir. Əslində bu düzənin kövrək xarakter daşıdığı əvvəcədən də heç kimə sirr deyildi. Çünki həmin partiyalar həmişə siyasi düşərgənin əks qütblərində yer almış və bir-birlərinə qarşı sərt mövqeləriylə fərqlənmişdilər. HəttaAKP-nin təkbaşına iqtidar olmaq üçün deputat sayını təmin edə bilmədiyi və buna görə də öz tarixinin ən uğursuz seçkisi (yeri gəlmişkən, həmin dönəmdə təşkilatın sədri Əhməd Davudoğluydu) saydığı 2015-ci il iyun seçkilərindən sonra da onlar bir koalisiyada birləşə bilmədilər. Həmin vaxt belə bir koalisiya qurmaq hər iki tərəf üçün hava-su kimi lazım idi. AKP-yə iqtidarını davam etdirmək, MHP-yə isə iqtidara gəlməkdən ötrü. Maraqlıdır ki, heç vaxt koalisiyasız iqtidara gəlmək şansı olmamış və bundan sonra danə vaxtsa əllərinə belə bir fürsət düşməyəcəyini hamıdan yaxşı bilən MHP rəhbərləri bu birlikdən imtina etdilər.

Ancaq 2018-ci il seçkiləri öncəsi vəziyyətin hədddən artıq sürüşkənliyindən doğan narahatlıq belə bir ittifaqı qaçılmaz edirdi. AKP seçkiləri uduzacağından narahat deyildi, onun narahatçılığı başqa məqamla bağlıydı. AKP istəyirdi ki, Konstitysiya dəyişikliklərindən sonra siyasi karyerasının yeni mərhələsinə qədəm basmağa hazırlaşan liderlərinin qələbəsi birinci turdaca təmin edilsin və onunnüfuzuna kölgə düşməsin. Türkiyə coğrafi baxımdan nə qədər Qərbə yaxın olsa da, ruhu etibarıyla Şərqə bağlıdır, Şərq ruhusa belə "incəliklərə” qarşı çox həssasdır. Amma hakim partiyanı öz əzəli rəqibiylə ittifaqa təhrik edən təkcə liderlərinin nüfuz məsələsi deyildi, həm də onun yeni, həm də daha səlahiyyətli prezident kürsüsündə rahat oturmasını təmin etmək arzusuydu. AKP yetkililəri yaxşı bilirdilər ki, onların siyasi uğurları təşkilatlarının gücündən çox liderlərinin populyarlığına bağlıdır. Əvvəllər adamlar AKP-yə "əvət” deyəndə Ərdoğanı düşünürdülər, indisə Ərdoğana AKP-siz də, həm də başqa bir bülletendə səs vermək imkanı var idi. Odur ki, prezident seçkilərində Ərdoğana səs verənlərin heç də hamısı parlament seçkilərində AKP-yə səs verməyəcək, nəticədə partiya Məclisdə mütləq çoxluğa sahib ola bilməyəcək, zaman-zaman qərarların qəbulunda ciddi problemlərlə üzləşəcək və onları çözmək üçün hər hansı kiçik müttəfiqin müəyyən miqdarda səsinə ehtiyac olacaq.


MHP-nin bu ittifaqda marağısa bambaşqaydı. Xatırlayırsınızsa hələ son seçkilərdən təxminən bir il qabaq bu partiyada ciddi parçalanma olmuş, partiyanın rəhbərlərindən biri olan Meral Akşenerin başçılığı ilə mühüm bir kəsim ordan qoparaq "İyi” partiya adında başqa bir təşkilat yaratmışdı. Yəni, MHP artıq 10 faizlik seçki barajını aşıb-aşmamaq, mandat sahibi olub-olmamaq dilemması qarşısındaydı. Əlbəttə, iqtidara gəlmək siyasətçinin və hər hansı bir siyasi təşkilatın əsas hədəfi olsa da, az-çox siyasi institutlara malik ölkələrdə iqtidara gəlmədən də siyasətdə qalmaq, həm də uzun müddət qalmaq mümkündür. Bunun üçünsə heç olmasa parlamentə düşmək lazımdır. Bax, elə buna görə də üç il əvvəl Ərdoğanla hökumət ortağı olmaqdan imtina edən MPH lideri Dövlət Baxçalı bu dəfə onunla koalisiya ortağı oldu. Bu koalisiyanı qurmaq üçün xeyli canfəşanlıq da etdi. Onun seçkilərin vaxtını qabağa çəkməklə bağlı təklifini reytinqinin get-gedə gerilədiyini hiss edən Ərdoğan göydə tutdu. Hərçənd, çoxları bu fikirdəydi ki, həmin təklif əslində elə Ağ sarayda hazırlanmış, sadəcə D. Baxçalının dilindən səslənmişdi. Axı rəqibi müttəfiqə çevirərmək yolundakı ilk qayda onu sınaqdan çıxartmaqdır.

Bu iki barışmaz siyasi qüvvə məhz yuxarıda sadaladğımız arqumentlərə görə "Cümhur İttifaqı”nı quraraq seçkilərə birlikdə getdi və öz hədəflərinə çatdı. Ərdoğanın birinci turda qələbəsi təmin edildi, AKP qorxduğu mandat kəsiri problemini həll elədi, MHP isə seçki barajını aşdı. Ancaq uğurlu nəticələrə baxmayaraq çoxları dinçilərlə millətçilər arsında bağlanmış bu "zorən izdivacın” uzunömürlü olmayacağını hələ lap əvvəldən proqnozlaşdırır, siyasi praqmatizmin girovuna çevrilmiş ideoloji ambisiyaların nə vaxtsa partlayacağını qaçılmaz hesab edirdi.

İndi bu koalisiya artıq dağılmışdır. D.Baxçalı bir neçə gün əvvəl öz müttəfiqlərinin ünvünına sərt sözlər söyləyərək onlarla bir ittifaqda olmağın heç bir anlamı qalmadığını bildirdi. Həmin çıxışdan da göründüyü kimi MHP-ni bu addımı atmağa vadar eləyən səbəblər yetərincədir. Bədəlli əsgərliklə, məktəblərdə türk andının oxunmasıyla, əfvlə, keşiş Bransonun azadlığa buraxılmasıyla və bir sıra digər məsələlərlə bağlı MHP-nin təkliflərinin qəbul edilməməsi və nəhayət, AKP- nin öz müttəfiqlərinə qarşı saymazyana münasibəti… D. Baxçalı koalisiyaya xitam verilməsiylə bağlı partiya məclisinin qrup toplantısındakı həmin məşhur çıxışında elə-belə də demişdi: "heç bir ittifaq bir tərəfin yox sayılmasıyla ayaqda qala bilməz”.

Bir məsələni də nəzərə almaq lazımdır ki, əgər seçkidən əvvəl belə bir ittifaq daha çox parlamentə düşməyi sual altınnda olan MHP-yə sərf edirdisə, ceçkidən sonra daha çox AKP-yə lazım idi. Çünki ittifaqın dağılması nəticəsində parlamentdə 290 deputatla təmsil olunan AKP məclisdəki 50+1 səsini qeyb edir və bundan sonra mühüm qərarların qəbulunda ciddi problemlər yaşaya bilər. Ən azından hər dəfə kənardan 11 səs qazanmaq üçün əlaltdan kimlərisə ələ almaq üçün xeyli əziyyət çəkməli olacaq. Ola bilsin ki, bəzən heç buna da ehtiyac qalmayacaq. Kimlərsə kimlərinsə acığına onların dəyirmanına su tökəcəklər. Elə koalisiyanın dağıldığı elan olunandan sonra məclidə baş verən bir olay buna əyani sübutdur. Həmin MHP "İyi” partiyanın təqaüd yaşıyla bağlı qanun layihəsinə səs verməkdən imtina edərək onun qəbuluna əngəl yaratdı. Nəzərə alın ki, bu məsələ MHP-nin özünün də seçkiplatformasında yer almışdı. Bəs millətçilər öz seçicilərinə verdiyi sözü tutmaq üçün hər hansı bir addım atmamaları bir yana qalsın, niyə həmin yöndə başqalarının gördüyü işə badalaq vurdular? Heç şübhəsiz, təklif "İyi” partiyadan gəldiyinə, yəni "dostların düşmənçiliyi daha pis olur” məntiqinə görə.

Gələn ilin martında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyədə türklərin təbirincə desək, bu yerəl seçkilər prezident və parlament, yəni genel seçkilərdən elə də az əhəmiyyət daşımır. Əvvəl-əvvəl D. Baxçalı İstanbulda, Anqarada eləcə də MHP-nin qələbə şansı olmayan digər yerlərdə bələdiyyə başqanlığına namizədlər irəli sürməyəcəyini bildirmiş, əvəzində belə bir tələblə çıxış etmişdi ki, ittifaq şəkilində seçkilərə qatılan partiyalarda bələdiyyiə başqanı kim olsa müavini müttəfiq partiyadan olmalıdır. Praqmatik yanaşmadır. Təsəvvür edin: ötən bələdiyyə seçkilərində MHP-nin namizədi İstanbulda 339 min, Anqaradasa 250 min səs yığmışdı. AKP və CHP namizədləri isə uyğun olaraq İstanbulda 4.101 min və 3 milyon 428 min, Anqaradasa 1 milyon 417 və 1 milyon 387 min səs almışdılar. Göründüyü kimi MHP namizədinin səsi rəqiblərin səsiylə müqayisədə çox azdır. Amma bu az səs həm də həlledici səsdir və Dövlət Baxçalı öz "kiçik partiya”sının gücünün harda olduğunu və ondan maksimum yararlanmağı yollarını yaxşı bilir. Odur ki, indi o, əvvəlki sözünə rəğmən MHP-nin İstanbulda da, Anqarada da, yəqin ki, digər böyük və kiçik şəhərlərdə də öz namizədləriylə iştirak edəcəyini bildirir. Qələbə naminəmi? Təbii ki, yox. Siyasi bazarlıq naminə. Bazarlıq yapandasa daha çoxuna nail olmaq üçün öhdəliklərdən azad, yəni tam sərbəst olmaq mühüm şərtdir. Yoxsa seçkidən heç yarım il keçməmiş tez-tələsik AKP-lə "izdivacı” pozmaq nəyə lazım idi? Axı dəngələr dəyişir və bəlkə başqasından daha çoxunu qopartmaq mümkün oldu. Özü də elə məqamda ki, artıq Məhərrəm İncə İstanbuldan namizədliyini verməklə bağlı düşündüyünü dilə gətirib. Türk siyasətinin bu yeni ulduzunun prezidentlik yarışını uduzmasına baxmayaraq İstanbulun bələdiyyə başqanı seçiləcəyinə çox az adam şübhəylə yanaşır. İstanbulun bələdiyyə başqanısa Türkiyə prezidentindən bir az balaca vəzifədir.

Odur ki, D. Baxçalının son addımları düzgün gedişdir, hansı yandan baxsan praqmatik görünür. Axı, bəzən siyasətdə az və ya çox səsə yox, həlledici səsə malik olmaq daha çox üstünlük gətirir. Sadəcə, lazımi vaxtdadüzgün manevrlər eləməyi bacarmaq lazımdır.

ANALİTİK XİDMƏT