adalet.az header logo
  • Bakı 13°C
25 Oktyabr 2018 12:23
24229
MƏDƏNİYYƏT
A- A+

BXA-nın müəllimləri Ukraynada master -klass keçiblər

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) müəllimləri Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasında ustad dərsləri keçiblər.

Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli və sözügedən kafedranın müəllimi, prezident mükafatçısı Çinarə Quliyeva keçirdikləri ustad dərslərində həm şəxsi, həm də beynəlxalq təcrübəyə əsaslanıblar. Böyük maraqla qarşılanan ustad dərsləri Xarkov Dövlət Mədəniyyət Akademiyasının professor-müəllim və tələbə heyətinə Azərbaycanın milli xoreoqrafiyasına dair təcrübə qazandırıb. Eyni zamanda S. Hüseynli və Ç. Quliyeva ustad dərsləri çərçivəsində "Zapovit” Tədris xalq rəqs teatrının iştirakçılarına praktiki məsləhət də veriblər.

Xarkov Dövlət Mədəniyyət Akademiyasının Xoreoqrafiya Sənəti fakültəsinin dekanı, akademik, Ukraynanın Xalq artisti,Boris Kolnoquzenko BXA müəllimlərinin keçdikləri master- klass dərslərini yüksək qiymətləndirərək qeyd edib ki, Xarkov Dövlət Mədəniyyət Akaemiyası bu əməkdaşlığa xüsusi önəm verir. O, müəllimlərə mütəmadi şəkildə ustad dərslərini keçməyi təklif edib. Qeyd edək ki, keçirilən ustad dərsləri ilə əlaqədar Sənan Hüseynli və Çinarə Quliyeva xatirə medalları ilə təltif ediliblər. Həmçinin B.Kolnoquzenko BXA-nın müəllimlərinə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Görüşdə gələcək əməkdaşlıq və perspektiv yaradıcılıq layihələri müzakirə olunub.

Xatırladaq ki, Boris Kolnoquzenko Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs müsabiqəsində münsiflər heyətinin üzvi olub.

Sonda BXA-nın müəllimlərinə işlədikləri qurum rəhbərinə ünvanlanmış təşəkkür məktubu da təqdim olunub.