ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Azadlıqdakı ilk gün - Ayxan Ayvaz yazır...

8083    |   2018-10-25 11:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az Ayxan Ayvazın "Azadlıqdakı ilk gün" adlı qısa hekayəsini təqdim edir. 


Dustaq azad olduqdan sonra ilk olaraq köşklərə cumdu. İçindəki sıxıntını, əsəblərini, xatırladıqlarını yalnız siqaret onun canından ala bilərdi. Dörd ay türmədə olan dustağı ən çox düşündürən siqaretdi. Hər gün dörd divar, eni-uzunu eyni bir yerdə qəfəsə salınmış aslan kimi fır-fır fırlanırdı. Ancaq nə illah eləyirdi, yenə siqaret gəlib gözünün qabağında dururdu. Orda bu zəhrimarı vermirdilər. Yemək, içmək, geyim tamamdı, ancaq əsas istəyini əlindən almışdılar. Onda dustaq nə qədər eləyirdi adamlar yadına düşmürdü. Yalnız siqaret haqqında düşünürdü. Bəlkə istədiyi şeyi hər gün ona versələr azadlıqdamı, yoxsa dustaqlıqdamı olduğunu heç anlamazdı.

Siqareti alıb tez-tələsik damağına birini qoyub tüstülədəndə dustaq indi hiss elədi ki, neçə illər çəkdiyi şeyin tamını unudub. Hələ bu azmış kimi öskürəyi də tutdu. Bu ona uşaq vaxtı gizlimcə tualetdə sümürdüyü ilk siqareti xatırlatdı. Onda öskürməkdən içi yarılmışdı. Uşaqlar da qabağında durub gülür, onu lağa qoyurdular. Sonra getdikcə bu zəhrimara alışdı, universitet illərində də damağından düşmürdü. Özü də siqareti hər dəfə buraxmaq istəyəndə nəsə əngəl çıxırdı. Siqaret çəkməyə isə hər bəhanəsi vardı. Gah qız sevmək, gah kəsiri çıxmaq, gah da ölüm... Yalnız o bilirdi ki, ətrafındakı adamlar daha çox siqaretlə öz dərdini paylaşır, onunla tənhalığını bir keçirir. Siqaret də insanlar kimiydi ona görə. İndi də damağında tüstülədə-tüstülədə anladı ki, qoyub getdiyi hər şey kimi siqaret də dəyişməyib: hələ də acı, quru və kimsəsizdi.

Onda dustaq bir anlıq düşdündü ki, elə həyatda da, dörd divarın arasında da eynidir, heç nə dəyişməyib. Ona görə də onun adı da elə burda da, orda da dustaqdır, vəssalam. Yoxsa kimdir azadlıqda gəzən? Hamı ayrı-ayrı həbsxanalarda yaşayır. Şəhərin işlək küçələri, parklar isə onlara verilən qısa müddətlik istirahətdir. Başqa nə istəyirsən? Hava pulsuz, gəzmək pulsuz. Belə gözəl həyat olar? Dustağın birdən-birə gözləri doldu, dərindən nəfəs aldı və ilk dəfə azadlığa çıxdığını hiss eləyib ürəkdən sevindi.

Dustağın siqaretdən başqa, bir də sevgilisi vardı görməyə. Yolda elə ancaq onun haqqında düşünmüşdü. Qız da çathaçatda zəng eləmişdi:

- Bizim küçəyə gələrsiniz, danışarıq, yaxşı?

Hə, bunu sevgilisi deyib telefonu keçirmişdi. Ancaq onun səsindən işgüzarlıq, ciddi bir görkəm yağırdı. Elə bil sevgilisi ilə deyil, hansısa müdirlə görüşməyə gələcəkdi. Ayrı vaxt bu qızın ağzından bircə kəlmə də "siz” çıxmazdı, indi isə mədəniləşmişdi, cümlələrin quruluşuna-zad fikir verirdi. Bilmədi niyə, amma dustağa bu yaman toxundu. Çünki o adamların dəyişəcəyinə hələ də inanmırdı.

Qızın yaşadığı yerə gəlib çatdı. Türmədə beton döşəmənin üstünə bu küçənin adını yazmışdı ki, heç vaxt unutmasın. Hər gün o yazılan yerə ayaq basanda elə bilirdi, bu saat qız görünəcək, uzaqdan ona əl eləyəcək. Orda yaşamağın tək yolunu belə tapmışdı. Dustaqlıqda qızla "görüşə” çıxmağının sayı-hesabı yoxdu. Ancaq sevgilisinin əlləri it-bata çevrilmişdi. Yalnız gözləri divarlardan asılı qalmışdı.

Uzaqdan qızın yaxınlaşmasını gördü. Nədənsə, hər zamankindən fərqli qız çox gözəl geyinmişdi. Elə bil toya-zada gedirdi. Onu heç vaxt bu geyimdə görmədiyindən şaşırdı. Bir də ona təəccübləndi ki, qız onu görəndə əl eləmədi, addımlarını sürətləndirmədi. Sanki sevgilisinin olduğu yerə gec çatmaq üçün qəsdən yavaş-yavaş irəliləyirdi. Bu yeriş tamam başqa qızın yerişiydi, bu baxış tamam özgəydi, bu geyim də onu tamam-kamal dəyişmişdi. Qız yaxınlaşdıqca dustaq indi lap dəqiqliyi ilə anladı ki, adamların bir-birindən uzaq qalmağı ikisindən birini əməlli-başlı dəyişir.

Qız ona çatan kimi:

- Xoş gəlmisiz, həmişə azadlıqda... – dedi və hiss olundi ki, birinci dəfə belə danışır. Özünü qəsdən mədəni göstərməyə çalışdığı hər hərəkətindən bəlliydi. Ancaq dustaq istəyirdi ki, qız olduğu kimi görünsün, başqalarına bənzəməyə çalışmasın. Onsuz da azadlığa ayaq basanda onu ayrı vaxt bəyənməyən insanların indi birdən-birə dəyişilməsini, guya qayıtmağına ürək dolusu sevinməsini həzm eləyə bilməmişdi. O, bu iyrənc adamlara qarşı vuruşmağına yalnız sevdiyi qızın kömək edəcəyini düşünmüşdü. Ancaq bu qız da indi qarşısında tamamilə başqalaşmış bir biçimdə görünürdü.

Yanaşı gedirdilər. Qız elə bil onunla əl-ələ tutmaqdan çəkinirdi. Ay Allah, doğurdanmı onun sevdiyi qız bu idi? Üzü-başı rənglənmiş, şıq geyimləri əyninə geyinmiş bu adam kimdi? O deyilmiydi, bir dəfə küçənin ortasında, camaatın içində "məni öp” deyən? O saf, təmiz, illərcə əl-ələ o küçə sənin, bu küçə mənim gəzdiyi qızı da beş il əlindən aldıqları azadlıq kimi özgələşdirmiş, başqalaşdırmışdılar. İndi o nə bu qızı, nə də azadlığı anlaya bilmirdi. Bəlkə insanların dəyişməyidir azadlıq? Bəlkə sevdiyin insanın səninlə yad biri kimi danışması əsl dustaqlıqdır?

Dustaq qızın ikidə bir "siz” deyən danışığına qulaq asa-asa düşündü ki, insanın azad olmağı hələ qurtulmağı, xilas olmağı deyil. Sən demə, hələ divarları aşıb yeni dünyaya qədəm qoymaq üçün illər, çabalar, sinə gərmələr lazım imiş. Eh, nə qədər desən iş var buna. Halbuki həbsxanada olanda nə yaxşı idi: əllərini başının arxasında daraqlayıb yatırdın, heç belə axmaq düşüncələr də gəlib səni tapmırdı. Ancaq gözünün qabağına bir qız gəlirdi, hərdən çıxıb gedirdi, bir də yağış yağanda çölə baxıb sevinirdin ki, yaxşı ki, isti yerimiz var, yata bilirik. Dustaq bütün bunları gözünün qabağına gətirəndə bir də onu başa düşdü ki, dustaqlıq yanındakı qızın baxışlarındakı özgəlik qədər anlaşılmazdı.

Qız elə bu an onu düşüncələrdən ayırıb:

- Siz həbsdə olanda atam və anam ümidini kəsdilər. Sizi gözləmək istəmədilər. Ona görə də məni başqasına verdilər. İndi nişanlıyam. Bir həftəyə toyum olacaq. Sizə də dəvətnamə verəcəm, xahiş edirəm, gələrsiniz.

Qız bunu deyib gülümsündü. İlahi, adama da belə xəbəri bu qədər soyuqqanlıqla verməkmi olar? Bəlkə də həbsxanada vərdiş etmişdi: onlar üçün ən adi bir xəbər belə böyük təəccüblə qarşılanırdı. Ancaq azadlıqdakı adamların eşitdiyi, bir-birilərinə dediyi bu sözlər getdikcə soyuyan otaq kimi olub. Eynən gözəl, təmirli, lakin içində insanlar yaşamayan evlərə bənzəyib.

Dustaq nə deyəcəyini bilmədi və indi yanında gedən adamın təbəssümünü görüb anladı ki, əslində ikisi də həbsxanada yaşayırmış bu illər. Bircə fərq vardı: o azad olunmuşdu, qız isə yox...




İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK