adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Oktyabr 2018 22:35
8895
İDMAN
A- A+

PLANİÇKA FENOMENİ

Çexiya və Slovakiyada elə bir yaşlı adam tapmaq olmaz ki, Planiçkanın kimliyini bilməsin. Frantişek Planiçka müharibədən qabaqkı illərdə dünyanın ən güclü futbol qapıçılarından biri sayılırdı. Onu çox vaxt məşhur ispaniyalı Rikardo Zamora ilə müqayisə edərək, hansının daha güclü olmasını aydınlaşdırmağa çalışırdılar. Bu haqda mübahisələr, demək olar, heç vaxt kəsilmirdi. Sonda opponentlərin əksəriyyəti belə qənaətə gəldilər ki, hər iki əfsanəvi qapıçı bir-birinə layiq idilər.
Frantişek Planiçka 1904-cü il iyulun 2-də Praqada dülgər ailəsində dünyaya göz açıb. O, 1916-cı ildə Letnensk şəhər parkında yarışları ilə top qovmaqla futbolda ilk addımlarını atıb. 1923-1939-cu illər ərzində "Slovan", "Bubenets" və ən nəhayət, "Slaviya" klublarında çıxış edib. Planiçka Çexoslovakiya birinciliyində 1000-ə yaxın matçda iştirak edib. Səkkiz dəfə ölkə çempionu olub, altı dəfə kuboka sahib çıxıb. Çexoslovakiya milli komandasının heyətində 73 oyun keçirib (1926 - 1938-ci illərdə, 37 matçda komandanın kapitanı olub). 1934 və 1938-ci ilin dünya çempionatlarında yığmanın şərəfini qoruyub. "Slaviya" klubunun fəxri kapitanı, Çexoslovakiya əməkdar idman ustasıdır.

Rəqiblərin ilk görüşü

...26 yaşlı Planiçka ilk dəfə futbol meydanında 29 yaşlı Zamora ilə 1930-cu ildə Praqada görüşüblər. O dövrdə İspaniya yığması Avropanın ən güclü komandası sayılmasına baxmayaraq, həmin oyunda 0:2 hesabı ilə Çexoslovakiya futbolçularına məğlub oldu. Planiçka tarixi matçı sonralar belə xatırlayacaq: "Qonaq komandanın futbolçuları arasında yeganə ruhdan düşməyən Rikkardo Zamora idi. İspaniya futbolçuları məğlubiyyətdən sonra çox əsəbi idilər. Qapıçıdan müsahibə alan ispan jurnalistləri də əsəbi görünürdülər, fotomüxbirlər təlaş içində idilər. Təkcə Zamora özünü soyuqqanlı aparırdı. Onun gücü də məhz sakitliyində idi. Verdiyi müsahibədə Zamora ünvanıma xoş sözlər dedi və məni oyunun qəhrəmanı adlandırırdı. Onun sözlərini heç vaxt unutmuram".
F. Planiçka üçün daima öyrənmək, ustalığını kamilləşdirmək, idmanda yeni zirvələr fəth etmək adi norma və qayda idi. Bunun üçün isə zəhmət çəkmək və intizamlı olmaq əsas şərtdir.

Yakuşinin dediklərindən...

SSRİ-nin əməkdar məşqçisi Mixail Yakuşinin Planiçka haqqında xatirələrində belə yazır: "1934-cü ildə Moskvanın yığma komandası Praqada qonaq olarkən, Planiçkanın qapısını qoruduğu "Slaviya" komandasının iştrakı ilə keçirilən ölkə birinciliyinin oyununa baxmaq bizə nəsib oldu. Həqiqətən onun oyunu hamımıza xoş təsir bağışladı. Qapıçı üçün boyca çox da hündür olmayan Planiçka (175 sm) atletik cəhətdən hazırlıqlı, əla reaksiyaya malik, çevik və çox cəsarətli oyun nümayiş etdirirdi. Akrobatik tullanışla topu tutmaq, böyük risklə hücumçuların ayaqlarına atılmaq məharətini göstərirdi. Buna oxşar oyunu sonralar bizim Aleksey Xomic də nümayiş etdirirdi. O dövrdə futbolda qapıçının qapını tərk edib irəli çıxması nadir hadisə idi.
Planiçkanın üstün cəhəti onda idi ki, o, hər şeyi ani sürətdə ölcüb-bicə və taktiki cəhətdən özünü doğruldan qərarlar qəbul etməyi bacarırdı".

"Praqa pişiyi" ləqəbini aldı

1934-cü ildə İtaliyada keçirilən II dünya birinciliyi Frantişek Planiçkanın futbolçu bi-oqrafiyasında en maraqlı səhifələrdəndir. Çempionat başa çatandan sonra Avropa mətbuatı onun haqqında belə yazırdı: "Fenomen qapıçı", "Əsl möcüzə", "Şübhəsiz o qitənin ən yaxşı qapıçısıdır". Onun pişik sayağı tullanışları futbol bilicilərinin yaddaşında həmişəlik qalacaq. Sonralar ona "Praqa pişiyi" ləqəbi verildi. Həqiqətən də Planiçkanın cəsarətli oyunu sayəsində Çexoslovakiya yığması çempionatın finalına çıxa bilmişdi. Həlledici matçda Çexoslovakiya futbolçuları meydan sahibləri olan İtaliya millisi ilə üz-üzə gəldilər. Matçın birinci hissəsində hesab açılmadı. 70-ci dəqiqədə Puçun güclü zərbəsini italiyalı qolkiper Kombi tuta bilmədi. Görüşün qurtarmasına 8 dəqiqə qalırdı, hesab isə 1:0 çexlərin xeyrinə idi. İtaliya yığmasının sol kənar hücumçusu Raymondo Orsi rəqibmüdafiəçilərini aldadaraq qapıya yaxınlaşdı. Özünü elə göstərdi ki, guya sol ayağı ilə vuracaq. Lakin sağ ayağının zərbəsi ilə topu qapıya yönəltdi. 90 dəqiqə başa çatandan sonra hesab 1:1 idi. Əlavə olunmuş vaxtda Skyavionun zərbəsindən sonra İtaliya millisi 2:1 hesabı ilə qələbə qazandı və dünya çempionu oldu. Birinciliyin qəhrəmanları italiyalı Cüzeppe Meatsa və çex Frantişek Planiçka elan olundu.

Çexlər mənəvi qələbə
qazandılar

Neytral müşahidəçilərin fikrincə, Çexoslovakiya futbolçuları daha yaxşı oyun nümayiş etdirmişdilər. İtaliyalılar isə kobud oyun sayəsində, bir də hakim Eklindin oyunu qərəzli idarə etməsi səbəbindən "Qızıl ilahə" kubokuna sahib çıxdılar. Buna baxmayaraq, final görüşündən sonra İtaliya tiffoziləri hörmət əlaməti olaraq, Planiçkanı meydandan çiyinləri üstə apardılar. Bundan əlavə, çex qapıçısına xüsusi "Persey" mükafatı verildi. Amma naməlum səbəbdən həmin mükafat Planiçkaya 30 ildən sonra təqdim olundu.

Yada düşdü xatirələr

1964-cü ildə qələbənin 30 illiyini qeyd edən İtaliya idman mətbuatı ittifaqı Frantişek Planiçkanı Roma şəhərinə dəvət etmişdi.
Ona köhnə dostlarının əhatəsində təntənəli sürətdə həmin "Persey" mükafatı verildi. Ziyafətə dəvət edilmiş 34-cü ilin final matçının iştrakçıları - Meatsa, Piola, Ferrari, Kolaussi, Andreallo və digərləri yeganə əcnəbi olan Planiçkanı təbrik etdilər və birlikdə həmin fnalda vurulan qolları bir daha xatırladılar.

Sınıq əl ilə 33 dəqiqə qapını
qorudu

F. Planiçka özünün sonuncu 73-cü matçını 1938-ci il iyunun 14-də Fransanın Bordo şəhərində III dünya çempionatının 1/4 finalında Braziliya yığması ilə görüşdə keçirib. O zaman onun 34 yaşı var idi. Matç dramatik anlarla zəngin olub: braziliyalılar ardı-arası kəsilmədən Çexiya komandasının qapısına tərəf kəsərli və təhlükəli hücumlar edirdilər. Növbəti hücumların birində Planiçka zərbə vurmağa hazırlaşan Perasionun ayaqlarına atılan zaman qolunu sındırdı. Oyunun qurtarmasına 3 dəqiqə qalırdı. Hesab isə 1:1 idi. Belə olan halda hakim 30 dəqiqə əlavə vaxt təyin etməli idi. O zamankı qaydalara görə isə nə qapıçını, nə də digər futbolçunu əvəz etmək olardı. Sonralar Planiçka həmin oyunu tez-tez xatırlayırdı: "Hücumçu ilə toqquşarkən gözlərimdən sanki qığılcım qopdu, qolumun və biləyimin ağrısı dözülməz idi. Son 3 dəqiqə mənə əbədiyyət kimi göründü. Hakimin fiti 90 dəqiqənin bitdiyini bildirdi. Deməli, əlavə 30 dəqiqə də oynamaq lazım gələcək. Komandamız dünya çempionatına məşqçisiz və həkimsiz gəlmişdi. Nümayəndə heyətimizin rəhbəri özü ilə gətirdiyi xüsusi müalicəvi əhəmiyyətli yarım litrlik mayeni qolumun üstünə boşaltdı və mən yaşıl meydana qayıtdım. Çətinliklə də olsa, oyunu başa vurdum. Braziliyalı Leonidas ikinci topu bizim qapıdan keçirib komandasına qələbə qazandırdı. Matç bitəndən sonra məni stadiondan xəstəxanaya apardılar. Belə vəziyyətdə 33 dəqiqə oynadığımı bilən həkim heyrətdən donub qalmışdı".

Fədakar qapıçının düşüncələri

Frantişek Planiçka həqiqətən dahi idmançıdır. O, qorxu nə olduğunu bilməmiş, çox vaxt böyük risk edərək, qapısını qorumaq xətrinə cəsarətlə hücumçuların ayaqlarına atılırdı.
Aldığı saysız-hesabsız zədələr - 4 dəfə beyin- kəllə zədəsi, sınıqlar, oynaq çıxıntıları onu mübarizədən çəkindirməmişdi. Çexiyalı qapıçı belə hesab edirdi ki, əgər qapıçı qorxu hissini özünə yaxın buraxarsa, bu zaman o, inamsız və qətiyyətsiz oynayaraq, səhvlərə yol verəcək. Öz dövrünün futbolu haqqında danışarkən Planiçka belə deyib: "O vaxtın futbolçuları nadir istedadları, qeyri-adi bacarıqları olan və futbola təmannasız xidmət etməyə hazır idmançılar idi. İndiki istedadlara isə elmi-metodiki məşqlərin məhsulu kimi baxmaq olar. Əvvəllər idmana olan təmiz və saf məhəbbəti indi kommersiya və gəlir qazanmaq düşüncələri əvəzləyir".
Planiçkanın fikrincə, bir çox ölkələrdə müdafiə futboluna üstünlük vermək xoşagəlməz nəticələrə gətirə bilər. Futbol oyununu estetik cəhətdən yaraşıqlı və baxımlı edən qapıya vurulan qollardır. Azarkeşləri də stadiona cəlb edən, ürəklərə sevinc bəxş edən məhz budur.

F. Planiçka Londondakı oyunu karyerasının ən maraqlısı sayır

Məşhur qapıçı 1937-ci il dekabrın 1-də Londonun "Uembli" stadionunda İngiltərə yığmasına qarşı keçirdiyi oyunu karyerasının ən maraqlı oyunu hesab edir. Bu görüşdə Çexiya milli komandası 4:5 hesabı ilə məğlub olsa da, həmin nəticə onlar üçün yüksək nailiyyət kimi qəbul olunmuşdu. Planiçka əmindir ki, futbolun vətənində nümayiş etdirdiyi oyun onun futbolçu karyerasının zirvəsi hesab edilməlidir. Qeyd etmək lazımdır ki, həmin qarşılaşmadan sonra bir neçə peşəkar ingilis klubu Planiçkaya böyük məbləğdə pul təklif edərək, onu öz heyətlərinə cəlb etmək istəmişdilər. Lakin 34 yaşlı usta qapıçı bütün təklifləri rədd edərək bildirmişdi ki, futbol onun üçün peşə deyil, sevimli məşğələdir.

Çıxışlarını bilirdikdən sonra
futbolu təbliğ edib

F. Planiçka əlcəklərini mıxdan asdıqdan sonra uzun müddət məşqçi işləmiş, gənc fut-bolçuları yetişdirməklə məşğul olmuşdur. Sonra məşhur qapıçı Çexiya yığmasının keçmiş üzvlərindən ibarət veteranlar komandasını təşkil etmiş, futbolun təbliği və inkişafı məqsədilə onlarla birlikdə ölkənin bütün şəhərlərini gəzmişdir. Çex xalqının sevimli oğlu Frantişek Planiçka qoca yaşlarınadək veteranlarla futbol oynamış, heç vaxt siqaret çəkməmiş və spirtli içki içməmişdir. O, belə hesab edir ki, idmanda uzun ömürlüyün əsas səbəbi nizam-intizam və rejimə əməl etməkdir. Görkəmli idmançı həmişə bu prinsipə riayət edib.

Son söz!

Sonda, 1938-ci ilin dünya birinciliyinin qəhrəmanı və bombardiri olmuş məşhur braziliyalı hücumçu Leonidasın Planiçka haqqında dediyi sözləri sitat gətirməyi lazım bildik: "O, yüksək mənəviyyata malik idmançı, istedadı ilə dünyada tanınan qapıçı, qorxubilməz cəngavər və unudulması mümkün olmayan əsl insandır".