adalet.az header logo
  • Bakı 12°C
24 Oktyabr 2018 22:22
19258
ƏDƏBİYYAT
A- A+

ONUN HƏYAT AMALI

Əlisəfa Azayev

Əlli ildən artıq bir dövrü əhatə edən onun pedoqoji fəaliyyətinin qırx ilə yaxın müddətini, o, məktəb direktoru işləmişdir. İşləmişdir demək bəlkə də yerinə düşmür, onun fəaliyyət illərinin büruzə verməkdə də çox zəif təsir bağışlayır. O, sadəcə olaraq həmin illər ərzində işləməmişdir, mən deyərdim ki, şam kimi yanaraq öz şagirdlərinin həyat yoluna işıq saçmışdır... Bu, onun həyat amalı idi.
Daha çox müddət ərzində əmək fəaliyyətində olduğu, direktor işlədiyi Köhünlü kənd orta məktəbi o illərdə nəinki Kürdəmir rayonunda, respublikamızda sayılıb-seçilən məktəblərdən idi. O vaxtlar "Azərbaycan müəllimi" qəzeti onun iş təcrübəsindən bəhs edən silsilə materiallar dərc edərdi. Qabaqcıl maarif xadimi kimi, onun iş təcrübəsi yayılardı. Xüsusilə təlim-tərbiyə sahəsində olduğu kimi, məktəbin səliqə-səhmanlı saxlanmasında, şagirdlərin təcrübü işdə əldə etdikləri nailiyyətlərə görə...
O vaxtlar Köhünlü kənd orta məktəbinin müəllim kollektivinin istehsalat, xüsusilə bağçılıq, ting yetişdirmə sahəsində əldə etdiyi təcrübə başqalarına əsl mənada nümunə idi. Məktəb şagirdləri çəkil tingləri yetişdirib kolxozlara, sovxozlara verirdilər. Onlar da böyüyəndə ipəkqurdu bəsləmək üçün istifadə olunurdu. Əldə olunmuş maddi vəsait məktəbin hesabına ödənilirdi.
Məhəmməd Zeynalov yaradıcı adam idi. Bir an da işsiz, fəaliyyətsiz dayanmağı xoşlamazdı. Direktor kimi həmişə onu vəzifə başında görmək olardı. Vaxtaşırı dərslərdə olar, səliqə-səhmana, nizam-intizama ciddi fikir verərdi.
O özünə görə çox universal biliyə malik, əsl zəka sahibi idi. Tarixçi olsa da, riyaziyyatı, kimyanı, fizikanı ixtisas sahiblərindən az bilmirdi. Onunla söhbət etmək həmişə maraqlı idi. Bu qayğıkeş insanı tez-tez valideyinlərlə, sadə zəhmət adamları ilə söhbət edən görərdin. Hamı ilə öz dili ilə danışmağı bacarırdı. Məhəmməd müəllimin gəlişi, hansı qapını isə döyməsi, açması o ailə üçün əsl mənada hadisə olardı. Hara ayaq qoysaydı beləcə böyük ehtiramla qarşılanardı. Məhəmməd müəllimi gəncliyində, elə ahıl çağlarında da neçə dəfələrlə kolxoz təsərrüfatına, rayon təşkilatlarına rəhbər vəzifəyə dəvət etsələr də, getməmiş, öz sadə müəllimliyini, direktorluğunu bütün vəzifələrdən üstün tutmuşdu. Gəncliyində rayon maarif şöbəsində işləməsi nəzərə alınmasa, bütün ömrü boyu öz şagirdlərinə dərs deməkdən duyduğu fərəhi heç bir sahədə duymamışdı.
Bəlkə də elə bunun nəticəsi idi ki, Məhəmməd müəllim onu tanıyanlar, dərs dediyi şagirdlər üçün həmişə əsl mənada örnək idi. Çoxları onun kimi yaxşı müəllim, direktor olub, fəaliyyət göstərməyi arzulayırdılar. Təmənnasız adam idi. Yaxşı nitqi, gözəl xətti, təqdir olunası təcrübəsi vardı. Onu kimi səliqəli geyinməyi, yazmağı necə də arzulayırdıq. İndi də çoxlarımızın xətti onunkuna oxşayır.
O, mənim üçün sadəcə əziz bir adam, dayı yox, həm də yaxın dost, məsləhətçi idi. Saatlarla ona qulaq asar, söz-söhbətndən doymazdım. Yaxşı yadımdadır, bir gün söhbətləri bugünkü məktəblərdən, təlim-tərbiyədən düşdü. Gileyli halda dedi: "Neçə il işlədim... Görən, bir nəfər deyə bilərmi ki, Məhəmməd müəllim məndən attestata görə beş manat pul alıb? Yox... Heç vaxt"...
El adət-ənənələrinin vurğunu olan bu adam, onları qoruyub yaşatmağı, nəsildən-nəsilə ötürməyi tövsiyyə edərdi. Bir dəfə kəndimizdə yaxın bir adam təsir altına düşüb, cinayət işi üstə təqsirləndirilirdi. Onun cəzasını yüngülləşdirmək üçün səy göstərənlər, maddi vəsait toplamaq iətəyənlər oldu. Məhəmməd müəllimə bildirəndə dedi: "Ə, nə qoyun? Heç bir keçi də vermərəm. Kənd üçün pis nümunə yaratmayın. O, gedib dələduzluq edəcək, kefə baxacaq, biz də onun üçün pul toplayacağıq? Qoy cəzasını çəksin, ağlı başına gəlsin".
Allah sənə qəni-qəni rəhmət eləsin, məzarın nurla dolsun, Məhəmməd müllim. Sənin bu sözlərin, bu gün narkotika üstə mühakimə edilib, sabah həbsdən qayıdan, sanki öz doğmaları tərəfindən bir qəhrəman kimi qarşılananlar üçün bir sillə olmalıdır. Axı, qəbahət sahiblərinə bu xoş münasibəti görən gənclər, sonra nə düşünə bilərlər? Belə olmamalıdır!
Qarabağ münaqişəsinin şiddətli vaxtı, hərbi xidmətdən boyun qaçıran gənc haqqında demişdi: "Yəqin ki, belə də getməyəcək... Müharibə də qurtaracaq. Onda o hansı üzlə camaat arasına çıxacaq? Bir də ki, ona qız verən ata, ana tapılacaq? Ağlı olan qız da ona getməz. Bu gün Vətəni darda qoyan oğul, sabah ona necə sədaqətli ömür -gün yoldaşı ola bilər?.."
"Kürdəmir şəhidləri" kitabını oxuyandan sonra kövrəlmiş halda dedi: "Çox yaxşı... Allah razı olsun səndən... Heç olmaya sən yada saldın, yazdın... Yoxsa kim idi onları yada salan, xatırlayan..." Bir də mənim üçün olduqca ağrılı bir məsələyə toxundu: "Fikir vermisən də... Səksən bir şəhidin əksəri 115 №li Kürdəmir Texniki peşə məktəbində oxuyanlar olub... Ə, bu peşə məktəbi yox, cəsurlar hazırlayan məktəb imiş ki?.." Sonra isə qəhərli halda əlavə etdi: "Həmişə belədi... Fırtına vaxtı dənizdəki çirkab kənara atılır. Müharibə də bir sınaqdır... Yaxşı-pis tanınır... Qəlbində Vətən məhəbbəti, istəyi olan oğullar belə anlarda həmişə öndə olublar..."
Sözsüz ki, Kürdəmir rayon Partiya Komitəsində onun Qarabağ cəbhəsinə getmək üçün MK-nin nümayəndəsinə rəsmi ərizə verməyini bildirdi... "Əsgər anası" povestini oxuyandan sonra söhbət zamanı ona demişdi: "Çox gözəl... Təsirləndirdin məni... Necə lazımdı, eləcə də yazılıb... Daha nə deyim..." Bəlkə də həmin povesti oxuyanda Böyük Vətən müharibəsi illərində itkin düşmüş qardaşı Xanışı xatırlamışdı? Bilmirəm... Yoxsa, o illərdə səfərbər olub, Bakı şəhərimizi düşməndən müdafiə etmələrini, ağır müharibə, təlim illərini... Kürdəmirin yeganə Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayev haqqında yazdığım "Qürbət ellərdə" romanını oxuyub təsirlənmişdi. Xüsusilə həmin roman haqqında "Azərbaycan" qəzetində gedən yazını oxuyanda... Söhbət zamanı dedi: "Çox gözəl... Yazıçısan da... Əlfi Qasımova da Allah rəhmət eləsin... Sənə həmişə arxa, dayaq olub... Qaldı ki, romana... Məmiş haqqında sən yazmalı idin də... Rayonumuzun fəxridir..."
Allah sənə qəni-qəni rəhmət eləsin, məzarın nurla dolsun Məhəmməd müəllim. Sənin yoxluğuna adam inanmır. Sən beləcə söz-söhbətinlə hər birimizin qəlbində elə bir mənəvi abidə ucaltmısan ki... Beləcə uzun illər yaşayacaqsan. Öz kamilliyinlə, nüfuzunla bizim üçün həmişə uca, əl çatmaz, qürurlu olmusan! Bu ucalıqla da qalacaqsan!.. Bir də dediyin bu sözlərlə: "Əlisəfa, görürəm səndə bu bədii yaradıcılığa böyük həvəs var. Əl çəkmə bu yoldan. Nə gizlədim, o qədər hüquqşünas, hakim, prokuror, müstəntiq, rəis görmüşəm ki... Hərəsi bir yolla sıradan çıxıb. Hüquqşünas olsan da, yazı, sənət daha dəyərli, lazımlıdı..."