adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2018 22:16
9882
GÜNDƏM
A- A+

MİLLİ MƏTBUATIMIZIN VƏ JURNALİSTİKAMIZIN ŞİRMƏMMƏD HÜSEYNOV MƏKTƏBİ

PORTRET

Ramiz Orsər

-Müəllim, tədqiqatçı alim, vətəndaş,..
-"Qayğısına qalmaq" və "həsr etmək" feilləri arasında bir ömür yaşayan azərbaycançı,...
-Azad sözün məcnunu, həqiqətin ünvanı,..
- Raxmetovun Çergışevski çağdaş azərbaycanlı nümunəsi...
-Təmizlik və dönməzliyin etalonu...
-Azərbaycançılıq ideyalarının müasir nəfəsverəni və ümumiləşdirilmiş tipik icraçısı,...
-Yalana, boğazdanyuxarı deyilən sözə, yaltaqlığa və ikiüzlülüyə... "qırmızı vərəqə" göstərən vətəndaş-hakim,...
-Əqidə və məsləki poladdan, "Tanrının bizə bəxş etdiyi insan",...
-Təmtəraqsız yaşam tərzi ilə "XXI əsrin əvvəllərində bilgisayarla sayılacaq qədər geniş bir ziyalı ordusunun içində sözü üzə deyən, düzünü dilə gətirən mücahid "...
-Bəlkə də, "Təlisman",...
-və sair...
Bunlar mənim qəhrəmanımın portret cizgiləridir.
Yaşlı nəsil, ziyalılar və məmurlar, böyük gənclər ordusu, mütaliəsi olub mətbuatla ilgili olan hər kəs bu portret təqdimatımdansöhbətin kimdən getdiyini və nədən qaynaqlandığını yəqin ki, bildi. Belədə deyiblər: Allahdan gizlin olmayan, bəndədən niyə gizlin qalsın?! Bəs onda portretin ünvanı, sahibi kimdir? Deyirəm, hamı bilsin. Şirməmməd Hüseynov!

TANIŞLIQ

Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub, doğulduğu şəhərdə M.F.Axundov adına 2 nömrəli orta məktəbi (1940), Şəki ikiillik Müəllilmlər institutunun fizika-riyaziyyat fakültəsini (1940-1942), Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsini (1945-1950) fərqlənmə diplomu ilə bitirmişdir. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1950-1954).
Əmək fəaliyyətinə müəllim kimi başlamış, Zaqatalanın Varxian, Şəkinin Aşağı Göynük, Oxud və Şəki şəhər 10 №-li orta məktəblərində fizika-riyaziyyat müəllimi işləmiş (1942-1944), "Nuxa fəhləsi" qəzetində ədəbi işçi kimi çalışmış (1944-1945), sonrakı dövr əmək fəaliyyəti isə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur: ADU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetində redaktor müavini (1947-1950), "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri (1948-1950) kimi çalışmış, filologiya fakultəsi jurnalistika kafedrasının baş müəllimi, sonra dosenti (1954-1961), ADU Jurnalistika fakültəsinin dekanı (1970-1976), Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri (1976-1980) işləmişdir.
Ş.Hüseynov 1971-1982- ci illərdə SSRİ Təhsil Nazirliyi jurnalistika üzrə Elmi-metodiki şurasının üzvü, 1976-1979-cu illərdə SSRİ Jurnalistlər İttifaqının sovet mətbuatı, televiziyası və radiosu tarixinə, nəzəriyyə və təcrübəsinə dair əsərlərin Ümumittifaq müsabiqəsi komissiyasının üzvü olmuş, 1988- ci ildən ADU Jurnalistika fakultəsinin Mətbuat tarixi və ideoloji metodları kafedrasının professorudur.
Şirməmməd Hüseynov həm respublikamızda, həm də respublikadan kənarda onlarla beynəlxalq konfransın iştirakçısı olub, məruzə və çıxışlar edib. 1954- cü ildən (ilk kitabı həmin ildə Moskvada MDU nəşriyyatı tərəfindən çap edilmişdir) 2018-ci ilədək 35 kitabı və monoqrafiyası nəşr olunmuş, 60-dan çox toplu və jurnal məqalələri, 65 adda yerli mətbu vasitələrində 1000-dən çox elmi publisistik məqaləsi dərc olunmuşdur.
Cümhuriyyətin 100 illiyi ilə əlaqədar hər həftənin şənbə günləri "525-ci qəzet"də iki səhifəlik material və sərhlərlə, "Azərbaycan" və "Yeni musavat" qəzetlərinin səhifələrində isə ardıcıl olaraq 1918-1920-ci illərin dövri mətbuat orqanlarında çap olunan məqalələrə şərhlər yazmaqla onları dərc etdirmişdir.
Mənim oxucu qənaətimə görə bu gün Şirməmməd Hüseynov "525-ci qəzet"i, "525-ci qəzet" isə Şirməmməd müəllimi şərəfləndirir.
Elə buradaca Sadıq Elcanlı ilə həmrəy və həmfikir olduğumu da bildirirəm.
"Yazılarında qızılı buğda zəmilərinin şövqü sayrışan, ruhunda halal əkinçi əllərinin qabarı görünən müəllimlər müəllimi, milli mətbuatımızın patriarxı Şirməmməd Hüseynovu və onun "525-ci qəzet"də silsilə şəklində təqdim etdiyi möhtəşəm məqalələri ehtiramla yada salıram. Şirməmməd Hüseynovun, xüsusilə, Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri ilə bağlı həqiqətpərəst mövqeyinə belə ardıcıl şəkildə, özü də geniş əhatədə yer verilməsi, onunla xalq ,tarixlə bu gün arasında mətbuat körpüsü yaradılması "525-ci qəzet"in ən böyük xidmətlərindən biridir. Bir çox gizli-aşkar hadisələrin canlı şahidi olmuş bu nəhəng mətbuat xadimiylə silsilə qəzet görüşlərini şəxsən neçə müddətdir ki, böyük bir sevgiylə, minnətdarlıq duyğusuyla izləyirəm, gözləyirəm və hər dəfə belə görüşdən sonra "525-ci qəzet"in əllərini sıxıram,-sağ ol, qardaşım,-deyirəm,-sağ ol ki, unudulan həqiqətləri yada salırsan, vaxtın amansız dəyirmanında unudulmağa qoymursan; sağ ol ki, xalqı öz böyük insanları, böyük həqiqətləri ilə yenidən qovuşdurursan, beləliklə, millətin tarixi yaddaş enerjisini, itkin tarixi gücünü bərpa edirsən, necə deyərlər, təkrar istehsala qaytarırsan...." (Sadıq Elcanlı, "525-ci qəzet", 1 sentyabr 2017-ci il, səh.9.)
Müxtəlif mükafatlarla təltif olunub: "Nizami" təqaüdü (1948-ci il), "Qızıl qələm mükafatı"(iki dəfə; 1966-cı və 1972-ci il), Respublikanın Əməkdar Jurnalisti (1988-ci il), Zərdabi mükafatı laureatı (1991-ci il), Y. Məmmədəliyev adına mükafat (1992-ci il), M.Ə. Rəsulzadə adına mükafat (1998-ci il), Prezident təqaüdü (2005-ci il) I dərəcəli Ali Media mükafatı (2010-cu il), Z. Xəlilov adına mükafat (2013-cü il), "Şərəf" ordeni ilə (2014-cü il) təltif edilmişdir.

GƏZİŞMƏLƏR

Şair və yazıçılar, görkəmli dövlət və elm xadimləri, tarixi şəxsiyyətlər, seçilən ziyalılar və s. haqqında zaman -zaman çox tutarlı sözlər deyiblər, fikirlər sərgilənib. Hətta bəzən yeri gəldi-gəlmədi sözlər naxışlandırılıb təriflər yağdırılıb, könüllər alınıb. Qarşılığında bu məqsədli "tərifnamələrin" önündə işıqforların yaşıl işığı yandırılıb. Şübhəsiz bu marafon bu gün də davam etməkdədir. C.Cabbarlının "itilgetlər"i (inteligentləri) itib getməyiblər. Onların indi də "meydan sulayanları", meydangirlik edənləri var . Sözsüz, bu da bir xəstəlikdir. Biz də belə xəstələrə, onların xəstə ruhlarına Allahdan şəfalar diləyirik.
Heç bir mübaliğəyə yer vermədən deyə bilərəm ki, Şirməmməd müəllim haqqında deyilənlər və yazılanlar qaydaların gözündən süzülüb gələn bulaq suyu kimi şəffaf və təmizdir. Onun haqqında deyilən və yazılan söz onun bənzərsiz obrazını canlandırır. Digər tərəfdə, Şirməmməd müəllim haqqında yazılan yazılardan və səsləndirilən fikirlərdən o təmənnasız insana sevgi və təmənnasızlıq bir qızıl xətt kimi keçir, şəxsiyyətinə və əməyinə verilən dəyər, qiymət kimi bir müstəvidə-təmizlik, yenilməzlik və fədakarlıq müstəvisində çevrələnir. Şirməmməd müəllim haqqında yazan və ya fikir səsləndirən ictimai xadim də, məmur da, alim də, ziyalı da, qələm dostları, əqidə və məslək qardaşları, tələbələri, dost- tanışları, sıravi vətəndaşlar da eyni "dalğada", eyni kökdə eyni sevgi, eyni duyğu və eyni vurgunluq, eyni heyranlıqla onun çoxpalitralı portret cizgilərini istək və məhəbbətlərinin, düşüncələrinin işığında sərgiləyirlər:
"Hörmətli Şirməmməd müəllim!
Sizin "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)" kitabınızın nəşr olunmuş hər iki cildini (Bakı 2015-2016) əvvəldən sonacan cümləbəcümlə oxudum. Və əminliklə deyə bilərəm ki, bu, hər şeydən əvvəl, kifayət qədər mükəmməl bir mətnşünaslıq işidir; ikincisi, eyni dərəcədə mükəmməl bir yazıçı-jurnalist işidir; üçüncüsü (və ən başlıcası) isə böyük bir vətəndaşlıq işidir ki, hər cür təqdirə layiqdir" (Nizami Cəfərov, akademik, millət vəkili).
"Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. "Böyük alim", "görkəmli tədqiqatçı", "jurnalistikamızın patriarxı", "jurnalistika elmimizin korifeyi", "qeyrətli vətəndaş", "fədakar insan", "mehriban ailə başçısı" və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar.
Son günlərdə eşitdiyim "millətin mühəndisi", "müasir milli düşüncəmizin arxitektoru", "millətin müəllimi" kimi epitetlər də Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır" (Cavanşir Feyziyev, fəlsəfə doktoru, millət vəkili).
"Azərbaycan tarixinin görkəmli bilicisi, neçə-neçə jurnalist və alimlər nəslinin ustadı, uzun, məzmunlu və mənalı ömrünün doqquzuncu onilliyini bütünlüklə Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadənin zəngin irsinin nəşrinə həsr etmiş professor Şirməmməd Hüseynov öz yeni kitabına yazdığı kiçik "Ön söz"də çoxmənalı bir xəbərdarlıq edir: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 98 yaşı tamam olacaq-100-ə az qalıb..."
Oxuculara təqdim olunan "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)" I cild kitabı ömrünün 10-cu onilliyinə qədəm qoymuş Şirməmməd müəllimin özünün bu 100 illiyə artıq hazırlaşmağa başladığına bariz bir nümunədir. Həm də çox ibrətamiz bir nümunə" (Solmaz Rüstəmova, tarix elmləri doktoru, professor).
"Əgər məndən xəbər alsaydılar ki, son əsrin ən yüksək bəşəri və milli şüurlu və vicdanlı Azərbaycan jurnalisti kimdir, bir an belə düşünmədən Şirməmməd müəllimin adını çəkərdim.
Əsrimizin jurnalistikası əsasən siyasətin carçısı və nökərləri səviyyəsinə "yüksəlmişdir". Bir-birini gah təsdiqləyən, gah inkar edən böyük və kiçik, uzun və qısa ömürlü jurnalistlərimiz olmuşlar və vardır, amma Şirməmməd müəllim kimilərini tapmaq çox çətindir." (Nurəddin Rzayev, tibb elmləri doktoru, professor).
"Ş.Hüseynovun yeni və dəbdə olan terminlə desək müəllimlik imici klassik mahiyyət daşıyır.Ə.Haqverdiyev, A. Şaiq, Y.Məmmədəliyev və b. kimi klassik müəllim keyfiyyəti ona da xasdır. Bu keyfiyyətin başında azərbaycançılıq dayanır" (Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor).
"Şirməmməd müəllim elmdə, siyasətdə havayı güllə atanlardan deyildir. O zaman söz silahına sarılır ki, ürəyində deməmək mümkün olmayan sözü, zirehi dəlib keçən gülləsi hədəfi sərrast seçir"(Famil Mehdi, şair-publisist, filologiya elmləri doktoru, professor).
"Üzeyir bəyin və Məhəmməd Əmin Rəsulzadənin məqalələrini transliterasiya edərək həm qəzetlərdə dərc, həm də ayrıca kitablar halında nəşr etdirən Şirməmməd Hüseynov kimi vicdanlı araşdırıcının işini hazırda bir başqasının belə şövq, səriştə bə peşəkarlıqla icra edə biləcəyini ağla gətirə bilmirəm" (Rəfael Hüseynov, akademik, millət vəkili).
(ardı gələn sayımızda)