adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Oktyabr 2018 22:08
5893
GÜNDƏM
A- A+

İLLÜZİYA

Esse
İnsanlar həqiqət yox, onları yaşadacaq illüziya axtarırlar. Anais Nin
Oğlum Erola

Loğman Rəşidzadə

(əvvəli ötən saylarımızda)

İrfan alimləri nəfsin yeddi mərtəbəsini qeyd etmişlər. İlkin mərhələ kimi "Nəfsi-əmmarə" və onun əksi kimi "Nəfsi-mütməinnə" götürülür. "Nəfsi-əmmarə"- hökm, əmr edən, insanı özünə tabe edib fəlakətlərə aparan nəfsdir. Bu, sırf yalan və illüziyadır. İlk baxışdan adama xoş gəlir, həzz və rahatlıq verir. Bu həzzin davamı kimi dəhşətli iztirablar və fəlakətlər girdabı, cəhənnəm əzabı qaçılmazdır. "Nəfsi-mütməinnə" isə, insanı qınayan, bəd əməllərdən çəkindirən və idarə olunan nəfsdir. Belədə insan həqiqət yolunu tapır, dünyaya bəsirət gözüylə baxa bilir. Bu, xilas nəfsidir, ehtirasların cilovlanmasıdır, bu iradi gücü dünyəvi və bəşəri əməllərə yönəldən mənəvi-əqli cövhərdir. Qeyd etdik ki, irfan alimləri nəfsin idarə edilməsi, ehtirasların xeyir əməllərə yönəldilməsinin müxtəlif yollarını nişan verirlər. Bunlardan biri, məşhur ilahiyyatçı Qəzzali insan ehtiraslarını cilovlamağın ən yaxşı vasitəsini oruc tutmaqda görürdü.
Nədənsə nəfsə "nəfsi-əmmarə" deyib qara yaxmışıq həmişə. Qeyd etdik ki, nəfsin mayasında və təbiətində həm Xeyir, həm də Şər estetikası qərar tutur. Nəfsi idarə etməklə, yönəlməklə həm Xeyir, həm də Şər əmələ imza atmaq olar. Paxıllıq da, həsəd və qibtə də nəfsin bətnində yetişir. Qibtə əslində təkamülün təməl prinsiplərindəndir, inkişafın mahiyyətidir. Qibtə insanlar arasında yarış, mübarizə, inkişaf və tərəqqi amilidir. İctimai mübarizələrin, ağıl, şüur, düşüncə savaşının, mənəvi-əxlaqi döyüşlərin bir an dayandığını təsəvvür edək. Belədə inkişaf dayanar, cəmiyyət çökər. Həqiqətə aparan yol da elə burdan keçir.
Lakin bütün bunları nəfsin digər astar üzüylə qarışdırmaq olmaz. Paxıllıq, nifrət, hikkə və şivən, heç şübhəsiz, nəfsin yırtıcı, dağıdıcı gücüdür. Qibtə yüksəlişə xidmət edən yarışdırsa, paxıllıq, nifrət, məhv edən, dağıdan, yerlə yeksan edən, cəmiyyətin inkişaf tempinə zərbə vuran intiqam hissidir. Təbii ki, belə nəfslə mübarizə labüddür. İrfan əhli bu barədə belə söyləyir: "Nəfsi- əmmarə deyiləndə insanı şəhvətə, qəzəbə və Haqqın əleyhinə olan işlərə yönəldən batini nəfsani qüvvə nəzərdə tutulur. Nəfsi-əmmarə batində olan vəhşi, şəhvətpərəst heyvan kimidir. Nəfsi-mütməinnə isə əql və ruhani olan bir nəfsi qüvvədir. O, yalnız Haqqdan danışar və Haqqa yönəldər".
Qoca dünya milyon illərdir ki, bütün eksperimentləriylə həqiqət axtarışındadır. Bu işdə də əsas yaradıcı güc, enerji mənbəyi yenə də nəfsdir, onun idarə etdiyi ehtiraslardır. Bu yolda ekstremal hallar da məqbuldur. Bəzən həqiqət bir şərab qədəhinə də sığır, haqqa gedən yol bir qədəh şərabdan keçə bilir. Haqqa sığınan kamil insan dünyaya sərxoş baxışlarla da baxıb onu ayıq, huşyar sərf-nəzər etməyi bacarar. Yaxud nəfsin qurbanına çevrilmiş bir qırmızıyanaq alma böyük bir inqilabi təkamülün istinad nöqtəsinə çevrilə bilər. Başqa sözlə, hər bir yanlışda bir naxış var. Kamillik, inkişaf və tərəqqi yollarında hər şey kara gəlir. Bu mənada həyat məntiqdən daha çox qeyri-məntiqidir, absurddur, məntiqsizliyin məntiqi təzahürüdür.

Alma inqilabı

Bizim bu geniş gözəl, bütün çətinlikləri, ziqzaqları, əzab-əziyyətlərilə cazibədar və sevimli dünyamız həqiqətə bənzər sadə bir yalan üstündə binə tapmışdır. Alma yalanı. Və yaxud, alma inqilabı. Bu da nəfsin yaratdığı, nəfsin yazdığı tarixdir. Dünyamızın yaranması haqqında bütün rəvayətlər, dini-teoloji baxışlar eyni mənbədən su içir. Adəmin Şeytan fitnəsinə uyması, Şeytan dəğdəğəsilə almaya meyl salması, tamahına qalib gələ bilməyib almanı yeməsi və cənnətdən qovulması... İlk baxışdan nəfsi-əmmarə qurbanlığı yada düşür. Nəticəyə baxanda isə, bu nəfsi alqışlamaya bilmirsən. Məhz bu nəfsin sayəsində dünyamız bərqərar olmuşdur. Bu sadə xronologiya ilə davam edən hadisələrin sonu dünyamızın yaranması ilə nəticələnir. Burada bir neçə paralelə diqqət yönəltmək olar. Bu dünyanı yaratmaq üçün Allaha bəlkə də səbəblər zənciri lazım olmayıb. Fikir qətiləşən anda səbəbə nə ehtiyac? Odur ki, heç nəyi mürəkkəbləşdirmədən sadə bir alma oyunu qurub. Bəlkə də yaratdığı dünyada insanın vacibliyini, mütləqliyini görüb bu vasitədən istifadə edib? Adəmi cənnətdən qovmaq üçün, sən demə, adi bir bəhanə də yetərliymiş. Allah, əvvəlcə qadağa qoydu, insan nəfsini bu qadağaya yönəltdi. Sonra da Şeytanı onun canına saldı. Şeytani təhriklər Adəmin səbr-qərarını bitib-tükəndirdi, ehtirasını coşdurdu. Hər şey ilahi iradənin təsiri altındadırsa, Şeytanın hərəkətlərində azadlıq, muxtarlıq, sərbəstlik axtarmaq absurd deyilmi? Axı, bütün yaranmışlar kimi Şeytan da Allah iradəsini yerinə yetirir. Düzdür, yer üzünün əşrəfi, Allahın sevimlisi olan insana itaət barədə ilahi əmrə tabe olmayan, müxalif hərəkət edən Şeytan barədə fərqli, özəl düşüncələr də mövcuddur. Lakin Şeytan da bütün hallarda ilahi iradəyə tabedir. Və sözügedən əməldə də Şeytan üzərində Allah hökmü mütləqdir. (Bəlkə eləcə, bunu Allah özü istəmişdi və Şeytanı insana xüsusi nəzarətçi təyin eləmişdi ki, onun vasitəsilə daim bəni-adəmi sınağa çəksin, iradi gücünü, ona sədaqətini yoxlasın?.). Bu məqamda insana məxsus özəllikləri də unutmaq olmaz: Allahın Adəmi mələklərdən fərqli olaraq maddədən yaratdığını və öz sifətlərindən bəzisini ona üfürdüyünü... Mələklər tam ilahi iradənin tabeliyində olduğu halda, Allah insana azad düşüncə, müstəqil hərəkət, başqa sözlə, faili-muxtarlıq verdi. Belə olanda, Adəmin sərbəst hərəkət edib, qadağanı pozması da, Şeytana uyması da başadüşüləndir.
İslam dininə məxsus fundamental postulatlardan biri də budur ki, Xeyir və Şər fələyin iradəsinə tabedir. Lakin bu, heç də insanların əməlinə qiymət verməyə, onun mükafata, yaxud cəzaya layiq olduğunu təyin etməyə maneçilik törətmir. Təbii, Xeyir və Şər Allahın iradəsindən asılıdır, lakin unutmamalıyıq ki, insan yeganə canlı olaraq həm də hərəkət sərbəstliyinə malikdir. Hər bir insanın sərbəst şəkildə hansı hərəkəti seçəcəyi Allaha öz əbədi biliyi sayəsində əvvəlcədən məlum olduğu üçün həmin aksiyaya rəvac verir, ya da yox... Odur ki, Adəmin niyyəti və şeytani vəsilə Allahdan xəbərsiz ola bilməzdi. Bu, heç də İlahi iradədən kənarda axtarılmamalıdır.
Üstəlik, bu Şeytanın Həvva şəklində peyda olması məsələni bir az da duruldur (Axı, Şeytan da mələkdir, qeybdir, gözəgörünməzdir. O da kiminsə cildində zühur etməliydi). Çünki bu camidə Adəmə Həvvadan yaxın, Həvvadan doğma kimsə yox idi. Allahtəalaya təbii, bu da agah idi ki, Adəmi yoldan çıxarıb bu təhlükəli işə təhrik eləyə bilsə, yalnız Həvva edə bilər. Demək, Şeytan heç vaxt uzaqda olmur, o, ya sənin daxilində, özündə, öz içindədir, ya da yanındadır, böyür-başında kölgə kimi dolaşır. Bir sözlə, Adəmi bu dünyaya transfer edib yeni bir aləm yaratmaq istəyilə Allahtəala yeni bir oyun qurdu və bu, baş tutdu. Adəm Şeytanın (Həvvanın) sayəsində Allaha verdiyi sözün üstündə sonadək möhkəm durmadı, qadağanı pozdu və bizim yaşadığımız yalan dünyanın bünövrəsi eləcə yalanla qoyuldu.
İlahi iradənin mütləqliyini nəzərə alsaq, biz Adəmdən danışanda, heç vaxt Şeytanı unutmamalıyıq. Hər bir halda, dünyamızın yaranması, Adəmin Adəm olması, peyğəmbərlik statusu alması, taclanması, Allahın elçisi sifətində yer üzünə sahiblik etməsində Şeytan çox ciddi bir amildir. Şeytan Adəmin Allah tərəfindən göndərlmiş nəfsidir, ehtirasıdır, enerji mənbəyi, yönəldicisidir. Şeytansız Adəm yoxdur. Onlar təkcə, antoqonist ünsürlər kimi yox, eyni zamanda biri digərini tamamlayan, bir-birinə qovuşuq doğma tandem kimi bir-birinin bətnindədir. Onlar zaman-zaman bir-birindən ayrılmazdırlar. (Bəlkə elə buna görə də dünya binə olandan kişi ilə qadın bir yerdədir, ayrılmazdır? Axı, insana Şeytan həmişə lazımdır). Şeytan olmasaydı, Adəm almaya heç vaxt meyl salmayacaq, alma inqilabı baş verməyəcək, Allah da yaratdığı bu dünyanı insanın öhdəsinə buraxmayacaqdı. Bəlkə, elə ən böyük həqiqət Adəmi cənnətdən imtinaya sövq edən, onu cənnət illüziyasından qoparan "nəfs-əmmarə" səbəbkarı Şeytandır?!
Şeytanın toyu

Hər bir çal-çağırda, şit və mənasız əyləncədə, özündənqaçma, özünütəlqin, özünəuyarsızlıq və özünəxəyanət var. Bütün bunlar Şeytanın xeyir-duası ilə baş tutan ruhi təbəddülatlardır. Biz çox vaxt real həyatda uduzanda, uğursuzluğa düçar olanda, dünyadan almaq istədiklərimizi ala bilməyəndə bizi müvəqqəti ovudan yalançı əyləncələrə, saxta ovqat yaradan illüzionist oyunlara, baş gicəlləndirən pis vərdişlərə - şəraba, tütünə, qumara və s. meyllənirik. Bu isə həyat deyil və hamımızın bildiyi kimi həyatın astar üzüdür, pərdədir, zəif hisslərimizi ört-basdır eləyən yalançı örtükdür. Reallığın sərt üzündən qaçıb xilas olmağın yolu budurmu?.. Bu yeni girdablar yaratmırmı? Hər kefin, eyş-işrətin, hər nəşənin sonu absurd və mücərrəd, bəzən də real ağrılarla izlənmirmi?
Kənddə, ailəmizdə pis vərdişlərə, yüngül hərəkətlərə, şit və mənasız şənlənmələrə yaxşı baxmırdılar. Belə təhminləri şeytan əməli hesab edirdilər. Kəndimizdə (deyəsən, eləcə Azərbaycanın çox yerində bu inam mövcuddur) belə bir fikir formalaşmışdı ki, Şeytan gecə yarısı hər gün özünə toy edir. Cinlər, şəyatinlər tövlədən atları oğurlayıb səhərə qədər elədən-eləyə, belədən-beləyə çapırlar. Kəndimizdən bir xeyli aralıda "Qəmzə təpəsi" vardı. Böyür-başı kolluq, keçilməz cəngəlliklə örtülmüşdü. Oralar çox vahiməliydi. Bu təpəyə gündüzlər qorxusundan heç kim ayaq basmırdı, qalmışdı gecə ola. Şeytanın toy səsləri də oradan gəlirdi. Həmin səmtə diqqətlə qulaq kəsiləndə, doğrudan da oradan çal-çağır, deyib-gülmək səsləri, hay-haraylar eşidilirdi. Bizə bərk-bərk tapşırardılar ki, pis işlərlə məşğul olmayın, dərslərinizi yaxşı oxuyun, valideynlərinizə qulaq asın, ev işlərinə kömək edin, avara-sərgərdan dolaşmayın. Çünki Şeytan, əsasən avaragor insanları toruna salır. Heç şübhəsiz, biz bu öyüd-nəsihətlərə canla-başla riayət etməyə çalışırdıq. Amma elə şirin nəsnələr, elə cəlbedci işlər olurdu ki, Şeytan torunu unudub (yaxud vecimizə almayıb, üstümüzdəki dəmir sancağa güvənirdik. Axı cin, şeytan dəmirdən qorxub hürkür...) məmnuniyyətlə qadağaları pozurduq və yalanı yalanla ram etməyə çalışırdıq.
Günlərin bir günü, doğrudan da, qəribə bir hadisə baş verdi. Sən demə, qonşumuzda avara, işsiz-gücsüz, bivec birisini yuxuda Şeytan aldadıb öz toyuna aparıb. Xeyli deyib-gülüb, oynayandan sonra onun qənşərinə bir dolu sini plov qoyurlar. O, həyəcanla danışırdı ki, iştahım aşıb-daşırdı; ağzım sulana-sulana eləcə, "Bismillah" - deyib, plova girişmək istəyirdim ki, birdən-birə hər şey yox oldu. Gördüm ki, gecə yarısı evin qabağında həyətdə tək-tənha bardaş qurub oturmuşam, qabağımda da alüminium qabda bir boşqab mal təzəyi. Təcrübəli ağsaqqallar dedi ki, Allaha dua elə, Allah üzünə onda baxıb ki, "Bismillah" - deyibsən. Plovdan bir mıca yesəydin, cin vuracaqdı başına, dəli-cinni olub, düşəcəkdin çöllərə. Get, tasadlıq çıxart, gücün çatsa, qurban kəs...
(ardı gələn sayımızda)