adalet.az header logo
  • Bakı 6°C
24 Oktyabr 2018 17:23
18519
HÜQUQ
A- A+

Adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilən dəstəyə 30 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, xuliqanlıq və digər ağır cinayətlərdə təqsirləndirilən Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əmirov 1 il 6 ay, Kamil Əmirov, Rüfət Kərimov və İsmayıl İbrahimov 7 il, Elvin Hüseynov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə görə Rüfət Əmirov ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə bəraət alıb, yalnız xuliqanlığa görə cəza verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Rüfət Əmirov qanunsuz silah saxlamağa görə saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus daraq və yeddi ədəd patron aşkar olunaraq götürülüb.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olub.

Daha sonra onun barəsində aparılan istintaq dövründə onunla cinayətdə iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.