adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Oktyabr 2018 10:52
47915
LAYİHƏ
A- A+

Mirzə Cəlil həyatındakı gizlinlərdən danışdı – YENİ LAYİHƏ


Adalet.az Ayxan Ayvazın təqdimatında "Klassiklərlə çağdaş söhbət” layihəsindən Mirzə Cəlillə müsahibəni təqdim edir.

- Mirzə, istəyirəm ondan başlayım ki, Rafiq Tağı sizin haqda bir yazı ilə çıxış etmişdi və o yazıda qeyd sizi "ədəbi kollaborasionist” adlandırmışdı. Nə cavab verərdiniz bu ittihama?

- Rafiq Tağını tanımıram. Görünür, ittiham etməkdə tələsib. Mən millətin məzlum vəziyyətə düşməyindən yazmışam. Heç vədə onlara düşmənçilik etməmişəm. Görünən kəndə nə bələdçi? "Molla Nəsrəddin” jurnalı haqda yazıbmış ki, bu, natamamlıq kompleksinin səbəbindən ortaya çıxıb. Mən başa düşmürəm, axı bu Rafiq Tağı bununla nə demək istəyir? Jurnal mənim başıma bəla olub, nə hədələr almışam bu üzdən. Mən nə yazmışam orda? Yazmışam ki, sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Bu həqiqət deyil?

- Saysız-hesabsız felyatonlar, məqalələr, əsərlər yazmısınız. Amma məncə, sizin zirvəniz "Danabaş kəndinin əhvalatları”dır, bir də "Ölülər”...

- Tək siz yox, çoxları mənə bunu deyir. Mən bu əsərlərdə Azərbaycanın matəmgahını təsvir etmişəm. Əzilən insanların göz yaşlarını qələmə almışam.

- Mirzə, üzr istəyirəm, sözünüzü kəsdim. Amma bu məqamda bir sual ortaya çıxdı. Həmid Herisçi iddia etmişdi ki, Mirzə Cəlilin "Ölülər” pyesi belçikalı yazıçı Moris Meterlinkin pyesindən köçürülmədir.

- Mən dediyiniz o tamaşaya Tiflisdə baxmışam... Amma köçürmə deyil.

- Həmid ağa hesab edir ki, "Ölülər” Materlinkin "Müqəddəs İorgenin süqutu” tamaşasının kopyasıdır...

- Qətiyyən! Mən öz xalqımın dərdini yazmışam. Ola bilsin ki, təsirlənmə olub. Axı bizim hələ o zaman ədəbi sütunlarımız yaranmamışdı. Rus dili sayəsində o biri ədəbiyyatlarla tanış olurduq. Mən də çox oxuyurdum və özüm üçün bir cığır açırdım. Heç vaxt "Ölülər”ə oğurluq deyilə bilməz. Bu, mənim ruhumdan süzülüb gəlib.

- Daha bir iddia var: "Molla Nəsrəddin” jurnalı Rusiyanın satirik jurnallarının iqtibası və tərcüməsidir”...

- Bilirsiniz, tənqid vacibdi, lazımlıdı. Amma daha böhtan, şər yox. Bəli, dediyim kimi mən Rusiya qəzet və jurnallarını oxuyurdum, onlardan nəsə öyrənirdim. Amma oğurlamaq üçün yox, bu milləti necə işığa çıxarmaq üçün. Başqa nümunə yox idi əlimizdə. Bircə rusların jurnalları idi. Amma "Molla Nəsrəddin” özümüzündü, öz səsimizdi, orda xaric səs tapa bilməzsiz. Dəxi də bundan başqa cavabım yoxdu.

- Mirzə, indiki zamanda cəmiyyət boşanmaya və ayrılığa faciə kimi yanaşır. Amma bildiyim qədəri ilə siz üç dəfə evlənmisiniz. Sonuncu Həmidə xanım olub...

- Bu haqda danışmaq istəmirəm. Şəxsi məsələləri özümə də danışmıram. Bu, mənim sirrimdir.

- Sirr? Axı bunu bilirik və burda qəbahət yoxdu...

- Bilirəm, adıma hər cür hədyanlar çıxır. İstəmirəm.

- Bilirsiniz, niyə soruşuram? Çünki sizi hərtərəfli görmək istəyirəm. Yalnız dərsliklərdə qalmağınızı istəmirəm. Bütün tərəfləriniz maraqlıdır. Axı dünya yazıçıları bu kimi şeyləri gizlətmirdilər...

- Mən axı qeyri-adi heç nə yaşamamışam. Hər şeyim ortadadır. Yazdıqlarıma baxsanız, məni yaxşı-yaxşı tanıyarsınız. Həyatımı bu xalqın maariflənməsi və mənəvi mənada dirilməsinə həsr etmişəm. İndi də olsa edərəm. Və həmişə məşəli əlimdə daşımağa hazıram. Ola bilsin ki, bu tərəfim yox, o biri tərəfim insanlarımız üçün maraqlı olsun. Mirzə üç dəfə evlənib...

- Hətta bacınız Səkinə yazmışdı ki, qardaşım Cəlilin bütün evliliklərdə bəxti gətirib. Onun birinci və ikinci arvadları onu qəlbən sevirdilər. Ancaq qardaşım heç vaxt öz xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da bədbəxt edib.

- Yox! Razı deyiləm! Heç kimi bədbəxt etmək fikrim olmayıb. Bədbəxt etməmişəm də. Sadəcə mənim bəxtim gətirməyib, deyək. Yaşadıqlarım və hiss etdiklərim o qadınlar üçün ağır yük olub.

- Bəs qızınız Münəvvəri quyuya atdığınızı deyirlər. Necə olub o hadisə?

- Atmadım! Az qalsın atacaqdım. Qızım Münəvvərin bir yaşı olardı, hələ Naxçıvanda yaşayırdım. O gün bərk ağladı, mən çox ciddi bir işlə məşğul idim. Körpənin anası isə xəstə idi, yerdə yatırdı, uşağa baxan yox idi. Mən işimi buraxıb uşağı götürdüm, dayəlik eləməyə başladım. Neyləsəm də, ağlamaqdan çatlayan çağanı kiridə bilmirdim. Axırda o qədər bezdim və əsəbləşdim ki, uşağı canımı qurtarmaq üçün həyətdəki quyuya tullamağa getdim. Yolda ya fikrimi dəyişdim, ya da kimsə getməyə qoymadı, orası yadımda deyil.

- Dəhşətdir...

- İnanırsınız, huşum özümdə deyildi... Çox çətin anlar yaşayırdım...

- Həyat yoldaşınızı – Həliməni itirdiniz... Və ikinci xanımınızla qarşılaşdınız. Necə xatırlayırsınız o anı?

- Bir kərə otaqda oturmuşdum, kitab oxuyurdum. Qəflətən qapı açıldı, gənc və gözəl bir qadın otağa girdi. Mən özümü itirdim, o isə heç diksinmədi, adətən müsəlman arvadları belə hallarda özlərini itirdikləri halda o, sakitcə mənə baxdı, qürur və təkəbbürlə otaqdan keçib o biri qapıdan çıxdı. Onun görünüşü mənə yuxu kimi gəlirdi. Duruşu beynimdə həmişəlik əks saldı.

- Deyilənə görə, həmin xanımın adı Nazlı imiş və Məmmədqulu bəy Kəngərlinin bacısı imiş.

- Elədi.

- Siz onunla toy etdiniz, o da bacınız Səkinəylə...

- Hə, elə oldu... İki toy birdən oldu.

- Bəs nə oldu ki, Məmmədqulu bəy bacınızı ata evinə göndərdi?

- O bizim ailəmizin məsələsidir.

- Bir il sonra boşandılar, hə?

- Təəssüf ki... Yazıq Səkinə. Gəlmişdi bizə, ağladı-ağladı, sonra da yıxılıb yatdı.

- Faciələr ard-arda gəldi. Yoldaşınız Nazlı ruhi xəstəxanada vəfat etdi, Məmmədqulu bəyi də vurdular.

- Hə... (kədərlənir) Lənət olsun, qan davasına. Nazlı çox sevirdi məni, qısqanırdı, durduq yerə əsəbiləşirdi. Vaxtından əvvəl uşaq doğdu, ondan sonra halı xarablaşdı... (danışa bilmir, göz yaşları sözlərinə mane olur – A.A)

- Mirzə, sizlə Həmidə xanım bu məqamda rastlaşdınız. Hər ikiniz tutunacaq bir budaq axtarışında idiniz. Həmidə xanım iki uşaqla dul qalmışdı, qardaşı da özünü qatarın altına atmışdı. Sizin də halınız belə...

- Həmidə mənim ən çətin zamanımda gəldi. Yaxşı ki də gəldi. O, çox güclü qadın idi. Zirək, savadlı, namuslu, sevgisinə sadiq. Biz bir-birimizə həyan olduq. Qaranlıqlarda əl havasına tapdıq bir-birimizi və zirzəmidə qalmış ömrümüzü gün işığına çıxardıq.

- Sizin bir qulluqçu xanımla münasibət qurduğunuz da söylənilir.

- Elə deyil. Bunlar böhtandır. Mən sadəcə o qızın dişini düzəltdirmək üçün Tiflisə aparmaq istəmişdim. Müsəlman camaatı belədir də... Yalandan adamın üstünə qara yaxmaq istəyir. Düzü, Həmidə xanımı az qala inandırmışdılar. Yazıq nə hallara düşdü.

- Birinci ərindən olan qızı da intihar etdi, oğlunu da müharibədə itirdi. Təsəlli ola bilirdiniz ona?

- Olurdum, desəm yalan olar. Hər halda insan yarasını bağlamaq elə asan deyil. Yanında olmağa çalışırdım. Göz yaşlarına ortaq olurdum. Amma nə çarə? Üzü gülsə də, içində fırtınalar əsdiyindən xəbərdar idim. Ona baxanda tikə-tikə olurdum. Çox əzab çəkirdi...

- Sizin qızın da taleyi yaxşı olmadı... Quyuya atmaq istəyib də fikrindən daşındığınız Münəvvəri deyirəm...

- Yazıq Münəvvər.

- Birinci dəfə konsulla evləndi, deyəsən. Onun toyuna getmədiniz.

Niyə?

- Nə bilim, istəmirdim. Razı deyildim.

- İkinci dəfə Həmidə xanımın ilk nikahından olan oğlu ilə evləndi. Buna da razı deyildiniz...

- Qarşı idim bu evliliyə. Münəvvər də boşandı.

- Uşağı yox idi?

- Yox. Olmadı. Ana ola bilmədi. Yazıq Səkinə! O da vərəmdən öldü.

- Faciələriniz böyükdü. Amma siz Azərbaycan ədəbiyyatı üçün də çox böyük zirvəsiniz... Sizi unutmadıq...

- Kaş bizim xalq da irəli gedəydi. Oğlum, hələ də düzəlməyiblər?

-...