ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"Sən ömrümün bənövşəsi"

1989    |   2018-10-24 00:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Quba rayonun Zərdabi kəndində yaşayan Mövlud Ağamməd Bakı Dövlət Universitetini filoloq, dil-ədəbiyyat ixtisası üzrə bitirmişdir. Hazırda rayonun Amsarpalasa kənd tam orta məktəbində çalışır. O əksəriyyətimiz kimi sevincli-hüznlü, ağrılı acılı bir həyat yolu keçib. Həmişə qayğıkeş insan, nümunəvi ailə başçısı olmağa çalışıb. Qubada fəaliyyət göstərən "Gülüstan" elmi-ədəbi məclisinin üzvü olan M.Ağamməd həm də yaradıcılıq potensialına malik bir sənətkardır. Şeirləri respublika mətbuatında və müxtəlif almanaxlarda müntəzəm dərc olunur. Bu günlərdə onun "Müəllim" nəşriyyatında çap edilmiş "Sən ömrümün bənövşəsi" kitabına müəllifin müxtəlif illərdə qələmə aldığı poetik nümunələri toplanmışdır. Bu poetik nümunələr məzmunca zəngin olmaqla yanaşı, həm də bədii forma cəhətdən müxtəlif və rəngarəngdir. Istər əruz,istərsə də sərbəst və heca vəznində yazılan şeirlər ideya-bədii cəhətdən oxucuların diqqətini cəlb etməkdədir. Unutqanlıq, biganəlik şairi çox narahat etsə də vətəndaşlıq, humanizm duyğularının gənclərin qəlbinə, idrakına hakim kəsilməsi onu bir o qədər də düşündürür və qanadlandırır. Hecanın bütün növlərində qələmini sınayan şair, gəraylılarında, qoşmalarında, fəcnis və qıfılbəndlərində, eləcə də sərbəst şeirlərində eyni dərəcədə həyat həqiqətlərini ifadə etməyə çalışmışdır.
Mövlud müəllim gəraylılarında klassik ənənəyə düzgün riayət etmişdir. Onlar 8 hecadan ibarət olmaqla daxili bölgüsü "4+4"-dür.
M.Ağammədin gəraylılarının əksəriyyəti məhəbbət mövzusundadır. Təmiz və saf məhəbbəti, sevgidə vəfalı, sədaqətli olmağı tərənnüm edilən bu gəraylılarda o yeri gəldikdə bədii təsvir və ifadə vasitələrindən, cinas qafiyələrdən də istifadə etmişdir. Məsələn :

Bir gözələ könül verdim,
Gözəl canı alan gözəl.
Yanaq lalə, gözü nərgiz,
Tək xəyala dalan gözəl.

Şeirin 3-cü misrasında epitetlərdən,"Gözəl","Ayrılığa dözəmmədim","Göz yaşlarım Xəzər oldu"- misralarında mübaliğədən istifadə etmişdir.
"Bu gözəlin nazına bax" şeirində də şair cinas qafiyələrdən istifadə edir :

Bu gözəlin nazına bax,
Bilmək olmur, qəsdi nədi.
Divanəyəm baxışından,
Yerişi can qəsdinədi.

Aşağıdakı bənddə 2-ci və 4-cü misralar bədii təkririn epifora növü ilə həmqafiyələnir:

"Hələ ömür qabaqdadır,
Səhifəsi varaq... varaq...
Hər sətrində sevgi yaşar,
Açıldıqca varaq-varaq...
"Hələ ömür qabaqdadır"

Şair istər gəraylılarında , istərsə də qoşmalarında mefafora, anafora, təşbeh, bədii sual, lirik ricət və digər bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə etməyə çalışmışdır. İngilis şairi Core Eliot demişdir: "Şairi şair edən iztirab və dərdləridir".
Şairin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində yazdığı şeirlərində nakam sevgi, uğursuz məhəbbət, sevgidə əhd-peymanın pozulması, vəfasızlıq, hicran, həsrət, intizar və s. motivlər üstünlük təşkil edir.
Şair dostum Mövlud Ağamməd o qədər də təcrübəsi olmadığı gənclik illərində yazdığı şeirləri də kitaba daxil etmişdir. Mən həmin şeirləri oxudum. İstər istehsalatda çalışdığı zaman, istərsə hərbi xidmətdə olarkən, istərsə də tələbəlik illərində yazılmış bu şeirləri mən o qədər də zəif hesab etmirəm. Çünki həmin şeirlərdə bir səmimilik var, onlarda təmiz ürəkli bir gəncin qəlbindən keçən saf duyğular tərənnüm olunur. Məsələn, Mövludun 18 yaşında yazdığı "Etməliyəm" adlı sevgi şeirinə nəzər yetirək :

Mən sənin qəbini oxumaq üçün,
Məhəbbət yolunu qət etməliyəm.
Sevgini yadlardan qorumaq üçün,
Yadlarla aramı sədd etməliyəm.

Şairin "Sözüm sizədir, qızlar", "Əlvida", "Bir zaman sevirdim", "Sanki olmamısan" və digər şeirlərində də yuxarıda qeyd etdiyim hiss və duyğular öz əksini tapmışdır.
Mövlud Ağamməd ziyalıdır. O, bir müəllim kimi folklorumuzu, eyni zamanda aşıq yaradıcılığını çox yaxşı bilir. Bizə məlumdur ki, qoşma 11 hecadan ibarətdir. Daxili bölgüsü 4+4+3, yaxud 6+5-dir. 4+4+3 bölgüsündə yazmaq bir qədəq çətin olsa da Mövludun qoşmalarının əksəriyyəti həmin bölgüdədir. Çünki, aşıq şeiri, qoşmalar 4+4+3 bölgüsündə daha ahəngdar, daha avazlı səslənir.
Mövlud Ağamməd aşıq şeirinin növlərinə yaxşı bələddir. Hiss olunur ki, o, aşıq yaradıcılığını mükəmməl öyrənmişdir.
Şairin bir sıra şeirlərində M.P.Vaqifin, Aşıq Ələsgərin, Aşıq Valehin və digərlərinin nəfəsi duyulur.
M.Ağamməd kitabın 72-ci səhifəsində Aşıq Valehin 3 bənddən ibarət qıfılbənd formasında olan qoşmasına nəzirə şəklində cavab yazmış, imkan və bacarığı daxilində Aşıq Valehin qıfılbəndini açmağa çalışmışdır.
Mövlud müəllimin qoşmaları müxtəlif mövzudadır. Həmin qoşmalarda yurd həsrəti, öyüd-nəsihət, humanizm, bəşəri duyğular və s. tərənnüm olunur. Şair Ustad Əmrahın "Cənnət məkanına kimlər gedəcək?" sualına cavab verir:

"Ustad Əmrah, sənə deyim düzünü,
Cənnət adlı məkana kim gedəcək;
Haramı maldan qaçıb halal dadanlar,
Kasıbların imdadına çatanlar,
Savab işlər görən saleh adamlar,
Mərhəməti düşünənlər gedəcək"

Məncə, bəşəriyyətin fikir tarixində yeni fikir yoxdur, qədim fikirlərin yeni,müasir ifadəsi var.
Həm də qədim fikir və mülahizələrin yeni formada ifadə olunmasına, yeni nəslə çatdırılmasına ehtiyac vardır. Bu mənada cığalı Mövlud müəllimin təcnisləri də diqqətəlayiqdir:

Günlərini elə yaşa, elə qur,
Aşiq olub düşmə qəmə, dərdə sən.
Aşıq deyər dərdə sən,
Düşdün ağır dərdə sən.
Bir gecə ol mehmanım,
Çox dayanma dərdə sən.
Bağban olub gözəl güllər içində,
Gül bağından bənövşələr dər də, sən.

Yuxarıdakı fikir şairin dodaqdəyməzlərinə də aiddir. "Yar deyəni özünə yar dilə sən" dodaqdəyməzinin bir bəndinə nəzər salaq:

Gözəllikdə yarı odur,yarı sən,
Sədaqətli ol eşqində, yarı sən.
Niyə qoydun yarı yolda yarı sən ?
Çatacaqdı istəyinə az qala.

Kitabda diqqətimi daha çox cəlb edən onun aşıq şeirində çətin janr olan bu dodaqdəyməz və qıfılbəndləri oldu. Bölgələrimizdə bu janra müraciət edənlərdən hələ ki, yalnız Ağammədi tanıyıram.
Mənə elə gəlir ki, Mövlud müəllim aşıq şeirinin bu klassik növünü yaşadırsa, hətta facebook səhifəsində dostlarıyla yarışırsa, onu yalnız alqışlamaq lazımdır.
Odur ki, şairin bir qıfılbənd dəyişməsini nəzərdən keçirək:

Aldı Mövlud Ağamməd:

Almalı, sən mənə cavab ver, bilim,
Nəyi nə üstünə gətirmək olmur ?
O nədir ki, axırını bilən yox,
O nədir, ürəkdən itirmək olmur ?

Aldı Əmrah Almalı :

Belə açıqlaram indi mən bunu,
Pisliyə yaxşılıq gətirmək olmur.
O həyatdır, onun bilinməz sonu,
O sevdadır, qəlbdən itirmək olmur.
Kitabda Mövlud Ağamməd Qara Borçalının, şair Aslanoğlunun, Səfər Səfərlinin və digərlərinin də qıfılbəndlərinə cavablar yazmışdır.
Vətənpərvərlik mövzusu,Vətənə, ataya, anaya məhəbbət hissi, yurd sevgisi şairin daim diqqət mərkəzindədir. Necə ki, "Əmr et cənab baş komandan" adlı şeirində deyildiyi kimi :

Qisas vaxtı yaxınlaşıb,
Əmr et, cənab baş komandan.
Səfərbərlik istəyirik,
Əmr et cənab baş komandan.
Quduzlaşıb mənfur yağı,
Sinələrə çəkib dağı.
Azad edək Qarabağı,
Əmr et, cənab baş komandan.

Mübariz İbrahimovun xatirəsinə yazılan "Vətən sənə oğul dedi" şeiri və digər şeirləri də bu qəbildəndir.
"Ata-Ana" adlı şeirində şair yazır :

Ata ölər,dağ yıxılar,
Ana ölər, ev yıxılar.
Ata evin dirəyidir,
Ana evin ürəyidir.

Şair doğulub boya-başa çatdığı öz doğma yurdunu, ocağını- Qubanın Qırız kəndini heç vaxt unutmamış, uşaqlıq çağlarından bəhs edən şeirlərinin çoxunu həmin kəndə həsr etmişdir. Mövlud müəllim sərbəst vəzndə də qələmini sınayır. Onun sərbəst vəzndə yazdığı "Onu da bacarsaq..." adlı şeirinə nəzər yetirək :

Dünyadan gəldiyimiz kimi
Gedəcəyik.
Gələndə bələndiyimiz kimi
Gedəndə də bələnəcəyik.
Nə aparacağıq ?
Nə gətirmişdik ki,
Nə də aparaq.
Gələndə verildiyimiz adı belə
Qoyub gedəcəyik.
Onu da bacarsaq...

Şairin sərbəst vəzndə yazdığı " Gecədir", "Axşamdır" adlı şeirləri də təqdirəlayiqdir. Artıq kifayət qədər pedaqoji iş stajı, həyat təcrübəsi olan Mövlud müəllimin nəsihətamiz və ictimai mövzuda yazılmış şeirləri də çoxdur. Bütün bunlar haqqında bir məqalədə ətraflı məlumat vermək qeyri-mümkündür.
Yeri gəlmişkən, bəzi iradlarımı və tövsiyələrimi də bildirmək istəyirəm. Mövlud Ağamməd özü dil-ədəbiyyat müəllimidir.
Bədii yaradıcılıqla məşğul olan bir şəxs üçün bu da bir xoşbəxtlikdir. Çünki onun şeirlərində orfoqrafik və durğu səhvlərinə o qədər də təsadüf etmədim. Məsləhətim budur ki, qoşma və gəraylılıarına çox da uzun adlar verməsin. Belə ki, onun qoşmalarının əksəriyyəti birinci bəndin birinci misrası ilə adlanır.
İndiki yazarlarımızın əksəriyyəti sərbəst vəznli şeirlərində qafiyə quruluşuna o qədər də fikir vermirlər. Halbuki sərbəst vəznli şeirlərdə də misralar bir neçə misradan bir həmqafiyə olunmalıdır. R.Rzanın, Əli Kərimin və digər şairlərimizin sərbəst vəznli şeirlərində olduğu kimi. Sonra "his" və "hiss" sözlərini bir-biri ilə qarışdırmaq olmaz. His yanan bir şeydən çıxan tüstü,qurum, hiss isə insanın fikir və duyğularıdır.
Onu da qeyd edim ki, sonu qoşa samitlə bitən birhecalı sözlərdən (xətt, sirr və s) fərqli olaraq "hiss" sözündən sonra samitlə başlanan şəkilçi gəldikdə də "s" hərfinin biri düşmür.
Yuxarıda dediklərimizdən belə bir qənaət hasil olur ki, Mövlud Ağamməd həm klassik, həm də çağdaş poeziyamızın mahiyyətinə yaxşı bələddir. Onun çoxsaylı şeirləri bu mülahizəmi söyləməyə əsas verir. Yazıb-yaratmaqdan usanmayan, oxuyub öyrənən, daim təkmilləşən, müdrikləşən şairin bundan sonra da eyni həvəs, eşq və ilhamla yaradacağına qəlbən inanırıq.

Mehrəli Qulu
AYB və AJB-nin üzvü, "Qızıl qələm" media
mükafatı laureatı



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK