ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qovulmuş xatirələr

2333    |   2018-10-23 22:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Salman Alıoğlu Kolanı

Demək olar ki,hər gün Ağdamı,doğulduğum Əliağalı kəndini,ilk beşiyimi,son mətəmi(?!), quzu otardığım yamacları,zirvəsinə can atdığımız dağları, gen dərələri, beşdaş, qırxmətə, eşşəkbeli oynadığımız irəmələri,Əzgilli meşəsini,Mıxtərriyən döşünü, Şiş qayanı, Dana dağını, Qarabulağı, uşaqlıq və gənclik yoldaşlarımı,qəbirləri işğal altında qalan Atamı,Qarabağ müharibəsində şəhid olan qardaşımı,doğmaları,qohumları,kəndçilərimi xatırlayıram.
Ürəyim yüz yerdən paralanıb, nanə yarpağı kimi əsir,dərd,kədər qəlbimdə şırım açır, gücsüzlüyümü acizanə şəkildə hiss etdiyim üçün əllərimi dizimə çırpmaqdan başqa çarəm qalmır. Dizlərim də dəvə dabanı kimi cadar-cadar olub,qabar bağlayıb.
Yaşın elə vədəsidir ki,gərək mən indi doğma kəndimdə olaydım,yer-yurddan güc alaydım,qara daşına yoldaş olaydım,dizimi yerə qoyub bulağından su içəydim, torpağında eşələnəydim,ağac əkib bağ salaydım,qaş qaralana kimi dirrikdə çalışaydım, güntutar bir yerdə tay -tuşlarımla söhbət edəydim.
Təəssüf,çox təəssüf ki,uzun illərdir ki,bu arzular gözümdə qalıb, xəyallar daş kimi sinəmdən asılı qalıb, qəlbimdə dərd çığır açıb,gözükölgəli qaldığım üçün başımı qaldırıb nəvələrimin üzünə baxa bilmirəm.
Bu dolaşıq zəmanədə həmişə qarşıma yoxuşlar çıxdı,özümü ora bura vurdum,ilan kimi qabıq qoydum, dost dediyim namərd oldu, neyniyim ay Allah?! Yandırılan yurdların qarası tutub məni, kömür kimidir üzüm, Arazı, Kürü bağlasalarda bu üz qarasını yuyub apara bilməz, torpaq tapıb əkənim yoxdur, qürbətdə qərib bir daşa dönmüşəm, vallah, day canımın canı da qalmayıb.
Qovulmuş xatirələrlə başbaşa qalanda,adamın taqəti də, heyi- hərəkəti də tükənir...
Bir dərdimi beş eləmə,
Hər yetənə faş eləmə,
Yolçu,çıx get yolun ilə,
Dəymə,eşmə,eşələmə,
Mən bir həsrət qalasıyam

Ermənilərin və onların havadarlarının yer üzündən sildikləri,talan etdikləri,xarabalığa çevirdikləri Ağdam. İndi ruhumuzda yaşayırsan, mərdi qova-qova namərd etmək istədilər, səni yaralamaq, səni bölmək istədilər,mərd,qorxmaz,igid,oğullarınla döyüşdün,çarpışdın,hayqırdın,qolunu bükə bilməyəndə,dizini qatlaya bilməyəndə təxribata əl atdılar,uğrunda canlarını qurban verənlərinlə bir yerdə şəhid oldun.
Neyləmək olar, bu da bir tale oldu,dözdük,kösöv kimi içimiz qaraldı. Ayrıldıq, beşiyimizdən,qibləmizdən ayrıldıq.İyimi beş ildir bu ayrılığın yaşı?! Bu qəddar ayrılıq bizi yadlaşdırır, bizi qocaldır, bizi ruhu uçmuş bir məxluqa çevirir.
Ağdamın işğalı məğrurluğumuza,ağayanalığımıza,adımıza gölgə saldı. Ağzına,sözünə yiyəlik edə bilməyənlər şər,böhtan,çirkab püskürdülər, züy tutdular,hərzə hədyan danışdılar. Cavablarını da artıqlamasilə aldılar. Fəqət, bizi əysələrdə, sındıra bimədilər.

Birinci xatirə

Ötən əsrin 70-80-ci illəri Ağdamın sürətli inkişafı kimi yaddaşlarda qalıb. Həmin illərdə Ağdam həm də mədəniyyət,incəsənət,musiqi mərkəzi kimi məşhurlaşmışdı.
Elə həmin illərdə mən dəyərli insan, görkəmli yazıçı,millət vəkili,Ağdamı üz-gözündə,qəlbində,bütün varlığında yaşadan, yaralı yurdumun fəxr edilən oğlu, həyatda həmişə özümə arxa, kömək bildiyim,böyük qardaşım Aqil Abbasla tanış olmuşam.
Həmin dövrdə Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaksiyasında tale bizi qarşılaşdırdı və uzun illərdir ki, bu səmimi və doğma münasibət davam edir.Aqil müəllim həmin illərdə Ağdamın mədəni və ictimai həyatında fəal iştirak edirdi,rayon qəzetində çox maraqlı və çox orijinal məqalələri dərc olunurdu.Teatr tamaşaları haqqında məqalələr yazırdı.
Bəxtəvər günlərimizin başı üzərini qara buludlar aldı,süfrələrimizin artığı ilə dolanan,Ağdamda ustalıq,dəlləklik,pinəçilik edən ermənilər torpaq iddiasına düşdülər,havadarlarının köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılara qarşı təcavüzə,terrora başladılar. Çox təəssüf ki,bunun qarşısını ala bilmədik.Bir yumruq kimi birləşməyə mane oldular.Ermənistan və dünya erməniləri sonra müharibəyə başlayaraq nəinki, Dağlıq Qarabağı,hətta ətraf rayonları işğal etdilər.Yüz minlərlə azərbaycanlı erməni təcavüzü nəticəsində məcburi köçkünə çevrilərək yurdlarını,evlərini,var dövlətlərini itirdilər.
O, ağır illərdə,daha doğrusu,1992-1993-1994-cü illərdə haqsızlıqla üzləşənlər,ehtiyacı olanlar,övladı türməyə düşənlər,xəstəsi olanlar,işsizlər "Azərbaycan" nəşriyyatına,"Ədalət"qəzetinin yerləşdiyi 6-cı mərtəbəyə gəlirdilər.Aqil müəllim o, dövrdə həmin qəzetin Baş redaktoru idi.O insanların arasında demək olar ki,bütün məcburi köçkün rayonlardan olan adamlar çoxluq təşkil edirdi. Hər gün "Ədalət"in yerləşdiyi mərtəbədə yalan olmasın,40-50 adam Aqil müəllimin kabinetinin qapısını ümidlə açırdı.Dəfələrlə şahidi olmuşam ki,Aqil müəllim o adamlara pul verib,dara düşənlərə kömək əlini uzadıb,yetimin,kasıbın süfrəsinə çörək verib,xəstəsinin dava-dərmanını alıb, bir sözlə, adamların gözündə,qəlbində umud yerinə çevrilmişdi.
Ən qəribəsi o idi ki, həmin insanlar dövlət idarələrinə deyil, məhz Aqil müəllimin yanına gəlirdilər.O ağır, çətin,ziddiyətli dövrdə Aqil Abbas bir Vətən oğlu kimi, dəyanətli və qeyrətli bir övlad kimi dara düşənlərin hayına,harayıa çatıb, neçə sınıq qəlbə məlhəm olub, atasıza ata, qardaşsıza qardaş, övladsıza övlad,yetimə yesirə dayaq olub.
Müharibənin ən ağır vaxtlarında Aqil müəllimi ön cəbhədə,döyüşçülərin arasında görmüşəm,Ağdamda özünümüdafiə batalyonlarına ərzaq,silah sursat gətirib,günlərlə cəbhə bölgəsində əhali ilə bir yerdə bombardumana,güllə yağışına məruz qalıb.
Yaxşı deyiblər ki, kişi el obanın dar günündə tanınar,Aqil Abbas da başqaları kimi yaxasını kənara çəkərək dalda bucaqda gizlənmədi. Bütün gücünü və maliyyəsini cəbhəyə sərf etdi. Özünü reklam etmədən.
Müharibə vaxtı yarasa kimi gizlənənlər indi Qarabağdan,ötən müharibədən danışırlar,özüdə utanıb qızarmadan.Onları mən də,bütün ağdamlılar da yaxşı tanıyırıq,o "kişiciklər"indi də başqa qucaqda oturublar.Fürsət yaranan kimi Ağdam camaatı onları daş qalaq edəcəkdir.
Bir daha deyirəm ki, həmin illərdə "Ədalət" qəzeti məcburi köçkünlərin, imkansızların,şəhid ailələrinin,Qarabağ əlillərinin, haqsızlığa düçar olanların, balasına çörək ala bilməyənlərin,xəstələrin ümid qapısına çevrilmişdi. Azərbaycan mətbuatında ikinci belə bir qəzet və belə bir Baş redaktor olmayıb və çox güman ki,heç olmayacaq da.
Bu, şərəfli bir tarixdir,gələcək nəsillər üçün əsl örnəkdir, mənim qardaşımın həyatının bir səhifəsidir,minnətdarlıq,savab,xeyirxahlıq,alxış səhifəsidir.

İkinci xatirə

Ötən əsrin 80-ci illərində paylz Ağdamı qızılı rəngə boyayıb yarpaqların nəğməsi ilə ona layla çalırdı.Qovaq və çinar ağacları ilə dövrələnmiş qədim İmarət öz sinəsində çox kəşməkeşli və ziddiyətli bir dövrün izini qoruyub saxladığı üçün bura həm də açıq havada qiymətli və zəngin bir muzey idi. Azərbaycanın ən zəngin şəhəri hesab olunan Ağdam həm də şer,sənət,muğam mərkəzi kimi tanınırdı.
Şəhərin hay küyündən ayrılıb İmarətə daxil olanda elə bil tamam başqa bir aləm ilə üz-üzə qalırdın,sanki cənnətə düşürdün.Tarix burada torpağın və daşların dili ilə insanı iki yüz il əvvələ çəkib aparırdı.Qarabağ xanlığının görkəmli və fədakar nümayəndələrinin bir çoxunun qəbri burada yerləşirdi.
İmarətdə təbii ot örtüyü olan futbol stadionu var idi,çinar ağacları ilə əhatə olunmuşdu,burada göz yaşı kimi sərin su axırdı.İmarətdə ilk dəfə meydan tamaşası göstəriləndən sonra bura həm də sənət məbədinə çevrildi.
Azərbaycanın xalq şairi,dəyərli ziyalı,görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənin "Muğam" poeması əsasında Ağdam Dövlət Dram Teatrı çox gözəl, dəyərli və fəlsəfi bir meydan tamaşası hazırlamışdı.
Həmin tamaşaya ictimai baxış keçirilirdi.Həmin vaxt rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev,görkəmli alim Xudu Məmmədov,Ünlü şairin dostları,bir sözlə,rayonun tanınan adamları,ziyalılar tamaşanın müzakirəsində iştirak edirdilər.
Əvvəlcə məşhur "Şur"ansamblının ifasında "Çahargah"muğamı səsləndi. Sonra tamaşa haqqında qızğın müzakirələr başlandı.
Ağdamın tanınmış ziyalılarından biri olan Zeynal Məmmədov,tarix- diyarşünaslıq muzeyinin direktoru Yusif Əhmədov(Bəy Yusif),Sadıq Murtuzayev və başqaları meydan tamaşasına çox yüksək qiymət verərək tamaşanın rejisoruna və aktyorlara minnətdarlıq bildirdilər.
Yaxşı deyiblər ki,çəmənlikdə qanqal da bitir.Birdən,heç kəsin gözləmədiyi halda rayon partiya komitəsinin bir işçisi çıxış edərək həm poemanın,həm də tamaşanın aydın başa düşülmədiyi haqqında uzun uzadı danışaraq ağlına və ağzına gələnləri süni bir pafosla qırıq saz kimi dınqıldatdı..Onun çıxışı çox mənfi qarşılandı, yeryerdən onu qınasalarda çox pis pərtlik yarandı.
Dünya şöhrətli alim,Ağdamın fəxri Xudu Məmmədov çıxış edərək həm poemanın,həm də tamaşanın bədii,tarixi,mənəvi dəyərindən ətraflı söz açaraq yaranmış pərtliyi ustalıqla aradan qaldırdı.Xudu müəllim çıxışının sonunda tamaşanı başa düşməyənə isə çox müdrik şəkildə bildirdi ki,ağıllı sözü yadda saxlamaq çox çətindir.

Üçüncü xatirə

Ağdam Qarabağda mühüm nəqliyyat qovşağı hesab olunurdu,burada dəmiryol vağzalı,aeroport,avtovağzal var idi. Rayon kənd təsərrüfatının bütün sahələrini əhatə etməklə həm də sənaye mərkəzi kimi tanınırdı.Burada dəzgahqayırma,metiz-furnitir, konserv, süd emalı, çörək istehsalı,bir neçə şərab emalı və şampan zavodları, ət kombinatı,xalça fabriki fəaliyyət göstərirdi.
Ağdam öz tarixi boyunca həm də görkəmli ziyalılar,alimlər yurdu kimi tanınıb,ağdamlı qorxmaz,igid və cəsur oğlanların sorağı nəin ki,respublikaya,eyni zamanda,keçmiş sovet respublikalarına yayılmışdı.
Bu ənənə uzun illər boyu davam edərək Qarabağ müharibəsində də özünü qabarıq şəkildə büruzə verdi.Ağdam Ermənistana və onun havadarlarına qarşı 1988-1993-cü ilin iyul ayına kimi mərdliklə,böyük igidliklə döyüşdü. 6 min nəfərə yaxın şəhid verdi,15 Milli Qəhramanın adını tarixin səhifələrinə şərəflə yazdı.
Ağdam öz döyüşkən övladları ilə birlikdə şəhid oldu. Düşmənlər ən qədim bir şəhəri yer üzündən silsələrdə ağdamlıların ruhunu işğal edə bilmədilər.
Ötən əsrin 70-80-ci illəri Ağdamın sürətli inkişafı kimi yaddaşlarda qalıb. Həmin illərdə Ağdam həm də mədəniyyət,incəsənət,musiqi mərkəzi kimi məşhurlaşmışdı.
Rayonun mədəni həyatı çox rəngarəng və yaddaqalan idi. Ağdam Dövlət Dram Teatrı yazıçı Əkrəm Əylislinin "Anamın pasportu" povesti əsasında "Quşu uçan budaqlar" adlı tamaşa hazırlamışdı.Həmin tamaşada respublikanın əməkdar artistləri Tofiq Qarayev,Simuzər Namazova, Cəmilə Məmmədova,Siyavuş Soltanov,Fatma Mahmudova və başqalarınin yüksək peşəkarlıqla yartdıqları obrazlar həmin dövrün acı həqiqətlərini ortaya qoymuşdu.
Tamaşanın ictimai baxışına Əkrəm Əylisli,rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev və digər ziyalılar dəvət olunmuşdu.Tamaşada belə bir səhnə var idi ki,üzləşdiyi haqsızlıqlara dözməyən Qədir(aktyor Siyavuş Soltanov) əsəbi şəkildə deyir ki, həyatda yaşamaq dəhşətdir.
Bu vaxt zalda oturmuş partiya komitəsinin katiblərindən biri yerindən sıçrayaq özünü birinci katibə savadlı göstərmək üçün tamaşanı saxlatdıraraq dedi ki, ə, Siyavuş,sənin başın xarabdı, niyə deyirsən ki,yaşamaq dəhşətdir, gözünün içinə kimi yalan deyirsən.Yoldaş Brejnev həmişə deyir ki,Azərbaycan iri addımlarla irəliləyir,burada yaşamaq çox gözəldir,sən burda təxribat törədirsən.Hanı prokuror,onu çağırın,bu gədəni həbs eləsin!
Zala dərin bir sükut çökdü. Bu adamın savadsızlığı demək olar ki,hamını pərt eləmişdi. Onu sakitləşdirərək başa saldılar ki,söhbət Azərbaycandan getmir,bu əhvalatlar bədii yaradıcılıq məhsuludur. Qanqaraçılığa baxmayaraq tamaşa alqışlarla ,müzakirələr isə çox qızğın şəkildə başa çatdı.



İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK