YARIMÇIQ MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
53250 | 2018-10-23 22:56
BAXIŞ BUCAĞI

Bunun "Yarımçıq əlyazma"ya heç bir dəxli yoxdur

Çox fikirləşdim, çox götür-qoy etdim, amma yenə nə istədiyimi, nə edəcəyimi bütünlüklə aydınlaşdıra bilmədim. Bu heç də gücsüzlüyümdən, dünyagörüşümün kasadlığından və yaxud da itaətkar olduğumdan irəli gəlmir. Xeyr, mən bütün hallarda nə etdiyimi, niyə etdiyimi və niyə susduğumu çox gözəl bilirəm. Sadəcə, nə etdiyimlə, niyə etdiyimin sonunda susmağım Allaha inandığım kimi, Qurana baş əydiyim kimi, öz içimə də, öz dözümümə də, öz etibarıma da, öz ləyaqətimə də inamımdan qaynaqlanır. Yəni mən bütünlüklə verdiyim salama, kəsdiym çörəyə, döydüyüm qapıya, könül açdığım insana sona qədər etibarlı olmağı hər şeydən üstün tutmuşam. Və kimlərsə də bunu anlayışla qarşılamayıbsa, buna dəyər verməyibsə, bunu gözükölgəlilik kimi qəbul edibsə, mən buna qarşı səsimi çıxarmamışam. Sadəcə, içimdə Allahımla danışmışam, Tanrının önündə kimin hara qədər haqlı olduğunu göstərən bir rahatlıq tapmışam. Bilmişəm ki, Ondan böyük bir kimsə olmadığı kimi, Ondan da ədalətli ikinci bir kimsə yoxdur...
Həyatın bütün döngələrini birnəfəsə keçmək mümkün deyil. Hardasa büdrəmələr, hardasa ləngimələr... hardasa götür-qoy etmələr... hardasa maneələri aşmaq... hardasa öz haqqının tamaşaçısına çevrilmək günün reallığıdır. Heç kim bundan sığortalanmayıb. Ona görə də hələ neçə illər bundan öncə ürək ağrısı ilə yazdığım bir şeirdə pıçıldamışdım:

Bəxtəvər ipək qurdları
Ölür evinin içində...

Bəli, mən evimin içində ölə bilmədim... bu xoşbəxtlik mənə nəsib olmadı. Bəlkə bu da bir Tanrı sınağıdır - ölə bilmədiyim üçün əzab çəkmək! Neyləyim ki, bu boyda dünyada yaşamaq, bir işin qulpundan tutmaq, yaşayıb və işin qulpundan tutmaq üçün bir tikə çörəyə möhtac olmaq alnıma yazılıb. Özü də o çörəyi kiminsə səxavətlə, kiminsə hörmət əlaməti olaraq, kiminsə insanlıq naminə, kiminsə işimə görə, kiminsə şəxsiyyətimə görə və ən dəhşətlisi isə, kiminsə gizlində başına fırlayıb verdiyini hiss edə-edə yaşamaq... yaşamaq üçün də çörəyi qəbul etmək... Bu da gerçəkdi!!!
Həyatımın ən böyük gerçəyi ayaqlarım üstündə durmağı bacarmağımdı. Nə qədər duruş gətirəcəm, deyə bilmərəm. Bircə onu bilirəm ki, indi ayaqda olmaq sənə nə qədər xoş görünsə də, səni görmək istəməyənlər üçün bir o qədər dəhşətli və üzücüdür. Neyləyim ki, mənim ayaqda qalmağıma kömək edən, əl uzadan, əlimi ətəyimdən kəsməyən və nəhayət, sevdiyim və sevənlərim var. Ona görə də hərdən öz-özümə deyirəm:

Mən ümidi-
şam işığı
yolu cəhənnəmdən
keçən...
cismi
ruhundan öncə
dünyaya
tüpürüb köçən-
bir bəndə...

Bax üzümə
baxıb sən də
cisimsiz ruhuma-
desən,
sondu bu!-
deməli
sondu məndə!-
deməli
rəhm eləmə,
heç sən də!

***
Əzəldən hər kəsin naxışı nədə isə gətirir. Kimi sözdə qazanır, kimi işdə, kimi şəxsiyyətdə, kimi də aftafa-dəsmal gəzidrməkdə. Bunların hər biri nə qədər fərqli olsa da, amma etiraf edək ki, bunların aid olduğu ünvanlar özlərini çox rahat hiss edirlər. Xüsusilə, bu mənzərə böyük şəhərlərdə diqqəti çox çəkmədiyindən rahatlıq da elə onların istəyincə olur. Neyləyim ki, bu şəhər məni sevmədi və mən də bu şəhərin məni sevmədiyini dəfələrlə vurğuladım, şeirlərimdə ifadə etməyə çalışdım. Hətta içimi dərd alt-üst edəndə, üzümə dostun, güvəndiyim insanın sərt ittihamlarını oxuduğum məqamlarda özüm də bilmədən, daha doğrusu, özüm də kağızdan, qələmdən icazə almadan elə qələmlə də kağıza yazdım:

Qayğılı çəkdiyim, dərdli çəkdiyim
Bu boyda Bakıda dərddi çəkdiyim!
Mənim azadlıqda şərti çəkdiyim-
Cəzanın adını çəkənlər bilər...

Hə, indi cəzanın adını bilməklə yanaşı, dadını da qanıma hopdurduğum bir məqamda düşünürəm ki, görəsən, bu dünyada kimsə kiminsə yerini tuta bilərmi? Axı Allah milyonlarla insan yaratdığı halda, onların hər birini fərd olaraq tək yaradıb. Heç kim bütünlüklə başqa birisi ola bilməz, bu mümkün deyil. Deməli, mən də bütünlüklə kiminsə bənzəri olub, yerini tutan bəndə deyiləm. Yəni mənim öz yerim, mənim özümə Allahın ayırdığı, nəsib etdiyi yerdi! Orada nələr baş verirsə, orada nələr varsa, hamısı mənim adımla bağlıdır. İnsan o vaxt sıxılıb özünü narahat hiss edir ki, o kiminsə paltarını geyinir, özü də icazəsiz! O, kiminsə yerində oturur, özü də məsləhətsiz, icazəsiz! O, kiminsə əvəzinə danışır, özü də məsləhətsiz, icazəsiz! O, kiminsə haqqını yeyir, özü də məsləhətsiz, icazəsiz!..
Deməli, bütün bunlardan sonra əvvəldə dediyim kimi, nə qədər götür-qoy etsəm də, nə qədər ələyib ələkdən keçirsəm də, özümü kiminsə yerini tutan bəndə kimi təsəvvür edə bilmədim, görə bilmədim. Ona görə də çəkdiyim qayğıların, dərdlərin içində yeni bir, necə deyərlər, sürpriz dərdin qapımı döyməsi, yaxamdan tutması mənə bir az çatmadı. Özümü nə qədər günahkar saymaq istədim, amma ortaya bir şey çıxmadı. Bax onda ağlıma ilk gələn silahla təlim keçənlərin atıcılıq meydanında qurduqları nişangahlar oldu. Yəqin bilirsiniz, silahdan sərrast atəş açmağı öyrənmək istəyənlər adətən müxtəlif məsafələrdə fərqli-fərqli nişangahlar qoyurlar. Kimi şüşə qab, kimi hansısa bir oyuq, kimi hansısa bir fiqur, hansısa bir əşya və s... sonra da uzaqdaq dayanıb həmin nişangahlara atəşlər açırlar. Dəyəni də olur, dəyməyəni də, amma fərq etmir. Çünki atəş açılır... çünki güllə atılır... Bu isə artıq özü özlüyündə hər şey deməkdir.
Dünyada yerində olmamaqdan dəhşətli heç nə ağlıma gəlmir... dünyada doğulduğun torpaqda qaçqın olmaqdan zülmlü heç nə təsəvvür edə bilmirəm... dünyada haqqının tapdalanmasından, şəxsiyyətinin, hərəkətinin, varlığının anlaşılmamasından faciəli heç nə yoxdur...
Və nəhayət, dünyada bütün bu dediklərimin hamısını bilə-bilə, duya-duya, görə-görə yaşamağın nə demək olduğunu yazmaq istəməməyin özünün də hansı anlama gəlib çıxdığını sadəcə düşünməyi, ağıldan keçirməyi istəmək artıq həmin o dediklərimi yaşamağa bərabərdir. Necə deyərlər, şeirdə yazdığım ipəkqurdu kimi bəxtəvər olamaqdır! Ona görə də:

Yorulmuşam içimdən
Bezikmişəm köçümdən
Allah,
Mənə ölçümdən-
Böyük dərd göndərmisən-
Əynimə gen-bol olur...

Və nəhayət, hardasa nəyi isə düz etməmək bəlkə də bir naxışdı. Amma hardasa, nəyinsə qəsdən, xəyanətkarcasına edildiyini düşünmək, yəni gerçəyi, reallığı unutmaq heç də naxış deyil. Bu sadəcə, ən yaxşı halda... kim necə istəyir, elə də yozsun...

Sönür içimdəki şam...
Qaranlığa çökürəm...
Günahları bu axşam -
Dizim üstə tökürəm...

Çeşidləmək istəyim -
Bircə anda daş olur...
Günahların üstünə -
Kirpik damır - yaş olur...

Acıların dadını
Dil -damağım hiss edir...
Nəmdi deyə günahlar -
Yanmır ürək! - his edir...




TƏQVİM / ARXİV