adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Oktyabr 2018 12:15
23880
MƏDƏNİYYƏT
A- A+

Zibillikdən sənət yaradan gənc qız – Sərgidən REPORTAJ

Payızın hüznlü, həzin dolu bir günü... Buludlar günəşin qollarında göyüzünə səpələnib, küçələri, parkları narıncı rəngə boyayıb.

- Bu gün necə də qəribə gündü...

- Hə, deyəsən payızı incidiblər –deyə dostuma səslənirəm.

Yolumuz Bayraq Meydanı tərəfədir. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Bakı Kristal Zal”da "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisinə gedirik. Sənətlə qidalanmağa tələsirik. Sərgiyə yoldaşım, qızım, bacım və dostumla qatılırıq. Özümü Avroviziya Mahnı Müsabiqəsindəki iştirakçılar kimi hiss edirəm. Təsəvvür edirəm ki, zalın qarşısında yüzlərcə insan bizi səbrzikliklə gözləyir. Hoppanıb-düşür, hayqırır. Ancaq çifayda. "Bakı Kristal Zal”ın qarşısında heç kim gözə dəymir. Yolun kənarındakı avtomobil dayanacağında bir neçə sarışın qız uşaqları atılıb düşür. Külək ağır-ağır qızların saçlarına sığal çəkir. Heç cürə zalın giriş qapısını tapa bilmirik. Axır öyrənirik ki, sərgi zalın arxasındakı məkanda keçirələcək. Aha, giriş qapısında adamlar gözə çarpır. Uzaqdan onları yem axtaran sərçələrə bənzədirəm.


İçəriyə keçirik. Quş cikkildəmələri salonda əks-səda verir. Çaşdım, bəlkə biz səhv yerə gəlmişik. Bura zooparkdı bəlkə? Eynəyim kamera misalı dörd tərəfə nəzər yetirir. Rəsm əsərləri, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj üslubda çəkilmiş işlər, ağac adamlar, heykəllər, qəfəsdəki quşlar, kirpi, dovşanlar, ilan, tısbağa... Burası sərgi...

- A kişi, heyvanların burda nə işi?
- Yəqin onlar da bu mövzuya daxildilər.
- Heyvanlar insanlardan daha maraqlıdılar. Mən getdim onlara baxmağa... - deyə dostum dabana tüpürdü.

İlk öncə bacımın butulka üzərində işlədiyi portretlərə tamaşa edirik. Qızım, Nazım Hikməti görən kimi mızıldayır.

Anası: "Deyəsən şair olacaq qızımız”.
Mən: "Yox e, deyir bibi ver onu aparım oyuncaqlarıma da göstərim”.

Bacımın əl işləri stenddə elə kədərlə düzülüblər ki, elə bil bu saat çilik-çilik olacaqlar. Yavaş-yavaş digər stendlərə keçirəm. Ağac adam əlini qarşıya uzadıb. Əlindən tuturam ki, tək deyilsən. Sonra Aqşin Yeniseyin misraları yadıma düşür.

Yəqin sən də gedəcəksən
Hamının getdiyi yerə.
Mən öz yerimə sadiqəm,
Necə ki, sadiq olurlar,
Ağaclar bitdiyi yerə.

Bu ağac isə öz yerindən didərgin düşmüşdü. O artıq sərgilərdə bitən ağaclardan idi. Əslində burda mesaj vardı. Ağacları kəsməyin, onları öldürməyin. Ancaq ölü ağac bu gün sənətə çevrilmişdi, əbədi yaşayacaqdı. Ağacın yanında dayanmış pudralı qızdan soruşuram:


- Bu ağac nəyi ifadə edir?
- Ekoloji problemlər və onların həlli yolları…
- Necə ki?
- Dedim axı…
Özümü başa düşmüş kimi aparır, qımışıram. Bir az irəlidə rəngli qab-qacaqlar, qələmlər, əlvan kağızlar göz qamaşdırır.
- Çox maraqlıdı.
- Bunların hamısı zibilliyə atdığımız şeylərdi. Heç birini atmamışam. Hamısını özüm işləmişəm.
- Çoxdan bu işlə məşğulsuz?
- Lap uşaqlıqdan.

Xudafizləşib özümü bayıra atıram. Hava yenə də qəribəliyini qoruyur. Bu dəfə günəşin öləziyən qolları dənizin qoynunda can verir. Narıncılaşan küçələr rəngini bənövşəyiyə çevirir. Sükutun səsi ətraf aləmə yayılır. Bakı burdan elə balaca görünür ki… Ovucunun içindəymiş kimi gəlir.
Üşüdüyümü hiss edib içəri keçirəm. Adamlar çoxalır.

Sərginin icraçılarından birinin səsi gəlir:

-Sərginin keçirilməsində məqsəd gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.

Rəsmi cümlələrdən sıyırılıb özümü başqa bir stendə atıram. Bu da Heykəl adam. Üzərində xırda daşlar var. Diqqətlə üfiqə baxır. Uzaqları çuxura düşmüş gözləriylə yaxın edir. Maraqla baxıram, düşünürəm. Görəsən bu heykəl adam bir gün dilə gələ bilməz ki? Bu axmaq fikri beynimdən çıxarıram.

Bu dəfə heyvanlar aləminə üz tuturam. Onlarla qəfəs bir yerə toplanıb. İçində də müxtəlif heyvanlar: qartal, şahin, ilanlar, kirpi, dovşanlar, qamış pişiyi, siçanlar və ilaxır. Heç birinin də cınqırı çıxmır. Elə bil onlar da sənət əsərləridi. Qamış pişiyini isə heç cürə görmək olmur. Uzun qəfəsin içinə elə bükülüb ki, görmək qeyri-mümkündür. Bəlkə də həyatdan küsüb, kim bilir?!
12-13 yaşlı qarabuğdayı bir qızın rəsm əsəri diqqətimi çəkir. Parçlanmış insan rəsmi yaradıb. İnsanın qalıqları təbiətə qarışıb.

- Unikal bir işdi…
- Necə?
- Çox xoşuma gəldi. Burda nə demək istəmisiz?
- Demək istəmişəm ki, insan əvvəl-axır təbiətə qayıdır.
- Əla!

Bir xeyli tamaşadan sonra düşünürəm ki, bu qız inkişafını artırsa hələ nələr yaradacaq.
Salonun ortasında boyu iki metrdə yeriyən "ağac adamlar” diqqətimi çəkir. Onlar gülür, əl-qollarını oynadır, ətrafa həyat eşqi paylayırlar.

-Gedək şəkil çəkdirək onlarla… - deyə yoldaşım həvəslənir.

Yanına yaxınlaşıb gülümsəyirik. Bir də diqqətimi böyük yumurtalar çəkir. Rəngli yumurtalar.

- Bunlar dinozavrların yumurtasıdı haa. Ağlın toyuq yumurtasına getməsin… -dostum dillənir.

Tədbirdə ustad dərsləri keçirilir, gənclərin iştirakı ilə eko-tamaşa, səhnəciklər, viktorinalar, sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışları təşkil olunur. Adı Azərbaycanın "Qırmızı kitabı”na düşən heyvanlar və nadir ağaclar nümayiş etdirilir.

Bu cür gözəl sərgi başa çatmaq üzrədir. Ancaq biz sərginin sonuna yaxın tərpənirik. Küçədə sükutun yeri küləyə, günəşin yeri isə aya dəyişir. Biz isə içimizdə sənətlə gedirik. Üzü küləyə doğru…