ANA SƏHİFƏ / MÜSAHİBƏ

Qismət: “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

15711    |   2018-10-23 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


- Qismət, səni daha çox ciddi söhbətlər eləyən, intellektual biri kimi tanıyırlar. Çoxları deyir ki, Qismət həyatdan gəlməyib, onun kitabdan kənar həyatı yoxdur və s. Necə düşünürsən? Məsələn, Qismət uşaqlıqda necə biri idi?

- Kitablarla tanışlığım, daha intensiv şəkildə oxumağa başlamağım təxminən 8-ci sinifdə başlayıb. Ancaq həyatımın başqa tərəflərini soruşursunuzsa, deyim ki, çox möhkəm futbol azarkeş olmuşam. Məktəbdəki sərbəst inşalarda həmişə yazırdım ki, futbolçu olmaq istəyirəm. Bir neçə il fanatikcəsinə futbolla məşğul olmuşam, yarım müdafiəçi ampluasında oynayırdım. Yuxarı siniflərdə məktəbimizin idman müəllimi Şamxal kişi xəbər yaydı ki, basketbol komandası yığır, indiyəcən dostluq əlaqələrim qalan sinif yoldaşım Şaiqlə gedib ora yazıldıq. Çox uzun çəkməyən basketbol macərımız da pis alınmadı, hətta yaşda bizdən böyük abilərimizi qalmaqallı bir oyunda cüzi fərqlə udduq da.

- Uşaqlığın meydanlarda keçib yəni...

- Unutmadan deyim ki, mən çox məktəb dəyişmişəm, amma bu danışdıqlarım bitirdiyim 70 saylı məktəblə bağlı olanlardı. Qonşu məktəblə bizim məktəbin arasında böyük futbol meydançası vardı, sonra oranı professional futbol stadionu elədilər. Onda daşlı-çınqıllı bir ərazidi idi, amma biz həmin kələ-kötür meydançada hər həftə dünya çempionu olurduq. Yay tətillərində babamgilin Zaqulbadakı bağına gedəndə qonşuluqdakı uşaqları başıma yığırdım, zeytun bağlarının arasında salınan meydançada saatlarla futbol oynayırdıq. 7-8 topum vardı. İçindən futbolçuların şəkilləri çıxan saqqızlardan alıb kolleksiya toplayırdım. 1996-cı ildə, 10 yaşım olanda ilk dəfə şüurlu şəkildə beynəlxalq bir futbol turnirinə - Avropa çempionatına başdan sona baxmağımı bu gün bütün detalları ilə xatırlayıram. Finalda Almaniya ilə Çexiya oynayırdı, ehtiyatdan oyuna girən Oliver Birhof həmin oyunda dünyanın da, məhləmizin də ulduzuna çevrilmişdi. Uşaqlığın səması ulduzlarla dolu olur.

- Tək futbolla maraqlanırdın? Başqa maraqların yox idi?

- Dostlarımın çoxu dəlicəsinə maşın həvəskarı idi. Əksəriyyəti maşın markalarını əzbərləyirdi, hətta biri vardı ki, qonşu məhlələrdəki maşınların nömrəsinə qədər əzbərləmişdi. Qarajımızda dayımın zoğalı rəngdə, "zerkanli” nömrəsi olan Jiqulisi və babamın prokurorluğun təsis etdiyi qara Volqası vardı, amma mənə maraqlı deyildi. Gəlin sizə heç yerdə danışmadığım bir başqa marağımdan danışım, təxminən 14-19 yaş ərəfəsində çox atəşli ov həvəskarı idim.

- Səməd Vurğun kimi...

- Məni ova dayım həvəsləndirmişdi. Bir neçə il intensiv şəkildə ova getmişəm. Şamaxıda kəklik, dovşan ovuna, sonra həm Xəzərdə, həm də başqa-başqa rayonlardakı göllərdə balıq ovuna.

- Bəs heç peşman olmam;san? O vaxt canlı öldürdüyünə görə... Bir şair kimi...

- Açığı, o vaxt bunu düşünmürdüm. Bu mənim üçün ekstrim idi. Kim bilir, bəlkə də ovla məşğul olmaq, ova meyil salmaq uşaqlıqdan yeniyetməliyə keçid idi. Dayımın peşəkar ovçu dostları vardı, onlarla bir yerdə bir neçə dəfə ova getmişəm. Onların özünəməxsus həyat tərzləri, ritualları var. Bəlkə bir gün yazdım...

- Keçmişində xeyli qazıb ortaya çıxardığımız nüanslar oldu... Heç bilmədiyimiz...

- Hə, yaddaşımın təmas gözləyən bir neçə məqamını aktivləşdirdiniz. Bilirsiniz, başa düşürəm, mənim daim kitablardan, filmlərdən, sənət məsələlərindən danışmağım ola bilsin ki, bizdəki oturuşmuş ədəbiyyatçı, xüsusilə də şair tipiylə uyğun gəlmir. Belə bir təəssürat yaranır ki, belə də şair olar, hanı bunun kədəri? (gülür) Sizə o qədər ağrılı əhvalat danışaram ki... Hamı kimi mənim də problemlərim olub, olur, amma belə məsələlərdə Eliotun bir öyüdünü qulağımda sırğa etmişəm: şəxsi həyatı bütün çılpaqlığı ilə, sona qədər istehlak obyektinə çevirmək düzgün deyil. Mən bioqrafiyası ilə striptiz göstərməyən ədəbiyyatçıları sevirəm.

- Bizim yazıçılar sanki bu cür əhvalatlardan həzz alırlar. Məsələn, onların qəribə istedad anlayışları var. Deyirlər ki, içib küçədə yatdım... Heç səndə olubmu bu? Küçədə yatıb qalmısan...

- Yox, olmayıb. Mən heç vaxt o həddə düşməmişəm, nə özümə, nə də həmkarlarıma bunu rəva görməmişəm. Tələbəlik illərində bohem, məsuliyyətsiz günlər keçirmişəm, aylarla içdiyim vaxtlar da olub, amma həmişə özüm üçün müəyyənləşdirdiyim qırmızı cizgilərim olub. Heç vaxt məclislərin sızıb bir küncdə qalanı olmamışam, bacardıqca hamını sağ-salamat ev-eşiyinə salmağa çalışmışam. Və düşünmürəm ki, bu xasiyyətimlə bağlıdır, burda şürulu bir etiraz da var, ədəbi mühitə qədəm basdığım birinci gündən şairin, yazıçının avara imicdə olmasına əsəbləşmişəm. Açığı, bu günə qədər düşünürəm ki, bizdə bir xeyli istedadlı müəllif var ki, onlar tənbəlliklərini ipə-sapa yatmazlığın, nə bilim, guya dərddən içməyin arxasında gizlədirlər. Çünki fəhmlə sezirlər ki, bizimki kimi nekrofil cəmiyyətlərdə müəllifin peşakarlığı yox, nakamlığı daha qiymətlidir.

- Qismət, heç davalara düşdüyün olubmu?

- Bəli, olub, həm məktəb illərində, həm də tələbəlikdə.

- Amma səni dalaşqan biri kimi təsəvvür etmirəm...

- Dalaşqan deyiləm. Amma vaxtilə futbolda çox dalaşmışam. Fəxr ediləsi şeylər deyil. Bilmirəm, qəribədir, məndən asılı deyil, özlüyündən uşaqlıqdan elə alınıb ki, mən hansı davaya, mübahisəli məsələnin üstünə gəlib çıxmışamsa, tərəflər hörmətimi saxlayıb konsensusa gəliblər, yaxud mübahisə ən azı bir müddətlik ertələnib. Yaşca böyüklər çox vaxt mənimlə "siz”lə danışıblar. Uşaqlığım "Sovetski”də keçib, bəlkə məhlədə hamıdan çox söyüş bilirdim, amma ağzımdan bir söyüş çıxan kimi bütün dostlarım deyirdi ki, sənin dilinə söyüş yaraşmır, heç mən də yaraşdırmağa çalışmadım.

- Qismət, nəyə görə burdan söhbətə başladıq? Həm sənin bu tərəfin insanlara maraqlıdır deyə, həm də ki, sənin bir vaxtlar dediyin "bizim yazıçılar dünya yazıçılarının bioqrafiyasını yamsılayır” fikrinə görə. Yəqin ki, bu amil ordan gəlir. Birisi Heminquey kimi, o birisi Kafka kimi həyat tərzi yaşamaq istəyir, ya da onu imitasiya edir.

- Hamısı məsələlərin mahiyyətinə varmamaqdan, hər şeyi üst qatı ilə qəbul etməkdən irəli gəlir. Bəli, fikrimcə, bizdə mətn imitasiyasından çox, bioqrafiya imitasiyası var. Məsələn, Dostoyevskinin bir kitabını axıracan oxumadığını dəqiq bildiyin adam başlayır onun necə dəhşət içməyindən danışmağa. Niyə? Çünki öz zəifliklərinə bəraət qazandırmalıdır və buna təkcə ətrafını yox, özünü də inandırmaq lazımdır. Əslində, məncə, çox elementar məsələdir, siz heç zəhmət çəkən, gecə-gündüz oda-közə vuran, sadə həyatı olan dünya müəlliflərinin örnək götürüldüyünü görmüsüz? Çətin görəsiz, bir cümləsini oxumasalar da, tutalım, Edqar Ponun əyyaşlığını örnək götürmək daha çox sərf edir, nəinki, məsələn, Kortasarın eleqantlığını.

Bir dəfə bunu yazmışdım: "Yazıçı bir cümlə yaza bilməsə belə saatlarla ağ kağızın önündə oturmağı bacaran adamdır”. Ola bilər ki, saatlarla oturasan və heç nə yaza bilməyəsən. Amma oturmasan heç vaxt yaza bilməyəcəksən. Məşhur misalı xatırlayaq: Yuxularının çin olmasını istəyirsənsə, əvvəlcə yuxundan oyanmalısan.

- Sən heç o qədər vaxt ağ kağızın qabağında oturmusan?

- O qədər... Sübhə qədər... Yazmışam, pozmuşam. Birnəfəsə yazmaq deyirlər ha, belə də olur. Amma mən həmişə uzun-uzun qeydlər götürən, bir şeyin iki-üç variantını yazan müəlliflərdənəm. Yüzlərlə qeyd dəftərçəm var. Çap etdirdiklərimdən bəlkə də yüz dəfə çox qeydlərim var.

- Bəlli bir sistem yaratmısan?

- Desəm ki, həmişə intizamlı olmuşam, yalan olar. İntizamı bir az özümü məcbur edərək yaratmışam və hələ də möhkəmləndirməyə çalışıram. Etiraf edək ki, yaradıcı adamlar bir az təlatümlü, amma daha da çox tənbəl adamlardı. Bu mənada universitetdə dərs demək məni formada saxlayır, hər gün nəsə oxumalısan, qeydlər götürməlisən.

- Yaradıcı adamların tənbəlliyində bir az da obyektiv səbəblər var axı. Əksəriyyəti jurnalistikayla məşğuldu, qayğılar onu sıxır və s.

- Təbii ki, bizdə vəziyyət başqadır. Azərbaycanlı müəllif avropalı kimi düşünmür ki, üç ilə roman yazacam, filan qədər qonorar alacam və s. Azərbaycanlı müəllif öz "mən”ini tikə-tikə doğrayıb özündən başqa "mən”lər çıxartmağa məcburdur: redaktor, korrektor, ədəbi agent, yeri gələndə satıcı...

- Bu sistemi yaratmaq üçün, yazıçının normal şərtlər altında yaşaması və yazması üçün nələr edilməlidir?

- Nəşriyyatların vəziyyəti yaxşı deyil. Vahid, mərkəzləşdirilmiş kitabın satışını təşkil edən, ona nəzarət edən qurum yoxdur. Bizim əsas problemimiz mədəni prosesin ölkə boyu getməməsidir. Faciəmiz sanki şəhərin arxitekturasında da simvollaşıb. Bütün mədəniyət qurumları bir küçəyə yığılaraq basabas yaradıb: Mərkəzi Kitabxana, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı, teatrlar və s. Şəhərin mərkəzindən bir az kənara çıxsan, sənə elə gələcək ki, başqa əsrdəsən. Bakı kəndlərində isə vəziyyət daha dəhşətlidir. Bu "mədəniyyət basabas”ında sənət də, sənətçi də nəfəs ala bilmir.

- Qismət, sənin yazmaq ritualın varmı? Məsələn, Vaqif Bayatlı deyir ki, mən iki qatar arasında durub düşünəndə mənə ilham gəlir.

- Bəli, var. Neçə illərdir ki, 07 nömrəli qələmlərlə yazıram. Ondan başqa qələmlə yaza bilmirəm. Heç nə yazmasam belə masamın üstündə çoxlu dəftərlər olmalıdır. O dəftərlərin masada qalaq-qalaq düzülməyi nəsə məndə yazmaq həvəsi yaradır. Vaxtilə səs-küydə yazmağı sınamışam, bir kafedə oturub yazmağı. İndi düşünürəm ki, elə də əhəmiyyətli fərqi yoxdur. Bəzi peşakar vərdişlərə yiyələnəndən sonra harda olsa, yaza bilərsən. Yazmaq konsentrasiya işidir.

- İstəyirəm, yazmaq mövzusuna toxunmuşkən bunu da soruşum. Bu gün şeirə axın daha çoxdu. Ümumiyyətlə, müstəqillikdən sonra çox az sayda roman yazıldı bizdə. Dünyada isə...

- ...aparıcı janr romandır. Deməzdim indi şeir çoxdur, amma şeir adına yazılanlar çoxdur, bəli. Yaxşı şair, həqiqi poeziya nümunəsi bütün dövrlərdə az olub. Bizdə mamırlaşmış bir klişe var, guya prozaik mətnlər intellektlə bağlıdır, poeziya isə daha çox hisslərlə. Bu söhbət dünya ədəbiyyatında XVIII əsrdə olub, sonra dağılıb gedib. Poeziyanı ancaq hisslə bağlamaq özünü sığortalamaq yoludur. Bizdə çox vaxt belə deyirlər, mən nə deyim axı, şeir analiz olunmur. Elə də qəşəng analiz olunur ki. Şeirin elə dəqiq, təhlil, analiz mexanizmləri var ki. Amma əfsus ki, çox az adamı çıxmaq şərtilə, şairlər də, tənqidçilər də poeziyanın çağdaş təhlil metodlarından elementar şəkildə xəbərdar deyillər.

- Az sayda roman var. Və təzə gələn nəsil də romandan kənar durub. Nə çatışmır? Dünya ilə bizi ayıran nədir?

- Çağdaş romançılıq müəllifdən tarixdə heç vaxt olmadığı qədər intellekt (qəlizlik mənasında yox), ayıqlıq, rasionallıq istəyir. Gəlin etiraf edək ki, yazıçılarımız rasionallıqdan çox-çox uzaqdadırlar. Bizdə dəlisovluq aşırı istedad göstəricisi hesab olunur, yazıçılarımız düşünür ki, ya başını götürüb getməlisən, ya da başın getməlidir...

- Dünya təcrübəsindən uzaqlığımız da burda rol oynayır...

- Əlbəttə. Sovet vaxtı qalın-qalın romanlar yazırdılar, yaxşı qonorar vardı. İndi yazmaq fədakarlıqdır. Əslində indiki situasiyada vəziyyət normaldır. İndi yazılandan artıq roman yazılmağını gözləmək xülyadır. Nə bilim, bəlkə də yazılır, bizim xəbərimiz yoxdur. Bəlkə elə bu nəşriyyatın içində dünya səviyyəli romanlar yazılır (gülüşmə).

- Sənin özün də roman yazdığını demişdin. Amma nədənsə o roman ortaya çıxmadı.

- Açığı, hələ ürəyimcə olmadığı üçün o romanı təxirə salmışam. Düzünü desəm, indi həmin mətnə enerji sərf etməyə vaxtım yoxdur. Gərək dərs deməkdən uzaqlaşım, saytın işlərini yüngülləşdirim və s. Bu dəqiqə imkan yoxdur.

- Sonda nəsə demək istəyirsən?

- Bayaq yolda maraqlı bir pritça oxudum, gəlin söhbətimizi onunla bitirək. Yeddi ayrı qitədə, yeddi ayrı evdə, yeddi ayrı çarpayıda, yeddi ayrı kişi yatıb eyni yuxunu görürlər. Qəsrlərlə, bürclərlə dolu qotik bir şəhər görürlər, şəhərin mərkəzindəki meydanda mələk heykəli ilə bəzənmiş fəvvarədən ayaqyalın bir qız su götürüb gedir, dalınca düşürlər çata bilmirlər. Yeddi ayrı qitədə, yeddi ayrı evdə, yeddi ayrı çarpayıda yatıb eyni yuxunu görən kişilər oyanıb həmin qızı axtarmağa gedirlər. Yeddi il gəzəndən sonra bir-birlərindən xəbərsiz bir karvansarayda rastlaşırlar. Yemək süfrəsində biri o birindən soruşur ki, hardan gəlib, hara gedirsən? Cavab verir: Yeddi il bundan qabaq bir gecə bir yuxu gördüm... Hamısı bir ağızdan deyir ki, biz də! Ortaya sükut çökür. Məlum olur ki, yeddi kişi yeddi il boyunca dünyanın hər yerini gəziblər, amma nə o qotik şəhəri, nə də o qızı tapa biliblər. Ortaya ümidsizlik çökərkən içlərindən biri dillənir: "O şəhər yer üzündə yoxdursa, gəlin o şəhəri özümüz tikək, bəlkə o qız gəlib bizi tapdı”. Hamısı sevinir, razılaşırlar. Yeddi il əziyyət çəkib yuxudakı şəhərin eynisini tikirlər. İş bitəndə yorulub mələk heykəlləri ilə dolu fəvvarənin yanında dincəlməyə başlayırlar. Bir az keçəndən sonra içlərindən böyüyü deyir: "Kimsə gedib çörək alsın”. Kişilərdən biri durub gedir, amma çox keçmədən qayıdır. Deyir ki, şəhərin çıxışını hörüblər. Heyrətlənirlər. Axı kim edib bunu? Utana-utana biri əlini qaldırır: mən etmişəm. Soruşurlar, niyə belə etmisən? Deyir, ayaqyalın qız şəhərdən çıxıb gedə bilməsin deyə. Başqa bir kişi ayağa qalxıb deyir: mən o biri çıxışdan gedib alaram. Bir azdan o da qayıdır ki, çıxışı hörüblər. Bunu kim edib? Bu dəfə utana-utana bir başqası əlini qaldırır: Mən gördüm, qorxdum ki, qıza qaçar, yenə çata bilmərəm. Məlum olur ki, yeddi kişi şəhərin yeddi çıxışını da hörüblər, yuxularındakı ayaqyalın qız şəhərdən qaça gedə bilməsin deyə...


Söhbətləşdi: Ayxan Ayvaz, Oğuz Ayvaz




İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK