iLHAM ƏLiYEV ALLAHIN DüNYANI YARATDI?INA GüNƏ DAHA BÖYüK ÖNƏM VERDi

AQİL ABBAS
26607 | 2007-03-12 23:11
Hər bir millətin tarixində, həyatında müqəddəs günlər var, bayramlar var. Və bu bayramların içində bir millətin formalaşdığı bayramlar var, məsələn, Dövlət Müstəqilliyi günü, millətin böyük liderlərinin doğum günü, bir də hətta tarixi də bilinməyən, kökü də bilinməyən millətin qanına hopmuş, iliyinə işləmiş, millətin deyək ki, özünün yox, milləti millət kimi formalaşdıran bayramları var.
   
   Novruz bayramı kökü minilliklərə gedən və bu milləti bir millət kimi formalaşdıran, millətin ruhunu qoruyub-saxlayan bir bayramdır. Məhz elə ona görə də heç bir ideologiya, heç bir imperiya bu bayramı bu millətdən ala bilmədi. Heç bir imperiya bu millətin ruhunu soya bilmədi. Sovet hökuməti nə qədər çalışdı, Azərbaycan xalqı bu bayramını həmişə yaşadı.
   
   İlk dəfə rəsmi bu bayram 1967-ci ildə qeyd olundu. Sonra deyəsən bayram plovumuzun yağı çox olduğuna görə yenidən bu bayramın üstünə bir yasaq gəldi. Yasaq gəldi deyəndə bu yasaq mətbuata və televiziyaya gəldi. Millət yenə bayramını eləyirdi, səmənisini göyərdirdi, qovurğasını qovururdu, çərşənbə axşamlarının tonqallarını yandırırdı, azarını-bezarını, dərdi-kədərini tonqalda yandırıb atlanırdı, ən kasıb adam belə bayram plovu bişirirdi, ailəsini-nəslini başına yığırdı. Biz kənddə əskidən fişəng düzəldib atırdıq və yarışırdıq ki, kimin fişəngi daha çox hündürə qalxacaq.
   
   Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu bayram rəsmi Novruz bayramı kimi qeyd olunmasa da, Bahar bayramı kimi qeyd olunmağa başladı, televiziyada bu günlər xüsusi verilişlər efirə getdi. Bu, hamımızın xatirindədir.
   
   Sonra Sovet imperiyası çökməyə başladıqda bayram daha çox kütləvilik qazanmağa başladı.
   
   Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə bayram daha geniş bir kütləvilik aldı, daha böyük təmtəraqla keçirilməyə başladı və bayram günlərində prezident həmişə meydanlarda oldu, xalqın içində oldu. Və həmişə bu bayramı xalqla bir yerdə keçirdi. Yəni Novruz bayramı ikinci dövrünü yaşamağa başladı. Yəni rəsmi dövrünü - bu millətin, bu dövlətin bir rəsmi bayramı kimi. Və Ulu Öndərin bu bayram günlərində xalqa bir hədiyyəsi də olurdu, o da əfvlər eləmək, günahı olan insanları bağışlamaq, amnistiya aktları həyata keçirmək, bir sözlə, atalarının yollarını gözləyən cocuqları da sevindirmək.
   
   Ulu Öndərin varisi, möhtərəm prezidentimiz İlham Əliyev bu ildən bu bayramı daha təmtəraqlı, daha gözəl, daha kütləvi keçirmək üçün daha bir addım atdı, bir fərman imzaladı.
   
   Bildiyimiz kimi, bütün dünyada yeni il böyük bir təmtəraqla qarşılanır, hər bir dövlətdə həm yeni ildən əvvəl, həm yeni ildən sonra rəsmi istirahət günləri elan olunur. Yəni ki, insanlar bu bayramı ürəkləri istədiyi kimi rahatca keçirə bilsinlər.
   
   Novruz da Yeni il deməkdir. Türklərin Yeni ili deməkdir. Təbii ki, bu bayrama sonradan İslam faktoru da əlavə olunub. Yəni millətin bu bayramı həm də millətin dini ilə qaynayıb-qarışıb - qurban olduğum Həzrəti Əlinin doğum günüdür. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu bayramın tarixi min illərə gedib çıxır. Oda, suya, torpağa, səmaya tapınan bir bayramdır. Dünyanın doğum günüdür. 1 yanvarı Yeni il kimi insanlar yaradıb, amma Novruz bayramı dünyanın Doğum günüdür və bunu Allah yaradıb. Yəni məhz Allah bu gündə bu bəşəriyyəti yaradıb bizə bəxş edib. Və dünyanın ən qədim xalqı da bizdən olduğuna görə, bu bayramı da elə ilk günlərdən bu millət keçirib - dünyanın doğum günü, millətin doğum günü kimi. Elmə müraciət eləmək yersizdir, hamımız bilirik ki, dünya da hər il yenidən Novruz bayramı günü doğulur.
   
   Məhz bunları nəzərə alan möhtərəm prezidentimiz çox vacib bir fərman imzaladı və Novruz bayramını rəsmi olaraq 5 gün elan elədi. Və əgər şənbə-bazar bu bayram günlərinə düşərsə, əlavə istirahət günləri rəsmiləşdirildi. Yəni millət bu müqəddəs bayramını könlü istədiyi kimi rahatca keçirə bilsin. Düzdür, buna etiraz edənlər də tapıldı, əslində onlar da çox gözəl bilirdilər ki, prezident düzgün addım atıb, sadəcə, etiraz eləmək xatirinə etiraz edirlər.
   
   Və bu da maraqlıdır ki, xalq digər bayramlarda deyil, məhz Novruz bayramı ərəfəsində prezidentdən daha çox şey umur, daha çox şey gözləyir. Məhz insanlar bu ərəfədə prezidentdən əfv umurlar, amnistiya umurlar, yəni günahlarının bağışlanmasını umurlar, xalqın sosial problemlərinin həlli üçün atılacaq addımları gözləyirlər. Bu da ona dəlalət edir ki, millət bu bayramı müqəddəs bayram sayır və onu da bilirlər ki, prezident üçün də bu bayram bütün bayramların önündədir.
   
   Çoxsaylı oxucu məktublarında xalq Novruz bayramına belə önəm verdiyinə görə möhtərəm prezidentimiz İlham Əliyevə öz minnətdarlığını bildirir, öz təşəkkürünü çatdırır.
   
   Bu gün çərşənbə axşamıdır, yenə tonqallarımızı qalayacağıq, bir neçə gündən sonra isə Novruz yurdumuza qədəm qoyacaq. Daha böyük tonqallar çatacağıq və hamımız inanırıq ki, günlərin birində prezident bu millətlə birlikdə ən böyük Novruz tonqalını işğaldan azad ediləcək torpaqlarımızda, Şuşada çatacaq. Və o tonqalın alovu hər yerdən görünəcək.
   
   Yurdumuza Novruz gəlir. Düşərli olsun, həm millətimizə, həm də Prezidentimizə!
   
   Tanrı bu milləti qorusun!
   
   Tanrı Türkü qorusun!
   
   Tanrı İlham Əliyevi qorusun!

TƏQVİM / ARXİV