adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MƏSUD ƏLİOĞLU: 90 İLİN YARISI

VAQİF YUSİFLİ
21946 | 2018-10-23 00:43

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

(əvvəli ötən sayımızda)

Məsələn, Azərbaycan ədəbiyyatında "Aran köçü", "Namus davası", "Trut qaçaqları" kimi milli-mənəvi-etnoqrafik dəyərləri vəsf edən, o dövrdə hətta buna görə "keçmişi idealizə", "yenilikdən uzaq", "qolçomaq" kimi tənqidlərə, söyüşlərə ürcah olan Hacı Kərim Sanılı haqqında yazını götürək. Qeyd edək ki, bu yazı hələlik Hacı Kərim Sanılı haqqında qələmə alınan ən sanballı yazıdır.
Həmin məqalədə Məsud Əlioğlu - başlanğıcda bir qartalın ölümündən söz açır. Bu qartalı öz yuvasından perikdirirlər, o özünü çayın gur axınına atır və həlak olur. Hacı Kərim Sanılının həyatı da buna bənzər, o da çox təqiblərə, tənqidlərə məruz qaldı, sonu da repressiya. Və həmin yazıda Hacı Kərim Sanılının Saz dünyasına, köçəri həyatın romantikasına, təbiətə bağlılığı şirin bir təhkiyə ilə davam etdirilir, sanki məqalə deyil, bir hekayə oxuyursan. Osman Sarıvəlliyə həsr etdiyi məqalədə isə Məsud Əlioğlu şairin şeirlərindəki ayrı-ayrı obrazlar (tut ağacı və bənövşə)üzərində dayanır. Osman Sarıvəllinin bir şair kimi formalaşması, kənddən çıxması, uzun müddət şeirlərində o hava ilə yaşaması və "Gətir, oğlum, gətir!" kimi milli-mənəvi dəyərlərimizi təbliğ edən poetik bir şedevr yaratması həmin yazıda böyük səmimiyyətlə şərh olunur. Gətirdiyi misallar də səciyyəvi idi:

Hər gün boy atıramgtarix dünyada
Ömrümdən bir an da kəsib atmayır.
Lakin bu dağlara boyum çatsa da,
Uşaqlıq çağına əlim çatmayır

Yaxud:

Ələmdən, kədərdən qaça bilmədim
Ciyərim həsrətlə alışdı, yandı.
Könlümü kimsəyə aça bilmədim
Cırıq paltarımdan eşqim utandı.

O, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza haqqında da eyni səmimiyyətlə söz açırdı.Adətən, yazıçılar, şairlər haqqında "təbiidir", "səmimidir" ifadələrini işlədirlər, amma bu ifadələri biz Məsud Əlioğlunun bütünlükdə yaradıcılığına şamil edə bilərik.
Məsud Əlioğlu öz tədqiqatlarında sənətkarlıq məsələlərinə də xüsusi diqqət yetirirdi. İstənitlən bir sənətkarın yaradıcılığı onun üçün təkcə məna-məzmun baxımından deyil, həm də bədii təsvir, məzmunun necə ifadə olunması, bədii gözəlliklə necə cilalanması ilə də cəlb edici idi. Cəlil Məmmədquluzadənin böyüklüyünü o, həm də simvolika və psixoloji təhlil məharətində, kəskin və iti ağlın, ayıq, düşündürücü təfəkkürün parlaq əlaməti olan yumorun əyləndirici deyil, düşündürücü mahiyyət daşıdığını nəzərə çarpdırırdı. Yazırdı ki: "Mirzə Cəlilin hekayələrində yersiz, əsas məqsəddən və mətləbdən kənar, bir söz belə yoxdur Hər şey öz yeroində, həyatın qaynağında olduğu kimi, təbii və cazibədardır". Yusif Vəzir Çəmənzəminli hekayələrini ona görə yüksək qiymətləndimrirdi ki, bu hekayələr aydıfnlıq, ifadə səlisliyi, dəqiqliyi, fikri obrazlı şəkildə demək və s. cəhətdən kamil sənət nümunələridir. Ordubadinin "Dumanlı Təbriz" romanını süjeti və kompozisiya xüsusiyyətləri, quruluşu etibarilə orijinal roman hesab edirdi. Onun sevdiyi sənətkarlardan biri də Süleyman Sani Axundov idi və ona həsr etdiyi monoqrafiyasında Süleyman Sani yaradıcılığının, xüsusilə onun dramaturgiyasının sənətkarlıq xüsusiyyətləri geniş şərh olunurdu.
Mən Məsud Əlioğlunu görməmişəm. Və təbii ki, onun özünəməxsçus insani keyfiyyətlərindən danışa bilmərəm. Lakin Məsud Əlioğlu necə insan idi sualına onun ən yaxın dostlarından biri- İmamverdi Əbilovun xatirə yazısında tam dolğunluğu ilə cavab tapdım. Yazımı da İmamverdi müəllimin sözləriylə bitirmək istəyirəm: "Məsud bütövlük, şirinlik, təmizlik timsalı idi. 1957-ci ilin yanvarında Məsud Bəxtiyar Vahabzadə ilə bizə gəldi. Məsudu çox sevən Bəxtiyar xasiyyətcə xeyli fərqli olsalar da,səfərə birgə çıxmaqdan xoşlanırdı. Məsud-şeir, musiqi dünyası. Lətifə, zarafat aləmi idi. İki gün qaldılar. Qeyri-adi hafizəsi, musiqi yaddaşı olan Məsud birinci gün məclisi o qədər əyləndirdi kigAxırda Bəxtiyar müəllim sadəcə xahiş etdi: "Məsud, kifayətdir, and verirəm, söhbətinə ara ver. Bu axşamkı gülüş, şübhəsiz, məni xəstələndirəcək". 1969-cu ildə Bəxtiyar Vahabzadə və Xudu Məmmədovla birlikdə bizdə olarkən Cavid sənətindən, klassik və müasir türk poeziyasından vəcdlə, ilhamla danışdı, nə qədər şeir dedi, xüsusilə Tofiq Fikrətdən, Hüseyn Caviddən. Söhbət çözələndi, musiqidə bənd aldı. Məsud Üzeyir bəyin sənətindəki ecazdan söz saldı, fikirlərini musiqi ifasında təhlil etdi. Məsud çoz zarafatcıl insan idi. Bir dəfə Məsudla Mir Cəlal müəllimin yanınıa getməli olduq. Son dərəcə mülayim və kövrək olan Mir Cəlal müəllimi bu dəfə xeyli dilxor gördük. O, öz keçmiş tələbəsi, indii isə ali məktəbdə dərs deyən gavan müəllimi danlayırdı ki, o, tənbəllik etmədən Məmməd Arifin Cəfər Cabbarlı haqqında monoqrafiyasında bir hissəni olduğu kimi öz yazısına köçürüb. Mir Cəlal müəllim hiddətlənmişdi. Elə bu vaxt Məsud gözlənilməz müdafiəçiyə döndü: "Professor, siz bu yazığı niyə bu qədər danlayırsınız? Onun cəmi iki günahı var. Biri budur ki, məqaləsinin əvvəlinə də, axırına da "dırnaq" işarəsi qoymağı unudub. Bir də məqaləsinin əvvəlinə "Məmməd Arif demişdir"-yazmağı. Mir Cəlal müəllimin alnındakı qırışlavr açıldı:
"Ay səni Məsud, axır ki, hər şeydə bir zarafat ucu tapırsan". Mən Məsudu axırıncı dəfə, 1973-cü ildə, yaz çağında Əliağa Kürçaylı ilə birgə Neytçalaya gələndə gördüm. Yenə də Məsudun poetik cövlanı evi başına götürdü. Bu dəfə "qonağımız" Məhəmməd Hadi idi:

Mən solmalıyam, ta ki açılsın da baharım
Mən ölmədən əvvəl vətənim oldu məzarım.

Sonra mən onu bir daha görə bilmədim. Həmin ilin bir iyun səhəri Məsudun dostları üçün gözlənilməz hüzünlü xəbərlə açıldı.

TƏQVİM / ARXİV