Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | "SMOMPK: AZƏRBAYCAN FOLKLORU MATERIALLARI" Adalet.az | "SMOMPK: AZƏRBAYCAN FOLKLORU MATERIALLARI" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"SMOMPK: AZƏRBAYCAN FOLKLORU MATERIALLARI"

3060    |   2018-10-23 00:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millətsevərliyin gözəl örnəyi

İslam Sadıq
Filologiya elmləri doktoru

(1-CI CILD)

Səhərdən-axşama boş-boşuna Vətəndən, millətdən danışanlar, onu elə eləyək, bunu belə eləyək deyə-deyə hamıya ağıl öyrədənlər, iki daşı üst-üstə qoymayıb onların özündə də bir yarasızlıq, gərəksizlik görənlər haqqında düşünəndə istər-istəməz Səməd Vurğunun "Çil toyuğun tək yumurtası" şeiri yadıma düşür. Özləri iş görən, yazıb-yaradan, ortaya dəyərli əsərlər qoyan, kitablar nəşr edən adamların, əlbəttə, danışmağa da, başqalarına öyüd-nəsihət verməyə də haqları var. Əslində onların gördükləri işlər öyüd-nəsihət verməyin quru sözlə yox, işlə, əməllə ifadəsidir. Bu cür adamlar boş yerə vaxtlarını itirmir, başlarını salıb işlərini görürlər. Dünya gör-götür dünyasıdır!
AMEA Folklor İnstitutunda "SMOMPK: Azərbaycan folkloru materialları" çoxcildliyinin yenicə işıq üzü görmüş birinci kitabını əlimə alanda niyəsə beynimdən keçən ilk fikirlər bunlar oldu. Kitabın "Ön söz"ündə çoxcildlik haqqında oxuculara yetərincə bilgilər verilmişdir. Nəşrin layihə rəhbəri İnstitutun direktoru, akademik Muxtar Kazımoğludur. Birinci cildin materiallarını f.ü.f.d, dosent institutun şöbə müdiri Rza Xəlilov tərcümə və transliterasiya etmiş, "Ön söz"ünü Rza Xəlilov, Afaq Xürrəmqızı və Aynur Hüseynov (hər üçü f.ü.f.d, dosentdir) yazmışlar. Səbinə İsayeva redaktoru, Güldanə Pənahova (hər ikisi f.ü.f.d, dosentdir) rəyçisidir.
XIX yüzilliyin otuzuncu illərindən başlayaraq Tiflisdə elmi və ədəbi mühit yarandı. Bunun ilk səbəbi həmin dövrdə orda rus dilində mətbuatın nəşri olmuşdu. XIX yüzillikdə Tiflisdə rus dilində bir neçə qəzet və dərgi nəşr edilirdi. Azərbaycanın gözü açıq, tərəqqipərvər, vətənsevər, millətsevər adamları da bu nəşrlərin işığına toplaşmışdılar. Bu cür dövrü nəşrlərdən biri də 1881-ci ildə ilk sayı işıq üzü görmüş SMOMPK idi. Onun adının açıq yazılışı belədir: Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu (QƏXTMT). XIX yüzilliyin sonu və XX yüzilliyin əvvəllərində yaşamış ziyalılarımız onu yığamat adlandırırdılar. Yığamat da, toplu da türk sözləridir və nəşrin adını doğru ifadə edir.
QƏXTMT-in 1881- ci ildən 1929-cu ilə qədər 46 buraxılışı işıq üzü görmüşdür. Onun 44 buraxılışı Tiflisdə (1881-1915-ci illər), yalnız sonuncu iki sayı 1926 və 1929-cu illərdə Mahaçqalada nəşr edilmişdir.
Toplunun əksər saylarında çoxlu Azərbaycan sözlü ədəbiyyat örnəkləri işıq üzü görmüşdür ki, onların bu gün ilk toplama və nəşr materialları kimi olduqca böyük elmi dəyəri var. Bunların əksəriyyətini o dövrdə yaşamış Azərbaycan ziyalıları toplamışlar. Bir çox rus ziyalıları da onlara qoşulmuş, həm toplama, həm də rus dilinə tərcümə işində yaxından iştirak etmişlər ki, hazırda onları yüksək dəyərləndirmək bizim borcumuzdur. Azərbaycan sözlü ədəbiyyat örnəklərinin toplanıb həmin topluda nəşr edilməsi iki baxımdan daha önəmlidir:
1. Milli sözlü ədəbiyyat örnəklərimizin bir qismi yaddaşlardan yazıya alınmış və əbədi yaşamaq haqqı qazanmışdır.
2. Onların oğurlanmasının qarşısı alınmışdır.
Birinci məsələ aydındır. Elə atalar sözü və tapmacalar, nağıl və əfsanələr var ki, onlar bu gün yaddaşlarda yoxdur. Yüz- yüz əlli il bundan öncə yaşamış folklor söyləyicilərinin yaddaşı indikilərdən çox zəngin olmuşdur. Dünyadan köçən hər bir folklor söyləyicisi özüylə nə qədər örnəklər aparır. Onların yazıya alınmayanlarının çoxu itir. QƏXTMT-in ayrı-ayrı buraxılışlarında bu gün yaddaşlarda olmayan çoxlu belə örnəklər var.
İkinci məsələ daha ciddidir. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra kütləvi şəkildə köçürülüb Azərbyacan torpaqlarında yerləşdirilən ermənilər canında, qanında heç bir humanistlik olmayan "humanist" erməni yazıçısı X. Abovyanın rəhbərliyi altında türk folklorunu oğurlayıb özlərininkiləşdirməyə başladılar. İlk addımı da onun özü atdı. "Əsli və Kərəm" dastanını alman dilinə çevirib A.F.Haksthauzenə verdi, o da əsəri Almaniyada erməni xalq dastanı kimi nəşr etdirdi. Bu da "humanist" yazıçının sözlü ədəbiyyat oğurluğu!
Ermənilər QƏXTMT-in ətrafında da toplaşmışdılar. Onlar burada türk folklor örnəklərini rus dilinə çevirib erməni folkloru kimi nəşr etdirirdilər. QƏXTMT-in "Biblioqrafiyası"nı hazırlamış Əmin Əfəndiyev və ona ön söz yazmış Vaqif Arzumanlı da ermənilərin bu oğurluqlarının üstünü açmış, onların türk sözlü ədəbiyyat örnəkləri olduğunu göstərmişlər. Mən bu məsələni dərindən araşdırdığıma görə, erməni yazıçı və alimlərinin XIX yüzillikdə söylədikləri fikirlərə söykənərək dönə-dönə yazmışam ki, ermənilərin heç vaxt sözlü ədəbiyyatı olmayıb. Səbəbi də budur ki, qrabar kilsə dili olduğuna görə, XIX yüzilliyin ikinci yarısında aşxarabar yaranana qədər kilsə erməni xalqının bu dildə məclis keçirməyini, əylənməyini, mahnı oxumağını, sözlü ədəbiyyat yaratmağını birmənalı şəkildə qadağan etmişdir. Öz folkloru olan xalq heç vaxt başqa xalqın folklorunu oğurlamaz. Ermənilərin türk folklorunu oğurlamağı da özlərində onun yoxluğundan qaynaqlanmışdır. Bu boşluğu onlar türk folklorunu oğurlamaqla doldurmaq istəyiblər.
Yaxşı haldır ki, "SMOMPK: Azərbaycan folklor materialları" çoxcildliyini hazırlayanlar onun bir kitabında yalnız ermənilər tərəfindən oğurlanıb həmin toplunun ayrı-ayrı saylarında nəşr edilmiş türk folklor örnəklərini toplamağı nəzərdə tutublar.
Bu çoxcildlik yalnız Azərbaycan folklorşünaslarına deyil, bütün sözlü ədəbiyyatla maraqlananlara, onu sevənlərə gözəl hədiyyədir.



İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK