ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MÜASİR GERÇƏKLİKLƏRİMİZ ŞAİR GÖZÜ İLƏ

2451    |   2018-10-23 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Babək
Qurbanov
Prof.Dr.
Oxucularımızın, şeirsevərlərimizin ixtiyarına verilmiş "Kür Harayı" (Avanqard Yayınevi, Bakı, 2018) adlı kitab Rövşən Xasayoğlunun ikinci şeir kitabidir. Onun birinci şeir kitabi ilə əlaqədar da fikirlərimi bölüşmüşdüm. Sözün düzü o zaman şeir kəlməsindən olduqca az istifadə etmişdim, belə ki, bu kitabdaki şeirlər əsasən şairin gənclik yaşlarında yazdığı, daha çox da onun saf hıss və həyacanlarını, gənçlik ehtiraslarını ifadə edirdi, bir qədər sadəlöhv təsir bağışlayırdı. Hələ müəllifin özünün də hardasa həyacanlı, tərəddüdlü olduğunu hiss etmək mümkün idi. Fəqət bu şeirlərin əksəriyyəti boyük ilham və istedadla qələmə alınmışdı.
Rövşənin ikinci kitabındaki şeirləri oxuduqdan sonra isə qarşımıza öz üslubu, dünyabaxışı, bədii-estetik zövqü ilə fərqlənən bir şair-şəxsiyyətin çıxmasının şahidi oldum. Rövşən bəyin kitabında bir necə prinsip diqqətimi çəkdi. Bunlar mövzu rəngarəngliyi, mövzu aktuallığı, müasirlik ruhu, yüksək bədiilik, forma və kompozisiya mükəmməlliliyi, dilimizin incəliklərindən yaradıcılıqla istifadə edə bilmə bacarığı, Atalar sözlərindən məntiqi olaraq və mövzunun təsir gücünü daha da artırmaq məqsədi ilə yerli-yerində istifadə etməsi, son ideoloji-siyasi məsələlərə prinsipial şair münasibəti və s. Rövşən oxucularına müraciətində olduqca ehtiyatlı və həssas, onun ruh halına, psixologiyasına dərindən sayğılıdır. Bu münasibəti hətta kiçik yaşlı uşaqlara, nəvələrinə həsr etdiyi lirik, öyüd-nəsihət xarakterli şeirlərində belə izləmək mümkündür. Sözə, kəlməyə, cümləyə belə bir nəzakətli münasibət onun daxili aləmindən, son dərəcə ağır, keşməkeşli ömür yolunun yaddaşına köçürdüyü ayrı-ayrı məqamlarından axarlanıb gəlir.
Müəllif anaya olan dərin hisslərini ifadə edərkən eyni zamanda onu mənəviyyatın yüksək ideal nümunəsi olaraq görür və ona olan bağlılığını poeziya dili ilə söyləyir. Onun bu qəbildən olan şeirlərində anaya olan bəşəri, milli hiss-həyacanlarını duya bilirik. Bu şeirlərin dili o qədər axıcı, təsirli və yanıqlı olur ki, onları həyacansız oxumaq mümkün deyildir. Təvazökarlıqdan uzaq da olsa, bu şeirlərdən biri "Dünyanın Tacı" vaxtilə məni o qədər təsirləndirdi ki,ona musiqi yazdım.
Şairin şeirlərinin milliliyini, xəlqiliyini göstərən xüsusiyyətlərdən biri də onun atalar sözlərinə, ibarələrinə yaradıcı münasibətidir və bu üsulu təsvir-ifadə vasitəsi kimi diqqətə alan müəllif onun şeirin milliliyinə xidmət edə bilməsini cox gözəl dərk edir. Lakin o, atalar sözlərinə müraciət edərkən bəzən ona öz məntiqi əlavələrini belə gətirə bilir. Şair şeirin, sənətin sosial funksiyalarını, onların necə və harada istifadə edlməsini də bəlkə də intuitiv olaraq hiss edir. Məsələn, adət-ənənələrimizi, mənəvi dünyamızı, sevgi və məhəbbətimizi ifadə edərkən onun şeir dilinin, hiss-həyacanlarının nə qədər emosional olduğunun şahidi oluruq.
Yüksək əxlaqi dəyərlərimizin tərsinə hərəkət edən, əxlaq antipodlarının, tüfeylilərin, ikiüzlülərin, yaltaqların, xalqın malını soyanların başqasının əməyinə əl qoyanlarin surətlərini yaradarkən isə şairin dili daha kəsərli, satirik və öldürücü olur.
Rövşənin yaradıcılığında qürbət mövzusunun da ayrı bir yeri var. Şair bu qəbildən olan şeirlərində bir daha belə bir fikri ifadə etməyə calışır ki, qədirbilən insan harada, hətta ən zəngin bir ölkədə yaşasa belə, daima Vətən həsrəti ilə yaşayır, bu diyarın əmin-amanlığı, əhaləsinin firavan yaşaması barədə düşünür. Arzu-istəklərinin, xoş diləklərinin Vətənə çatdırılmasını istəyir.. Subyektiv səslənə bilən bu dərin hisslər əslində bəlli səbəblərdən dolayı vətəndən uzaqlarda yaşayıb-yaratmaqda olan bəlkə də minlərcə, milyonlarca insanların arzu və istəklərinin ifadəsidir. Bu qəbildən olan şeirlərdə biz M.P.Vaqifin məşhur """::Durnalar""":: şeirinin xoş təsirini görür, bir daha Rövşənin klassik poeziyamızın ölməz ruhundan uzaq düşmədiyini, əksinə onun müasir mərhələdə yaşaması, davam etdirilməsi fikrinə sadiq qalmasını sübut etməkdədir. Zənnimizcə, bu qəbildən olan şeirlər əslində harada olmasından, millətindən, dinindən, dilindən, irqindən belə asılı olmayaraq insanların vətənpərvərlik hisslərini hərəkətə gətirir, ana kimi əziz və əbədi olması fikirlərini ifadə etmiş olur. Şairin bir çox şeirlərində və bayatılarında vətən sevgisi, bəzən aşıq, bəzən də simvolik şəkildə özünü ifadə etməkdədir Məsələn, elə Cənubi Azərbaycanda mücadilə edən qardaşlarımıza həsr olunmuş "Kəkliyim" şeirində də vətən sevgisinin, torpaq sevgisinin ifadəsini görür, eyni zamanda klassik şairlərimizin, xüsusilə də M.P.Vaqifin, Səməd Vurğunun təsirini hiss edirik. Fikrimizi əsaslandırmaq üçün həmin şeirdən bir-iki bəndə müraciət etməli oluruq:

Mənim kimi sən də vətən sevdalısan.
Ondan belə dəlilər tək havalısan.
Soran yoxdu hardan gəldin-haralısan.
Fikrimdəki bir xəyaldın, boz kəkliyim.

Və ya:

Ovçuların əsir düşüb kor nəfsinə,
Dağda-daşda çoxdan düşüblər izinə,
Tuş gəlməsin sinən namərd gülləsinə,
Bir az da döz, yol qısaldı, boz kəkliyim.

Təbii ki, burada şairi düşündürən heç də yalnız Vətənin təbiəti, flora və faunası deyil, onu eyni zamanda Vətənin gələcək taleyi, torpağımızın tarixən ədalətsiz olaraq parçalanması problemidir. Şairin "Tənha ağac" şeirində də biz yuxarıdaki əhvali-ruhiyyəni hiss etmiş oluruq. Burada da şair tənha ağaçla fikirlərini paylaşmağa çalışır, onun tənhalığında bir məna axtarır, hər bir bənddə tənha ağaca xitab edən müəllif ona sanki ürək-dirək verir, uzaqda da olsa onu vətənindən ayrı düşünməyir. Əslində bu şeirdə də qürbət mövzusu, vətən həsrəti ilə bağlı fikirlər assosiativ olaraq öz əksini tapır. Şeirin son bəndi bir daha fikrimizi əyaniləşdirir:

Tək ağaçlar tək yaşadı bu dünyada,
Görmədiniz qəm-kədəri bölənləri.
Tənhaliğı unutmaqçün salın yada,
Vətənindən yalqız qalıb ölənləri!

Ömrünü xalqına, elinə səadətlə qulluqda görən şair yenə də əslində vətənin çiçəklənməsini, maddi və mənəvi yöndən tərəqqisini düşünür, elmin, sənətin bu yolda ən mühüm amillərdən omasını, məktəbin bir məbəd olaraq görülməsini, əsrlərdən gələn mənəvi-maddi dəyərlərizin sonraki nəsillərə verilməsində, onların mühafizə edilməsində müəllimlərimizin xüsusi rolunun olmasını, onların unudulmamasını arzu edir. Şairin vaxtilə müəlliməsi olmuş Zərxanim müəlliməyə həsr etdiyi "Mən haziram" şeirində yuxarıdaki fikirlərimiz bəlli bir dillə öz ifadəsini tapmış olur. Onun müəlliməsinə olan sədaqəti, sayğısı, verdiyi yüksək dəyəri bu misralarından daha aydın duyulur:

O aldığı bilgilərlə nur ələdi yolumuza,
Hər hərifi öyrədəndə bir çiraq tək işıq saçdi.
Bəzən tutub əlimizdən dayaq oldu qolumuza,
Gənc olsa da, ana kimi üstümüzdə qanad açdı.

Vətəninə, xalqına qulluq edə bilən şəxslər hər zaman şairin idealına, sevgisinə çevrilmiş olur, bu səbəblərdən dolayı da o, müxtəlif əmək fəaliyyəti sahəsində namusla çalışan insanları uca tutur, onların əməyinin yüksək qiymətləndirilməsini daha adil sanır. Zənnimizcə, bir çox tanınmış və tanıdıqları insanlara həsr etdiyi şeirlərini də bu məqsədlərlə yazdığını düşünmək mümkündür. Şairin Xalq Şairi Xəlil Rza, İlyas Tapdıq, Musa Ələkbərli və Tofiq Abdin kimi tanınmış şairlərimizə həsr etdiyi şeirlərində biz bir daha bu sevgi və sayğını hiss edirik.
Maraqlıdır kı, şaır nəvələrınə yazdığı şeirlərində belə vətən eşqinin heç bir zaman sönmədiyini, nəvələrinin də heç bir zaman ayaqlarının vətən torpaqlarından uzaq düşməməsini tövsiyə edir:

Ayağın torpaqdan heç ayrılmasın,
Gücünü aldığın torpaqdır Vətən!

- deyir. Eyni zamanda şair "Nəvəm Aydana" şeırində də əslində nəvələrimizin xalqımızın yüksək əxlaqi-etik dəyərlərini anlatmağa çalışır. Təsadüfi deyil ki, bir baba olaraq onları sonsuz bir məhəbbətlə sevdiyinə baxmayaraq nəvələrinin bu dəyərləri unutmamaqlarını da izah etməyə çalışır:

Sevginizi daşıyacaq sinə dar,
Bu yanğını söndürəcək sumu var?
Payız ömrüm nəvələrlə ilk bahar,
Qığılcımdan ocaq olur, od olur.

Bir sıra şeirlərində Rövşən realist qələmi ilə başımıza gələn bəlaları, müsibətləri, haqsızlıqları dilə gətirir, Azərbaycanın vaxtilə ikiyə bölünməsini, Qarabağ faciəsini, Xocalı soyqırımını, Batı dünyasının bütün bunlara seyrçi qalmasını məntiqi bir şəkildə ifadə edir. Sonuc olaraq xalqımızı, hətta bütün Türksoylu xalqları birliyə, bu haqsızlıqların aradan qaldırılmasında, ədalətin bərqərar olmasında nicat yolunu yenə də birləşməkdə görür:

Birlik bizə torpaq kimi babalardan əmanətdir,
Təklik Allaha məxsusdur, təklənməksə fəlakətdir.
Öncə bizim ruhumuzu ayırmağa qalxdı düşmən,
Azərbaycan Türklərini ayrı saldı türklüyündən.

Şeirin bütün misraları güclü vətənpərvərlik hissləri ilə zəngindir. Şair bütün bu fəlakətlərə, haqsızlıqlara rəğmən xalqımızı ruhdan düşməməyə səsləyir, bir gün bütün haqsızlıqların hesabının sorula biləcəyinə inanır, qədim qəhrəmanlıq tariximizi yada salmağı unutmur:

Sor hesabın Türk əsgəri, yerdə qalmış axan qanım,
Bunun üçün özünə dön ey Oğuzun ər boyları,
Nicat yolu keçir təkcə birləşməkdən Türk soyları!

Hər zaman xalqımıza qarşı törədilən haqsızlıqlara, təfriqələrə, düşmənçiliyə üsyan edən şair sonuna qədər öz mövqeyindən dönmür, haqqımızda ortaya çıxa biləcək hər cürə böhtanlara, yalanlara, təhriflərə qarşı alovlu misralarla cavab verir, yeri gəldikcə "sapı bizdən baltaların" (İsmayıl Şıxlı) iç üzlərini, kor niyyətlərini, düşmənçilik amaclarını üzə çıxarır."Qara olsun"şeirində də biz müəllifin bu mövqeyinin nə qədər güclü olmasını hiss edirik.
Şairin uzun bir müddət qardaş Türkiyədə yaşaması (xatırladıram ki, Doç.Dr.Rövşən Xasayoğlu Türkiyənin bir çox şəhərlərində, Qaziantep, Ərzurum, hal-hazırda Ərdahanda kimya mühəndisi və dekan yardımçısı olaraq çalışmaqdadır) ona bu xalqın adət-ənənələri, dili, dini, mənəvi mədəniyyəti ilə yaxından tanış olmaq imkanı vermişdir.
Və onun Türk xalqının yaşam tərzi, ədalətli təbiəti, əzilmişlərə hər zaman əl tutmaq niyyəti, əsrlərdən gələn qəhrəmanlıq qüdrəti şairin həyatında, dünyagörüşündə əbədi izlər buraxdığını bir daha "Türkiyəm" şeirindən anlamaq mümkündür.
Şeirin "Türkiyəm" adı ilə oxucularına təqdim edilməsi bir daha şairin bu məmləkətə əbədi olaraq bağlılığını vurğulamaqdadır.
Təsadüfi deyil ki, şair bu sevginin nə qədər güclü olmasını, əbədi olmasını göstərməkdən ötrü "Tikanın da mənə güldü" - deyir, bu qardaş xalqın sevincinə də, kədərinə də ortaq olduğunu bildirir, onun bütün şəhərlərinin, bölgələrinin eyni dərəcədə əziz olması fikrini ifadə edir.
Şairin "Türklər ağlamasın" şeirində də bu sevginin müqəddəsliyi, bəzi dünya coğrafi bölgələrində Türklərin acınacaqlı vəziyyəti və bütün bunlara baxmayaraq ruhdan düşməmələri, xoş gələcəyə olan inanclarını heç bir vaxt itirməmələri tövsiyə olunur:

Türklər ağlamasın, düşməni gülər,
Gözdən axıb gedən qan kimə lazım.
Vətənə can verən Türklər igid, ər.
Vətənsiz, torpaqsız can kimə lazım!
(ardı gələn sayımızda)



İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK