Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | 50 il öz qələmi ilə mətbuatda Adalet.az | 50 il öz qələmi ilə mətbuatda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

50 il öz qələmi ilə mətbuatda

4437    |   2018-10-23 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(oçerk)
Eşidəndə ki, oktyabr ayında yaxın dostum və həmkarım Elman Məmmədovun Şərur rayon qəzetində fasiləsiz olaraq çalışmasının 50 ili tamam olur, - düzü, inanmağım gəlmədi. Bunun dəqiq olduğunu öyrəndikdən sonra ona telefon açıb dostumu təbrik etdim. Elman haqda bir yazı hazırlamaq keçdi fikrimdən. Və bu qeydlərimi qələmə alanda muxtar respublikanın ucqar dağ kəndlərindən birində yaşayan bir ziyalı ilə söhbətim yadıma düşdü. Mətbuatı müntəzəm surətdə izləyən həmsöhbətimin mənə ilk sualı bu oldu:
- Elman müəllimi görürsünüzmü?
- Tez-tez görüşürük, - deyə cavab verdim.
- Yaxşı yoldaşdır, yaxşı da qələm sahibi...
Xatirələr məni bir qədər yaxın keçmişə apardı. Mətbuata gəldiyim ilk günlər yadıma düşdü. O günlərdə mərhum Səxavət Kəngərli, Nurəddin Babayev, Cəfər Əliyev, Maqsud Mahmudov kimi ölkə mətbuatında özlərini təsdiq etdirmiş, yüksək dövlət mükafatlarına layiq görülmüş jurnalistlər qarşıma çıxıblar. Çətin anlarda mənə kömək olublar. Sonralar yaxınlığımız, dostluğumuz başlayıb.
... Bu məqamı təsadüfən xatırlamadım. Mən mətbuata gələndə "Şərurun səsi" qəzetinin redaktoru Elman Məmmədov jurnalistlərin orta nəslinin nümayəndəsi idi. Bu illərdə Elmanın şahidi olduğum ömür yolunu gözlərim önündə canlandırdım, xarakter cizgilərini yadıma salmağa çalışdım. Zahirən çox sakit görünən Elman Məmmədovun daxilən işıqlı, istiqanlı, naxçıvanlıların təbirincə desək, ifallı bir insan olduğunu onu tanıyanların hamısı təsdiq edər. Əhatəsində olduğu jurnalist dostlarına, oxuculara da onu sevdirən bu keyfiyyətlər və yazılarındakı səmimiyyətdir.
Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri o vaxtlara təsadüf edib ki, xalqımız 1941-1945-ci illər müharibəsinin iqtisadiyyatımıza, sosial həyatımıza vurduğu yaraları sağaltmaqda, ictimai təsərrüfatlar təzə-təzə özünə gəlməkdə idi. O illərdə məktəbyaşlı uşaqlar da dərsdən sonra təsərrüfat işlərində valideynlərinə kömək edirdilər. Elman da onlar sırasında. İllər ötdü, o da orta təhsilini başa vurdu. Tay-tuşlarının hərəsi üz tutdu bir sənət dalınca. Kimisi peşə məktəbinə, kimisi texnikuma, kimisi də ali məktəbə. Elman isə bunlardan imtina etdi. Səbəbini sonralar bildilər: arzusu jurnalist olmaq imiş.
Öz sözü: O vaxtlar belə idi ki, Jurnalistika fakültəsində imtahanlara buraxılmaq üçün istehsalatda ən azı ikiillik iş stajın olmalı, mətbuatda 5-6 yazın çap edilməli və redaksiyadan xasiyyətnamə-zəmanət almalı idin ki, imtahan götürənlər "səndən jurnalist ola bilər" qənaətinə gəlsinlər. Bunlar olmadığına görə o vaxtacan sənədlərimi jurnalistika fakültəsinə verə bilməmişdim. Nəhayət, 1969-cu ildə sənədlərimi Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə təqdim edə bildim. İmtahanların nəticəsi uğurlu oldu. Məndən daha çox sevinənlər isə nə vaxtsa bu fikrimdən daşındırmağa çalışan atamla anam, bir də seçdiyim və qəlbən bağlandığım sənət yolunda mənə ilk müəllimlik etmiş Çingiz Nağıyev oldu.
Haşiyə: Çingiz Nağıyev özünəməxsus üslubu və dəst-xətti ilə seçilən, gənc qələm sahiblərinə dayaq durmağı həyat amalına çevirmiş bir jurnalist olub. Elman Məmmədovu da redaksiyaya işə o aparıb, Elman müəllim ilk əmək fəaliyyətinə Şərur rayonunda dərc olunan "İşıqlı yol" qəzetinin mətbəəsində texniki işçi kimi başlayıb. İlk yazılarını da Elman o vaxtlar yazıb və Çingiz Nağıyev də ondan köməyini əsirgəməyib.
... Qiyabi təhsil ala-ala rayon qəzetində müxtəlif vəzifələr tutub; ən kiçik vəzifədən başlayaraq redaktor kürsüsünə gəlib çatıb. Düz 26 ildir ki, redaktorluq edir. Bu dövrdə qəzetin zamanın, mənsub olduğu bölgənin aynası funksiyasını yerinə yetirməsi üçün o, bütün imkanlarından istifadə edib; qəzetin ətrafına gənc müxbirlərin cəlbini diqqət mərkəzində saxlayıb, onlara məsləhətlərini əsirgəməyib. Mətbuatın imkanlarından istifadə edərək yaşadığımız dövrün salnaməsini qəzet səhifələrində yaratmaq üçün ciddi səylə çalışıb. Rastlaşdığı neqativ halların aradan qaldırılması üçün qəzetdə tənqidi materialların dərc olunmasından çəkinməyib. Bu gün tam cəsarətlə demək olar ki, "Şərurun səsi" qəzeti muxtar respublikanın bir şəhər və yeddi rayon qəzetinə nümunə gücündədir.
Ömrünün düz 50 ilini jurnalistikaya həsr edən, 1992-ci ilin sentyabrından bu günə qədər rayon qəzetinin redaktoru kimi fəaliyyət göstərən Elmana belə bir sualla müraciət etdim:
- Elman Məmmədov üçün jurnalistika...
- Jurnalistlər gərgin və narahat ömür yaşayan peşə sahibləridir. Mənim fikrimcə, bu, ona görə belədir ki, jurnalist hər hansı bir qəzet materialını hazırlamağa başlayandan yazıb qurtarana qədər həmişə təkcə seçdiyi "obyekti" deyil, bütöv oxucu kütləsini düşünür, özünü bu yazıya, təbii ki, müxtəlif nöqteyi-nəzərdən yanaşacaq oxucuların yerinə qoyur, xəyalən onlarla "söhbət edir", ən çox isə "eşitdiyi" iradları ürəyinə salır. Sonra qaralmış vərəqləri əzib bir kənara atır, yenidən işləyir, çalışır ki, yazısı jurnalistikanın və oxucunun tələblərinə cavab verə bilsin... Beləcə, ömrünü saatbasaat, günbəgün əridir bu ağ vərəqlər üzərində jurnalist. Nikbinliyini də gizlətmir, bilir ki, yaratdığı yaxşı yazılar cəmiyyət üçün həmişəyaşardır və yaşadıqca müəllifini də yaşadacaqdır. Eyni zamanda illər keçdikcə saralmış hər bir qəzeti vərəqləyən gənc mətbuat işçiləri belə yazılarla öz nəzəri və təcrübi biliklərini artıracaqlar...
***
Elman Məmmədov bu illərdə özünə, öz peşəsinə, öz qələminə və vəzifəsinə sadiq qalıb. Heç bir çətinlikdən qorxmayıb. Atdığı addımın sonunda haqqın, ədalətin onu müdafiə edəcəyinə inanıb və belə də olub.
İş otağında səliqə ilə yığdığı müxtəlif qəzetlər bir jurnalist ömrünün səhifələrini ortaya qoyur. Bu səhifələri vərəqlədikcə Elman Məmmədovun qələminin gücünü bir daha görürsən. Jurnalistikanın hansı janrına müraciət etməyib? Xəbərdən tutmuş publisistik yazılara kimi bütün janrlarda özünü təsdiq etdirib. Bu yazılarda ilk olaraq nələri müşahidə edirik? Jurnalist etikasını gözləmək, mətbu sözə hörmət etmək, oxucu marağını ödəmək üçün həyati faktları qələmə almaq, yazılardakı sadə təhkiyə üslubu və oxucu ilə səmimi ünsiyyət.
Yazılarının adlarını çəkmək fikrindən uzağam. Buna ona görə ehtiyac duymuram ki, onlar on deyil, on beş deyil, yüzlərlədir. Və hamısı da qəlbinin səsi ilə qələmə alınıb. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Ötən əsrin səksəninci illərinin sonlarında baş verən məlum hadisələr Elman Məmmədovu həm xarakter kimi dostlarına yenidən tanıtdı, həm də onun publisistikasına yeni mövzular daxil etdi. Zamanın diktə etdiyi hadisələr elə gözlənilməzliklərlə dolu idi ki, kimsə yolundan sarpdığını düşünə belə bilmirdi. Bundan istifadə edənlər isə az qala o dövrün "qəhrəmanlarına" çevrilməkdə idilər. Məhz belə məqamda Elman Məmmədov xarakteri və qələmi Şərur rayonunda öz sözünü deməkdən çəkinmədi. Fiziki və mənəvi zərbələr alsa da, yolundan dönmədi, əyilmədi, sınmadı. Çünki Cəfər Məmmədov, Nəriman Nəcəf­ov, Rafiq Həsənov, Hüseyn Əbdülhüseynov kimi redaktorlarla işləmişdi, onların mətbuatdakı prinsipial mövqelərini, bu mövqedən çıxış edənlərin insanlar qarşısına üzüağ çıxmalarını görmüşdü. Bu gün o dövrə xəyalən ekskurs edən Elman Məmmədov keçib gəldiyi yolda düz mövqe tutduğu üçün özündə daxili - mənəvi rahatlıq tapır, əlinə qələm alan gənclərə də bunu tövsiyə edir.

***
... Hərdənbir universitetdə oxuduğu illərə qayıdır Elman Məmmədov. O illərdə tanınmış, hər biri jurnalistikada bir məktəb yaratmış müəllimlərdən dərs alıb. Nurəddin Babayev, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Əliş Nəbili, Əli Fəhmi, Famil Mehdi, Qulu Xəlilov, Nəsir İmanquliyev kimi müəllimlər ona jurnalistikanın sirlərini öyrədiblər. Bu gün də onları minnətdarlıqla xatırlayan Elman söhbətlərinin birində müəllimi, filologiya elmləri doktoru, professor Nurəddin Babayevin tövsiyəsini yada saldı:
- Universiteti qurtaranda müəllimlərlə görüş keçirilirdi. Həmin görüşdə çıxış edən Nurəddin müəllim bizə dedi ki, oxuduğunuz müddətdə sizə yazdığımız qiymətlərlə razılaşmayanlarınız ola bilər. Siz çalışın ki, həyatda öz qiymətinizi alasınız.
Bu gün tam cəsarətlə demək olar ki, Elman Məmmədov həyatda öz qiymətini almış qələm sahiblərindən biridir. Necə deyərlər, ömrünü yelə verməyib. Dəfələrlə müxtəlif istiqamətli jurnalist yazıları müsabiqələrinin qalibi olub, fəxri fərmanlara layiq görülüb, qiymətli hədiyyələrlə mükafatlandırılıb, "Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi", "Azərbaycan Respublikasının Əməkdar jurnalisti" fəxri adlarını şərəflə daşıyır. Bunun üçün dövlətimizə minnətdarlıq etməyi özünün borcu sayır.

***
Həmkarım Elman Məmmədov qələmlə yol gəldiyi 50 ilə dönüb baxanda təccüblənmir. Çünki bu dövrdə o, öz qələminə həmişə sadiq olub. Qələmi də onun sözündən çıxmayıb. Ağı ağ yazıb, qaranı qara. Sovet dönəmində başı ağrılar çəksə də, inamından, əqidəsindən dönməyib, tutduğu yoldan qalmayıb öz qələmi ilə birgə. Fədakar jurnalist həmkarımızı bir daha təbrik edir, çalışdığı vəzifələrdə, yaşadiIĞI həyatda yeni-yeni uğurlar arzulayırıq.

Muxtar MƏMMƏDOV



İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK