adalet.az header logo
  • Bakı 19°C
23 Oktyabr 2018 00:23
8879
GÜNDƏM
A- A+

Zəngəzur qəzasının Şəhid türk məzarları

1905-1920-ci illərdə silahlı-quldur hayların qanlı hücumları bütöv Azərbaycan hüdudlarında olduğu kimi Zəngəzur qəzasında da faciəvi olaylarla əhatə etmişdir. Qəzanın hay mənşəli yaşayış yerlərinə yaxın Zəngilan, Mehri, Qafan, Qartakilsə, Qubadlı, Laçın nahiyələrinin müsəlman-türk kəndləri hay quldurlarının həm mütəşəkkil, nizami ordu dəstələri, həm də ayrı-ayrı basqınçılar tərəfindən yerlə-yeksan edilmiş (qəzanın 115 kəndi), 10 minlərlə dinc sakini amansızcasına qətlə yetirilmişlər.
Azərbaycan xalqına yönəlik bu soyqırım faciələrinin qarşısını alan yerli özünümüdafiə qüvvələrinin və xalq qəhrəmanlarının, eləcə də Osmanlı Türkiyəsi Ordusunun Musa Kazım Qarabəkir paşanın (1882-1948) və Nuru paşanın (1890-1949) başçılıq etdikləri IV Ordu - 1-ci Qafqaz birləşməsinin, 5-ci Qafqaz İslam Ordusu heyətinin xilaskar qüvvələrinin canları bahasına düşmənin mənfur niyyətlərinin qarşısı alınmışdır.
Tariximizin unudulmaz səhifələrinə çevrilmiş bu şücaətin izi hazırda Zəngəzur qəzasının müxtəlif nahiyələrində müqəddəs ziyarətgahlara çevrilmiş Şəhid məqamları kimi yad olunmaqdadır...
Laçın nahiyəsinin Səfiyan kəndi Həkəri çayının sağ sahilində yerləşir, qonşu Güləbird kəndindən 5 km aralıda, ətrafı meşəlik ("Dəyhan", "Xanallar" meşəliyi) və dağlıq sahələrdir. Bu iki kəndin arasında, Güləbird kəndindən 1,5 km günbatana tərəf geniş "Aralıq düzü" deyilən biçənək yeri var. 1918-ci ilin yayında ətraf Qazıdərə, Cicimli, Rəfi, Səfiyan, Güləbird kəndlərinin 50 nəfərədək sakini oraqla biçin apararkən Gorus nahiyəsinin Xınzrək və Dığ kəndlərinin duldur-daşnak silahlıları tərəfindən ağır işkəncələrlə qətlə yetirilmişlər. Osmanlı Türk Ordusunun bu ərazidə açıq səngər döyüşlərindən sonra 8 türk döyüşçüsü Şəhid olaraq oradaca dəfn olunmuşlar. Sadə qara başdaşı və ətrafı xırda daşlarla nişanlanmış halda məzarlarının yeri bilinirdi.
Həmin qəbir nişanələri el tərəfindən həmişə ziyarət ocağına çevrilmişdir.
Bu döyüşlərdə bir yaralı türk əsgəri qonşu Qarıqışlaq kəndində sağaldıqdan sonra geri qayıtmamış və həyatını burada davam etdirmişdir.
Qubadlı nahiyəsinin Yuxarı Xocamisaqlı və Tarovlu kəndləri arasında "Sarı qaya" adlanan açıqlıq sahədə "Ağbellər təpəsi"ndə daşdan tikilmiş, hündürlüyü 6 metrə çatan, diametri 4-5 metr olan gümbəzin içərisində 1905-1918-ci illər ərzində bu yerlərdə Şəhid olmuş 1 türk zabitinin baş və sinə daşı, ətrafında xırda çay daşları ilə dövrələnmiş halda 30-a qədər əsgər məzarının yeri qorunurdu, müqəddəs ocaq-inanc yerinə çevrilmişdi.
Oxşar və eyniu tikili nahiyənin Məzrə və Novlu kəndlərinə (bu kəndlər Qafan nahiyəsinin hay kəndləri ilə qonşudur) yaxın, Bazarçay çayının meşəlik yerində də var idi. Orada Şəhid türk əsgərlərinin 30-a qədər qəbir yerləri qorunur və ziyarət olunrdu.
(Bu məlumatları Laçın rayonu, Rəfi kənd sakini Almaz Rəşid qızı Budaqova (1958), Qubadlı rayonunun Aşağı Cibikli kənd sakinləri Qarakişi Abbasqulu oğlu Kazımov (1892-1989), Əhməd Məmməd oğlu (1850-1920), Yuxarı Cibikli kənd sakinləri Fərhad Xudaverdi oğlu (1899-1982), Zəhra Camal qızı (1876-1980), Cənnət Cəlil oğlu Əliyev (1960), Mehdi Qara oğlu Kazımov (1960) söyləmişlər.)

Qismət Yunusoğlu,
BDU-nun müəllimi.