MƏSUD ƏLİOĞLU: 90 İLİN YARISI

VAQİF YUSİFLİ
27778 | 2018-10-20 00:41
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

"Sənətkar üçün, alim üçün istedad başlıca şərtdir. Lakin istedad o zaman məhsuldar və səmərəli olur ki, gecəli-gündüzlü yorulmaq bilməyən qızğın zəhmətlə alışıb işıq saçır. İstedad və zəhmətin birliyini öz şəxsiyyətində təcəssüm etdirən elə alim, sənətkarlar da var ki, onların verdiyi məhsul heç də həmişə milli ədəbiyyatın mənafeyinə, tərəqqisinə kömək göstərmir, əksinə, yad mövqedə dayanıb xeyirdən çox zərər gətirir. Deməli, əsil alim kimi yetişməkdən ötrü istedad və zəhmətsevərlikdən əlavə, başqa bir keyfiyyət də-xalq, vətən sevgisi ilə çırpınan hərarətli qəlbə malik olmaq da şərtdəndir. Bu üç keyfiyyət görkəmli tənqidçi və ədəbiyyatşünas alim Məsud Əlioğlunun şəxsiyyətində ahəngdar vəhdətdə təzahür edirdi".

(Qasım Qasımzadə)

Yaşasaydı, indii onün 90 yaşı tamam olacaqdı. Ancaq bir-iki istisna nəzərə alınmazsa, Azərbaycan ədiblərindən, tənqidçi və ədəbiyyatşünaslardan heç kim 90 il yaşamayıb. Məsud Əli oğlu Vəliyev (Məsud Əlioğlu) təbii ki, ölümündən sonra da xatirələrdə yaşayır, tənqid tariximmizdə görkəmli bir sima kimi yad edilir, onun haqqında məqalələr, xatirələr yazılır, namizədlik dissertasiyası hazırlanır, özü 90 yaşını görməsə də, biz Məsud Əlioğlunu cismən olmasa da, ruhən diri sayırıq. Nə etmək ki, Məsud Əlioğlu bu 90 ilin ancaq yarısını yaşadı. Ancaq bu 45 illik canlı Məsud Əlioğlu ömrü yüzlərlə tənqidi və elmi məqalələrə, ondan çox monoqrafiyalara paylandı, sərf olundu.
Məsud Əlioğlunun çox qısa rəsmi bir tərcümeyi-halı var: 1928-ci il oktyabrın 5-də Azərbaycanın Qubadlı rayonunun Mahmudlu kəndində, yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini həmin Mahmudlu kəndində, orta təhsilini isə 1 saylı Bakı şəhər məktəbində almışdır. Sonra beş il ADU-nun filologiya fakültəsində oxumuş, oranı bitirdikdən sonra bir il Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ondan sonra ta ömrünün axırına qədər Nizami adına Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı şöbəsində baş elmi işçi kimi çalışmışdır. Ancaq bu rəsmi tərcümeyi-hal Məsud Əlioğlunun o 45 illik yaradıcı ömrünün sadəcə zahiri görüntüsüdür.
Məsud Əlioğlu dedikdə biz ilk növbədə, Azərbaycan ədəbi tənqidinin 1950-1973-cü illərdəki ən fəal, tənqidi fikrin aparıcı nümayəndələrindən biri hesab edirik.. Məsud Əlioğlu dedikdə, biz klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə və ayrı-ayrı şəxsiyyətlərinə sanballı, bu gün belə aktuallığını itirməyən məqalələr və monoqrafiyalar həsr edən görkəmli bir ədəbiyyatşünas alimi görürük. Və Məsud Əlioğlu dedikdə, biz Azərbaycan ziyalılığının bütün gözəl keyfiyyətlərini öz varlığında yaşadan, təkcə yazıları ilə deyil, fenomen yaddaşı və hafizəsi ilə ədəbiyyatımızı təbliğ edən bir alovlu tribunu görürük.
Məsud Əlioğlu ilk məqalələrini elə tələbəlik illərində, qırxıncı illərin sonlarında qələmə almışdı.Bu elə bir dövr idi ki, Azərbaycan ədəbi tənqidinin sıraları çox seyrək idi- yaşlıdardan Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Mehdi Hüseyn,Əkbər Ağayev, Orucəli Həsənov və cavanlardan Kamal Talıbzadə, Əziz Mirəhmədov, Pənah Xəlilov, Yəhya Seyidov- bu sıraya Məsud Vəliyev də qoşuldu. O, əllinci illərdə əsasən bir tənqidçi kimi tanındı, "Ədəbiyyat qəzeti"nin o illərdəki nömrələrini vərəqləyərkən biz Məsud Vəliyev imzasına tez-tez təsadüf edərik. O, həmin illərdə ayrı-ayrı şeir və nəsr kitabları haqqında maraqlı məqalə və resenziyalarla diqqəti cəlb edirdi. Bu məqalə və resenziyalar o dövrün nəsr və poeziyası haqqında müəyyən təsəvvür yaradır və təhlil mədəniyyəti, yazı üslubundakı sadəlik, tərifi difirambaya, tənqidi şəxsi ambisiyalara çevirməmək xüsusiyyəti bu yazıların əsas göstəricisiydi. Bir halda ki, biz "yazı üslubu" ifadəsini işlətdik, o zaman Məsud Əlioğlu üslubunu qısaca da olsa, şərh etməliyik.
Məsud Əlioğlunun istər məqalə və resenziyalarında, istərsə də monoqrafiyalarında aparıcı üslub əsasən ciddi elmi meyarlarla şərtlənən bir üslubdur. Bunu biz onun "Cəlil Məmmədquluzadənin dramaturgiyası", "S.S.Axundovun həyat və yaradıcılığı", "Rəsul Rza", "Ədəbiyyatda yeni insan", "Hüseyn Cavidin romantizmi" monoqrafiyalarında, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçün yazdığı "20-ci illərdə nəsr", "30-cu illərdə nəsr", "Müharibədən sonrakı dövrdə dramaturgiya", "Tənqid və ədəbiyyatşünaslıq", "Müasir dövrdə tənqid və ədəbiyyatşünaslıq" oçerkləndə, həmçinin klassiklərin (Nizami və Füzulinin, Vaqif və Vidadinin,Səhhət və Hadinin, Şaiq və Vahidin, C.Məmmədquluzadə və Sabirin, Haqverdiyev və S.S.Axundovun yaradıcılığına həsr olunan ədəbi portretlərində də izləyə bilərik. Ancaq üslubun başqa bir komponenti- emosionallıq, fikir və mülahizələrin bədii mətn kimi qavranılması da diqqətdən yayınmır. Bu xüsusiyyət onun ayrı-ayrı elmi məqalələrində parçalar halında görünsə də, ömrünün son illərində qələmə aldığı "Məhəbbət və qəhrəmanlıq" yazısında üstünlük təşkil edir. Esseçilik də Məsud Əlioğlunun bir çox yazılarında nəzərə çarpır və yetmişinci illərdə Asif Əfəndiyevlə birgə Məsud Əlioğlu bu janrın inkişafında, Azərbaycan tənqidi fikrində intişar tapmasına yardımçı oldular. Amma ən əsası budur ki, Məsud Əlioğlunun tənqidi lisanı, təhkiyə tərzi təmiz Azərbaycan dilinə söykənikli idi. Oxucu onun yazılarını oxumaqda heç bir çətinlik çəkmirdi, bu yazılarda qəliz terminlərə rast gəlməzdin, fikri bilərəkdən ya bilməyərəkdən mücərrədləşdirməyə, anlaşılmazlığa sürükləmək hallarına da təsadüf edilmirdi. Məsud Əlioğlunun məqalə və monoqrafiyalarının hər birində aparıcı bir tezis irəli sürülürdü, bütün yazıda həmin tezis pilə-pillə, sona qədər izah olunurdu. Məsələn: "Nizami möcüzədir-insanlığın mənəvi kainatında", "Füzuli bizim mənəviyyatımızdır. Eşq insanın insan uğrunda fədakarlığıdır", "Sabir şeirində əsrin qaranlıqlarını yararaq bu günə gəlib çıxan və hal-hazırda ictimai və bədii idrakın dərinliyinə yol açan xüsusiyyət nədir? Həqiqətin qüvvəsi!", "Məhəmməd Hadi mütəfəkkir şairdir-faciəli istedaddır", "Uşaq ədəbiyyatımızı Şaiqsiz təsəvvür etmək çətindir"- bu misalların sayını artırmaq olar, yəni demək istədiyimiz odur ki, Məsud Əlioğlunun yazılarında başlanğıcdan sonadək fikir ardıcıllığı, nəyi demək, həm də necə demək prinsipi ilə qarşılaşırıq.
Onun yaradıcılığında məhdudluq yox idi-belə ki, ədəbiyyatımızın bütün dövrləri və janrları əhatə olunurdu. "Dədə Qorqud"dan və Nizamidən başlanın ədəbiyyat təriximiz müasir ədəbiyyatımıza qədər bir yol gəlirdi, bu yolun hər mərhələsi ayrı-ayrı problemlərin və ədəbi şəxsiyyətlərin yaradıcılığının özünəməxsus tədqiqi ilə diqqəti cəlb edirdi. Janrlara diqqət yetirək- resenziya, məqalə, ədəbi portret, monoqrafiya, ciddi mahiyyət kəsb edən problem yazılar.
Məsud Əlioğlu elə bir dövrdə ədəbiyyata gəlmişdi ki, sosializm realizminin, ədəbiyyatda sovetizmin ən şıdırğı gedən vaxtlarıydı. Təbii ki, o, bu təsirdən yayına bilməzdi. Bir çox yazılarında da bu təsiri görməmək mümkün deyil. Ancaq üstündən illər keçəndən sonra diqqətlə nəzər yetirdikdə Məsud Əlioğlunun mümkün qədər sovet ideologiyasından sapındığı və mümkün qədər o təsirə qapılmamaq istəyi məlum olur. Burada onun daha çox klassiklərə, onların yaradıcılığına üz tutması və müasir ədəbiyyatdan yazanda da daha çox bədii mətnə diqqət yetirməsi nəzərdən qaçmamalıdır. Amma ən əsası odur ki, o, XX əsr Azərbaycan ədəbiyyatını tədqiq edərkən bu ədəbiyyatın öz tarixi inkişaf prosesini nəzərə alırdı. Məsələn, "Ədəbiyyatda yeni insan", "Sevildən Saçlıya", "Atalar və oğullar" kimi əsərlərində Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının keçdiyi yolu tədqiq edirdi, xüsusilə, o dövr üçün çox səciyyəvi olan müsbət qəhrəman, atalar və oğullar münaqişəsi, qadın azıdlığı problemlərini şərh edirdi . Bir də axı, lap sosializm realizmi prinsiplərindən çıxış etsə belə, biz indii Məsud Əlioğlunu qınaya bilmərik. Sosializm realizmi o dövrdə öz hüdudlarını aşıb keçmişdi, bir ədəbi cərəyan kimi Avropa ədəbiyyatına da təsirini göstərirdi. Və sosializm realizmi ayrı-ayrı milli ədəbiyyatların inkişafı qarşısında sədd çəkmirdi.
Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının klassik dövrünün dərin bilicisi idi desək, səhv etmərik. Onun Nizamiyə, Füzuliyə, Vaqifə, Vidadiyə, Cəlil Məmmədquluzadəyə, Sabirə, Səhhətə, Şaiqə, Cavidə, Hadiyə , Möcüzə həsr etdiyi yazılar yubiley stixiyasından uzaq idi. Bu yazılar klassikanı qədərincə duyan və bu ədəbi korifeylərin hər birinin yaradıcılığına Məsud Əlioğlu gözüylə baxmağın ölçüsü idi. Həm də bu yazıların bir çoxunda o, mümkün qədər sırf tədqiqatçı missiyasını- mətnə aludəçiliyi, faktlara, müqayisələrə istinad etmək prinsipini unudurdu, daha çox sərbəst tənqidçi-ədəbiyyatşünas mövqeyini ifadə edirdi. Və burada bəlkə də subyektiv səslənə bilər ki, deyək: Məsud Əlioğlu yeganə tənqidçilərdən idi ki, öz yazılarına romantik pafos, romantik nəfəs qatırdı. Baxın: "Füzuliyə görə aşiq işıqlı, saf ideallar uğrunda amansız vuruşmalara və çətin döy-üşmələrə, mənəvi-fikri sarsıntılara inadla davam gətirən və qalib çıxan mətanətli döyüşçü olmalıdır. Həqiqi, təmiz məhəbbətə canından keçməyi bacaranlar layiqdirlər. Fikrən məhdud olanlar, miskin qəlblilər və şəxsiyyətcə zəiflər sevməyi bacarmazlar". Yaxud: "Vidadinin kədəri düşüncədən, dərinliklərə baş vurmaqdan hasil olan mütəfəkkiranə kədərdir, romantik iztirabdır" Yaxud: "Hadi- "hürriyyət" aşiqidir. Onun romantizminin əsas qayəsi məfkurə-fikir qaynağı və həyat idealı-azadlıqdır!...İnsanın, azadlıq eşqi müqabilində, digər diləkləri təməlsiz və faydasızdır. Qəlbən və fikrən azad olmayan bir şəxsdən xeyir əməl, həqiqət və gözəlliyə münasib gərəkli fəaliyyət gözləmək nəticəsizdirgM.Hadinin kədəri sonsuzdur. Fəqət bu kədər-bədbinlik, ruh düşgünlüyü və ümidsizlik deyil. Bu, sönük ağıllarda işıq şüasını, dar mühitdə fikir zənginliyini, məhkum cəmiyyətdə azadlıq eşqini alovlandırmağa can atan mütəfəkkirin, mətin filosofun kədəridir".Bu cür sərbəst düşüncə, deyim tərzi nə Məsud Əlioğlunun tənqidi yazılarında tez-tez rast gəlirik. Amma Məsud Əlioğlunu həm də bir ədəbiyyat tarixçisi idi və onun tutaq ki, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçün qələmə aldığı icmallarda məhz faktlarla işləməyi bacaran, ədəbi prosesi yetərincə izləyən bir ədəbiyyatşünas la qarşılaşırıq.
Məsud Əlioğlunun "Hüseyn Cavidin romantizmi" monoqrafiyasına gəldikdə isə, bu əsər onun şah əsəridir, desək, səhv etmərik. Cavidşünaslığın yeni bir mərhələsində-akademik Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyası ilə başlayan tədqiqatı, Mehdi Məmmədovun, Yaşar Qarayevin və digər alimlərin ən sanballı məqələ və monoqrafiyaları ilə bir sırada dayanan, lakin möazuya, yəni Cavid romantizminə ilk dəfə sistemli elmi konsepsiyası ilə seçilən bu əsərdə Cavid qəlbinin romantikası, darıxan adamların faciəsi, eşq və ülviyyət fəlsəfəsi öz təcəssümünü tapır. Məsud Əlioğlu istər klassiklərdən, istərsə də müasirlərdən yazsın, ilk növbədə haqqında söz açdığı sənətkara sevgisi göz qabağında idi. O, hər cür rasionalizmdən imtina edib emosional bir tərzdə həmin sənətkara münasibətini bəzən lap coşqunluqla, hətta çılğıncasına ifadə edirdi.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV