adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2018 00:29
17599
ƏDƏBİYYAT
A- A+

Bizim tanımadığımız türkmən novellisti - Nurmurad Sarıxanov

XX əsr türkmən ədəbiyyatının tanınmış nümayəndələrindən olub, onun klassiki səviyyəsinə yüksəlmiş nadir təfəkkür sahiblərindən biri də Nurmurad Sarıxanovdur (1906-1944). Böyük Vətən Müharibəsində həyata birdəfəlik gözünü yumsa da, Sarıxanov az ömür sürməsinə baxmayaraq, zəngin və orjinal irs qoyub getmişdir. Təəssüf ki, Azərbaycan ədəbiyyatşünaslığında və ədəbii türkologiyasında belə maraqlı təfəkkür sahibi ilə bağlı indiyə qədər hər hansı bir fikirlər səsləndirilməmişdir. O, təxminən Berdi Kərbabayev, Ata Salih, Qaraca Burunov, Yaqub Nəsirli, Ağaxan Durdıyev, Kamal İşanov, Beki Saytakov, Ata Niyazov, Durdı Ağaməmmədov, Pomma Nurverdiyev, Douşan Esenov, Rəhmət Seyidov, Xıdır Dəryayev, Aman Kəkilov, Kərim Qurbannəfəsov və başqa bu kimi söz sərrafları ilə eyni dövrdə bədii yaradıcılıqla məşğul olmuşdur.
Nurmurad Sarıxanovun yeri XX əsr türkmən ədəbiyyatında ona görə mühüm əhəmiyyətə malikdir ki, o, 30-cu illərdən başlayaraq, özünü doğma mədəniyyət tarixində türkmən məişəti və həyatını koloritli mövzularla zənginləşdirən novellist kimi təsdiqləməklə, həm də milli ədəbiyyatda novella janrına sözün əsil mənasında vəsiqə verənlərdən birinə çevrilmişdir. Tədqiqatçıların fikrincə yeni dövrdə onun hekayələrinin ortaya çıxması türkmən ədəbiyyatında bədii nəsrin yetkin mərhələyə çatdığını sübut etməkdədir. XX əsr türkmən ədəbiyyatının yaddaşına adını bir neçə hekayə və povestlərlə həkk etmiş bu ədəbi şəxsiyyətin orjinallığı və qeyri-adiliyi onu türkmən nəsrinin öncüllərindən biri səviyyəsinə qaldırmışdır. Hələ XX əsrin 70-ci illərindən yazıçının xatirələrindən fraqmentlər gətirən prof. X.Koroğlu ona A.P.Çexov yaradıcılığının müsbət təsirini gözə çarpdırmaqla, həm də Sarıxanovun 30-cu illərin birinci yarısında yazdığı "Siqnal" və "Hərarətli günlər" hekayələrini müəllifin özünün "pis hekayələr..., hətta hekayə yox, təmsil" adlandırdığını dilə gətirmişdir.
Sarıxanova yazıçı şohrəti gətirən onun 1938-ci ildə nəşr etdirdiyi "Kitab" hekayəsi olmuşdur. Bundan sonra bu müəllifin bir-birinin ardınca nəşr olunan əsərləri nəinki Sarıxanovu türkmən ədəbiyyatında, həm də onun hüdudlarından kənarda məhşurlaşdırır. Onun yaradıcılığı A.Niyazovun, B.Kərbabayevin, O.Daşnəzərovun və digər türkmən yazıçılarının əsərləri ilə birgə rus dilinə çevrilib, elə 30-cu illərdən Ümumitiffaq arenasına çıxır. Onu da qeyd edək ki, əgər XX əsrin 30-cu illərinə qədər türkmən ədəbiyyatı (bu qazax, qırğız, qaraqalpaq, qaraçay, malkar, özbək və digər ədəbiyyatların da həmin mərhələdə səciyyəvi cəhəti idi) folklor ənənələrindən qidalanıb, qəhrəmanların xarakterini realist cizgilər hədlərində izləyə bilmirdisə, 30-cu illərin ikinci yarısından Nurmurad Sarıxanovun yaradıcılığında B.Kərbabayev, A.Durdıyev, A.Kauşutov və başqalarının əsərləri üçün səciyyəviliyi ilə fərqlənən realist yaradıcı təcrübə özünü birüzə verirdi.
Nəzərdən keçirdiyimiz dövrdə Nurmurad Sarıxanov bədii yaradıcılıqla yanaşı, oçerklər yazmaqla da məşğul idi. Bu baxımdan onun Aşqabad- Moskva at yarışının iştirakçılarının qəhrəmanlığını əks etdirən "Yannaklıağız" (Yannaklıağız Sarıxanovun doğulduğu Göytəpə rayonunda yer adıdır) oçerki xarakterikdir.
Nurmurad Sarıxanovun yaradıcılığında köhnə ictimai düşüncənin formalaşmasına və baş qaldırmasına təsir edən adət, ənənə və avamlıq tənqid olunur. Məsələn, Sarıxonvun "Şirin" hekayəsində Şirin adlı qızın savadsız valideyin ucbatından ictimai həyatdan təcrid olunduğu təsvir olunsa da, onun rəfiqələrinin, müəlliməsinin, bütün aul ictimaiyyətinin Şirinin taleyi uğrunda mübarizə apardıqları göstərilir. "Sevgi", "Arzu" və digər hekayələrdə isə müəllif insanlar arasındakı saf münasibətləri, dostluğu və s.xusisiyyətləri bədii təhlil obyektinə çevirir. Sarıxanov B.Kərbabayev, A.Kauşutov, A.Durdıyev və başqaları kimi həyat hadisələrini daim geniş epik planda təsvir etməyə daha çox meyil edir.N.Sarıxanovun sona çatdırılmamış "Qul qadın" povestində XIX əsrin sonu XX əsr əvəllərində mövcud olmuş türkmən qadınının çətin və mürəkkəb həyat şəraiti qələmə alınır. N.Sarıxanovun bu tipli əsərlərində onun həm də roman janrına meyil etməsi daha aydın əks olunmaqdadır.
Müəllif Şirinin anasının qədim patriarxal ənənələrə söykənərək onun istədiyi kimi təhsil almasına mane olmasını təsvir edir. Ana qızın böyüməsini gözləyir ki, onu ərə versin, lakin Şirin yeni dövrün insanı olduğundan onunla heç cür razılaşa bilmir. Bununla belə, öz qızının xoşbəxtlik yolunu kəsən ana balasının savadlı insan kimi böyüyüb yaşamasına imkan verməməsi əsərin həmin dövlərdə daha çox təbliğatçılıq kəsərini gücləndirirdi.
Nurmurad Sarıxanov hələ lap uşaqlıq dövründən kifayət qədər yaxşı bildiyi və xalq yaradıcılığından və zəngin klassik türkmən ədəbiyyatındakı rəngarəng örnəklərdən istifadə etmiş, yararlanmışdır. Lakin eyni zamanda o, bunu da bilirdi ki, köhnə Şərq poetikası qəlibləri ilə yeni dövrün mənəvi ideyalarını, onların ən aktual problemlərini təsvir etmək də asan deyildir. Sarıxanovun müasirləri xatırlayırlar ki, o, özünü bütünlüklə ədəbiyyata həsr edib, dövrün hadisələrini içində yaşatmaqla, müxtəlif mövzularda əsərlər ortaya qoyurdu. Hekayələrində öz qəhrəmanlarının həyatını doğru-dürüst əks etdirməklə, onların xarakterinin necə dəyişildiyini və formalaşdığını göstərirdi. Elə buna görə də Sarıxanovun yaradıcılığının mühüm tərəfini insan xarakterinə novatorcasına yanaşma təşkil edir. Onun canlandırdığı obrazlar sanki bu gün də öz koloriti ilə seçilir.
N.Sarıxanovun "Arzu" hekayəsində qoca kəndlilər öz övladlarının ordu sıralarından geri, evə qayıtmasını səbirsizliklə gözləyirlər. Qocalar artıq oğul üçün qız da gözaltı edib, arzulayırlar ki, onu qayıdan kimi evləndirsinlər. Eyni zamanda oğul əsgərlikdən qayıdana qədər onlar dözməyib Məhəmmədin yanına gedirlər. Burada isə aydın olur ki, o, bir rus qızı ilə evlənmişdir. Sonya adlı bu rus qızından artıq onun bir oğlu da böyüyür. Qocalar oğulun belə hərəkətindən çaşbaş qalırlar. Lakin rus qızının təbəssümlü baxışını, nəvazişli danışığını görüb onlar yaranmış vəziyyətlə barışırlar. Öz özləri ilə uzun müddət mübarizə aparmış bu insanların içində gəlini Sonyaya və yeni dünyaya gəlmiş nəvəyə onların xususi isti hissləri yaranır. Hekayənin başlıca ideyası adi, sadə xalq içindən olan xeyirxahlığı, bəşəriliyi, böyük qəlb sahibi olan insanları milli hiss və duyğularından asılı olmayaraq tərənnüm etmək ön planda durur. Sarıxanov öz dövründəki gerçəkliklər fonunda qəhrəmanların düşüncəsində gedən dəyişiklikləri məharətlə göstərmişdir. Təxinən analoji problematikanın təsvirini "Sonuncu ev" və "Ağ ev" hekayələrində yer almış qəhrəmanların obrazları haqqında da demək olar. Lap uzaq bir kənddə adamlar hiss basmış doğma yuvalarını tərk edib, yeni evə köçmək istəmirlər. "Ağ ev" hekayəsində isə həmin insanlar qara evi qoyub köçməyə qərar versələr də, Oğulgərək qarı köhnə adət-ənənələri əldə rəhbər tutaraq, aynanın arxasına qara keçədən bir balaca yerləşdirib, mismardan qırmızı mahudla tikilmiş üçkünc gözmuncuğu asır.
Faktiki olaraq yazıçı heç bir halda oxucuya dərs vermək, kimlərisə mühakimə etmək istəmir, o, bədii vasitələrin köməyi ilə avamlığı tənqid edib, mühüm məqsədlərə istiqamətlənməyi daha önəmli hesab edir.