Əbülfət MƏDƏTOĞLU: SÖZ HAQQINDA ŞEİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
82641 | 2018-10-24 10:00
"Həyatımın ifadəsi olan şeirlər" barədə ikinci yazı

Bir gerçəklik var. Onu hamı bilir və hamının bildiyi gerçəkliyi təkrar etmək hardasa bəlkə də artıqdı. Amma gerçəkliyi nə qədər özünə yaxın buraxsan, özününküləşdirsən və özün də ondan çıxış etsən, o, daha uzunömürlü olar, daha qayim-qədim bir missiyanın daşıyıcısına çevrilər. Bax, bu mənada hər kəsin bildiyi həqiqət bundan ibarətdir ki, şeir özü də sözdü. Yəni sözlərin, fikirlərin toplusudur, ifadəsidir şeir. Amma hər sözün şeir olması və hər şeirin də sözdən yaranması bütünlüklə mümkün olası bir reallıq deyil. Yəni söz onda şeirə çevrilir ki, onu yazan qələm düşündürməyi bacaran, düşündüklərini ifadə etməyə cəsarəti və qüdrəti çatan barmaqlar arasında olur. Onda qələm sözün həm quluna çevrilir, həm də onu vərəqlərə köçürənə. Deməli, sözün şeir olması üçün mütləq onun mayasına, nüvəsinə, hüceyrələrinə nüfuz etməyi bacarmalısan. Onların düzümünü, sırasını görməlisən. Elə ordan da yavaş-yavaş sözə qoşulub şeirə gəlməlisən. Hətta özün də hardasa şeirləşməlisən (bunu şairləşməlisən, yazıçılaşmalısan kimi də ifadə etmək olar - Ə.M). Bax, bu dediklərimin hardasa sözlə oynamaq, sözlə əylənmək istəklərinə heç bir dəxli yoxdur. Çünki söz özü Allahın səsləndirdiyi ilk səsdi və o səs də "OL" formasında yer üzünə gəlibdi. Biz də olmuşuq, söz də olub, dünya da olub və beləcə, biz sözün, söz də bizim doğmamıza çevrilib. Axı söz hardasa həm də ünsiyyət deməkdi. Ona görə də:

Sökülən çuvalda dənik -
Səpilərik düzə-dağa.
Tanrı göyərdər təzədən,
Dən gözlər dəyirman, ağa.

Bəxt yazısın yazan varmış,
Çox istəyən azdan olmuş,
Ömür almasız nağılmış,
Gəlmişik qulaq asmağa.

Mən kiməm, kimim var burda?
Gəldim nəyi axtarmağa?
Dünya yol üstə güzgüymüş,
Gəldim özümə baxmağa.

... İçimdə söz, sözdə mənəm,
"OL", oldan əvvəlki sözdənəm,
Söz ölməsə mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.

Bu, bir parçasını diqqətinizə çatdırdığım şeirin sözdən ibarət olduğunu özünüz artıq gördünüz. Amma əgər fikir verdinizsə, Tanrının "OL"uyla gələn insan gəlib yer üzündə sözü görür. "OL"dan əvvəlki olla qarşılaşır. Yəni insanı söz qarşılayır. Bu təmas dünyaya şeiri, bütövlükdə yazını gətirir. Çünki "OL"lar birləşib şeirləşir. Və insan Adəmin də, Həvvanın da sevgisinin kökündə sözün, yəni EŞQ, MƏHƏBBƏT, SEVGİ kimi ifadə olunan sözün dayandığını görür. Bunu niyə qəbul etməyək ki? Deməli, bir parçasını oxuduğumuz şeirin müəllifi də dünyanın sözün üzərində dayandığına, insanlığın sözə borclu olduğuna bu cür işarə vurur. Hələ üstəlik onu da vurğulayır ki:

Yer üzü bomboş idi.
Mənim qəlbim kimi...
Tanrı "OL" dedi.
Sən qarşıma çıxdın...
Mən sən "OL"dum,
Sonra
meşələr,
dağlar,
dənizlər,
hər şeylər "OL"du,
Beləcə
dünya yarandı...

Gördünüzmü, mənim sizə üz tutub söylədiyimi sözü şeirə çevirən özü də etiraf etdi. Deməli, sözün şeirə çevrilmə ehtimalı, həm də haqqı kifayət qədərdir. Burada da yük, yəni ağırlıq mərkəzi sözlə yeni bir dünya quranların üzərinə düşür. Təbii ki, bunlar da şairlər, yazıçılardı. Ona görə də:

Şeirlərində hər zaman
sözün ağrısından keçərlər,
söyləməyə
həqiqətin acısını
seçərlər şairlər...
Tanrı aşiqi,
eşq dəlisi olduğundan
son vaxt sevməzlər...
Dostu çox, sirdaşı az,
bostanı daşlı,
könlünün gözü yaşlı olar
şairin...

Zənnimcə, bu şeirdəki təkcə ovqatı yox, rəsmi göz önünə gətirmək özü hər kəs üçün bir panorama aça bilər. Elə bir panorama ki, orda şairləri közərən ocaq kimi görmək mümkün olar. O ocağa əl uzadan, üz tutan çox... o ocaqda isinən çox, amma o ocaq yana-yana külə yox, sözə çevrilir! Məncə, şairlər haqqında bundan ifadəli, bundan məzmunlu nəsə demək mümkün deyil. Və bir də onu vurğulamaq lazımdır ki:

Eheyy, gedənlər, qalanlar,
ölümə tələsənlər,
ölümü yubadanlar,
mən ölümdən iyrəndim,
yaşamaqdan bezdim,
Mən insanlıq adına,
şair urvatına görə
əl boyda daş olmaq istədim.

Sizə qəribə gələcək. Çünki yanıb sözə çevrilən şairin daş olmaq istəyi hardan çıxdı? Burda dərhal böyük Məmməd Arazı xatırlayırsan: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı". Bax, təqdim etdiyim şeirin müəllifi də vurğulayır ki, sözün, ədəbiyyatın daşı, kərpici olmaq lazımdı ki, o ədəbiyyat, o söz yaşasın inkişaf etsin. Təkcə yana-yana söz olmaq yox, həm də onun daşı olub hörgüsünü söz boyda ucaltmaq lazımdı.
Söylədiyim fikrin ardınca sözə başqa bir tərəfdən yanaşanda, onda müəllifin mənimlə həmfikir olduğuna siz də şahid olacaqsınız. Görəcəksiniz ki, sözün daşı olmaq istəyən tam əminliklə vurğulayır ki, mənli-mənsiz, bizli-bizsiz dünya nə qədər durursa, Tanrının söylədiyi "OL"dan başlayan söz yolu davam edəcək. Yəni şeir də yazılacaqdır. Bu da sözün daşlarının hesabına doğulan şeirlər olacaq. Və biz, bizdən sonra da sizlər o şeirlərin oxucusu kimi mənəvi rahatlıq tapanda sözün daşına çevrilənlər də mövqe tutduqları hörgülərdən bizə, sizə tərəf bir məmnunluqla baxacaqlar. Çünki sizin rahatlığınız onları da yaşadacaq. Axı:

İçimdə ünvanı bilinməyən həsrət,
dilimin ucunda
dərdimi çatdırmağa aciz söz...
Sözün içində
ümidin qoruduğu köz...
Qələm, maşa,
hey qurdalayır içimin közünü.
Yana-yana
dözərək yaşayır ürək,
yeni söz doğulacaq deyə.
Nə gecə bitir, nə şeir dünyaya gəlir.
İçimdə həsrətin odladığı
köz-köz yanıq yeri...
Göynədir məni.
Gecəmi,
axtardığım sözə yetmək məsafəmi
uzun eləmə, İlahi!
Sabahacan, sabahacan
söz yanğısından ölməyə
möhlət səndən,
mədət səndən, İlahi!

Hər kəs Tanrıdan bir dilək diləyir. Və o diləyin Tanrı tərəfindən gerçəkləşəcəyinə içində ümid bəsləyir. Amma şair Tanrıdan ona daha çox yanmağı, daha çox alovlanmağı və bu yanğıyla da ətrafındakıları isitməyi, ümumiyyətlə, dünyanı təzə sözlə, təzə şeirlə baş-başa qoymaq istəyir. Onların görüşü üçün möhlət istəyir. Çünki o möhlətdən söz keçib gələcək, şeir keçib gələcək. Daha doğrusu, doğulacaqdı. Deməli, dünyada şeirin də, sözün də yolu var. O yol şairin ürəyindən, yəni yanan ocaqdan başlayıb oxuculara qədər uzanıb gedir. Məlumdur ki, yol o vaxt yaşayır ki, onun üstündən gediş-gəliş, hərəkət olur. Həmin yolun bir adı da, bir təşəbbüsçüsü də olur - yəni cığır açanı, iz salanı. Bax, bu mənada sözün də yolu ürəkdən başlasa da, o ürəyin sahibi var. Deməli, ədəbiyyatda nə qədər cərəyanlar olmasından asılı olmayaraq, bütün qələm adamlarının hər birinin iynə boyunda da olsa öz yolu var. O yollar sonra birləşə bilər, sonra yolların qarışığından ümumi bir yol yarana bilər... Onlar tamam fərqli məsələlərdir. Amma birləşmək üçün, qovuşmaq üçün hər kəsin ən azı öz qələmi boyda yolu olmalıdır. Bax, bu mənada söz cücərdiyi, qorlandığı yerdə artıq o ocağın, o münbit şəraitin sahibinə aid qələm boyda görünməyə başlayır. Təbii ki, davamı gəldikcə o yol, o boy uzanır və beləcə, söz yolu yaranır:

Yerdənmi, göydənmi gəlir söz yolu,
Şam eylər yoluna sağ əl sol əli.
Gedərəm çiynimdə bir cüt göyərçin,
Duraram min rəngli dumanlı yolda:
Xeyirli hansıdı, hansını seçim?

Sözün qırx qapısın açıb görərəm,
Dözümüm saçımdan asılıb göyə.
Canım söz içində sehrli quşdur,
Bir igid gələcək xilas etməyə.

Açılar ömrümün köz karxanası,
Sökülər dərd yükü, söz barxanası,
Allahla aramda körpü olası
Sətir böyüdürəm ona yeriməyə.

Tanrı yolçusuyam bəxtim söz yükü,
Mənalar canımı yonar, cilalar.
Bəzən axtardığım qalar o yana,
Kiminsə itiyi qarşıma çıxar.

Daşın da, sözün də yaddaşı varmış,
Ocağın, közün də yaddaşı varmış,
Tanrının, insanın söz yaddaşıymız
Mən də sözdən, sirdən, daşdan göyərdim.

Bu şeirdən öncəki fikrimdə hər söz sahibinin bir iynə boyu yolu olduğunu dilə gətirmişdim. Bax, elə bu şeirdə də dolayısıyla mənim fikirlərim öz təsdiqini tapır. Hər bir şair, hər bir yazar öz sözüylə, öz misrasıyla, öz sətiriylə yolunu uzadır və "OL" deyənə doğru yol gedir. Ona bu haqqı SÖZ verir. Özü də hər kəsin öz sözü. Mən fikrimə istinad kimi məhz SÖZü ona görə vurğulayıram ki, şeirlərini, daha doğrusu, şeirlərindəki alt qatı öz düşüncəm ölçüsündə açmaq, görmək istədiyim Sona Vəliyeva da "SÖZÜM" deyir. Və buradan da məlum olur ki, söz əslində həm də öz sahibinin təkcə düşüncəsi, təkcə duyğuları, təkcə dünyaya baxışı deyil. O həm də öz sahibinin hakim olduğu dünyadı... O həm də öz sahibinin malı, mülküdü. Və ona görə də hər kəsin sözü özünün ifadəçisi, özünün təqdimatçısıdı. Elə bu yerdəcə:

Qoymaz bir kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Oğuldan, uşaqdan, dostlardan qabaq,
Mənim cənazəmə sözün girəcək.

Zəif misralarım yarımçıq şeirim,
Südəmər körpətək durmaz, ağlayar.
Dərd-sərdən balamın səsi batanda,
Sözüm qızım olar, mənə oxşayar.

Deyər "yad ağlayar, yalan ağlayar",
Oxşayar doğmadan doğma tək məni.
Qəlbimin əkizi vəfalı sözüm,
Ölümü öldürüb yaşadar məni.

...Qalacaq ruhumun yükü sözümdə,
O, məndən doymadı, doymadım ondan.
Mən "OL"la gəlmişdim, "OL"la gedirəm,
Yaşamaq ümidim başlayar sondan.

Bəli, hər kəsin sözü onun özünün təkcə şəxsiyyət vəsiqəsi deyil, həm də özündən sonra onun bu dünyada görünəcək, duyulacaq, aranıb-axtarılacaq nişanəsidir. O, mükəmməl bir abidə də ola bilər! O, sözlərin cərgəsində öndə dayanan bir boy göstəricisi də ola bilər. Fərqi yoxdur, o, söz olaraq qalacaqdır, yaşayacaqdır. Boyu bir iynə, bir qələm, bir insan ömrü boyda və yaxud da artıq, ya da az olmasına baxmayaraq. Ona görə ki, ona "OL" deyiblər.


TƏQVİM / ARXİV