adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Oktyabr 2018 14:49
11762
DÜNYA
A- A+

KONSULLUQDA QƏTL

Səudiyyəli jurnalist Camal Qaşıqçının konsulluqda qətlə yetirilməsi bir kimsəyə sirr olmasa da, hələ ki heç bir ölkə rəsmisi bunu etiraf eləməyə tələsmir. Düzdür, bu cür etirafda bulunmaq üçün formal əsaslar yoxdur (meyit tapılmayıb, cinayəti boynuna götürən yoxdur, hadisənin videogörüntüləri və hadisə yerində baş verənlərin audio yazıları barədə mətbuatda anonim mənbələrə istinadən dərc olunan çoxsaylı materialların həqiqiliyi səlahiyyətli şəxslər tərəfindən təsdiqlənməyib və s.), amma astagəlliyin əsas səbəbi təkcə bu deyil.Əsas səbəb ondan ibarətdir ki, dünyada söz sahibi olan ölkələr Səudiyyə Ərəbistanı kimi bir "yağlı tikə”ylə münasibətlərini pozmaq istəmir. Münasibətləri onsuz da pis olanlarsa fürsətdən istifadə edib onu yaxşılaşdırmaq istəyir.

ABŞ Dövlət katibi M. Pompeonun da Ər-Riyad səfəri heç nəyə aydınlıq gətirmədi, əksinə elə bir təəssürat yaratdı ki, sanki bu səfər rejimin, xüsusilə son vaxtlar böyük "ümidlər bəslədiyi” vəliəhdin simasını qorumaq naminə vəziyyətdən optimal çıxış yolu tapmaq üçün məsləhətlər aparmaq, daha doğrusu, qarşı tərəfi instruktaj etmək məqsədilə təşkil olunubmuş. Səfərdən sonra elə ABŞ mətbuatının özündə irəli sürülən bəzi ehtimallar belə qənaətə gəlməyə əsas verir. Ölkənin nüfuzlu The New York Tayms qəzeti dünənki sayında özünün özəl mənbələrinə istinad edərək yazır ki,Səudiyyə hakimiyyəti jurnalistin öldürülməsi məsuliyyətini ölkə kəşfiyyatında çalışan general Əhməd Nasirinin çiyninə yükləmək istəyir. Ə. Nasiri təhlükəsizlik xidmətinin yüksək ranqlı əməkdaşı, eyni zamanda vəliəhd şahzadənin müşaviridir. Qəzetin adını çəkmədiyi mənbənin sözlərinə görə Camal Qaşıqçının qətliylə bağlı Ər-Riyadın rəsmən açıqlamaq istədiyi mövqe belədir: "Guya Salman bin Məhəmməd şifahi formada öz müşavirinə tapşırıb ki, Camal Qaşıqçını sorğu-sual eləmək üçün tutub Səudiyyə Ərəbistanına gətirsin. Ancaq general bu tapşırığı səhv başa düşdüyünə (və yaxud səlahiyyət həddini aşdığına – hələlik bu variantların hansının üzərində dayanılacağı dəqiqləşməyib – Ad.) görə jurnalisti öldürüb.

Qəzetin versiyasına görə hakimiyyət bu yolla vəliəhdi sudan quru çıxarmaq istəyir. Çünki hazırda hamı, xüsusilə ABŞ açıq şəkildə dilə gətirməsələr belə qətldə məhz onu günahkar sayır. Adam öldürmək Səudiyyə Ərəbistanında da ağır cinayət sayılır və hökumət bu versiyanın üzərində dayansa, şahzadənin müşaviri çox güman ki, edam edilməlidir. Amma Səudiyyə kimi rejimlərdə yalnız bir, uzağı bir neçə adamın həyatı qiymətli olduğu üçün cəmiyyətbu cür edamları sükutla, çox vaxt isə məmnunluqla qarşılayır.Çünki insanlar ən yaxın dostların və silahdaşların da bir anın içində qurbanlıq qoyuna çevrildiyinə sadəcə atədkərdədirlər.

Daha sonra The New York Tayms general haqqında bir az ətraflı məlumat verərək yazır ki, onun adı mətbuata 2015-ci ildə Yəmənlə bağlı yaradılmış koalisiyanın komandiri təyin olunandan məlumdur. O, tez-tez müxtəlif mətbuat orqanlarına sərbəst fransız, ingilis, ərəb dillərindəmüsahibələr verir, hətta yazılarından xoşu gəlməyən jurnalistləri qorxutmaqdan belə çəkinmirdi. 2017-ci ildən isə Əhməd Nasiri kəşfiyyatda işləyir.

Reuters agentliyi yazır ki,Camal Qaşıqçının yoxa çıxmasıyla bağlı artıq Türkiyə- Səudiyyə birgə araşdırma qrupu fəaliyyətə başlayıb. Ancaq bununla yanaşı jurnalistin öldürüldüyünə tam əmin olan türklər Yalovada və İstanbul yaxınlığındakı Belqrad meşəsində onun meyitini axtarırlar.İstanbul polisisəkonsulluqda təkrar yoxlama aparıb və jurnalistin DNK izlərini tapmaq üçün ordan müəyyən nümunələr götürüb. ABC telekanalının özəl mənbələrdən əldə etdiyi məlumata görə Türkiyəjurnalistin Apple Watch saatı vasitəsilə əldə olunmuş və onun işgəncələrə məruz qalaraq öldürüldüyün sübut edən audioyazını və həmin yazının stenoqramını M. Pompeoya təqdim edib. Türk müstəntiqlər həmin lent yazısına əsasən belə hesab edirlər ki, C. Qaşıqçı boğularaq öldürülüb. ABŞ Dövlət Departamenti isə Pompeoya belə bir lent yazısının verildiyini inkar edib.

Bu arada hakim Ədalət və Kalkınma Partiyasının yetkilisi Yasin Aktay Camal Qaşıqçının nişanlısı Xədicə Çingizlə telefon danışığı barədə BBS-yə maraqlı açıqlamalar verib. X. Çingiz ona zəng edərək Camalın konsulluğa girdiyini, ancaq nə vaxtdır geri dönmədiyini bildirib. "Camal mənə dedi ki, əgər başımda bir şey olsa sizə vəbər verim” – deyə xanım bildirib. Bundan sonra Y. Aktay lazımi instansiyaları məlumatlandırdığını deyib və bildirib ki, o, Camal Qaşıqçıyla yaxşı münasibətlərdə olub. " Ohəmişə Səudiyyə Ərəbistanı hakimiyyətindən ehtiyat edirdi, ancaq bu cür variantı heç ağlına gətirmirdi. Deyirdi ki, məni oğurlayıb Səudiyyə Ərəbistanına aparmaq istəyirlər” –deyə o bildirib.

İngiltərənin nüfuzlu Financial Times qəzetisə Qaşıqçı olayıyla bağlı baş məqalə ilə çıxış edib. Hadisəyə sərt münasibət sərgiləyən qəzet yazır ki, tarixdə böyük liderlərin strateji maraqlar naminə bəzi məsələlərə yumşaq münasibət bəsləməsi halları çox olub. Ancaq əgər Camal Qaşıqçı deyilən kimi öldürülübsə bu belə hal sayıla bilməz. Məqalədə daha sonra bildirilir ki, Qərb Sergey Skripal və qızının başına gələnlərlə bağlı V. Putinə qarşı necə sərt mövqedə dayanıbsa, bu məsələdə də eyni cür hərəkət eləməlidir.

Ancaq bütün bu cür sərt təpkilərə baxmayaraq ABŞ prezidenti D. Tramp hələ ki Səudiyyəyə qarşı konkret addımlar atmaqda maraqlı görünmür.

ADALET.AZ