adalet.az header logo
  • Bakı 6°C
19 Oktyabr 2018 00:49
5212
GÜNDƏM
A- A+

Bir ocağın şöləsiyik

Şeir, sənət şairin daxili aləminin təzahürüdür. İnsan duyğularının selində ləpələndikcə fikirləri misralara dönür, duyğusu, həsrəti sətir-sətir vərəqlərə köçür. Dərin duyğu və həsrətləri yalnız şair qəlbi daha həzin anlayar, yazdıqları ilə daima həmsöhbət olar. Müasir dövrümüzdə elə şairlərimiz var ki, milləti, xalqı eli-obası ilə nəfəs alır, yaşayır. Belə şairlərdən biri çağdaş dövrümüzün görkəmli nümayəndəsi, AYB-i Mingəçevir bölməsinin sədri, şair İsmayıl İmanzadədir. Şairə el atası desək, məncə yanılmarıq. Çünki, sözə, şeirə, şeriyyətə qiymət verənləri şair layiqincə qiymətləndirir. Yalnız onun bircə cümləsini yazmaqla sözümün təsdiq olunduğunu zənn edərəm. İsmayıl İmanzadə deyir:
-"...yazar dostlarımla bir araya gələrək, rəhbərlik etdiyim bölmənin xəttiylə növbəti üçüncü almanaxı da çap etdirməyə müəffəq olduq. ...bizim söz ocağının dövrəsində olan yazarların hamısı almanaxda təmsil olundular."
Əziz oxucu, yeri gəlmişkən qeyd edim ki, sözügedən almanax- "Bir ocağın şöləsiyik" adlanır. Kitabın adı dıqqətimi çəkdi. Almanaxın adı özünə yaraşır. Sözdən libas geyən almanax Mingəçevir ədəbi mühitindəki ocağın başına toplanan ziyalıların ürək odundan alışan bir ocaqdır. Mənə elə gəlir ki, həyatı bölüşəndə gözəl olur. Eyni ilə bu, kitabın səhifələrini bölüşdükləri və almanax toplusu yaratdıqları kimi.
Azərbaycan Yazıçılar Birliyinin xəttiylə işıq üzü görən almanax Nətəvan klubunda poeziya sevərlərin görüşünə gəldi. Almanaxda imzası olan söz-sənət adamları tədbirdə iştirak edərək paytaxt -Bakıda yaşayan şair və yazarlarla görüşdülər . Dostluq və səmiyyət fonunda baş tutan tədbirdə filologiya elmlər doktoru, ədəbiyyatşünas professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Taryel Abbaslı, Ədəbiyyat qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu, şair Oqtay Rza, Qəşəm Nəcəfzadə, Mətanət Ulu Şirvanlı, Fərqanə Mehdiyeva və bir sıra söz-sənət adamları iştirak etdilər. Tez-tez ədəbi görüşlər keçirilən Nətavan zalında bu dəfə ab-hava fərqli idi. Regionlardan gələn yazar qonaqlar isti münasibətlə qarşılandılar. Onlardan Mirsədi Daşdəmirov, Bəhman Gülovşəli, Zümrüd Rəhimova, Məmməd Mərzili, Namiq Zaman, Bəsti Bərdəli, Məhyəddin Məhərrəmoğlu, Fəxrəddin Əziz, Ruslan Ələkbərli, Kəmalə Əyyubqızı və cavan yazarlardan Ayşən və Rəna çıxış edərək kitab haqqında fikirlərini açıqladılar. Poeziya nümunələrinin kitabda yer almasına görə və çəkdiyi əziyyətə görə İsmayıl İmanzadəyə öz təşəkkürlərini bildirdilər.
Yaradıcı insanların görüşü dostluq körpüsünü xatırladırdı. Bu ədəbi körpünün inşası məhz İsmayıl İmanzadənin düşüncələrinin məhsulu idi. İ. İmanzadə dünyasına yaxından bələd olduğum üçün onu fikrimcə mübariz şair adlandıra bilərəm. Bütün məhrumiyyətlərə baxmayaraq heç zaman sınmayan, çətinliklərə sinə gərən şairə başqa nə ad vermək olar ki?! Yaradıcılıq dünyasına bələd olan hər bir kəs ədəbi tufanların qarşısında dəyanətlə duran İ. İmanzadəni Azərbaycan poeziyasında -zirvələrində görmək istəyər. Məhz indi göründüyü kimig
AYB Mingəçevr bölməsi öz inkişaf dövrünü yaşayır. Mingəçevir ədəbi mühitində hadisələrin mədəni-ədəbi -ictimai formada təzahür etməsi ədəbi əlaqələrin gerçəkləşməsi və günişlənməsi həyata keçirilən tədbirlərlə subuta yetir.
Müasir Azərbaycan ədəbiyyatında fəal rolu olan Mingəçevir bölməsi digər bölgələrdən ədəbi poeziya baxışı ilə kəskinliklə yaradıcılıq baxımından fərqlənir. Bu gün onlar zamanın yeni nəbzi ilə ayaqlaşıb və eyni zamanda ədəbi uslubu, milliyi qoruyub saxlamaqla ədəbi-estetik janrlar yaradırlar .
İsmayıl İmanzadənin rəhbərliyi altında 2014-cü ildə "Aranın söz sovqatı", 2016-cı ildə "Uzaqdan gələn səs", 2018-ci ildə isə sözügedən almanax işıq üzü görmüşdü. Adı çəkilən almanaxlarda Mingəçevir şəhərində, eləcə də bölgələrdə yaşayan söz adamlarının şeir nümunələri oxucu kütləsinə tanıtdırıldı. Ədəbi mühitdə, ədəbi-bədii prosseslərdə tanınmaq istəyən istedadları bir araya gətirən İ. İmanzadə onların yaradıcılığını ön plana çəkmiş, həmin almanaxlarda işıqlandırmışdı. Nəticədə müxtəlif ədəbi nümunələr oxucular tərəfindən rəğbətlə qarşılandı. Bir oxucu kimi əminliklə deyə bilərəm ki, kitabda yer alan şeirlər çağdaş Azərbaycan ədəbiyyatının gözəl şeir nümunələri sırasındadır. Əlbəttə ki, bu da, şeirlərin fonunda müəlliflərə verilən dəyər və mükafatdır.
Ən böyük qiymət isə İ. İmanzadə əməyinə verilməlidir. Məhz ona görə ki, kitabların ərsəyə gəlməsində və işıq üzü görməsində şairin böyük zəhməti vardır. Elə ona görə də "Atalar üçdən deyib" adlı ön söz əvəzi yazını da yalnız İ. İmanzadə obrazlıqla qələmə ala bilərdi. Beləcə, onun əməyi nəticəsində oxuculara orjinal fikirlərlə dolu olan "Bir ocağın şöləsiyik" adlı söz çələngi təqdim olundu. Eyni zamanda köçkün şair kimi qəmli fikirlərini yurd həsrəti ilə qələmə alaraq öz şeirləri də almanaxda yer almışdır. Cocuq Mərcanlı sevinciylə yazılan "Salam, Cocuq Mərcanlım adlı" şeir nümunəsinə nəzər yetirək;

Salam, yuvam-beşiyim,
Doğma evim-eşiyim.
Cocuq Mərcanlı kəndim.
...Qədəmləri səyalı
Cocuq Mərcanlım mənim...

Yaradıcılığında vətən istəyi, ocaq həsrəti, el-oba intizarı, vətən məhəbbəti qabarıq şəkildə özünü biruzə verir. Bəli, o, vətən məhəbbəti ilə xalqına, ədəbiyata xidmət edir.
Buna misal olaraq onu da qeyd edim ki, vaxtı ilə "Mingəçevir leysanı" -indi isə "Bənövşə" adını daşıyan əbəbi-bədii jurnalı təsis edərək ədəbi simaları bir yerə cəmlədi.
Nəinki ətrafında olan, hətta yaxın bölgələrdə yaşayan yazıçı-şairləri, ziyalıları Mingəçevir ədəbi-mühütinə cəm etdi. Çağdaş poeziya dünyamızın müasirləri şeir-sənət aləmində fərdilik nümayiş etdirir, özünə məxsus şeirlər təqdim edir sözügedən jurnalda oxuculara. Odur ki, tədbirdə "Bir ocağın şöləsiyik" adlı kitabın təqimatı ilə birlikdə "Bənövşə" yurnalının 10 illik yubleyi də qeyd edildi.
Müəlliflər əyalətdə yaşasalar da. müasir səpkidə yazmaq qabiliyyətinə malikdirlər, çağdaş poeziya ilə ayaqlaşaraq ədəbiyya aləmində rənarənglik yarada biliblər. Onların işıqlı təfəkküründən süzülüb gələn duyğular oxucuların qəlbinə hakim kəsilə bilir. Tədbirdə çıxış edən müəlliflər öz sevinclərini paytaxtda yaşayan həmkarları ilə bölərək sevincli və qürurlu bir gün yaşadılar.
"Bir ocağın şöləsiyik" almanaxında mövzular müxtəlif səpkilidir, eyni xətt üzərində cərəyan etmir. Poeziya və nəsrlə birlikdə oxuculara təqdim olunan kitabda dünyasını dəyişən müəlliflər də yaddan çıxarılmayıb.
Milli müstəqilliyimizin mənəvi, elmi, mədəni dəyərlərini öz qələmləri ilə əks etdirən, Azərbaycan ədəbiyyatında Mingəçevr bölməsindən olan yazıçı və şairlərinin poetik nümunələri xüsusi yer tutmaqdadır. Almanax gözəl bədii və texniki tərtibata malik olan kitablar sırasına daxildir. Ümid edirik ki, İsmayıl İmanzadənin rəhbərliyi altında yaxın gələcəkdə də bir sıra ədəbi almanaxlar və yeni -yeni kitablar işıq üzü görəcək, müəllifləri eləcə də oxucuları sevindirəcəkdir.

Mətanət Ulu Şirvanlı
Yazıçı-şairə.
"Seyid Əzim Şirvani" Ədəbi Musiqli Poeziya Məclisinin sədri.