adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 00:41
5685
GÜNDƏM
A- A+

Anabioz faciəsi, yaxud mənasızlıq sindromu...

Sosial əxlaq

Allahverdi Eminov
(əvvəli ötən sayımızda)

Kiçik haşiyə: Haiti adalarında uzun müddət yaşamış, yerli adamların psixologiyasına, mənşəyinə yaxşı bələd olan alim Ueyd Devz zombi tozunu ABŞ labaratoriyasında öyrənmişdi: tozun tərkibində ən ağır zəhər - tetrodoksin var və bu maddə insanın sinir sistemini iflic halına gətirir. Maddə isə "fuqu" balığından alınır.
Alimlər müəyyənləşdirmişlər ki, məsələ zəhərdə deyil, antropoloqların "budu ölüm" adlandırdıqları psixoloji mexanizmdədir. Kimyəvi zəhər hər bir adama eyni cür təsir göstərə bilir, lakin hər mədəniyyət öz fərdi yanaşamasını formalaşdırır. Ona görə də insanların fiziki və maddi durumu seçilir bir-birindən. Psixi fon insan şüurundadır. Avropalı alim Avstraliyada yaşayan aborigenləri müşahidə edərkən o qənaətə gəldi ki, yerli camaatla eyni məkanda yaşasalar da, şüurları fərqlidir. Əgər cadugər fiqurun gözlərini çıxarıb dua oxuyandan sonra bu işin şahidi adam ölür, avropalının gözü qarşısında baş verərsə heç bir təsiri olmur. Çünki avropalı cadugərin etdiyinin mahiyyətini başa düşmür.
Beləcə həsəd hissi şaxələndi, təsir dairəsini dərinləşdirdi və gəlib insan taleyinin faciəvi sonluğuna çıxartdı: əslində Salyerinin özü də məcazi mənada məhv oldu. Halbuki iki bəstəkar yaşayardı və uzun illər əsərlər yazmağa məhkum olardılar yaxşı mənada.
Beləliklə, insan hissə-hissə, parça-parça mənasızlaşır və bu modelin içərisində konservləşir. Onun idrakı - ağlı Təbiətdən kənarlaşdırılır və ağlı kənardan idarə olunur. Belə proseslər məna ilə mənasızlığın dualizminə şərait yaradır. Filosof Adomaya görə: ağıl dəqiqliklə obyektin üzərində ağalığa hakim kəsildikcə, onun özünə qapalılığı güclənir, dairəsini genişləndirir. O, fikrini davam etdirərərk deyir ki, çün öz öhdəsində xarici obyekt üzərində qoyduğu dəqiqlik meyarlarını hiss edir və araşdırdığı hadisələrin arxasındakını görmür. İnsan təbiətin hegemonluğundan xilas olmağa səyli olursa belə, mənəvi-sosial təsirlərə məruz qalır və mənasız düşüncələrə təslimçiliyindən zəkasını, idrakını xilas etməyi bacarmır. İnsan şüurlu fəaliy-yəti gedişində maarifçilikdən uzaqlaşır, şər işlərə, şeytan əməllərinə qoşulur, sanki mənalı addımdan, niyyətdən özünü kənarlaşdırır. Məsələ ondadır, ağıl öz qəbuletmə imkanlarını təbii istedada arxayınlıqla başa çatdırmalıdır, onsuz da qeyri-adi zəkalar xalqımızın genefondunda maneəsiz dünyaya gəlirlər. Amma ağıl kütləşir, bilikalmadan məhrum olursa və bu cəmiyyətin tərkib hissəsinə daxil olursa - insan mənalı mühakimədən, rasinoal qənaətdə özünü məhrum edir. Bilikalma təhsildə, maarifçilikdə optimaldır və əgər bu proses kütləvi savadsızlığa düçardırsa mə-nasızlıq sindromu özünü göstərməyə bilmir. Qədim Yunan filosofu Diogen (e.ə. 404-323) haqı idi ki,bilik gəncləri pis əməldən qoruyur, qocalar üçün təsəlli, varlılar üçün bəzəkdir...
Adoma fəlsəfəsində də verilir ki, hər bir elmi tərəqqi kütlə və fərd arasında normal tarazlığın həyata keçirilməsində aciz qalmamalıdır. Əks halda, insanın kütləvi şəkildə pərakəndə düşməsi, hətta parçalanması qorxusu yaranır.
Mənalı düşünüb qərar çıxartmaq və buna xüsusilə təhsildə əhatəli şərait yaratmaq obyektiv ağılın inkişafı deməkdir və insan anlayır ki, o xaricdən tətbiq və idarə edilən alət deyil, reallıq xaricində tətbiqini tapan bir strukturdur. Oxuyuruq: "Bu ağılın təriflənməsiylə başa çatır və o, aksiomalarının müzakirəsi qeyri-mümkün xatirələrə bənzədi: nəticə isə hər hansı formada bəşərə xas olanın xaricdəkiləri neytrallaşdırmaqdır".
Bu da varlığın eybəcərləşməsini əksərin istismarını, insanların birinin digərilə ziddiyyətə aparmasını doğurur.
İnsan mənasızlıq sindromunu və şüurun, idrakın yaşadığımız dünyanın sezilməyən nüanslarını işıqlandıran yönümləri dərk edir. İnsan hey həftənin bütün günləri yol gedir: piyada, maşında, təyyarədə, gəmidə və çox vaxt "niyə gedirəm" sualına şərti reflekslə cavab verir fəaliyyətində. Ona görə ki, o, mənasızlığa doğru irəliləyir. Mənasızlıq qeyri-iradi həyatın diqtəsidir. Və həm də idrakı oyadır, canlandırır, hərəkətə gətirir. Və məcbur edir ki, ya alışdığı mühitə, vəziyyətə qayıtmalı, ya da naməlum mühitə. Mənasızlıqda bir iyrənclik, antipatiya vardırsa, eyni zamanda yaxşı əməl də yox deyil.
Mənasızlıq fərəhsiz həyatın sonsuz övladıdır, bu varlıqda instiktiv şəkildə qismətinə düşən yükü-qayğını çəkib aparır. Əgər zərrəcə ümid yeri tapılsa, səadət, xoşbəxtlik tapmağa çalışır, əlləşir və yaşın taqətsiz, ehtirassız nöqtəsinə gəlib çatır. Belə əhval-ruhiyyədə insan mənasızlığından uzaqlaşmaq istəyirsə, daxili qiyamını hərəkətə gətirməlidir, yaxşı mənada qəvətə çevirməlidir. Şair Şiller qəzəbi öz yağında çırta-çırtla bişən gücsüzlüyün məhvedici əlaməti, hətta özünü zəhərləmə təzahürü qismində və öz passivlik müstəvisindən çıxmasına şərait yaradılmasınl göstərmişdir.
İnsan mənasızlığını unudanda, daha doğrusu, özünü anlamayanda zamana yaxınlaşır. Zamandan möhkəm-möhkəm yapışır və hətta bir mövqe də tutur. Amma dərk edə bilmir ki, elə onun ən amansız düşməni Zamanın özüdür. O, xoş arzularla zamana bağlanmışdı, vaxt keçəndən sonra yanıldığını hiss edir: əgər bunu bacarırsa təsəllisi mənasızlığı başa düşməsidir.
Dünyaya (cəmiyyətə) mənasız adını verməyin özü mənasızlıq olardı və burada tələsmək lazım gəlmir. Bütöv halda Dünya mənasızdır o mənada ki, fərdin ölümü ilə o Dünyada yoxa çıxır. Amma yaşayanda bu mənasızlığın fəlsəfəsi çalarlarını öyrənmək gərəkdir. Ekzistensializm fəlsəfəsində vurğulanır ki: Mənasızlıq həm insandan, həm də dünyadan asılıdır. Hələlik bu, onlar arasında yeganə əlaqədir. Mənasızlıq onları elə birləşdirir ki, bir canlı varlığı yalnız nifrət buxovlaya bilər.
Mənasızlığı dərk etməyin bir qorxulu yönümü ondan ibarətdir ki, insanda qüvvətli, silkələyici ehtiraslar oyadır və təbii ki, bu cür ehtiraslar ehtiyatsızlıq ucbatından məhvə sürükləyir, ürək çırpınır, alovlanır. Mınasızlıq hissi əsasdır, bünövrədir və o hökm verirsə lazım gəlir onu qoruyub saxlayasan. Mənasızlıq həm ictimai, həm də məişət mühitində nəzərə çarpır. Məsələn: bir günahsız insanın boynuna cinayət işini qoyurlar və o, ittiham olunur, tərbiyə görmüş bir şəxsə ləyaqətsiz hərəkəti zorən "sübut" etsən, qəhqəhə ilə cavab verər. Ki, Bunlar mənasızdır! Bu iş-lərdə paradoksluq da yox deyil: Tərbiyəli adamın adına yazılan o əməllərdə onun xarakter prinsipləri və sosial davranışı arasında bir antinomiyaya işərə vardır:daha doğrusu: Bu iş mənasızdır: Daha bir misal: Birisi yumruğu ilə əllərində bıçaq tutmuş bir neçə quldura hücum edirsə, bu addım mənasız sayılır, çünki məqsədlə reallıq arasında qeyri-mütənasiblikdir. Həyatda elə şeylərlə qarşılaşırıq ki, mənasızdır: faydasız nigah, bir qrupun orduya hücumları, uçan təyyarədən sallanmaq həvəsi və ilaxır da mənasızdır. Deməli, mənasızlıq müqayisələrdə daha bariz aşkara çıxır, real faktlar fəaliyyətin hüdudlarından kənara can atmamalıdır.
Mənasızlığa intellektuallıq səviyyəsində nəzər saldıqda o, nə insanda, nə də aləmdə deyil, onların birgə yaranışındadır. Məhz onları da bu əlaqə şərtləndirir. Mənasızlığın dərki elə də asan qavranılmır: ona görə ki, predmetə cəhd, maraq, ehtiras mahiyyətlidir və fəlsəfidir, məntiqidir. Mənasızlığıa bir anlam kimi özünü bürüzə verə bilir. Məsələ isə İnsan xarakterinə, onun qan damarına işləyən və özü də anlayan mənasızlıq sindromundan xilası haqqında düşünməməsidir. Bu İnsan başa düşməyə borcludur ki, mənasız fikri və sonralar mənasız,heç kimə lazım olmayan vücudunu torpaq da qəbul etməkdə tərəddüd göstərir: Yıxıb-parçalamaq çətinliyin çıxış yolunu tapmamaq ətaləti, az qala kütlə səviyyəsinə enmək - bir sözlə, psixoz əhvalı - doğrudanmı anadangəlmədir? Sualın və digər unudulmuş sualların cavabını dünyanın dahiləri də axtarmışlar. Belə şəxsiyyətlər mənalı yaşamışlar və insanın mənasızlığına yuvarlanması ilə əsla barışmamışlar. Mən fikrimi A.Eynşteynin Z.Freydə məktubundan bir parça ilə onun özünə də qaranlıq qalan bir sualı ilə tamamlamaq istərdim: İnsan xislətində mövcud olan yıxıb-dağıtmaq, kin-küdurət psixo-zuna qarşı immunitet işləyib - hazırlamaq mümkündürmü? Mənasızlığa aludəçilik insanı intihara da gətirib çıxarır. Mənasızlığın intihara gedən yolu elə də daşlı-kəsəkli olmur və bu, ürəyin sükutunda yetişir.
Mən dahi yazıçı Alber Kamyunun fikriylə məsələyə yekun vurmaq istəyirəm:
- Mən bilirəm ki, insan nə istəyir, bilirəm ki, dünya ona nə təklif edir, indisə bir də deyə bilərəm ki, onları nə birləşdirir. Gələcək axtarışlar aparmağa ehtiyac yoxdur. Axtaran üçün yeganə bir gerçəklik də kifayətdir, məsələ ondan bütün nəticələri çıxara bilməkdir.
P.S. Berlin Texniki Universitetinin həkimlərindən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.
Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçiriblər. Həkimlərin 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetitriptamin iynələri vurublar. Pasientlər 20 dəqiqə müddətində kliniki ölüm keçiriblər.
Mütəxəssislər iddia ediblər ki, bu proses insan orqanizmi üçün zərərli deyil. Prosesdən sonra həkimlər digər dərmanlardan ibarət qarışığı insan orqanizminə yeridib, qandakı ozonu filtirləyərək təmizləyiblər. Bu təcrübə "kardiopulmonal" adlı qurğunun icadından sonra baş tutub. Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.
944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.
Mütəxəssislər əlavə ediblər ki, təcrübədə müxtəlif dindən olan insanlar iştirak ediblər. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmuyub və bütün insanlar eyni hissləri bölüşüblər. Bu təcrübədə dini görüşləri bəlli olan şəxslərdən əlavə, ateistlər də iştirak ediblər. Alimlərin fikrincə, kliniki ölüm anında şüur bədəndən ayrılır. Akkerman qeyd edir: "Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək.Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı dü-şündürən ən dərin sualın cavabını tapa bildik. Bəli ölümdən sonra da həyat var".
Buna inanamağa dəyərmi?!