adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 00:37
14557
ƏDƏBİYYAT
A- A+

Tural TURAN


***
Ümidlərim gözünü döyür üzü
şam işığına;
Fitili alın yazımdı daxmamda
yanan şamın.
Hər gecə bir səhifəsini
yandırıram,
otağım qaranlıqdan
qorxmasın deyə.
Mən qaranlıqdan yox,
otağımdan qorxuram,
itirəcək heç nəyim yoxdu
ondan savayı...
Tanrı da bacım öləndə axıb
düşmüşdü
sonuncu göz yaşımdan...
Qaranlıqlar üçün yetimxanadı
bu daxma,
hər gecə bir anasız qaranlıq
sığınır
uzaqlardan közərən bu dam
işığına...
Ümidlərimsə gözünü döyür
fitil-fitil yanan adam işığına...

ÖLÜM AYAĞI
SAYIQLAMALAR...

Açın pəncərələri,
gecənin nəfəsi kəsilir.
Niyə üşüdür görəsən
bu yataq otağı?!.
Altımdakı yazıq çarpayı da
qıvrılır sağa, sola.
Hələ pəncərəmə doğru bir
ulduz da iməkləyir, xeyir ola.
İstinin gücünə bax, buxarlanır
divardakı şəkillər.

Bu gecə necə də anama oxşayır
küçəyə baxan və
pəncərəmizdən asılan ağ pərdə.
Pərdələr ağı deyir otağımın
qaranlıqlarına.

Çarpayım ayaqlarıma döşənir,
Divar saatımız özü ilə sağollaşır.
Ayaqqabımın içində
yuxuya gedib corablarım.
...Bu gecə hər kəs öləcək deyəsən.

***
Ağarır Vətənin saçları dən-dən,
yenə şəhər-şəhər qopur qolları.
Düzülür boynuna mirvari kimi,
Tabut "medalyonlar",
...qəbir yolları.
Ayaqsız yaşayır, qolsuz yaşayır.
Tanrım, birinci qrup əlildi Vətən.
İllərdi cığırsız, yolsuz yaşayır,
pay verib əlini, ayaqlarını
soyunub ruhunu zəlil yaşayır.

SƏNİNLƏYƏM, AY İŞIĞI...

Ay işığı, bir səs göndər,
Mən deyən hərf olmasın.
Nə cam duysun, nə də minbər,
Eşidilib yozulmasın.

Ay işığı, bir köz göndər,
Canından, qanından gəlsin.
O gəlməsə bir söz göndər,
Ümidimiz çöksəməsin.

Ay işğı, bir üz göndər,
Bu dünya görməmiş olsun.
Görüncə əllərim əssin,
Gözlərim görməmiş olsun.

Ay işığı, məni göndər
Göylərdən baxan məni.
Məni düz görməyənlər,
Tanısın yaxından məni.

Bir kəlməyəm, ay işığı.
Bir ilməyəm, ay işığı...
Səndən başqa kimim var ?..
(Mən gəlməyəm, ay işığı)

Yatmırsansa eşit məni,
Səninləyəm, ay işığı !
Səninləyəm, ay işığı !..