adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 00:19
4925
GÜNDƏM
A- A+

-Bizə yazırlar-

"Ədalət" qəzetinin təsisçisi çox hörmətli Aqil müəllim!
Sizə yazan hər yerdən əli üzülmüş Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi ev 39 ünvanda yaşayan 86 yaşlı Qədirova Səmayə Cəlal qızıdır. Ölkə prezidentimizin xalqımızın, əhalimizin rifahını daha da gözəl, rahat olması üçün var qüvvəsi ilə çalışmağının hamımız şahidiyik. Amma bəzən hansısa anlaşılmazlıq nəticəsində bəzən müəyyən problemlərlə üzləşirik.
Mənim problemim "Azərişıq"ladı. Belə ki "Azərişıq" 2000-ci ildən bizə 5.447 manat 98 qəpik borc yazıb. Əslində mənim bu illər ərzində min manata qədər borcum yaranmışdı. Borcun yaranmasına səbəb əvvəla, həyat yoldaşımı itirdim, sonra isə bir-birinin ardınca iki oğlum dünyasını dəyişdi. Bir oğlum da bu itkilərə dözməyərək ruhi xəstəliyə düçar oldu. Evdə bir işsiz oğlum və iki başsız ailəylə çətin günlər keçiririk. Keçirdiyim bu faciələrə görə imkansız qaldıq və işıq pulu borclarını ödəməkdə çətinlik çəkdik.
Biz "Azərişıq"ın rəhbərliyi ilə razılığa gəldik ki, işıq pulundan əlavə hər ay 100 manat da yaranan borcdan ödəyək. Lakin imkanlarımız çatmadığı üçün əlavə 100 manatı ödəyə bilmədik, "Azərişıq"ın işçiləri hər dəfə akt tərtib edərək əlavə dəbbə pulu, yəni faiz yazaraq borcun məbləğini şişirdirdilər.
2013-cü ildə və ondan əvvəl də hörmətli Prezidentimiz xalqımıza böyük etimad göstərərək işıq sərfiyyatına görə köhnə borcların silinməsi barədə sərəncam verib. Lakin nədənsə "Azərişıq" bizim borcumuzu nəinki silmədi , əlavə faizlərlə yuxarıda göstərilən məbləğə çatdırdı.
Artıq bir aydan artıqdır ki, 15 nəfərlik ailə üzvlərimizlə birlikdə işıqsız qaranlıqda yaşayırıq. Bir aydan çoxdur ki yuyunmuruq. Evimizdə xəstəlik tüğyan edir, pal-paltarlarımız çirk içində. "Azərişıq"ın əməkdaşları sayğacımızı və bütün elektrik xətlərini kəsib aparıblar. Müraciət elədiyimiz bütün təşkilatlar bizə heç bir köməklik göstərmək istəmir. Yeganə ümid yerimiz sizsiniz. Bu 86 yaşlı ağbirçək ananın naümid qoymayın. Sizdən acizanə xahiş edirəm, qaranlıqda qalmaqdan mən və ailə üzvlərim bezmişik. Bu ahıl vaxtımda qapılara düşüb sığınacaq istəmək məcburiyyətində qalmışıq.

REDAKSİYADAN: Ümid edirik ki, "Azərişıq"ın rəhbərliyi ciddi araşdırma aparacaq və istisna hal olaraq bu ailənin hazırki durumunu nəzərə alaraq onlara müvafiq köiməklik göstərilməsi məsələsinə baxacaqlar.