adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 00:17
21543
ƏDƏBİYYAT
A- A+

İLLÜZİYA

Esse
Oğlum Erola

İnsanlar həqiqət yox, onları yaşadacaq illüziya axtarırlar. Anais Nin

Loğman Rəşidzadə


(əvvəli ötən saylarımızda)

Biz, bəzən elə çılğın həddə çatırıq ki, aynada özümüzü əyri gördüyümüzçün vurub onu sındırır, çilik-çilik edirik. Reallıqdan, həqiqətdən qaçmaq deyilmi?..
Belə bir ictimai fikir də formalaşıb: insan insan üçün güzgüdür, hamı bir-birində əks olunur. Eləsə, gəlin, görək bir-birimizin güzgüsündə biz nə vaxtsa səmimi olmuşuqmu, həqiqi sifətimizi, varlığımızı tapa bilmişikmi ? İnsanlar bir-birini əks etdirmək, parıldatmaq, yaxşısını, pisini göstərmək əvəzinə biri digərini özündə hopdurur, əridir, əsl mahiyyəti gizlədib illuziya yaradır. Daxili güzgümüzdə qarşımızdakı şəxs necə əks olunursa olunsun, biz öz məqsədlərimiz naminə özümüzə sərf edən şəkildə onu qəbul edir və buqələmuna çeviririk. Qəlbimizdə əks olunan mahiyyət qalır bir kənarda, özümüzə lazım olan saxta profil formalaşdırırıq.
Bizim hansımız bilə-bilə fırıldaqçı, ikiüzlü, acgöz, xudpəsənd, xəyanətkar, qəddar, şərəfsiz adamlarla könüllü əməkdaşlıq etməmişik? Bilə-bilə ki, bu adamlar şər daşıyıcısıdır, bəs niyə onlarla ünsiyyətdən çəkinməmişik? Qəlbimizdə belələrinə nifrət etsək də, hansısa bir mənafe naminə daim onlara can atmamışıqmı? Bu da bizim yalanımız, özünü aldatmamız , güzgü fırladığımız, güzgümüzdəki görüntünün yalan təqdimatından başqa bir şey deyildir.
Cəmiyyətdə insanlar arasındakı münasibətlər bu müstəvidədir. Kimsə daim kiminsə güzgüsünə çevrilir, özünüifadə üçün... Lakin bu psevdogörüntü son anda həqiqət üçün yalan rolunu oynayır. Odur ki, insanlar arasında ölçü və məsafələr yalanla həqiqətin nisbəti kimi boy göstərir. Bu da çox vaxt təsdiq və inkarın bir məcrada qovuşmasını şərtləndirir. Hamı bir-birini yaxşı tanıyır, hamı kimin hansı yuvanın quşu olduğunu yaxşı bilir. Amma buna rəğmən səmimi və mehriban bir çevrədə yaşayırlar. Görüşəndə qucaqlaşıb öpüşürlər, ürəklərində isə bir-birinə nifrət edirlər. Beləliklə, insan münasibətlərini paradokslar izləyir və təyin edir. İnsanlar yaxınlaşdıqca münasibətlərin əyaniləşməsi, çılpaqlaşması, adiləşməsi qorxusu da artır. Çılpaqlaşan münasibətlər doğmalıqdan daha çox yadlıq yaradır. Səmimiyyət daha çox yadlıqdadır. Axı, məhəbbət də uzaqdan gəlir. Yaxınlaşdıqca hiylə, riya, saxtakarlıqlar baş alıb gedir. M.Qorki yazırdı: "İnsanlar sizdən nə qədər uzaq olsalar, o qədər yaxşı, nə qədər yaxın olsalar bir o qədər pis görünərlər". Eləsə, insanlar nə üçün bir-birinə can atırlar, niyə bir-birindən ayrı yaşaya bilmirlər? Bu, həyatın əbədi qanunudur. Çünki yalanla həqiqət vəhdətdədir.
Güzgü qədim dövrlərdən insanın ən ibtidai əyləncə vasitələrindən biri olub. İlk dəfə günəşin reinkarnasiyası ilə suda, daşda, qayada, işıq-kölgə oynaşmasında özünü görən, güzgülənən ibtidai insan, heç də özünüdərk haqqında fikirləşməmişdir. (Hərçənd, güzgünün kəşfi insanın özünüdərki, subyektivləşməsi mərhələsində ən mühüm vəsilələrdən biri olmuşdur). Bu, onunçün bir əyləncəyə çevrilmişdir. Heç sudakı əksinin, daş-qayadakı siluetinin özü olduğunu bilməmiş, bunun fərqinə də varmamışdır. Suda əksinə baxıb, ağız-burnunu əymiş, dodaqlarını büzmüş, bu "naməlun" simanı qorxutmağa, hədələməyə çalışmışdır. Adekvat "cavablara" tuş gələndə daş-kəsək, selbə, yarmaça deməyib, "yad ünsürə" tolazlamışdır. Su çiliklənib bulananda, surət itəndə ibtidai insan özündən razı halda, qalib ədasıyla gülümsəmişdir. Az sonra surət yenə bərpa olunduqda, görüntü təzələnəndikdə, oyun davam etmişdir. (Eynilə məşhur nağılda tülkünün aldatdığı şirin sudakı əksinə hücum etməsi kimi). Bu çılğın "mübarizə" illərlə, əsrlərlə davam etmişdir; insanın özü-özünü tanıması, özü-özünü dərk etməsinədək. Bu gün də biz güzgüdə, bəzən (daha çox təklikdə) yenə də eyni ibtidai həvəslə üz-gözümüzü büzüşdürür, ağız-burnumuzu əyirik. Bu, vaxtilə ibtidai insanın özünüdərkə cəhdiydisə, müasir insanın özgələşməsi, özündənqaçmasıdır.
Çinli filosof Xuan Fan-Ço "Saflaşmış şüurun güzgüsü" əsərində yazır: "Güzgü daosizmdə "dünyanın ikinci əksini" bildirir. Dao bütün varlığın güzgüsüdür: soyuqdur, boşdur (heçlikdir). Guya hər şeyi əks etdirir, axı özü hər şeydir və heç nədir. İkinci əks olunan həyatdır. Bu, ölü həyatmı?
Yox, çünki güzgüdə əks olunan nə varsa, nə ölüdür, nə də diri. Bu, ikinci həyatdır, kabuslara və ya hallünasiyalara bənzər sirli varlıqdır".
Yəqin elə buna görə də güzgüdəki obraz və siluetlər, cizgilər və ştrixlər bəzən həyulə (hallünasiya) kimi görünür, sürrealist təsir bağışlayır. Saatlarla güzgü qabağında oturun, uzun müddət özünüzə baxın, görün nə halətlər baş verəcək. Real parlaq lövhədə mistik siluetlər dolaşmağa, bir-birinə qarışmağa başlayacaq. Mistika yəqin güzgünün, eləcə siqlətindədir. Bu, məsələnin ruhi, virtual tərəfi də hesab oluna bilər. Axı birbaşa, rasional mənada da güzgüdə hər şey baş-ayaqdır, o, hər şeyi tərsinə göstərir. Bəlkə eləcə, bu səbəbdən psixoloji pozuntular yaşayan, dəli adlandırdıqlarımız insanlar güzgüyə baxmağı daha çox xoşlayırlar. Baxıb... baxıb... ucadan qəhqəhə çəkib qəşş edirlər. Bəlkə onlar şüuraltı qatda özlərinin əksini, daha ağıllı, müdrik və mükəmməl ekvivalentlərini, bizə məlum olmayan sirli varlıqlarını görürlər? Axı, güzgü həm virtual, həm də rasional, praktik mənada hər şeyi tərsinə göstərirsə, nə üçün dəlilər orada öz ağıllı variantlarını kəşf edib sevinməsinlər?..
Sürrealist şairimiz Adil Mirseyid də bu anlamda güzgüdə magik ünsürlər, fraqmentlər tapmaqda haqlıdır.

Gün gələr sən də qorxarsan
Güzgülərdə özünlə göz-gözə qonuşmaqdan
Güzgülərdə gedə bilməyəcəyin yerlər
Güzgülərdə çözələmədiyin sirlər
Yaşamadığın ömür, yazmadığın şeirlər
Güzgülərdə gördüyün görüb könül verdiyin
Bütün pəncərələr sınıq
Bütün qapılar bağlı
Bütün könüllər oyuq
Bütün ürəklər çatdaq
Bütün bülbüllər divanə
Bütün mələklər suçlu
Güzgülərdə bir ev tik özünə
Rəngdən səsdən ümiddən
Bir bulud şəkli çək güzgüyə
Bir sevgi yağmuruyla
As o evi buluddan.

Bütün illüstrativ parametrlərilə, həyulə və sürrealist məntiqiylə güzgü bizə lazımdır. Həyatı nə qədər çarpaşıq, baş-ayaq, yalan göstərsə də, güzgü bu gün bizə həmin o yalan üçün, yaxud özgələşmək, öz-özümüzdən qaçmaq üçün lazımdır. Başqa bir yanaşma. Şəkil çəkdirəndə nə üçün bəzənirik? Özgələşmə ani deyilmi? Bəzənib-düzənməklə özümüz-özümüzdən qaçmırıqmı, özümüz-özümüzü inkar etmirikmi? Əbədiləşmiş anda daha yaxşı görünmək istəyi öz təbii halından imtina deyilmi? Şəkildə daha sanballı görünmək üçün özümüzü boğur, süni pozalar alır, saxta profillər yaradırıq. Təbiidirmi? Əlbəttə ki, yox. Niyə təbiiliyimizdən qorxuruq, niyə ciddi-cəhdlə təbii halımızı, hətta psixoloji ritmimizi, ruhi tarazlığımızı dəyişməyə, yaxud ört-basdır eləməyə çalışırıq? Bəli, insan xislətində illüziyaya, yalana, rahatlıq gətirən saxtakarlıqlara təbii bir təşnə var.
Bunlar - illüzionist oyunlar, psixoloji yaşantılar müasir cəmiyyətimizin özünün sifarişi deyilmi?.. Bunu ziqzaqlı ictimai mühit, sonsuz ruhi və sosial sarsıntılar diktə etmirmi? Bir halda ki, hər yerdə yalan həqiqəti üstələyibsə, özündənqaçma, özgələşmə və tənhalaşma nə üçün çıxış yoluna çevrilməsin?
Məhz elə buna görə də biz güzgüdə həqiqət yox, daha çox yanlışlıqlar, başqa sözlə, saxtalıq və yalan axtarırıq. Axı, bu, bizi daha çox təmin edir və ovudur. Biz güzgüyə baxanda özümüzü sahmana salırıq, özümüzü qane etməyən güzgülərdə surətimizi görəndə həmin güzgüdən imtina edir, bizi daha yaxşı, daha gözəl və mükəmməl göstərən güzgülər axtarırıq. Bizi qane etməyən surətimizdə özgəni axtarmaq cəhdi deyilmi? Görüntüdə mükəmməlliyə cəhd, əslində özgələşməyə meyldir. Mükəmməl özgələşmə belə baş verir. Sanki xəyalən özümüz öz surətimizi retuş edirik. Yaxşını mənimsəyir, pisi görməzdən gəlirik. El arasında belə bir populyar misal da təsadüfən yaranmayıb: "Meymun baxar güzgüyə, adın qoyar özgəyə". A.Şopenhaur isə bu məqamın elmi-fəlsəfi şərhini verərək belə qənaətə gəlir: "Ya Rəbb! Sən məni olduğum kimi özümə göstərmə, yoxsa öz gözümdən düşərəm". Bu iqtibaslar məlum psixoloji halın sanki interpretasiyasıdır.
Güzgülənin, özgələşmək üçün yox, özünüdərk üçün. Özünüzü düzəldin, zahiri gözəlliyinizin qayğısına qalın, içinizi xıltdan, çirkabdan təmizləyin, güzgüyə şəstlə baxa bilmək üçün...
Beləliklə, yenə də əbədi bir sual qarşısında qalırıq: bizə nə lazımdır, gözəl, şirin yalan, yoxsa çirkin, mağmun, acı həqiqət?.. Yaxud, illüstrativ güzgü şəffaflığı və gözəlliyi, yoxsa bunun altında, bətnində gizlənmiş kobud, qaba boya (həqiqət)? Biz etiraf etməsək də, sövq-təbii parlaqlığı, gözəlliyi seçəcəyik - yəni yalanı. Axı, İncildə də təsadüfən deyilmir ki: "Həqiqətin yerini axtarıb tapdım və gördüm ki, orada yalan əyləşib".


Get, yalan de

Qədim Çin pritçasında belə nəql edilir ki, bir cavan oğlan həqiqət sorağıyla ellər-obalar dolaşır. Onun yerini təxmini nişan verirlər. Bu ünvana gedib çatmaq heç də asan olmur. Çox çətin, əzablı yollar qət etmək lazım gəlir. Yolçu həqiqətə təşnə olduğu və ona təmiz, ülvi məhəbbət bəslədiyi üçün gecə-gündüz demədən xəyalında yaratdığı bu gözəlliyə can atır. Dağlar, dərələr aşır, dənizlər, çaylar adlayır, kəndlər-şəhərlər keçir. Ən nəhayət, mənzil başına yetişir. Ona bir hücrəni nişan verirlər və həmin həqiqət burdadı, - deyirlər. Həyəcan və ümidlərlə dolu görüş anı çatır. Kaş çatmayaydı. Cavan oğlan hücrənin küncündə yarımcan, əprimiş, kifir bir qarının oturduğunu görür, diksinir, çaşır, elə bilir ki, səhv gəlib, həqiqət belə kifir və idbar ola bilməz axı... Təəccüblə soruşur ki, həqiqət sənsən?.. Qoca qarı: "Düz gəlibsən, axtardığın həqiqət mənəm", - deyir. "Belə qocamı, belə kifirmi?.." - oğlan peşman-peşman soruşur. "Belə qoca, belə kifir", - qarı cavab verir. Oğlan ruhdan düşür, tamamilə süstləşir, məlul və ümidsizcəsinə: "Mən indi gedib camaata nə deyim?" - soruşur. Qarı sakit və laqeyd tərzdə: "Get, yalan de", - söyləyir.
Bu, həqiqətin qəribliyi, kifirliyi cəmiyyət üçün lazımsız və ögeyliyi barədə minlərlə rəvayətlərdən biridir. Həqiqətin yalana uduzması, əslində həyatın ictimai münasibətlərindən doğan reallıqdır. Cəmiyyətə çirkin həqiqət yox, gözəl, bər-bəzəkli yalan lazımdır. Bu xüsusda V.Şekspirin sözləri də maraqlıdır. O, deyir ki, həqiqət vəfalı köpəkdir. Onu daim kötəkləyib it damına salırlar. Ev tulasını isə tumarlayıb evin yuxarı başına keçirirlər. O da yavaş-yavaş otağın havasını korlamağa başlayır. Yalanla həqiqətin nisbəti bu sözlərdə çox gözəl əks olunub. Bəli, cəmiyyət yalanı sevir, başqa sözlə, ev tulasını, havanı korlasa da belə...

(ardı gələn sayımızda)