adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 10:34
7787
GÜNDƏM
A- A+

Nazir: “Azərbaycanda enerji təhlükəsizliyi tam təmin edilib”

"Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər nəticəsində müstəqillik dövründə 3068,3 MVt gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-ə çatdırılıb. Bu stansiyaların energetika sistemində ümumi gücü 6294,7 MVt-dır. Bundan başqa, respublikda müstəqil elektrik stansiyaları da fəaliyyət göstərir ki, onların ümumi qoyuluş gücü 844,4 MVt-dır. Beləliklə, ölkədə fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir”.


Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir deyib ki, 2017-ci ildə respublika üzrə elektrik enerjisinin ümumi istehsalı 24,337 mlrd. kVtst təşkil edib.


Cari ilin 9 ayı ərzində respublikada elektrik enerjisinin istehsalı 17 mlrd. kVtst olub, İstilik Elektrik Stansiyalarında 15,5 mlrd. kVtst, Su Elektrik Stansiyalarında 1,4 mlrd. kVtst, Naxçıvan Günəş Elektrik Stansiyasında 28,4 mln.kVtst elektrik enerjisi istehsal edilib. Bu müddətdə alternativ və bərpa olunan enerji mənbələri hesabına Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji” MMC tərəfindən 6,7 mln. kVtst elektrik enerjisi istehsal olunub.


Ümumilikdə, cari ilin 9 ayında elektrik enerjisinin istehsalına 3 milyard 701,5 milyon kubmetr təbii qaz sərf edilib. Mütərəqqi hal isə ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 18,6 qram azalıb, yəni 279,5 min ton şərti yanacağa qənaət edilib.


"Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də potensialını gücləndirib. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVtst. elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVtst-a qədər azalıb. İxrac isə, əksinə, 1,282 mlrd. kVtst-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 107,4 mln.kVtst idxala qarşı-750,6 mln.kVtst elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln.kVtst, İrana 72,6 mln.kVtst, Rusiyaya 76,6 mln.kVtst, Türkiyəyə isə 13,45 mln.kVtst elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln.kVtst, İrandan 24,4 mln.kVtst, Gürcüstandan isə 23,1 mln.kVtst olub”.


P.Şahbazov deyib ki, Azərbaycanda enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır.

Onun sözlərinə görə, Energetika Nazirliyi tərəfindən beynəlxalq şirkət cəlb edilməklə cari ilin aprel-iyul aylarında elektrik stansiyalarında diaqnostika aparılıb və araşdırmalar əsasında "Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası” Proqramı hazırlanıb. Bütün modul tipli elektrik stansiyalarını, eləcə də "Cənub”, "Şimal” və "Sumqayıt” istilik elektrik stansiyalarını əhatə edən proqram üç il müddətində həyata keçirilməlidir. Eyni zamanda, stansiyaların fəaliyyətində istifadə olunan avadanlıqların istehsalçıları ilə bağlanacaq servis (xidmət) müqavilələri hesabına elektrik enerjisinin istehsalı üzrə yanacaq sərfinin optimallaşdırılması nəzərdə tutulur.


2025-ci il üçün elektrik enerjisinə tələbatın 25-28 mlrd. kVt·saata, pik gücə tələbatın isə 4500-4900 MVt-a qədər artacağı proqnozlaşdırılıb. Bu tələbatın müəyyən hissəsini ilin sonunadək istismara veriləcək, qoyuluş gücü 409 МVt olan "Şimal-2” stansiyası və "Wartsila" şirkətindən alınmış, ümumi qoyuluş gücü 385 МVt təşkil edən blokların 2019-2020-ci illər ərzində quraşdırılması hesabına qarşılamaq mümkün olacaq. Bununla yanaşı, mövcud elektrik stansiyalarında optimallaşdırma tədbirləri ilə imkan gücünün əlavə, təxminən, 400 MVt-a qədər artırılacağı gözlənilir.


Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır.


Nazir bildirib ki, Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması da mühüm prioritetlərdəndir. Ölkə üzrə bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 26940 MVt müəyyənləşdirilib. Günəş enerjisi üzrə bu göstərici 23040 MVt, külək enerjisi üzrə 3000 MVt, hidroenerji üzrə 520 MVt, biokütlə üzrə isə 380 MVt-dır.

"Respublikamızın bərpa olunan enerji mənbələri potensialı nəzərə alınmaqla, 2030-cu ilə qədər elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2018-2020-ci illərdə külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla bərpa olunan enerji mənbələri üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi hədəf olaraq müəyyənləşdirilib.

Bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansında payının artırılması və onlardan istifadənin genişləndirilməsi məqsədilə Energetika Nazirliyi tərəfindən "Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə işlərə başlanıb. Məsləhətçi kimi Norveç-Alman DNV-GL şirkəti ilə müqavilə bağlanıb”.



Energetika Nazirliyi tərəfindən kiçik su elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı mövcud vəziyyət araşdırılıb, kiçik çayların (kanalların) hidroenerji potensialından istifadənin və kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib. Hazırda ölkə ərazisində ümumi qoyuluş gücü 23,5 MVt olan 10 kiçik su elektrik stansiyası (KSES) fəaliyyət göstərir. Bununla yanaşı, ümumi qoyuluş gücü 27,41 MVt təşkil edəcək 12 KSES-in tikintisi məqsədilə layihələndirilmə işləri həyata keçirilir.